Məhkəmə qərarları › İş №2(105)-1662/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1662/2025

12.02.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1662/2025 12.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: istifadə hüquqlarına xitam verilməsi) X21 Süleymanovanın sədrliyi və məruzəsi, X16 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı "yaşayış binasının tərkib hissəsindən istifadə hüquqlarına xitam verilməsi" tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 2(027)-227/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Məmmədqasımova (Hüseynova) Vəfa Cavanşir qızının ona mülkiyyət hüququ əsasında məxsus olan Quba şəhəri, Heydər Əliyev prospekti 207A ünvanında yerləşən yaşayış binasının tərkib hissəsindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 4 ev 1979-cu ildən mərhum həyat yoldaşı X10 mülkiyyətindədir. Həyat yoldaşı 2014-cü ildə vəfat etmişdir. Qeyd olunan yaşayış evi xx.xx.2010-cu il tarixdə həyat yoldaşının və uşaqlarının adına Dövlət reyestrində qeydiyyata alınaraq, Çıxarış verilmişdir. X1 adları yuxarıda qeyd edilən cavabdehlər ilə birlikdə mərhum həyat yoldaşının mülkiyyətində olmuş və hal-hazırda da onların mülkiyyətlərində olan ünvan 4 evdə yaşamışlar. X23 xx.xx.2005-ci ildə vəfat etmişdir. Qızları Məsumə və Vəfa isə 2009-cu ildə ailə quraraq Bakı şəhərinə köçmüşlər və hal-hazırda da ailələri ilə birlikdə orada yaşayırlar. Quba Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə cavabdehlər Ema, Məsumə və Vəfaya evdən istifadə hüququları müəyyən edilmişdir. Cavabdehlərin məhkəmə tərəfindən xx.xx.2012-ci il tarixdə istifadə hüquqları müəyyən edilsə də, cavabdehlərin hər üçü Bakı şəhərində yaşayırlar və yaşayış evinin 2/3 hissəsini zəbt edərək, bağlı saxlayırlar. Bundan başqa son illərdə Cavabdeh1 onlara mülkiyyət hüququ ilə məxsus olan yaşayış evini özlərinə məxsus istifadə hüququndan kirayəşinlərə veriblər. Onların icazəsi və razılıqları olmadan sonradan adını və soyadını öyrəndiyi X11 ailəsi ilə yaşayır və hal-hazırda oradan iki ay bundan qabaq başqa bir ünvana köçmüşdür. İddia ərizəsi üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 halhazırda da Cavabdeh1 tərəfindən onların razılıqları və xəbəri olmadan evlərinin bir hissəsini kirayəyə vermişdir. Hal-hazırda da kirayəşin onların evində icazəsiz və razılığı olmadan yaşayır. Cavabdehlər məhkəmə tərəfindən onlara verilmiş istifadə hüququndan sui istifadə edirlər, özləri faktiki Bakı şəhərində yaşayırlar və məhkəmə tərəfindən onlara verilmiş istifadə hüququndan istifadə etmirlər. Cavabdehlərin istifadə hüququndan qazanc məqsədilə istifadə etmələri əsas verir ki, onlar məhkəmə tərəfindən verilmiş istifadə hüququndan sui-istifadə etdiklərinə görə istifadə hüquqlarına xitam verilməlidir. İstifadə hüququnun əmələ gəlməsi üçün mövcud olmuş əsas (yəni başqa yaşayış yeri olmadıqda) aradan qalxdıqda və istifadə hüququndan cavabdehlər ildə 1-2 dəfə istifadə etməklə, Bakı şəhərində yaşamaqla onların mülkiyyətində olan yaşayış evini kirayə verməsi əsasdır ki, kompensasiya ödənilmədən cavabdehlərin istifadə hüququna xitam verilsin.

3. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* №li qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2010-cu il olan çıxarışdan görünür ki, Quba şəhəri, Heydər Əliyev prospekti, 207 saylı fərdi yaşayış evi və torpaq sahəsi ümumi birgə X10, İddiaçı, X25, X17 və X13 mülkiyyətindədir.

5. Quba Rayon Məhkəməsinin 2012-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehler Cavabdeh1 və Məmmədova Məsumənin həmin evə istifadə hüquqları müəyyən olunmuşdur.

6. Quba Rayon Məhkəməsinin 30 dekabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh1, X8 və X6 İddiaçı, X25, X17 və X18 qarşı DƏDRX-dan cavabdehlərin adına verilmiş MA ******* seriyalı çıxarışın və torpağın mülkiyyətə verilməsinə dair JN 1089A saylı şəhadətnamənin etibarsız sayılması, mərhum X4 mülkiyyətindəki Quba şəhəri, H.Əliyev prospekti, ev 207a saylı və həmin evin yerləşdiyi 0.05 ha həyətyanı torpaq sahəsi miras əmlakını oğlu X7 öldüyü 08 oktyabr 2005-ci ilədək faktiki surətdə idarə etməklə mirasa yiyələndiyinə görə onun mirası qəbul etmə faktının müəyyən edilməsi, onların miras qalmış Quba şəhəri, H.Əliyev prospekti, ev 207 a saylı və həmin evin yerləşdiyi 0,05 ha həyətyanı torpaq sahəsi əmlakını faktiki surətdə idarə etməyə başlamaqla mirasa yiyələnmələrinə görə onların mirası qəbul etmə faktının müəyyən edilməsi, həmin miras qalmış Quba şəhəri, H.Əliyev prospekti 207a saylı evə mülkiyyət hüquqlarının tanınması, həmin evin yerləşdiyi 0,05 ha torpaq sahəsinin yarısı üzərində onların miras paylarının bölünməsi barədə iddia tələbi və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı ilkin iddia üzrə iddiaçı Cavabdeh1 Quba şəhəri, H.Əliyev prospekti 207 saylı evdən istifadə qaydalarını müəyyən edərək onu yaşadığı Quba şəhəri, H.Əliyev prospekti 207 saylı mənzilin 18.9 kv.metr olan otaqdan, həmin otağın qarşısında olan 32,2 kv.metr karidordan və karidorun qarşısındakı məişət üçün istifadə olunan digər tikililərdən istifadə etmə qaydasında müəyyən etməklə qanunsuz istifadə etdiyi 16,2 kv.metr və 26,6 kv.metr otaqların ona qaytarılmaqla həmin otaqlar üzərində onun mülkiyyət hüquqlarının bərpa edilməsi, iddiaçılar Cavabdeh1, X14 və X2 Quba şəhəri, H.Əliyev prospekti 207 saylı evdən istifadə hüquqlarını itirilmiş hesab edilməklə istifadə hüquqlarına xitam verilməsi barədə tələbi təmin olunmamışdır.

7. 26.02.2025-ci il tarixli TƏBİB hüquqi şəxsin Abşeron rayon X19 hüquqi şəxsinin verdiyi arayışa əsasən Cavabdeh1 xx.xx.2024-cü il tarixdə həmin xəstəxanada hemodializ müalicə seansları qəbul edir.

8. Quba rayon Statistika İdarəsinin Quba Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixli, cavab məktubundan görünür ki, Quba şəhərində normal şəraiti olan bir otaqlı yaşayış evinin aylıq kirayə haqqının məbləği 220 manatdır.

9. X3 Şirkətinin 06 fevral 2026-cı il tarixli Daşınmaz əmlakın kirayə dəyərinin müəyyən edilməsi barədə arayışından görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən Quba rayonu, Heydər Əliyev prospekti 207 ünvanı və həmin ünvana bilavasitə yaxın ərazidə, 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi təxminən 100.0 kv.metr təşkil edən, 3 otaqlı, orta təmirli, təchizatlı fərdi yaşayış evlərinin 06 fevral 2026-cı il tarixə: Aylıq kirayə dəyəri: 550,0 (beş yüz əlli) manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

10. Quba Rayon Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 2(027)-227/2025 nömrəli qətnaməsi ilə (hakim Nigar Xəlilova) iddia tələbinin təmin edilməsi, İddiaçı tərəfindən Cavabdeh1 7000 (yeddi min) manat məbləğində kompensasiya verilməklə, onun ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən olan istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh2 və Məmmədqasımova (Hüseynova) Vəfa Cavanşir qızının ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən olan istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 158.1.2, 158.4 və 228.5-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Qüvvədən düşmüş 8 iyul 1982-ci il tarixli Mənzil Məcəlləsinin 60 və 123-cü maddələri, 71-ci maddəsinin İ və İİ hissələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarı, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarı, Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” qərarı, «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7, 4.1, 14.2, 77.1, 218.3, 216-220-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

12. Quba Rayon Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 2(027)-227/2025 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə çəkişməsi zamanı müəyyən olmuşdur ki, Kamil Hüseynov atası X5 vəfatından sonra, yəni xx.xx.2010-cu il tarixdə qeyri-qanuni yolla evi adına keçirmiş və bu barədə heç kimə məlumat verməmişdir. Quba Rayon Məhkəməsinin 10 aprel 2012-ci il tarixli qətnaməsi ilə iddiaçı Hüseynov Kamil oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən çıxarılma tələbi təmin edilməmişdir. Qarşlıqlı iddia təmin edilmiş, Cavabdeh1 və X2 ünvan 4 ünvanda yerləşən X10 mülkiyyətində olan evə istifadə hüquqları müəyyən olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(105)-886/2012 saylı, 19 iyul 2012-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin iş üzrə 10 aprel 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Quba Rayon Məhkəməsinin 2(027)-38/2016 saylı iş üzrə 30 dekabr 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, X14 və X2 ünvan 4 evdən istifadə hüquqlarının itirilmiş hesab edilməklə istifadə hüquqlarına xitam verilməsi barədə tələbi təmin olunmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyul 2017-ci il tarixli, 2(105)-2043/2017 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Quba Rayon Məhkəməsinin 30 dekabr 2016-cı il tarixli, 2(027)-38/2016 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaqla bərabər, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda, hər kəs öz tələbini məhkəmədə sübut etməklə yanaşı, həmin sübutlara məhkəmə obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət verməli və heç bir sübutun məhkəmə üçün qabaqcadan qüvvəsi yoxdur. Bütün bunlar ona dəlalət edir ki, hakim işə tam, obyektiv və hərtərəfli qiymət verməmişdir. İşə baxmış məhkəmə MPM-nin 217-ci maddəsinin tələblərini pozmuşdur. Çünki, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Əgər iddia tələbləri prosessual imkanlardan istifadə edilməklə tam araşdırılmamış və ya sübutların əldə edilməsi ilə çıxarılmışdırsa, bu o deməkdir ki, qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymələndirilməlidir. Göründüyü kimi, iddiaçı Cavabdeh1 mübahisəli mənzildə istifadə hüquqları 1982-ci ildən və onun övladları - X8 və X6 isə anadan olduğu tarixlərdən mübahisəli mənzilə istifadə hüquqları yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasınının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları

15. Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2026-cı il tarixində keçirilən məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

16. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

17. İş üzrə üçüncü şəxs X15 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh1 verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13, İ və İİ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29, İ, İİ və İV hissə. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 158.1.2. Əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

21. 01.10.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

24. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Göründüyü kimi araşdırılan iddia tələbi mülkiyyət hüququnun müdafiəsi, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə bağlıdır.

26. Birinci instansiya məhkəməsinin mübahisəli qətnaməsi ilə iddia təmin edilmişdir /bax bənd 10/.

27. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzildən istifadə hüquqları məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir.

28. Digər cavabdehin Cavabdeh3 adı qətnamədə çəkilməsədə məhkəmə iclasında və sənədlərin tədqiqi əsasında aydın olmuşdur ki, sonuncu 1987-ci il tarixdə mübahisəli mənzildə doğulmuşdur. Köhnə Mənzil Məcəlləsinin və yuxarıda adıçəkilən qərarlara əsasən onun qanundan irəli gələn istifadə hüququ olmuşdur. Lakin şəxs tərəfindən 2009-cu ilin sentyabr ayında ailə qurması və Bakıya köçməsi ilə onun mənzil ehtiyacı ortadan qalxmış, bununlada qanuna əsasən istifadə hüququna xitam verilmişdir. Həmçinin onun övladlarınında uzun müddətdir ki, Bakıda yaşayıb təhsil almalarıda bu halı bir daha təsdiq edir.

29. Cavadeh Cavabdeh2 2019-cu ildən Bakıya köçdüyünü bildirmiş, həmçinin uşaqları Bakıda təhsil aldığını qeyd etmişdir. Eyni zamanda elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən Cavabdeh2 daimi əsaslarla Bakı şəhərində əmək müqaviləsi əsasında işləyir. Göründüyü kimi bu hallar və yuxarıda adıçəkilən qanunvericiliyin tələbinə əsasən istifadə hüququna xitam verilməsi üçün əsas yaranmışdır.

30. Cavabdeh1 hemodializ xəstəliyi ilə əlaqədar Bakı şəhərində müalicə alır. Uzun müddətdir yaşamamağı xəstəliyi ilə əlaqədar olduğundan mənzil ehtiyacını aradan qaldırmır. Həmin sahədə kirayəçilərin qalması ilə bağlı iddiaçı hər hansı sübüt təqdim edə bilməmiş, lakin cavabdeh mənzil sahəsindən qohumunun istifadə etdiyini də inkar etməmişdir.

31. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Quba şəhəri, Heydər Əliyev prospekti 207A saylı fərdi yaşayış evi İddiaçı (torpaq sahəsi ümumibirgə) xüsusi mülkiyyətindədir. İddiaçı cavabdehə 7.000 (yeddi min) manat məbləğində kompensasiya verməklə cavabdehlərin xüsusi mülkiyyətində olan evinə olan istifadə hüququna xitam verilməsini və həmin mənzildən çıxarılmasını tələb edir. Beləliklə, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, iddiaçının kompensasiya təklifi işin faktiki halları və mövcud reallıq nəzərə alınmaqla ağlabatan və ədalətli hesab edilə bilər.

32. Məhkəmə hesab etmişdir ki, İddiaçı tərəfindən Cavabdeh1 7000 (yeddi min) manat məbləğində kompensasiya verilməklə, onun ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən olan istifadə hüquqlarına xitam verilməlidir. Cavabdehlər Cavabdeh2 və Məmmədqasımova (Hüseynova) Vəfa Cavanşir qızının ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən olan istifadə hüquqlarına isə kompensasiya verilmədən xitam verilməlidir.

33. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı tərəfindən Cavabdeh1 təklif edilən kompensasiyanın məbləği işin faktiki hallarının məcmusu baxımından həm məqbul, həm də ağlabatandır.

34. Quba Rayon Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 2(027)-227/2025 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti vermişdir.

35. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə həmçinin aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

38. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında göstərilir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır.

39. Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsi yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvlərinin evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarını onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməməsi halından asılı edir. Lakin bu maddədə həmin istifadənin qaydası, o cümlədən onun hansı şərtlər və hüdudlar daxilində həyata keçirilməsi müəyyən olunmamışdır.

40. Eyni zamanda bu maddə və ümumiyyətlə, Mənzil Məcəlləsi hər hansı bir şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququnu məhdudlaşdırmaq səlahiyyəti verən müddəanı nəzərdə tutmur.

41. Konstitusiya Məhkəməsinin qərarlarından irəli sürülmüş hüquqi mövqeyə görə belə vəziyyətdən çıxış yolu tapmaq üçün qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya istinad olunması vacibdir.

42. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

43. Hüquq normasının məzmunundan göründüyü kimi şərh olunan Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi kompensasiya verməklə istifadə hüququna xitam verilməsini tələb edə bilər.

44. Hazırkı halda iddiaçı kompensasiya təklif etməklə cavabdehin istifadə hüququna xitam verilməsini xahiş etmişdir.

45. Adı çəkilən Plenum qərarında qeyd edilmişdir ki, «kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.»

46. Qərarda qeyd olunur ki, mülkiyyət hüququ Azəbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

47. Göründüyü kimi Plenumun hüquqi mövqeyinə görə Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməli, mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir.

48. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, mübahisə predmeti olan mənzil yaşamaq üçün kifayət qədər yararlı olmamaqla, təmirə ehtiyac vardır.

49. Birinci instansiya məhkəməsindəki araşdırması zamanı əldə edilmiş sübutlardan görünür ki, Quba şəhərində normal şəraiti olan bir otaqlı yaşayış evinin aylıq kirayə haqqının məbləği 220 manatdır.

50. Kollegiya mənzilin yaşayış sahəsinin 77,72 kv.m olmasını, mənzilin ötən əsrin 70-ci illərinə aid tikili olmaqla köhnəlmə vəziyyətini, yaşamaq üçün kifayət qədər yararlı olmamasını, həmin ərazidə hazırda oxşar şəraitli mənzillərin kirayə haqqının miqdarını nəzərə alaraq hesab edir ki, istifadə hüququna xitam verilməsi müqabilində təklif olunan kompensasiya hazırki bazar qiymətinə uyğundur, kompensasiya istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə həmin mənzillə müqayisədə oxşar şəraitli mənzildə yaşamaq imkanı verir. Belə bir vəziyyətdə həmin məbləğin verilməsi ilə cavabdehin mübahisəli evə istifadə hüququna xitam verilməsi cavabdehin mənzil hüquqlarını pozmuş olmayacaqdır.

51. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 2(027)-227/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar