Məhkəmə qərarları › İş №2(105)-1680/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1680/2021

24.05.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1680/2021 24.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X7 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Məhyəddin qızı Ağayevanın katibliyi, İddiaçı: İddiaçı, Cavabdehin nümayəndəsi: X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı işə bərpa və maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şamaxı Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Z.Hümbətov) İddiaçı Cavabdehnə qarşı işə bərpa və maddi zərərin ödənilməsi tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdeh X8 qarşı “işə bərpa və maddi zərəin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab edərək əvvəlki iş yeri olan Cavabdehndə müəllim vəzifəsinə bərpa edilməsi, onu qanunsuz olaraq işləməkdən məhrum etmiş bütün vaxt üçün 15 sentyabr 2020-ci il tarixdən başlayaraq işə bərpa olduğu günə qədər olan orta əmək haqqının Cavabdeh direktoru X5 tutularaq xeyrinə ödənilməsi, mənimsənilmiş 9476 manat İ.Ə.Vəliyevdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının ərizəsi ilə cavabdeh X10 əsl Cavabdeh ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2004-cü ildən Cavabdehndə müəllim işləmişdir. İxtisasca iqtisadçı-mühasibdir. 25 iyul 2020-ci ildə aldığı 902 saylı 20 iyul 2020ci il tarixli məktubda “Təhsil nazirinin 15.07.2011-ci il tarixli 1404 saylı əmrinə uyğun olaraq çalışma müddətinin yaş həddində olduğu üçün Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xitam verilir” cümləsi yazılmış, kollecin direktorunun vəzifəsi, adı, soyadı, imzası əvəzinə isə sadəcə “Direktorluq” sözü qeyd olunmuşdur. 30.07.2020-ci ildə ona göndərilmiş 25.06.2020-ci il tarixli 34 saylı əmrdən çıxarışda da direktorun adı, soyadı və imzası yox idi. Xəbərdarlıq xarakterli məktubla direktorun imzası olmayan "əmr"dən çıxarış məktubu arasındakı fərq bir aydır. Direktorun imzası ilə olan əmri və əmək kitabçasını almamışdır. Lakin 29.09.2020-ci il 938 saylı kollecin direktorunun məktubunu aldıqda Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə ("İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır") uyğunluq görməmişdir. Əmək Məcəlləsinin 79cu maddəsinin birinci bəndində işəgötürən tərəfindən məzuniyyətdə olduğu vaxt işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Təhsil nazirinin 15.07.2011-ci il 1404 saylı əmrinin 6.2-ci bəndində də 79-cu maddənin bu müddəasına əməl olunmuşdur. Yəni, müəllimlər məzuniyyətdən qayıtdıqdan sonra onların əmək müqavilələrinin ləğv olunması tədbirləri həyata keçirilir. Yəqin ki, direktor İ.Vəliyev yeni işçilər götürmək üçün çox tələsib. Kollecin direktorunun adı, soyadı, imzası olmayan məktubların göndərilməsində onun Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsaslanmaq istəyi dayanıb (bu onun 29.09.2020-ci il 938 saylı məktubunda üzə çıxdı). Yəni, 1 ay vaxt ötsün və məhkəməyə şikayət etmək mümkün olmasın. Çünki, kollecdə əmək müqavilələrrinin ləğv edilməsinin sənədləşdirilməsi düzgün aparılmayıb, Əmək Məcəlləsinin 84-cü maddəsinin müddəalarına əməl olunmayıb. Təhsil nazirinin 15.07.2011-ci il tarixli 1404 saylı əmri isə 65 yaşdan yuxarı müəllimlərin öz fəaliyyətlərini tənzimlənməsi üçün verilən əmrdir, birbaşa əmək müqaviləsini ləğv etmək üçün deyildir. Əmək Məcəlləsinin Kommentariyasının 84-cü maddəsinin 2-ci bəndində yazılıb: "Şərh olunan maddənin 2-ci hissəsinə görə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdə (sərəncamda, qərarda) bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar qeyd olunmalıdır. Əks halda əmək müqaviləsinin ləğv olunması ilə bağlı tərəflər arasında fərdi əmək mübahisəsi yaranarsa, digər əlavə araşdırma aparılmadan işə baxan məhkəmə tərəfindən əmrin (sərəncamın, qərarın) etibarsız hesab edilməsi barədə qərar çıxarıla bilər". 15 iyul 2020-ci ildən 10 sentyabr 2020-ci ilədək məzuniyyətdə olmuşdur. Qeyd edir ki, ölkə Prezidentinin "mən işəgötürənlərə göstəriş vermişəm ki, pandemiya dövründə heç bir işçi işdən çıxarılmasın" sözlərini əhalinin əksəriyyəti əzbər bilir. Bu ildən qərara alındı ki, Azərbaycanın orta məktəblərində çalışan 65 yaşdan yuxarı müəllimlər təqaüdə göndərilsinlər. Bu ali və orta ixtisas təhsili müəssisələrinə aid deyildir. Ali və orta ixtisas təhsili müəssisələrində təhsil haqqı ödənişlərinin məbləği təhsilverənlərin maaşlarına mükafat kimi əlavə edilir. Cavabdehndə 130 civarında təhsilverənin çalışdığını və orta hesabla 600 təhsilalanın 600 manatdan təhsil haqqı ödədiyini nəzərə alsaq hər təhsilverənə ildə ən azı 600x600=2769 manat mükafat düşdüyünü hesablamış olarıq. İldə bu məbləğin 400 manatını ancaq alırdı. Qalan 2369 manatını kollecin direktoru İlham Vəliyev öz istədiyi kimi xərcləyirdi. Dörd il ərzində kollecin direktoru onun 4x2369=9476 manat mükafatımı mənimsəyib. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Məhkəmənin istinad etdiyi Cavabdeh 12 dekabr 2010-cu il tarixli əmri ilə ona 65 illik yubiley münasibətilə 300 manat mükafat verilməsi və ilin sonunadək müddətli əmək müqaviləsinin bağlanması sözlərini qəbul etmir. Qətnamədə 12 dekabr 2019-cu ildə onun müddətli əmək müqaviləsini imzalamadıgını və bu barədə kollecin bir qrup müəllimi tərəfindən imtina aktı tərtib edildiyini qeyd etdiyi halda sonrakı absazda kollecin direktoru ilə onun arasında 12 dekabr 2019-cu ildə əmək müqaviləsinin bağlanmasını və bu tarixdən 15 iyul 2020-ci il tarixində 8 ay müddətinə müəllim vəzifəsinə işə qəbul edilməyini göstərir. Elə bir müqavilə olmamışdır. Qətnamədə qeyd olunan iddia müddətinin ötməsini düzgün hesab etmir. Şamaxı Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli 2(074)-949/2020 saylı qətnaməsini ləğv edərək, yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehin nümayəndəsi A.S.Süleymanov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Cavabdeh 12 dekabr 2019-cu il tarixli Əmrindən görünür ki, ”31 dekabr-Yeni il və Dünya Azərbaycanlıların həmrəlik günü“ münasibətilə Cavabdeh rəhbər, inzibatı idarə və müəllim kolektivinə büdcədənkənar vəsait hesabına maddi yardım verilsin. 2. Kollecin müəllimi İddiaçı 65 illik yubileyi münasibətilə 300 manat məbləğində mükafat verilsin, tədris ilinin sonunadək müddətli əmək müqaviləsi bağlanılsın. İşə əlavə olan 12 dekabr 2019-cu il tarixli Cavabdehndə tərtib olunmuş aktdan görünür ki, Cavabdeh tədris işləri üzrə direktor müavini Həlimə Musayeva, Həmkarlar Təşkilatının sədri Lətafət Məmmədova, YAP-ın sədri Şamama Məmmədova, kadrlar üzrə mütəxəssis Adilə İsmayılova və kollecin pedaqoji şurasının katibi Aygün Ağasıyevanın iştirakı ilə tərtib edirik həmin aktı ondan ötrü ki, kollecin çalışmanın yaş həddinə çatmış müəllimi İddiaçı müddətli əmək müqaviləsini imzalamaqdan imtina etmişdir. İşdə olan Cavabdeh direktoru İ.Ə.Vəliyev ilə İddiaçı arasında bağlanmış 12.12.2019cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı 12.12.2019-cu il tarixdən 15.07.2020-ci il tarixədək 8 ay müddətinə müəllim vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Cavabdeh 25.06.2020-ci il tarixli 34 saylı əmrdən çıxarışdan görünür ki, 2019/2020 tədris ili başa çatdığı üçün “Azərbaycan Respublikası Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədilə Təhsil nazirinin 15.07.2011-ci il tarixli 1404 saylı əmrinə uyğun çalışmanın müddətləri başa çatmış Cavabdehndə çalışan İddiaçı 2020-ci iş ili üzrə 56 təqvim günü məzuniyyət hesablanmaqla əmək müqaviləsinə xitam verilsin. İşdə olan Cavabdeh İddiaçı ünvanlanmış 20 iyul 2020-ci il tarixli bildirişindən görünür ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icransını təmin etmək məqsədilə Təhsil nazirinin 15.07.2011-ci il tarixli 1404 saylı əmrinə uyğun olaraq çalışma müddətinin yaş həddində olduğunuz üçün Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xitam verilir. İş materiallarında olan Cavabdeh İddiaçı ünvanlanmış 29 sentyabr 2020-ci il tarixli bildirişindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin e) bəndinin tələblərinə uyğun olaraq Kollecin 12.12.2019-cu il tarixli 100 saylı əmri ilə həmkarlar təşkilatının qərarına əsasən 65 illik yubileyiniz münasibəti ilə 300 (üç yüz) manat mükafat verilmiş, tədris ilinin sonunadək müddətli əmək müqaviləsi bağlanmışdır. Tədris ili başa çatdığı üçün 25.06.2020-ci il tarixli 34 saylı əmrlə işdən azad olunaraq müddətli əmək müqaviləsinə xitam verilmişdir və bu barədə 20.07.2020-ci il tarixli məktubla Sizə xəbərdarlıq göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası İddiaçı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin düzgün tətbiq edilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdehin 25.06.2020-ci il tarixli 34 saylı əmr ilə 2019/2020 tədris ili başa çatdığı üçün “Azərbaycan Respublikası Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədilə Təhsil nazirinin 15.07.2011-ci il tarixli 1404 saylı əmrinə uyğun çalışmanın müddətləri başa çatmış Cavabdehndə çalışan İddiaçı 2020-ci iş ili üzrə 56 təqvim günü məzuniyyət hesablanmaqla əmək müqaviləsinə xitam verilmişdir. Əmrin surəti və əmək kitabçası iddiaçının bildirdiyinə əsasən 30.07.2020-ci il tarixdə ona poçt vasitəsilə çatdırılmışdır. İddiaçı hazırkı tələblə 05 oktyabr 2020-ci il tarixdə müraciət etmişdir. İddiaçı tələbini onunla AR Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinə əsasən işçinin məzuniyyətdə, olduğu müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan olması ilə əsaslandırmışdır. Cavabdeh iddiaya etirazını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməsi və iddiaçının çalışmanın yaş həddinə, yəni 65 yaşa çatdığı üçün onunla əmək münasibətlərinə xitam verilməsi, eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazirinin 02.04.2018-ci il tarixli F-223 №-li əmrinin 3-cü bəndinə əsasən çalışmanın yaş həddinə çatmış müəllimlərlə müddətli əmək müqaviləsi bir qayda olaraq tədris ilinin sonunadək bağlanılır. X9 X1 22.11.2019-cu il tarixli 4 №-li protokoluna və direktorun 12.12.2019-cu il tarixli 100 №-li əmri ilə kollecin müəllimi, İddiaçı 300 (üç yüz) manat mükafat verilmiş və onunla tədris ilinin sonunadək müddətli əmək müqaviləsi bağlanmış, sonra isə tədris ilinin sonunda onunla müddətin bitməsi ilə əlaqədar əmək münasibətlərinə qanunauyğun olaraq xitam verilməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası tərəflərin dəlilləri üzrə onu qeyd etməyi zəruri sayır ki, Cavabdeh direktoru İ.Ə.Vəliyev ilə İddiaçı arasında bağlanmış 12.12.2019-cu il tarixli müddətli əmək müqaviləsinə əsasən müqavilədə göstərilən 8 ay müddət qurtardığı vaxtdan, iddiaçının 25.06.2020-ci il tarixli 34 saylı əmr ilə 2019/2020 tədris ili başa çatdığı üçün “Azərbaycan Respublikası Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədilə Təhsil nazirinin 15.07.2011-ci il tarixli 1404 saylı əmrinə uyğun çalışmanın müddətləri başa çatmış Cavabdehndə çalışan İddiaçı 2020-ci iş ili üzrə 56 təqvim günü məzuniyyət hesablanmaqla əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Cavabdeh ərizə ilə müraciət edərək hazırkı tələbə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin dəlilləri üzrə onu qeyd etməyi zəruri sayır ki, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi 30.07.2020-ci il tarixdən etibarən 1 təqvim ayı ərzində mövcud sübutlarla məhkəməyə müraciət etməli olduğu halda, iddiaçı hazırkı tələblə 05 oktyabr 2020-ci il tarixdə müraciət etməklə iddia müddətini keçirmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin iş üzrə 11 noyabr 2020-ci il tarixli 2(074)-949/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar