Məhkəmə qərarları › İş №2(105)-1680/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1680/2025

19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1680/2025 19.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı mülki iş üzrə (Açar sözlər: müqavilənin verilməsi öhdəliyinin qoyulması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X7 və X2 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3599/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MTK-nın üzərinə onunla 2020-ci ilin avqust ayında Cavabdeh MTK arasında bağlanmış mənzilin alqı-satqısına dair müqavilənin ona verilməsi öhdəliyinin qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixdə müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 9-cu mərtəbə, ümumi sahəsi 43,4kv.m olan, 3-cü blok, 1 otaqdan ibarət 50 saylı mənzil bir pay kimi "xxxx" MMC ona verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə o, mənzilin dəyəri bir kv.metr üçün 426 manat ödəməklə, cəmi 18488 manat pul ödəməli idi. Hazırda o həmin müqavilə üzrə ödəməli olduğu 18488 manat pul tam ödəmişdir. Sonradan "xxxx" MMC tikinti işlərini dayandırmışdır. 2019-cu ilin may ayında o, evin tikintisinin nə yerdə olduğu ilə maraqlanmaq üçün binaya getmiş, orada ona məlum olmuşdur ki, həmin bina 2016-cı il tarixdə Cavabdeh MTK-ya satılaraq evin tikintisi həmin MTK tərəfindən davam etdirilmişdir. Cavabdeh MTK hazırda "xxxx" MMC-nin varisidir. O, evinin nə zaman tikilərək ona veriləcəyi ilə bağlı Cavabdeh MMC-yə müraciət etmişdir. Lakin Cavabdeh MTK tərəfindən ona bildirmişlər ki, əlavə pul ödəməlidir. Bundan sonra o, Cavabdeh MTK ilə yenidən müqavilə bağlayaraq həmin binanın 5-ci blokunda yerləşən 82 nömrəli sahəsi 93.2 kv.m olan mənzilə görə nağd olaraq 10000 manat 12 ay 340 manatdan pul ödəməli oldu. "xxxx" MTK tərəfindən ona pul ödənildikdən sonra maliyyə arayışı təqdim olunmuşdur. Sonradan həmin mənzillər bir neçə nəfərə satıldığı üçün Baş Prokurorluq yanında Korrupsiya idarəsində araşdırma aparılmış o, cinayət işi üzrə zərərçəkmiş kimi tanınmışdır. "xxxx" MTK ilə aralarında bağlanmış müqavilə və maliyyə arayışı itmişdir. Hal-hazırda sözügedən müqavilənin əldə olunması zərurəti yaranmışdır. Bu səbəbdən hesab edir ki, cavabdehin üzərinə müqavilənin ona verilməsi öhdəliyi qoyulmalıdır. Qeyd edilənlərə əsasən, o, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.

3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3599/2025 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia ərizəsi təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan göründüyü kimi istintaq zamanı iş üzrə dindirilmiş İddiaçı ünvan 1 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilməkdə olan yaşayış binasının 3-cü blokunda yerləşən, ümumi sahəsi 43.4 kvadratmetr ölçüdə olan, 1 otaqlı 50 nömrəli mənzilinin onun adına rəsmiləşdirildiyini bildirsə də bununla bağlı alqı-satqı müqaviləsi və yaxud maliyyə arayışının əsillərini təqdim etməmiş, bundan əlavə "PROGRESS-2016” MTK-nın direktoru olmuş X4 ilə İddiaçı arasında əldə edilmiş razılıq əsasında İddiaçı adına rəsmiləşdirilmiş müqavilənin ləğv edildiyi məlum olmuşdur. Hazırda 2020-ci ilin avqust ayında cavabdeh şirkət bağladığını iddia etdiyi müqavilənin olması ilə bağlı, iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, həmçinin həmin müqavilənin surəti məhkəməyə təqdim edilmədiyindən və müvafiq orqanlar tərəfindən verilmiş sorğuya cavab məktublarında da belə bir müqavilənin əslinin mövcud olması barədə məlumat aşkar edilmədiyindən, İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilənin təhvil verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2.1, 389.1, 390.1, 405.1, 425.2-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3599/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 9-cu mərtəbə, ümumi sahəsi 43,4 kv. olan 1 otaqdan ibarət 50 saylı mənzili izolə olumuş bir pay kimi ona verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə mənzilin dəyəri bir kv.metr üçün 426 manat ödəməklə, cəmi 18488 manat pul ödəməli idi. Hazırda həmin müqavilə üzrə ödəməli olduğu 18488 manat pulu tam ödəmişdir. Sonradan "xxxx" MMC tikinti işlərini dayandırmışdır. 2019-cu ilin may ayında evin tikintisinin nə yerdə olduğu ilə maraqlanmaq üçün binaya getmiş, orada məlum olmuşdur ki, həmin bina 2016-cı il tarixdə Cavabdeh MTK-ya satılaraq evin tikintisi həmin MTK tərəfindən davam etdirilmişdir. Cavabdeh MTK hazırda "xxxx" MMC-nin varisidir. Evinin nə zaman tikilərək ona təhvil veriləcəyi ilə bağlı Cavabdeh MMC-yə müraciət etmişdir. Lakin "xxxx" MTK tərəfindən bildirdilər ki, əlavə pul ödəməlidir. Bundan sonra Cavabdeh MTK ilə yenidən müqavilə bağlayaraq həmin binanın 5-ci blokunda yerləşən 82 nömrəli sahəsi 93.2 kv m olan mənzilə görə nağd olaraq 10000 manat 12 ay 340 manatdan pul ödəməli olub. "xxxx" MTK tərəfindən ona pul ödənildikdən sonra maliyyə arayışı təqdim olunmuşdur. Sonradan həmin mənzillər bir neçə nəfərə satıldığı üçün Baş Prokurorluq yanında Korrupsiya idarəsində araşdırma aparılmış, həmin cinayət işi üzrə zərərçəkmiş kimi tanınmışdır. "xxxx" MTK ilə aramızda bağlanmış müqavilə və maliyyə arayışını itirmişdir. Bundan əlavə onu da qeyd edir ki, Sumqayıt Ağır Azərbaycan Cinayətlər Məhkəməsində hakim işə baxarkən, barəsində cinayət işi olan təqsirləndirilən şəxslər X4 və X6 məhkəmə prosesi vaxtı izahatlarında Cavabdeh MTK ilə yenidən müqavilə bağlayaraq, həmin binanın 5-ci blokunda yerləşən 82 nömrəli sahəsi 93.2 kv.m olan mənzilə görə nağd olaraq 10000 manat 12 ay 340 manatdan pul ödəməli oldunu etiraf etmişlər. Həmin ödənişlərlə bağlı qəbzlər cinayət işinə əlavə edilmişdir. Halhazırda sözügedən müqavilənin əldə olunması zərurəti yaranmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq aldığı həmin binanın 5-ci blokunda yerləşən 82 nömrəli sahəsi 93.2 kv.m olan yaşayış sahəsinin dəyərini tam ödəsə də, cavabdeh mənzili təhvil verməmiş və buna görə də həmin yaşayış sahəsindən bu günə qədər istifadə edə bilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, hazırda Cavabdeh MTK-nın işlərinə həm Sumqayıt Ağır Cinayətlər Məhkəməsində, həm də Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində baxılır. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cavabdeh MTK ilə bağlanmış müqavilə yanğın zamanı yanaraq yoxa çıxıb. Ödəniş qəbzləri mövcuddur, onları Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə vermişdir. Emin Səməndərov ona, əlavə ödəniş etməklə 5-ci blokdan ev verməyi təklif edib, o, isə sənədləri və 10000 manat pulu ona vermişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclasında iştirak etmişdir, Emin Səməndərov iclasda ona ev verdiyini etiraf etmişdir. İkinci müqavilə yanıb, qarşı tərəfdə olan müqavilə arxivdədir, arxiv isə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindədir. Köhnə müqavilənin surəti mövcuddur. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yalnız ikinci müqavilə üzrə ödəniş qəbzlərini təqdim etmişdir. Birinci müqavilənin əslini Emin Səməndərova, surətini isə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə vermişdir. Hayan-E” MMC-dən sonra "xxxx" MTK ilə müqavilə bağlamışdır. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Progress MTK-nın müqaviləsini tapa bilmədiyi üçün Şərur MTK-ya təqdim edə bilmir. Tam məbləği ödəmişdir, ödəniş qəbzləri yoxdur, araşdırma məqsədilə qəbzləri Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim etmişdir. "xxxx" MMC ilə bağlanmış müqaviləni və ödəniş qəbzlərini Emil Səməndərova təqdim etmiş, bundan sonra onunla yeni müqavilə bağlamış, bir il müddətində hər ay 340 manat ödəniş etmişdir. Müqavilə ona təqdim olunub, lakin yanğın nəticəsində məhv olmuşdur. Mətbəxdə müqaviləni qoyduğu dolab yanğın zamanı yanmış, nəticədə cavabdehlə bağladığı müqavilə məhv olmuşdur. Ödəniş qəbzləri özündə olub, lakin müqaviləni tələsik mətbəxdə aspiratorun üzərində yerləşən dolaba qoymuş, səhlənkarlıq nəticəsində aspirator partlamış və yaxın ətrafındakı dolablar yanmışdır. İlkin olaraq 10000 manat, bir il müddətində ayda 340 manat olmaqla ödənişlər etmişdir. Ümumilikdə 30 min manatdan çox ödəniş etmişdir. Buna görə də iddianın təmin olunmasını xahiş edir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, Cavabdeh MTK–nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasənişə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

12. Sumqayıt Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələrilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 32.5, 308.2 və 32.5, 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə 2(012)-3599/2025 saylı sorğuya əsasən bildirilir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 9-cu mərtəbə, ümumi sahəsi 43.4 kvadrat metr olan, 3-cü blok, 50 nömrəli mənzil, izolə olunmuş 1 otaqdan ibarət payın iddiaçıya verilməsi ilə bağlı müqavilənin surəti cinayət işinin materiallarına əlavə edilmişdir. Odur ki, İddiaçı adına da rəsmiləşdirilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda, 12 mərtəbəli yaşayış evinin 9-cu mərtəbə, ümumi sahəsi 43.4 kvadratmetr olan, 3-cü blokunda yerləşən, 50 nömrəli mənzil ilə bağlı müqavilənin surəti məhkəməyə göndərilir.

13. "xxxx" MMC və İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli 176 nömrəli müqavilənin surətindən görünür ki, MMC Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış binasının İX mərtəbə, ümumi sahəsi 43,4 kvadratmetr olan İİİ blokunda izolə olunmuş 1 otaqdan ibarət 50 nömrəli mənzili pay kimi alıcıya verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə mənzilin dəyəri bir kvadrat metr sahə üçün 426 manat təşkil edir. Sahəsi 43,4 kvadratmetr olan mənzil üçün 18488 manat ödənilməlidir.

14. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, istintaq zamanı iş üzrə dindirilmiş İddiaçı ünvan 1 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilməkdə olan yaşayış binasının 3-cü blokunda yerləşən, ümumi sahəsi 43.4 kvadratmetr ölçüdə olan, 1 otaqlı 50 nömrəli mənzilinin onun adına rəsmiləşdirildiyini bildirsə də, bununla bağlı alqı-satqı müqaviləsi və yaxud maliyyə arayışının əsillərini təqdim etməmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, "PROGRESS-2016” MTK-nın direktoru olmuş X4 ilə İddiaçı arasında əldə edilmiş razılıq əsasında İddiaçı adına rəsmiləşdirilmiş müqavilə ləğv edilmişdir.

15. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatında olmuş X1 təqsirləndirilməsinə dair 1 (124)-27/2025) saylı cinayət işində İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış ünvan 1, 3-cü blokunda yerləşən 1 otaqlı mənzilin satılmasına dair alqı-satqı müqaviləsi və maliyyə arayışı aşkar edilməmişdir. Bundan başqa cinayət işi materiallarında olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Rəsulzadə küçəsi, 1A, 5-ci blok, 13-cü mərtəbədə yerləşən 2 otaqlı mənzildən ibarət 82 nömrəli mənzil üçün ödənilmiş kassa mədaxil orderləri mövcud olmuşdur.

16. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2026-cı il tarixli məktubuna əlavə edilmiş kassa mədaxil orderlərindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MTK-nın hesabına hər ay 340 manat olmaqla, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Rəsulzadə küçəsi, 1A, 5-ci blok, 13-cü mərtəbədə yerləşən, sahəsi 92,1 kv.m olan 2 otaqlı, 82 nömrəli mənzilə görə ödənişlər edilmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

18. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər

Apellyasiya baxışının hədləri

19. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3599/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3599/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.

21. Belə ki, iddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubunda qeyd olunmuş müqavilənin ləğv edilməsinə dair məlumata və tələb olunan müqavilənin mövcudluğuna dair hər hansı bir sübutun məhkəməyə təqdim edilməməsinə əsaslanmışdır.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubunda "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 176 nömrəli müqavilə üzrə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış binasının İX mərtəbə, ümumi sahəsi 43,4 kvadratmetr olan, 1 otaqdan ibarət 50 nömrəli mənzilə dair məlumat verilmişdir. Hazırkı iş üzrə isə iddiaçı "xxxx" MMC ilə onun arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 176 nömrəli müqavilənin ləğv edilməklə, həmin mənzilin əvəzinə onunla Cavabdeh MTK arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Rəsulzadə küçəsi, 1A, 5-ci blok, 13-cü mərtəbədə yerləşən, sahəsi 92,1 kvadratmetr olan 2 otaqlı mənzildən ibarət 82 nömrəli mənzilə dair müqavilə bağlandığını iddia etmişdir.

23. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə Cavabdeh MTK arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Rəsulzadə küçəsi, 1A, 5-ci blok, 13-cü mərtəbədə yerləşən, sahəsi 92,1 kvadratmetr olan 2 otaqdan ibarət 82 nömrəli mənzilə dair müqavilə surətinin əldə edilməsi mümkün olmamışdır. Belə ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2026-cı il tarixli məktubunda Cavabdeh MTK-nın vəzifəli şəxsləri barəsində olan cinayət işi üzrə materiallarda qeyd edilən mənzilə dair müqavilənin olması müəyyən edilməmişdir. Lakin, həmin məktuba əlavə edilmiş mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MTK-nın hesabına hər ay 340 manat olmaqla, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Rəsulzadə küçəsi, 1A, 5-ci blok, 13-cü mərtəbədə yerləşən, sahəsi 92,1 kvadratmetr olan 2 otaqdan ibarət 82 nömrəli mənzilə görə ödənişlər edilmişdir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı tərəfindən Cavabdeh MTK-nın hesabına hər ay 340 manat olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, M.Rəsulzadə küçəsi, 1A, 5-ci blok, 13-cü mərtəbədə yerləşən, sahəsi 92,1 kvadratmetr olan 2 otaqdan ibarət 82 nömrəli mənzilə görə ödənişlər edilməsi faktı həmin mənzilə dair iddiaçı ilə cavabdeh arasında müqavilənin bağlanmasını təsdiq edən fakt olmuşdur. İddiaçının bağlanmış müqavilənin onda qalan nüsxəsini hər hansı bir səbəbdən olmaması faktı isə iddiaçıya həmin müqavilənin bir nüsxəsinin və ya surətinin, o cümlədən yenidən eyni məzmunlu müqavilənin tərtib edilməklə bir nüsxəsinin ona verilməsini tələb etmək hüququnu verməklə yanaşı, iddianın təmin edilməsi dolayısı ilə müvafiq mənzilə dair tərəflər arasında müqavilənin bağlanması faktını da təsdiq etməkdədir. Məhkəmə kollegiyası həmçinin nəzərə almışdır ki, iddiaçının tələb etdiyi müqavilənin sonradan ləğv edilib-edilməməsinin və ya mübahisəli mənzilin başqa şəxslərə satılmasına dair digər müqavilələrin mövcud olması da iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz.

25. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı bağlanmış müqavilənin 2020-ci ilin avqust atında bağlandığını iddia etsə də Abşeron rayonu, Xırdalan şəhəri, M.Rəsulzadə küçəsi, 1A, 5-ci blok, 13-cü mərtəbədə yerləşən, sahəsi 92,1 kv.m olan 2 otaqdan ibarət 82 nömrəli mənzilə dair ödənişlərin xx.xx.2021-ci il tarixdən etibarən başlaması müəyyən edilməkdədir ki, bununla da müqavilənin məhz 2020-ci ilin avqust ayında bağlanması iş materialları ilə sübut olunmamışdır. Buna görə də yalnız müvafiq mənzilə görə bağlanmış müqavilənin nüsxəsinin iddiaçıya verilməsi ilə bağlı qətnamə qəbul edilməlidir.

26. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3599/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, M.Rəsulzadə küçəsi, 1A, 5-ci blok, 13-cü mərtəbədə yerləşən, sahəsi 92,1 kvadratmetr olan 2 otaqdan ibarət 82 nömrəli mənzilə dair müqavilənin İddiaçı təqdim edilməsi öhdəliyi cavabdehin üzərinə qoylmalıdır.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3599/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış, Abşeron rayonu, Xırdalan şəhəri, M.Rəsulzadə küçəsi, 1A, 5-ci blok, 13-cü mərtəbədə yerləşən, sahəsi 92,1 kvadratmetr olan 2 otaqdan ibarət 82 nömrəli mənzilə dair müqavilənin İddiaçı təqdim edilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar