Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1679/2023 05.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçının cavabdeh Babayeva (Nəzərli) Kəmalə Mirağa qızına qarşı mülki iş üzrə (Açar sözlər: evdən çıxarılma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X8 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, cavabdeh Babayeva (Nəzərli) Kəmalə Mirağa qızının iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2(012)-1453/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Babayeva (Nəzərli) Kəmalə Mirağa qızının, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X6 ünvan 1 ünvanında olan 75 saylı evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” massivi, Nizami küç, döngə-6 ünvanda 2 sot torpaq sahəsini 2004-cü ildə alaraq həmin torpaq sahəsinin üzərində kiçik bir ev tikmişdir. Daha sonra ailə üzvlərinin çoxluğu səbəbindən həmin torpaq sahəsinin üzərində iki mərtəbəli evi tikmək qərarına gəlmişdir. Həmin iki mərtəbəli ev öz şəxsi vəsaiti hesabına 2010- 2011-ci illərdə tikərək ailə üzvləriylə birlikdə orda yaşamışdır. Onun dörd övladı var. Cavabdeh Babayeva (Nəzərli) Kəmalə Mirağa qızı onun oğlu Nəzərli Aruz ilə xx.xx.2013-cü ildə rəsmi nikaha girməklə ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X11 dünyaya gəlmişlər. Babayeva (Nəzərli) Kəmalə Mirağa qızı oğlu lə ailə qurduqdan sonra valideyn olaraq əziyyət çəkməməsi üçün öz şəxsi vəsaiti hesabına tikdiyi evə qəbul edərək orada yaşamalarına icazə vermişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2597/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə oğlu ilə Cavabdeh nikahı pozulmuşdur. Nikah pozulduqdan sonra adıçəkilən uşaqlar məhkəmə qərarı ilə analarının yanında saxlanmışdır. Məhkəmənin qərarından sonra cavabdeh ona və ailə üzvlərinə qarşı mütəmadi olaraq təhqiredici ifadələr işlədərək onları qonşular içində biyabır etmiş, son olaraq elə bir vəziyyət yaranmışdır ki, cavabdeh xx.xx.2020-ci il tarixdə gecə saatlarında biyabırçılıq etmiş, səs-küy salaraq yenə təhqir edici ifadələr işlətmiş, nəhayət onlar məcbur evi tərk etmişlər. Bu hərəkətllərinə cavabdeh dəfələrlə davam etmiş, lakin onlar iki azyaşlı nəvənin olmasını nəzərə alaraq cavabdehin bu təhqiredici hərəkətlərinə dözmüşlər. Bundan sonra o, ailə üzvləriylə birlikdə həmin evə qayıtmaq istəsələr də cavabdehin darvazanın və evin kilidlərinin dəyişməsinin şahidi olmuşlar. Lakin buna baxmayaraq cavabdeh həmin evdən çıxmayaraq əvəzində fərdi yaşayış evinin və həyət qapısının kilidlərini dəyişərək onu və ailə üzvlərini həmin evdən məhrum etmişdir. Bu səbəbdən də o, uzun illərdir ki, öz evindən məhrum olaraq məcburən kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Cavabdeh Aruzla birgə nikahda olduğu illər ərzində bütün aylıq əmək haqqısını ayrıca yığaraq toplamış və atası Mirağa, eləcə də xalasıoğlu Zamiq ilə birlikdə Masazır qəsəbəsində torpaqlar alaraq ev tikib satmaqla məşğul olaraq biznesini qurmuşdur.
3. Cavabdeh Babayeva (Nəzərli) Kəmalə Mirağa qızı iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, o, keçmiş həyat yoldaşı X12 ilə xx.xx.2013-cü il tarixdə ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki qız övladları dünyaya gəlmişdir. Nikahları pozulduqdan sonra hər iki övladı onun himayəsində qalmışdır. Bildirmək istəyir ki, keçmiş yoldaşının ona qarşı irəli sürdüyü iddia qanunsuz və əsassızdır. Belə ki, hal-hazırda sözügedən mənzil onların nikahından öncə atası tərəfindən ona hədiyyə olunmuşdur. Həmin mənzilin qaz, su, işıq sayğacları onun adında rəsmiləşmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş saldoya (ata soyadı ilə: X3) nəzər saldıqda, sayğacın xx.xx.2012-ci ildə rəsmiləşdirildiyi görünür. Keçmiş ərinin mülkiyyət hüqüqunun tanınması ilə bağlı heç bir rəsmi sənədi yoxdur. İddiaçı hansı əsasla onun və övladlarının həmin mənzildən çıxarılmağı barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd etmək istəyir ki, iddia ərizəsi əsasız olduğu üçün rədd edilməli və təmin edilməməlidir. Atası evi ona hədiyyə verən zaman onların nikahları oİmamışdır, yəni onlar sözügedən mənzili birgə nikah dövründə əldə etməmişlər. Mülkiyyətində olmasa da onun istifadəsində olan sənədsiz evlə bağlı iddiaçının iddia etməyə heç bir hüququ yoxdur. Düşünür ki, iddiaçı bu əsassız tələbi ilə onun gələcəkdə mülkiyyət hüquqlarını poza bilər. Mülkiyyət hüququ qanunla qorunan hüquqdur.
4. Abşeron Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2(012)-1453/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Elman Məmmədov).
5. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh Babayeva (Nəzərli) Kəmalə Mirağa qızı və iddiaçının oğlu-X12 xx.xx.2013-cü ildə rəsmi nikah bağlamaqla ailə qurmuş, "xxxx" ADC tərəfindən verilmiş abunə haqqında cədvəldən göründüyü kimi X1 məxsus olan ünvan 3 ünvanına quraşdırılmış abonent kodu **********17423 olan sayğac xx.xx.2012-ci ildə quraşdırılmış, sözügedən ünvan 1 ünvanında olan 75 saylı ev cavabdehlə X7 birgə nikahından əvvəl alınmışdır.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 76.1, 77.1-, 80-cı maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 02 iyun 2023cü il tarixli, 2(012)-1453/2023 saylı qətnaməsinin ləğv olunması, iş üzrə iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Şikayətin dəlilləri:
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən ünvanda yerləşən 2 sot torpaq sahəsini 2004-cü ildə alaraq, orada ev tikmişdir. Ailə üzvlərinin çoxluğu səbəbindən sonradan həmin torpaqda 2 mərtəbəli ev tikmişdir. Evin tikintisini öz şəxsi vəsaiti hesabına 2010-2011-ci illərdə həyata keçirmişdir, ailə üzvləri ilə birlikdə orada yaşamışdır. 4 övladı var. Cavabdeh onun oğlu Aruzla 2012-ci ildə faktiki nikaha girmiş, 2013-cü ildə isə nikahlarını rəsmiləşdirmişlər. Həmin nikahdan 2 övladları var. Cavabdeh onun oğlu Aruzla faktki ailə həyatı qurduqdan sonra, yəni 2012-ci ildə sözügedən evə gəlin gəlmiş və həmin evdə yaşamağa başlamışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)- 2597/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə oğlu Arzula cavabdehin arasında bağlanmış nikah pozulmuşdur. Nikah pozulduqdan sonra uşaqlar cavabdehin yanında qalmışdır. Nikah pozulduqdan sonra cavabdeh sistemli şəkildə onu və ailə üzvlərini təhqir etmişdir, qonşular içində biabır etmişdir, xx.xx.2020-ci ildə isə gecə saatlarında yenə səsküy salaraq, təhqiramiz ifadlər işlətməklə onu və onun ailə üzvlərini evdən çıxmağa məcbur etmişdir. Cavabdeh bu hərəkətlərinə dəfələrlə davam etmiş, lakin o, 2 nəvəsini nəzərə alaraq onun bu təhqirlərinə dözmüşdür. Sonradan ailə üzvləri ilə birlikdə evə qayıtmaq istəsə də cavabdehin evin və darvazanın açarlarını dəyişdiyini görmüşlər. Cavabdeh evini ələ keçirtmiş, onu evdən qovmuşdur. Buna görə də öz zəhməti ilə tikdiyi evdən didərgin düşmüşdür. Ümumiyyətcə qeyd edir ki, həmin 2 sot torpaq həyat yoldaşı Rəhilə xanımın adınadır və ona aid olması barədə bələdiyyə MMC-nin sənədi vardır. Torpaq sahəsi 2004-cü ildə ayrılmışdır. Həmin torpaq sahəsində ilk əvvəl 2 otaqlı ev tikmiş, sonradan isə həmin torpaq sahəsində əlavə 2 mərtəbəli, 4 otaqlı ev tikmişdir. Sözügedən 2 mərtəbəli 4 otaqdan ibarət olan fərdi yaşayış evi 2011-cil ildə tikilib başa çatmışdır və həmin vaxta qədər onlar cavabdehi ümumiyyətlə tanımamışdır. 2012-ci ildə oğlu cavabdehlə qeyri-rəsmi, yəni faktiki nikaha daxil olmuşdur. Sonradan isə nikahlarını rəsmiləşdirmişlər. Sonradan isə münasibətlər korlanmışdır. Cavabdeh isə hazırda evə yiyələnmiş və iddia etmişdir ki, guya evi nikahdan öncə atası ona hədiyyə etmişdir. Bu tamamilə absurddur. Çünki həmin 2 sot torpaq sahəsi cavabdeh bu evə gəlin gəlməmişdən illər öncə onun həyat yoldaşına bələdiyyə sənədi ilə verilmiş və onun tərəfindən həmin torpaq sahəsi üzərində 2 mərtəbəli fərdi yaşayış evi tikilmş və cavabdeh onun oğlu ilə faktiki nikaha daxil olmamışdan öncə öz ilə üzvləri ilə birlikdə həmin evdə yaşayırdılar. Sadəcə işıq sayğacı cavabdehin adınadır ki, bunun da heç bir əhəmiyyəti yoxdur, çünki sayğacı istənilən adamın adına rəsmiləşdirmək mümkündür. Digər tərəfdən, məhkəmə qətnaməsində bir-birinə zidd fikirlər işlədilmişdir. Eyni zamanda, həmin evin onun tərəfindən tikilməsinə şahidlik edə biləcək ustalar vardır, hakim əvvəlcə bildirmişdir ki, həmin şahidləri də dindirəcək, lakin sonradan şahidləri dindirməkdən imtina etmişdir. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid qismində məhkəməyə çağırılan şəxs məhkəməyə gəlməyə və iş üzrə ona məlum olan məlumatları və halları bildirməyə borcludur. Şahid düzgün ifadə verməyə, hakimlərin və prosesdə iştirak edən şəxslərin suallarına cavab verməyə borcludur. Şahid bilərəkdən yalan ifadə verməyə və ifadə verməkdən boyun qaçırmağa görə cinayət məsuliyyəti daşıyır. Bu işdə isə məhkəmə şahidləri dindirməkdən boyun qaçırtmışdır .Məhkəmə aydınlaşdırmamışdır ki, mübahisələndirilən ev əslində kimindir. Ev ona məxsusdur.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında İddiaçı bildirdi ki, hazırda hər hansı bir narazılığı yoxdur. Cavabdeh gəlinidir, oğlu ilə barışıblar. Gəlini ilə münasibəti olmasa da, bir həyətin içində iki ev var. Gəlini də öz evində yaşayır. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır.
11. Məhkəmə kollegiyasının iclasında cavabdeh Babayeva (Nəzərli) Kəmalə Mirağa qızı bildirdi ki, öz evində ailəsi ilə birlikdə yaşayır və qaynatasıgildən ayrıdır. Əri ilə barışıb. Apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 02 iyun 2023cü il tarixli, 2(012)-1453/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
13. Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2(012)-1453/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
16. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2597/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabden X12 arasında 1 saylı Bakı “ASAN Xidmət” X2 bağlanmış xx.xx.2013-cü il il tarixli, 794 №-li nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2013-cü il təvləllüdlü X9 və xx.xx.2018ci il təvəllüdlü X6 anaları Cavabdeh yanında qalmaları, cavabdeh X5 xx.xx.2013-cü il təvləllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir.
17. İş materiallarında olan "xxxx" ADC tərəfindən verilmiş abunə haqqında cədvəldən görünür ki, X1 məxsus olan ünvan 3 ünvanına quraşdırılmış abonent kodu **********17423 olan sayğac xx.xx.2012-ci ildə quraşdırılmışdır.
18. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh Babayeva (Nəzərli) Kəmalə Mirağa qızı və iddiaçının övladı-X12 xx.xx.2013-cü ildə rəsmi nikah bağlamaqla ailə qurmuş, "xxxx" ADC tərəfindən verilmiş abunə haqqında cədvəldən göründüyü kimi X1 məxsus olan ünvan 3 ünvanına quraşdırılmış abonent kodu **********17423 olan sayğac xx.xx.2012-ci ildə quraşdırılmış, sözügedən ünvan 1 ünvanında olan 75 saylı ev cavabdehlə X7 birgə nikahından əvvəl alınmışdır.
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılşaraq qeyd edir ki, iddiaçı qeyd edilən evin yerləşdiyi torpaq sahəsinin 2004-cü il tarixdə bələdiyyə qərarı ilə arvadına ayrılmasını, orada 2004-cü ildən ev tikməsini, daha sonra iki mərtəbəli ev tikməsini bildirsə də, buna dair sübutlar təqdim etməmişdir.
20. Həmçinin oğlunun cavabdeh ilə 2012-ci ildə faktiki nikaha girməsini, lakin 2013cü ildə isə nikahlarını rəsmiləşdirmələrini bildirsə də, buna dair sübut təqdim etməmişdir. 21.Halbuki MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü də inkar edənin deyil, təsdiq edənin üzərinə düşür.
23. Hazırki işdə isə iddiaçı mübahisəli evin yerləşdiyi torpaq sahəsinin bələdiyyə tərəfindən arvadına ayrılmasını, orada 2004-cü ildə ev tikməsini bildirsə də, buna dair mötəbər sübutları təqdim etməmişdir.
24. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, iddiaçının oğlu ilə cavabdeh 2013-cü ildə nikaha girmişlər.
25. Hazırki işdən görünür ki, ünvan 3 ünvanına quraşdırılmış abonent kodu **********17423 olan sayğac xx.xx.2012-ci ildə quraşdırılmış, cavabdehin adına sənədləşdirilmişdir. Bununla da müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evi cavabdehlə X7 birgə nikahından əvvəl tikilmişdir.
26. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixli qərarında X13 Məhkəməsinin də hüquqi mövqeyi belə olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. (§68)
27. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da X13 Məhkəməsi öxşar hüquqi mövqe göstərərək, məhkəmənin sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartlarının təbiq edilməsini müəyən etmişdir.
28. Hazırki işdən görünür ki, iddiaçı ərizəsində qeyd etdiyi halları sübuta yetirə bilməmişdir.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab edərək qeyd edir ki, məhkəmə iddianı təmin etməməkdə haqlı olmuşdur.
30. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, hazırda hər hansı bir narazılığı yoxdur. Cavabdeh oğlu ilə barışıb, gəlini də öz evində yaşayır. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır.
31. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. 32.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
33. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. 34.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Abşeron Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 2(012)-1453/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir