Məhkəmə qərarları › İş №2(105)-1675/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1675/2024

28.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1675/2024 28.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, ərazi aidiyyəti) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin cavabdehin və qeyrilərinin qanunsuz sahibliyindən geri alınması, həmin şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılıb iddiaçıya təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, e-2(034)-558/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı “mənzilin cavabdehin və qeyrilərinin qanunsuz sahibliyindən geri alınması, həmin şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılıb iddiaçıya təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Dövlət reyestrindən adına verilmiş **********51-05301- 093075 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 06 oktyabr 2023-cü il tarixli çıxarış əsasında mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi, 7A ünvanında yerləşən yaşayış binasının, ümumi sahəsi 122,4 kvadrat metr olan, 23 saylı, 3 yaşayış otaqlı mənzilinin Cavabdeh və hər hansı digər 3-cü şəxslərin qanunsuz sahibliyindən geri alınması, həmin şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılıb İddiaçı (iddiaçıya) təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Zəngilan Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, e-2(034)- 558/2024 nömrəli qərardadı ilə (hakim Gülsarə İmanova) İddiaçı Cavabdeh qarşı “mənzilin cavabdehin və qeyrilərinin qanunsuz sahibliyindən geri alınması, həmin şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılıb iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır.

3. İddiaçı şikayətlə məhkəməyə müraciət edərək, Zəngilan Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2(034)-558/2024 nömrəli qərardadının ləğv edilməsi, iddia ərizəsinə mahiyyəti üzrə ilk iddia ilə birlikdə baxılmasının təmin olunmasını, əks təqdirdə şikayətin işlə birlikdə baxılması üçün Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

4. Zəngilan Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, e-2(034)- 558/2024 nömrəli qərardadı ilə (hakim Gülsarə İmanova) Zəngilan Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2(034)-558/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin 7 (yeddi) gün müddətində mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Şikayətin dəlilləri

6. Şikayət onunla əsaslandırılmışdır ki, Zəngilan Rayon Məhkəməsinin (hakim Gülsarə İmanova) 2(034)-268/2024 №-li, 29 mart 2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh X2, X3, İddiaçı və 12 saylı notariat ofisinin xüsusi notariusu X4 qarşı, "müqavilələrin etibarsız hesab edilməsi və müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi" tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün sayılıb. O, həmin iddia ilə razılaşmadığı üçün iddia ərizəsinə həm etirazını vermiş, eləcə də ilk iddia ilə birlikdə baxılması üçün qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə ilk iddia üzrə iddiaçı Cavabdeh qarşı, müraciət edərək xahiş etmişdir ki, Dövlət reyestrindən adına verilmiş **********51-05301- 093075 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 06 oktyabr 2023-cü il tarixli çıxarış əsasında mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi, 7A ünvanında yerləşən yaşayış binasının, ümumi sahəsi 122,4 kvadrat metr olan, 23 saylı, 3 yaşayış otaqlı mənzilinin Cavabdeh və hər hansı digər 3-cü şəxslərin qanunsuz sahibliyindən geri alınması, həmin şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılıb ona (iddiaçıya) təhvil verilməsi barədə qətnamə qət edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən qarşılıqlı iddia, aidiyyətindən asılı olmayaraq, ilkin iddanın baxıldığı yerin məhkəməsinə verilir. O da bu normanın tələbindən çıxış edərək qarşlıqlı iddianı mənz ilk iddiaya baxan Zəngilan Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə (ilk iddiaya baxan hakim Gülsarə İmanova) isə, qarşılıqlı iddiası üzrə 2(034)-558/2024 №-li, 20 avqust 2024-cü il tarixli qərardad qəbul edib və həmin xx.xx.2024-cü il tarixli qərardadla ilk iddiaya qarşlılqlı olaraq irəli sürdüyü iddia ərizəsi mülki prosessual qanunvericiliyinin aidiyyət qaydalarının pozulması kimi qiymətləndirilərək geri qaytarılıb. O, qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardadı bir başa Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələbinə zidd olduğunu düşündüyü üçün əsasasız hesab edir və hesab edir ki, 20 avqust 2024-cü il tarixli qərardad dərhal ləğv edilməli və iddia ərizəsinə mahiyyəti üzrə ilk iddia ilə birlikdə baxılıb iddia tələbi üzrə müvafiq qətnamə qəbul edilməlidir. Birinci instansiya Məhkəməsi məhkəmədə müdafiə olunmaq və sair kimi konstitusion hüququnu pozmuşdur. Birinci instansiya məhkəməsi iddia ərizəsində nədən danışıldığını belə çox güman ki, araşdırmadan onun geri qaytarılması barədə qərardad qəbul etmişdir. Birinci instansiya məhkəməsi, iddia ərizəsinin ilk iddiaya qarşılıqlı olaraq verildiyini düzgün qiymətləndirmədən onu sıradan bir iddia ərizəsi olaraq qəbul edib və MPM-nin 35.1-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsinin adiyyəti baxımından, yəni cavabdehin qeydiyyat ünvanına görə uyğunsuz olduğunu güman edib. Birinci instansiya məhkəməsi, iddia ərizəsiin ilk iddiaya qarşı verilən iddia ərizəsi olduğunu görə bilməyib. Birinci instansiya məhkəməsi, icraatında olan işin obyektiv və tez həll ola bilməsinə imkan verən, ona qarşı ilk iddiaya qarşı, qarşılıqlı olaraq irəli sürdüyü iddia ərizəsinə bir icraada baxmalı olduğu halda və bunun mübahisə tərəflərinin qarşılıqlı münasibətləri üzrə də obyektiv düzgün nəticə əldə olunmasına imkan verdiyi halda, məhkəmə iş üzrə tərəflərin qarşlılqlı münasibətlərinə münasibətdə səhv nəticəyə gələ bilməsinə səbəb ola biləcək bir qərardad qəbul edib. Eləcə də 20 avqust 2024-cü il tarixli qərardad onun konstitusion hüquqlarının və AR MPM-nin 35.3-cü maddəsinin tələbinin aşkar pozulması ilə qəbul edilib. Məhkəmə iddia ərizəsində nədən danışıldığını araşdırmadan onun geri qaytarılması barədə qərardad qəbul edib.

Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

7. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Zəngilan Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, e-2(034)-558/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Zəngilan Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, e-2(034)-558/2024 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

9. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Zəngilan Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, e-2(034)-558/2024 nömrəli və bununla bağlı 18 sentyabr 2024-cü il tarixli, e-2(034)-558/2024 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, göründüyü kimi birinci instansiya məhkəməsi iddia ərizəsi və əlavə edilmiş sənədlərin qaytarılmasına dair mövqeyini İddiaçı tərəfindən ərazi aidiyyət qaydalarına əməl olunmamaqla Zəngilan Rayon Məhkəməsinə müraciət olunması olunması, iddia ərizəsində Cavabdeh poçt ünvanı ünvan 2 ilə əsaslandırmışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, cavabdehin rəsmi yaşayış yeri Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, ev 9/1, mənzil 142-dir. Apellyator birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmamış və şikayətin dəlili olaraq göstərmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən qarşılıqlı iddia, aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir. O da normanın tələbindən çıxış edərək qarşılıqlı iddianı məhz ilk iddiaya baxan Zəngilan Rayon Məhkəməsinə göndərmişdir.Məhkəmə isə,qarşılıqlı iddiası üzrə 2(034)-558/2024 №-li, 20 avqust 2024-cü il tarixli qərardad qəbul etmiş və həmin xx.xx.2024-cü il tarixli qərardadla ilk iddiaya qarşılıqlı olaraq irəli sürdüyü iddia ərizəsi mülki-prosessual qanunvericiliyinin aidiyyət qaydalarının pozulması kimi qiymətləndirərək geri qaytarılmışdır. Məşkəmə kollegiyası şikayətin dəlili ilə razılaşmır və bununla bağlı qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə qarşılıqlı iddia ilkin iddia tələbinə qarşı eyni mülki iş üzrə icraatda verilə bilinər. MPM-nin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Lakin araşdırılan iddia ərizəsindən görünür ki, bu iddia ərizəsi ayrıca icraatda verilməklə 19 avqust 2021-ci il tarixdə məhkəmə dəftərxanasında 2(034)-558/2024 nömrə ilə qeydə alınmaqla, mülki iş açılmışdır. Odur ki, birinci istansiya məhkəməs tərəifndən iddia ərizəsinin MPM-nin tələblərinə riayət edilməklə verilməsinə dir məhkəmə icraatının mümkünlüyü yoxlanılmış, mübahisələndirilən məhkəmə qərardadı qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosesual normaların tətbiqində pozuntuya yol verilməmişdir. Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 aprel tarixli Qərarında göstərmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməməsi məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyə səbəb olmaqla yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda sadalanan müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, mübahisələndirilən məhkəmə qərardadını qəbul edərkən birinci instansiya məhkəməsi hər hansı bir yanlışlığa yol verməmiş, prosessual normanı düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, e-2(034)-558/2024 nömrəli və bununla bağlı 18 sentyabr 2024-cü il tarixli, e-2(034)-558/2024 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar