Məhkəmə qərarları › İş №2(105)-1668/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1668/2023

25.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1668/2023 25.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X8 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh, üçüncü şəxs Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinə qarşı zəbt olunmuş torpaq sahəsinə giriş-çıxışın təmin edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-548/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) İddiaçı Cavabdeh, üçüncü şəxs Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinə qarşı zəbt olunmuş torpaq sahəsinə giriş-çıxışın təmin edilməsi tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinə giriş-çıxışın təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında yerləşən və faktiki istifadəsində olan torpaq sahəsinə giriş-çıxışın təmin edilməsi məqsədi ilə yol verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1953-cü il tarixdə Qubadlı rayonunda anadan olmuşdur. Hazırda yuxarıda qeyd olunan ünvanda yaşayır. Hazırki iş üzrə Cavabdeh iddiaçı Cəfərova Mehriban Budaq qızının qeyri-rəsmi birlikdə yaşadığı X2 rəsmi nikahından doğulmuş övladıdır. Belə ki, cavabdeh 1991-ci il tarixdə Sumqayıt şəhəri Boru-prokat zavodunda ev növbəsinə yazılmış, həmin ildə qeydiyyatda olduğu və yaşadığı ünvanda yaşayış sahəsi az olduğuna görə Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllə, S.Vurğun küçəsi ərazisində yerləşən 4 nömrəli 600 kv.m torpaq sahəsi ev tikmək üçün ona ayrılmışdır. Lakin torpaq sahəsinin ona ayrılmasına baxmayaraq cavabdeh həmin torpaq sahəsində hər hansı bir tikinti aparmamış, ayrılan torpaq sahəsi tamamilə atası X4 və iddiaçının istifadəsində olmuşdur. 20 ilə yaxın müddət keçdikdən sonra Cavabdeh X4 və İddiaçı qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3809/2022 saylı mülki iş üzrə 02 noyabr 2012-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən edilərək, cavabdehlər X4 və Cəfərova Mehriban Budaq qızının Cavabdeh məxsus Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllə, S.Vurğun küçəsi ərazisində yerləşən 4 nömrəli 600 kv.m torpaq sahəsində çıxarılması qət edilmişdir. Sözügedən məhkəmə qətnaməsi tam olaraq icra edilmişdir. 1991-ci ildə cavabdehə torpaq sahəsi ayrılan zaman mərhum atası həmin torpaq sahəsi ilə birlikdə daha 6 sot torpağı, ümumillikdə isə 12 sot torpaq sahəsini hasara almış və orada yaşamışdır. Hazırda iddiaçının yaşadığı torpaq sahəsi üzrə bütün kommunal ödənişlər ilə bağlı müqavilələr onun özü ilə bağlanmış və tərəfindən ödənilir. Sumqayıt Bələdiyyəsinin 27 dekabr 2013-cü il tarixli, 4158 saylı məktubu ilə İddiaçı bildirilmişdir ki, kotec qəsəbəsi, 16-cı məhəllə, S.Vurğun küçəsində uzun müddət yaşadığınız və sahibkarlıq fəaliyyəti məqsədi ilə istifadə etdiyiniz torpaq sahəsi gələcəkdə torpaq qanunverciliyinin tələbinə uyğun olaraq mülkiyyətə veriləcəyi və hal-hazırda həmin torpaq sahəsindən sahibkarlıq fəaliyyəti məqsədi ilə istifadə edilməsinə və orada yaşanılmasına etiraz etmirlər. Həmin 12 sot torpaq sahəsinə daxil olmaq üçün giriş məhz cavabdehə ayrılmış torpaq sahəsində qoyulmuşdur. Qeyd olunanlardan da göründüyü kimi hazırda iddiaçının istifadəsində olan torpaq sahəsinə girmək üçün yolu yoxdur. İddiaçı öz sahəsinə keçmək üçün cavabdehin yolundan istifadə etməyi ondan istəsə də sonuncu bununla razılaşmamışdır. Hazırda həmin torpaq sahəsinin ətrafı başqa şəxslərin istifadəsindədir. Həmin sahəyə keçmək üçün yalnız bir yol vardır ki, həmin hissədə də hazırki iş üzrə cavabdehə məxsus olan təmir sexi yerləşir. Həmin sexlər cavabdeh tərəfindən qanunsuz tikilmiş və bununla bağlı heç bir hüquq müəyyən edici sənəd yoxdur. Məhkəməyə müraciət etməzdən əvvəl sonuncu dəfə cavabdehə rəsmi qaydada müraciət etsə də cavab verməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda torpaq sahəsinin ətrafı başqa şəxslərin istifadəsindədir. Həmin sahəyə keçmək üçün yalnız bir yol vardır ki, həmin hissədə də hazırki iş üzrə cavabdehə məxsus olan təmir sexləri yerləşir. Qeyd edir ki, həmin sexlər cavabdeh tərəfindən qanunsuz tikilmişdir və bununla bağlı heç bir hüquqmüəyyənedici sənəd yoxdur. Bildirmək istəyir ki, bütün bu hallar məhkəmə iclasında məhkəmənin diqqətinə çatdırılmış, öz təsdiqini tapmış, lakin iddia tələbi təmin edilməmişdir. Məhkəmədə hakim bildirmişdir ki, hasar hələ ki sökülüdür, rahat girib-çıxa bilir. Lakin bu həmişəlik bir yol deyildir. Belə ki, cavabdeh istədiyi vaxt torpaq sahəsini hasara ala bilər, belə olan halda isə onun torpağa giriş-çıxışa yolu olmayacaqdır. Təqdim olunan sübutlara məhkəmə tərəfindən qərəzli, eyni zamanda obyektiv yanaşılmamış, qətnamənin əsasına işin halları və faktlarla uyğunlaşmayan fərziyyələr qoyulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə üçüncü şəxs Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Lakin məhkəmə kollegiyasına ünvanladığı etirazda iddiaçının həmin torpaq sahəsinə hər hansı bir hüquqmüəyyənedici sənədinin olmadığı, həmin torpaq sahəsinin məhz Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olduğunu, iddiaçının bu tələblə çıxış etməsi üçün onun istifadəsində olan torpaq sahəsinin mülkiyyətçisi olması mütləq şərtdir. İddiaçı isə həmin torpaq sahəsindən heç bir hüquqmüəyyənedici sənəd olmadan istifadə etdiyindən, onun giriş-çıxışının cavabdeh tərəfindən məhdudlaşdırılması məhkəmədə öz təsdiqini tapmadığından, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini İddiaçı ərizəsində qeyd etdiyi hallarla, təqdim etdiyi sübutlar arasında zidiyyət təşkil edərək iddia tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməməsi, işin tədqiq olunan hallarına əsasən iddia tələbinin öz təsdiqini tapmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edərkən gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 170.1, 170.2, 171.1, 255.1, 255.2, 255.4, 257.1, 257.2-ci maddələrinə istinad etmiş və bununla da mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməli olduğu halda tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X9rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X6 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (Mülki Prosessual Məcəllənin 386-cı maddəsi). Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (MPM-nin 385.1.1-ci maddəsi). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ. bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İddiaçının servitut istədiyi torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin olması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi torpaq sahəsindən istifadəyə görə yolun verilməsi barədədir. İddianın qanuni əsasını isə Mülki Məcəllənin 255-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 255.1. maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Qanunun mənasına görə nəzərə alınmalıdır ki, servituta əsasən bir mülkiyyətçinin daşınmaz əmlakına mülkiyyət hüququnun məhdudlaşdırılması hesabına digər daşınmaz əmlakın mülkiyyətçisinə həmin əmlakdan göstərilən məhdudiyyətlər çərçivəsində istifadə etmək hüququ verilir. Lakin hazırkı işdə iddiaçının istifadəsində olan torpaq sahəsinə hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyil və həmin torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin mülkiyyətindədir. Bu halda İddiaçı qeyd edilən tələblə çıxış etməsi üçün subyektiv hüququ yaranmır. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddia tələbi ilə müraciət etməsi üçün subyektiv hüququ olmadığından, iddia tələbi təmin edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh, üçüncü şəxs Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinə qarşı zəbt olunmuş torpaq sahəsinə giriş-çıxışın təmin edilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar