Məhkəmə qərarları › İş №2(105)-1678/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1678/2025

05.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1678/2025 05.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 (Shıkverdıev Dadashbalanın) Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin real bazar dəyərinin tələb edilməsi – sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X18 (sədrlik edən və məruzəçi), X19 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X13, İddiaçı X3 (İddiaçı), onun vəkili Vəkil2 iştirakı ilə (sonuncu məhkəmə iclasında iştirak etmirlər), Qusar Rayon Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2(029)-581/2025 nömrəli qətnaməsindən iddiaçı X6 (Shıkverdıev Dadashbala) tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. X14, Cavabdeh, X22, X15 və X20 tərəfindən tərtib edilmiş 20 avqust 2007-ci il tarixli aktın surətindən görünür ki, Rusiya Federasiyasının Ulyanovski şəhər sakini X1 sakini Cavabdeh oğluna Quxuroba kəndində yerləşən 0.70 ha pay torpaq sahəsinə 1200 (min iki yüz) manat nağd pulla satın alınmışdır. Birinci instansiya məhkəməsində alınmış şahid ifadələri:

2. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, o, iddiaçının qohumudur, X11 Federasiyasının vətəndaşıdır. X12 Əhmədağayevə 1200 manat pul verərək mübahisəli torpaq sahəsini almışdır. Həmin torpaq sahəsini aldıqdan sonra X11 Federasiyasına qayıtmışdır. Həmin torpaq sahəsi alarkən akt tərtib olunmuş, həmin akta Mahmud Əhmədağayev də imza etmişdir. Həmin akt tərtib və imza edilərkən icra nümayəndəsi X20 da orada olmuş və həmin aktı imzalamışdır.

3. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində bildirmişdir ki, o, Dadaşbala Şixverdiyev ilə uzaq qohumdur. X11 Federasiyasının vətəndaşıdır. X12 Əhmədağayevə 1200 manat pul verərək mübahisəli torpaq sahəsini almışdır. Həmin torpaq sahəsini aldıqdan sonra X11 Federasiyasına qayıtmışdır. Həmin torpaq sahəsi alarkən akt tərtib olunmuş, həmin akta Mahmud Əhmədağayev də imza etmişdir. Həmin akt tərtib və imza edilərkən icra nümayəndəsi X20 da orada olmuş və həmin aktı imzalamışdır. Apellyasiya icraatı zamanı əldə edilmiş:

4. "xxxx" MMC-nin xx.xx.2026-cı il tarixli hesabat rəyində Qusar rayonu, Quxur oba kəndində yerləşən 0,70 ha torpaq sahəsinin hazırkı tarixə boş vəziyyətdə dəyərinin 21.400 manat, 110 ədəd fındıq ağacı nəzərə alınmaqla isə 35.090 manat olduğu qeyd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı X6 Cavabdeh qarşı məhkəməyə müraciət edərək, “Cavabdeh 20000 (iyirmi min) manat pulun, iddianın qaldırılması ilə əlaqədar ödədiyi 150 (yüz əlli) manat dövlət rüsumunun və vəkil xidmətindən istifadə etməyə görə Qusar Rayon Vəkil Bürosunun hesabına ödədiyi 300 (üç yüz) manat hüquqi yardım haqqının alınıb ona qaytarılmasına dair" qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 avqust 2007-ci il tarixdə o, Cavabdeh ilə danışıb razılığa gələrək JN : 250 KOD 30120048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə ona və ailə üzvlərinə məxsus olmaqla Qusar rayonunun Quxur Oba kəndində yerləşən cəmi 0,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 1200 (bir min iki yüz) manata satın almışdır. Həmin 1200 (bir min iki yüz) pulu o, Qusar rayonu Quxur Oba kənd sakinləri X9, X17, X10 və X16 iştirakları ilə nağd olaraq Cavabdeh ödəmişdir. Bu barədə Cavabdeh və orada iştirak edən Qusar rayonu Quxur Oba kənd sakinləri X9, X17, X10 və X16 iştirakları ilə 20 avqust 2007-ci il tarixli akt tərtib edilmiş və onlar həmin aktı imzalamışlar. O, Cavabdeh ilə həmin torpaq sahəsinin alqı-satqı müqaviləsini sonradan notariat qaydasında təsdiqləmək barədə razılaşmışdır. 2007-ci ildən etibarən Cavabdeh aldığı həmin 0.70 ha torpaq sahəsi onun istifadəsindədir və o, həmin torpaq sahəsində fındıq ağaclarını əkib bağ salmışdır. Ötən 17 il ərzində ağaclar böyüyüb bar verən ağaclar olmuşlar. Bu müddət ərzində Cavabdeh və ya onun ailə üzvlərinin həmin torpaqla əlaqədar ona heç bir tələbi, etirazı olmamışdır. Bu yaxınlarda o, həmin torpaq sahəsini notariatda öz adına rəsmiləşdirmək üçün Cavabdeh müraciət etmişdir. Lakin indi Cavabdeh torpaq sahəsini onun adına rəsmiləşdirməkdən imtina edir. Cavabdeh, ondan 20 avqust 2007-ci il tarixdə 1200 (bir min iki yüz) manata satın aldığı 0,70 ha torpaq sahəsini indi onun adına rəsmiləşdirməkdən imtina edir. Ona görə də o, Cavabdeh həmin torpaq sahəsinə görə ona ödədiyi 1200 (bir min iki yüz) manatın hal-hazırkı ekvivalenti olan dəyərini geri tələb edir. Hal-hazırda Qusar rayonunun Quxur Oba kəndində yerləşən 1,0 ha kənd təsərrüfatı təyinatlı boş torpaq sahəsinin dəyəri 25000-30000 AZN təşkil edir. Buna uyğun olaraq Cavabdeh 20 avqust 2007-ci il tarixdə satın aldığı 0,70 ha kənd təsərrüfatı təyinatlı boş torpaq sahəsinin dəyəri 17500-21000 AZN təşkil edir. O, həmin 0,70 ha kənd təsərrüfatı təyinatlı boş torpaq sahəsinin hal-hazırkı dəyəri olaraq Cavabdeh 20000 (iyirmi min) AZN pulunu geri tələb edir. Məhkəmədə iddia qaldırmaqla əlaqədar o, 150 (yüz əlli) manat dövlət rüsumunu, vəkil xidmətindən istifadə etməyə görə Qusar Rayon Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat haqq ödəmiş, həmin xərclər də əlavə olaraq Cavabdeh məhkəmə qaydasında alınaraq ona qaytarılmalıdır.

7. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, aşağıda göstərəcəyi fakt və sübutlara əsasən hesab edir ki, iddia tələbi əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. İddiaçı Qusar rayonu, Quxur-Oba kənd sakini X5 özünə və ailə üzvlərinə məxsus Qusar rayonu Quxur-Oba kəndində yerləşən 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 1000 (bir min) manata, 5 (beş) il müddətinə, uşağın xəstə olması əlaqədar maddi cəhətdən imkanı olmadığına görə məcburiyyət qarşısında qalaraq icarəyə vermişdir. Həmin torpaq sahəsindən iddiaçı X6 17 il yox, 20 ilə yaxın istifadə edir. Fındıq bağı iddiaçı X6 5 ildir ki əkib və özü də həmin fındıq məhsullarından fayda götürür. Mübahisə olunan torpaq sahəsini iddiaçı X5 5 il müddətinə icarəyə vermiş, nəyə və hansı əsasla onun icazəsi olmadan ona və ailə üzvlərinə məxsus torpaq sahəsində fındıq bağı salmışdır. Əgər, həqiqətən də, mübahisə olunan torpaq sahəsini ona satmışdırsa, nəyə görə 20 il ərzində bunu notarial qaydada rəsmləşdirilməyib? Nə vaxtsa yaxın qohumların iştirakı ilə yalandan tərtib olunmuş saxta akta əsasən ondan indi dəymiş ziyan tələb olunur. 15 il ərzində iddiaçı X3 yaxın qohumları həmin torpaq sahəsində tərəvəz və əkin əkib dəyər götürüb, ot çalınıb mənfəət götürüb, indi isə ondan pul tələb olunur. Ot çalınıb, tərəvəz və əkin əkib gəlir əldə edib nəyə görə həmin gəlin miqdarı hesablanmır? İddia ərizəsində qeyd olunan məlumatlar həqiqətə uyğun deyil, fakt və sübutlara əsaslanmır, böhtan xarakterlidir. Bununla da aydın olur ki, iddiaçının iddia tələbi qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçıların öz şəxsi fikirləridir və məhkəmə tərəfindən iddia tələbi rədd edilməlidir.

8. Qusar Rayon Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2(029)-581/2025 nömrəli qətnaməsi ilə (hakim Ə.Cəlilov) iddia tələbi təmin edilməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X9 və X17 ifadələrini hazırkı işə görə işin hallarını müəyyən edəcək sübut kimi qəbul etmir. Belə ki, dindirilmiş şahidlər bildirmişlər ki, onlar iddiaçının qohumlarıdır. Belə olan halda məhkəmə həmin şahidlərin ifadələrinin mötəbərliyinə də inanmır. Bundan başqa, iş materiallarına əlavə edilmiş X14, Cavabdeh, X22, X15 və X20 tərəfindən tərtib edilmiş 20 avqust 2007-ci il tarixli aktı da məhkəmə sübut kimi qəbul etmir. Belə ki, həmin aktın etibarlı olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X3 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi rədd edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 385.1, 386.1, 567.1, 600.1, 600.2, 601.1, 601.2, 739.1, 740.2, Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətlərinin dəlilləri

11. İddiaçı X6 apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2(029)-581/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında 0,70 ha torpaq sahəsinin alqı-satqısı barəsində müqavilə bağlanmışdır. Lakin həmin müqavilə lazımi formada bağlanmadığından, yəni notariat qaydasında təsdiqlənmədiyindən etibarsız müqavilə olmuşdur. Bununla belə, etibarsız olsa da, həmin razılaşma üzrə o, 0,70 ha torpaq sahəsinə görə Cavabdeh 1200 (bir min iki yüz) manat pul ödəmişdir. Cavabdeh torpaq sahəsinin alqı-satqı müqaviləsinin notarial qaydada təsdiqlənməsindən yayınmaqla, ondan aldığı pulu ona qaytarmamaqla və uzun müddət, 2007-ci ildən hal-hazıradək özündə saxlamaqla əsassız varlanmış, cavabdehin həmin qanunsuz hərəkətləri nəticəsində ona külli miqdarda zərər dəymişdir. Əslində Cavabdeh torpaq sahəsini ona satmaq niyyəti yox idisə, o, pulunu dərhal geri qaytarmalı idi. Lakin Cavabdeh 2023-cü ilin dekabr ayına kimi torpaq sahəsini ona qaytarmasını tələb etməmiş, pulunu da geri qaytarmamışdır. O da arxayın idi ki, istədiyi vaxt Cavabdeh müraciət edib torpaq sahəsinin alqı-satqısını notariatda rəsmiləşdirəcəklər. 2023-cü ilin dekabr ayında o həmin torpaq sahəsini notariatda öz adına rəsmiləşdirmək üçün Cavabdeh müraciət etmişdir. Lakin Cavabdeh torpaq sahəsini onun adına rəsmiləşdirməkdən imtina etmişdir. Bundan sonra o, hüquqlarının Cavabdeh tərəfindən pozulduğunu bilmiş və ona qarşı hazırkı iddianı irəli sürmüşdür. 2007-ci ildən bəri ötən müddət ərzində Cavabdeh verdiyi 1200 manat pul dəfələrlə ucuzlaşmış, inflyasiya olunmuş, bu müddət ərzində torpaq sahələrinin alış-satış qiymətləri dəfələrlə bahalaşmışdır. Bütün bunları nəzərə alaraq o, Cavabdeh 2007-ci ildə verdiyi 1200 manat pulun ötən müddətdə dəfələrlə ucuzlaşmasını, inflyasiya uğramasını, torpaq sahələrinin alış-satış qiymətlərinin dəfələrlə bahalaşmasını nəzərə alaraq cavabdehdən 20000 (iyirmi min) manat məbləğində pulun alınıb ona qaytarılmasını tələb etmişdir. Lakin Qusar Rayon Məhkəməsi 16 sentyabr 2025-ci il tarixli, 2(029) 581/2025 nömrəli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəllənin 337-ci maddəsinin tələblərini pozmuş, onun haqlı iddiasını heç bir əsas olmadan rədd etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etirazın dəlilləri iddia tələbinə qarşı verilmiş etirazın dəlilləri ilə eynilik təşkil edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmənin kollegiyasının iştirak etdiyi iclasında iddiaçı X6 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, mübahisəli torpaq sahəsini 2004-cü ildə almışdır, 2007-ci ildə isə kənd icra nümayəndəliyində akt tərtib edilib. Cavabdehə 1200 manat məbləğində pul vermişdir, buna dair şahidləri də var. Cavabdeh pulu almış və bununla bağlı akta da imza etmişdir. Torpaq sahəsi hazırda onun istifadəsindədir. Torpaq sahəsini cavabdehdən alanda boş vəziyyətdə idi, torpaq sahəsində heç nə yox idi. Hazırda torpaq sahəsində 110 ədəd fındıq ağacı əkmişdir. Bu da həmin torpaq sahəsinin dəyərini artırmışdır. Əgər cavabdeh 20000 manat verərsə, torpaq sahəsindən çıxar. Cavabdehin torpaq sahəsini icarəyə verməsi barədə fikirləri əsassızdır. Göstərilənlərə əsasən iddiaçı sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında iddiaçının vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, tərəflər arasında 2004-cü ildə mübahisəli torpaq sahəsinə dair faktiki alqı-satqı həyata keçirilib. İddiaçı Rusiya vətəndaşıdır, Rusiyada yaşayır. Torpaq sahəsinin alqı-satqısına dair tərəflər arasında 2007-ci ildə pulun verilməsini təsdiq edən akt tərtib edilib. Həmin zaman 1200 manat böyük məbləğ idi, həmin pulun üzərinə əlavə pul qoymaqla Qusar şəhərindən ev də almaq olardı. İddiaçı torpaq sahəsini alandan sonra orada öz vəsaiti hesabına bağ salıb, ondan istifadə edib. Əgər iddiaçı iddia qaldırmasaydı, vəziyyət dəyişməz qalırdı, qarşı tərəfdən torpaq sahəsinin qaytarılması, iddiaçının torpaq sahəsini istifadə etməsi ilə əlaqədar etiraz edən yoxdur. Qarşı tərəf torpaq sahəsini guya 5 illik icarəyə verdiyini qeyd edib. Halbuki hər hansı icarə müqaviləsi yoxdur, əgər 5 il müddətinə razılaşıblarsa, daha çox müddət keçməsinə baxmayaraq, cavabdeh torpaq sahəsini geri tələb etməyib, torpaq sahəsi iddiaçının istifadəsindədir. Torpaq sahəsinin dəyəri də artıb. İş üzrə ekspertiza təyin edilmiş, ekspert tərəfindən verilən rəydə torpaq sahəsinin dəyəri, bağın qiyməti göstərilib. Hesab edir ki, iddiaçı torpağın qiymətini istəsə də, ekspert rəyinə istinad etməklə iddia təmin edilməlidir. Göstərilənlərə əsasən iddiaçının vəkili Vəkil2 sonda apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi.

16. İş üzrə sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

17. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

19. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.1.Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Maddə 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətindən görünür ki, apellyator tərəfindən Qusar Rayon Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2(029)-581/2025 nömrəli qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi xahiş edilmişdir.

21. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçı tərəfin izahatı və iş üzrə təqdim olunmuş sənədlərlə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. İddianın mahiyyətindən görünür ki, tələb şifahi razılaşma və sadə yazılı akt əsasında iddiaçıya verilmiş torpağın uzun müddətdən sonra geri tələb edilməsi nəticəsində torpağın hazırkı dəyərinin ona ödənilməsi barədədir.

24. Araşdırılan işin faktiki hallarından görünür ki, iddiaçı tələbində sadə əlyazma qaydada tərtib edilmiş 2007-ci il tarixli akta istinad edərək, cavabdehə 1200 manat məbləğində pul ödəyərək, sonuncuya məxsus olan torpaq sahəsini aldığını və 17 il ərzində həmin torpaqda çoxillik ağaclar əkməklə qulluq etdiyini bəyan edir. Eyni zamanda bildirir ki, sözügedən torpaq sahəsi ilə bağlı zamanında notarial qaydada alğı-satqı müqaviləsi bağlamamış, indi bağlamağı cavabdehə təklif etdikdə isə cavabdeh etiraz etmiş və ondan əlavə pul tələb etmişdir.

25. Cavabdeh isə iddia tələbinə, həmçinin apellyasiya şikayətinə qarşı eyni məzmunlu etiraz ünvanlayaraq qeyd edir ki, mübahisəsi gedən torpaq sahəsini 2007-ci ildə 5 il müddətinə iddiaçıya icarəyə vermişdir. Onun torpaq sahəsini satmaq niyyəti olmamışdır. Bu səbəbdən hazırda da torpaq sahəsini satmaq istəmir.

26. Qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir.

27. Mübahisənin həllinə qeyd olunan kontekstdən yanaşan kollegiya, bununla bağlı iddiaçı tərəfin bir daha mövqeyini öyrənərək, çatmaq istədiyi niyyəti dəqiqləşdirməyə çalışmışdır. Bununla bağlı izahat verən iddiaçı torpaq sahəsindən hazırda özü istifadə etdiyini, lakin cavabdeh tərəfin alqı-satqı müqaviləsinin bağlanmasından imtina etdiyini əsas gətirərək, torpağın real dəyərinin ona qaytarılmasını tələb etdiyi bildirmişdir.

28. Baxılan işin yuxarıda sadalanan hallarını nəzərə alınan kollegiya qeyd edir ki, sözügedən torpaq sahəsinin alqı-satqısı qanunda nəzərdə tutulan formada bağlanmadığından, habelə işin araşdırılan hallarına əsasən torpaq sahəsinə dair tərəflər arasındakı razılaşmaya birmənalı şəkildə alqı-satqı müqaviləsi kimi qiymət vermək mümkün olmadığından, bu şəkildə verilmiş iddianın (torpağın hazırkı real bazar dəyərinin tələb edilməsi) təmin edilməsindən söhbət gedə bilməz

29. Bununla belə, bu və ya digər formada cavabdehin mülkiyyətində olan mübahisələndirilən torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsində və uzun illər ərzində həmin torpaq sahəsini tələb etməsi istiqamətində passivliyi onu deməyə əsas verir ki, cavabdeh torpaq sahəsinin iddiaçının istifadəsi və sahibliyində olmasına etiraz etməmişdir.

30. Qeyd edilir ki, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir

31. Araşdırılan hallarından görünür ki, iddiaçı bu illər ərzində həmin torpaq sahəsində çoxillik meyvə ağacları əkmiş, xırda təsərrüfatla məşğul olmuşdur. Ona görə də keçən illər ərzində onun torpaq sahəsindən istifadə, meyvə ağaclarının əkilməsi nəticəsində onu dəyərini artırması ağlabatan və təkzibedilməz haldır.

32. Məhkəmə kollegiyası, qeyd edir ki, Mülki Məcəllənin 135.10 və 157.7-ci maddələrinin birgə təhlilindən göründüyü kimi əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir.

33. Bu baxımdan torpaq sahəsində çoxillik bitkilərin əkilməsi nəticəsində həmin bitkilərin dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən torpaqdan ayrılması mümkün deyilsə, belə bitkilər artıq əşyanın (torpaq sahəsinin) tərkib hissəsinə çevrilir.

34. Beləliklə, göstərilənlərdən belə qənaətə gəlinir ki, iddiaçının hazırki iddiasının təmin olunmaması, onun gələcəkdə yaxşılaşdırmaya çəkdiyi xərci tələb etmək hüququnu istisna etmir.

35. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q ə t e t d i:

İddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, 2(029)-581/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər (iddiaçı tərəf), üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına (elektron kabinet və vəkil vasitəsilə) kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar