Məhkəmə qərarları › İş №2(105)-1682/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1682/2023

26.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1682/2023 26.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, torpaq sahələrinin sərhədlərinin əvvəlki vəziyyətinə qaytarılaraq yenidən inşa edilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(012)-61/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun vəsaitiylə inşa edilmiş hasarın üzərində tikilmiş tikilinin Cavabdeh öz vəsaiti ilə sökülməsi, torpaq sahələrinin sərhədlərinin öz əvvəlki yerinə qaytarılaraq cavabdehin vəsaiti ilə yenidən əvvəlki sərhəddə inşa edilməsi, dövlət rüsumunun və vəkilə ödədiyi pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qonşusudur. AR Torpağa Mülkiyyət Hüququna dair 30800118 kodlu, JN1762 nömrəli dövlət aktına əsasən Abşeron rayon, Novxanı qəsəbəsində yerləşən 0,45 hektar torpaq sahəsi onun mülkiyyətindədir. Cavabdeh onun torpaq sahəsinə bitişik 1200 kv.m.-lik ərazidə özünə ev tikməyə başlayarkən torpaqlarının sərhəddini müəyyən etmək məqsədi ilə o, öz vəsaitiylə tikdirdiyi hasarı sökmüş və 80 santimetr iddiaçının torpaq sahəsinin içərisində beton bünövrə tökərək yeni hasar inşa edərək sonradan da üzərində ev tikmiş və pəncərələrini də onun həyəti istiqamətində qoymuşdur. Bu səbəbdən dəfələrlə cavabdehə xəbərdarlıq edərək pəncərələri bağlamasını və onun hasarının üzərində tikdiyi tikintini dayandırmasını və hasarı öz sərhəddinə qaytarmasını və hasarla ara məsafəsi saxladıqdan sonra ev tikməsini xahiş etsə də, cavabdeh buna əhəmiyyət verməyərək ona çox hörmətsizlik etmiş və qanunvericiliyin tələblərini kobudca pozmuşdur. O, dəfələrlə cavabdehdən hasarı söküb öz yerinə qaytarmağı, hasarının üzərindəki tikintini dayandırmağı, sonradan isə sökməyi tələb etsə də, buna əhəmiyyət verməyərək tikintini bitirmişdir. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, o, iddianı qəbul etmir. Belə ki, o, 15 ildir ki, sözügedən ərazidə yaşayır və tikinti üçün İcra Hakimiyyətinin Sərəncamını almışdır. 12 sot torpaq sahəsi vardır. 2 oğlu olduğu üçün mənzil şəraitini yaxşılaşdırmaq üçün tikintiyə başlamışdır. Orada yeni hasar tikiləcəkdi. İddiaçının evinin pəncərələri onun həyəti istiqamətindədir. Bu səbəbdən o, öz hasarının artırmışdır. Onun tikdiyi hasar iddiaçıya mane olmur. Onun tikili ilə bağlı Dövlət Aktı da vardır. Abşeron Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(012)-61/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı onun vəsaitiylə inşa edilmiş hasarın üzərində tikilmiş tikilinin Cavabdeh öz vəsaiti ilə sökülməsi, torpaq sahələrinin sərhədlərinin öz əvvəlki yerinə qaytarılaraq cavabdehin vəsaiti ilə yenidən əvvəlki sərhəddə inşa edilməsi, dövlət rüsumunun və vəkilə ödədiyi pulun alınaraq ona verilməsinə dair iddiasının təmin edilməməsi qət edilmişdir (hakim Elman Məmmədov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(012)-61/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi qeyd edir ki, keçirmiş olduğu tikinti-texniki ekspertizası və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli, 10/4360 saylı rəyindən göründüyü kimi mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən elektron kadastr məlumat bazasına əsasən Abşeron rayonu, Novxanı kəndi “Novxanı” üzümçülük təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi ilə faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığından İddiaçı məxsus Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən 0,45 ha torpaq sahəsi (“Torpağın mülkiyyətə verilməsinə dair" 13 avqust 2002-ci il tarixli, JN 1762, KOD 30800118 saylı Dövlət Aktında qeyd edilən torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları) və həmin torpaq sahəsinin naturada mövcud olan koordinatları (faktiki istifadə vəziyyəti) arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığından İddiaçı məxsus Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən 0,45 ha torpaq sahəsi (“Torpağın mülkiyyətə verilməsinə dair” 13 avqust 2002-ci il tarixli, JN 1762, KOD 30800118 saylı Dövlət Aktında qeyd edilən torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları) həmin torpaq sahəsinin naturada mövcud olan koordinatları ilə uyğun gəlmədiyindən torpaq sahəsinə müdaxilə olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Ləğv edilmiş DTXK-si tərəfindən verilmiş İddiaçı məxsus JN-1762 kod: 30800118 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı köhnə koordinat sistemində olduğundan Abşeron rayonu Novxanı kəndi “Novxanı” üzümçülük təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı və həmin ərazidə Torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikilmiş, bu səbəbdən naturada uyğunsuzluqlar mövcuddur. Bu səbəbdən də İddiaçı məxsus Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən 0,45 ha torpaq sahəsi (“Torpağın mülkiyyətə verilməsinə dair” 13 avqust 2002-ci il tarixli, JN 1762, KOD 30800118 saylı Dövlət Aktında qeyd edilən torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları) həmin torpaq sahəsinin naturada mövcud olan koordinatları ilə uyğun gəlmədiyindən torpaq sahəsinə müdaxilə olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Beləliklə, Abşeron Rayon Məhkəməsi məhkəmədə sübutların tədqiqatı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli, 10/4360 saylı rəyində göstərilən xüsusatları təkzib edən mötəbər sübutlar müəyyən edilmədiyindən, məhkəmə İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil1 izahatlarına tənqidi yanaşaraq iddianın təmin olunmasını mümkün hesab etməmişdir. Məhkəmə iddiaçının mülkiyyətində olan əmlakının Daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatına, iddiaçının bu əmlakına dair qanuni və hüquqi çıxarışının olmasına baxmayaraq cavabdehin Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan torpağına dair hər hansı bir sənədinin olmamasına, iddiaçı tərəfindən inşa edilmiş hasarın cavabdeh tərəfindən də mübahisələndirilmədiyi və tam sübuta yetirildiyi halda iddiaçıya məxsus hasarın üzərindəki tikilinin sökülməsini təmin etməyərək kobud pozuntuya yol vermiş və qanunsuz, əsassız qətnamə qəbul etmişdir. Məhkəmə gedişatında iddia ərizəmlə istinad etdiyi halları sübut etmiş, Konstitusiya ilə qorunan mülkiyyət hüququnun məhkəmə tərəfindən müdafiə olunması üçün lazımi sübutları birinci instansiya məhkəməsinə təqdim etmişdir. Bununla yanaşı, cavabdeh ilə onun torpaq sahələrini ayıran hasarın özü tərəfindən inşa edildiyini və cavabdehin həmin hasarın üzərində qanunsuz tikili tikməsi faktının tam sübuta yetirildiyi halda, Abşeron Rayon Məhkəməsinin sırf torpaq sahələrinin yerlərinin sürüşməsi əsası ilə iddianı rədd etməsi məhkəmənin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmadığının sübutudur. Bunun nəticəsi olaraq da Abşeron Rayon Məhkəməsi qərəzli qətnamə qəbul etmişdir. Məhkəmənin torpaq sahələrinin sürüşməsi əsası ilə iddianı rədd edərkən işin faktiki hallarını aydınlaşdırmadığı tam ortaya çıxır. Belə ki, ilk öncə əsas hal bundan ibarətdir ki, cavabdehin nə çıxarışı, nə torpaq sahəsinin koordinantları olmuş, nə də iddiaçının hasarın üzərində tikili tikməsinə dair hər hansı qanuni əsası və ya hasar sahibinin razılığı mövcud olmuşdur. Belə olan halda isə məhkəmənin sırf torpaq sahəsinin sürüşməsinə dair ekspert rəyinə istinad etməklə iddianı rədd etməsi qanunsuz və əsassızdır. Torpaq sahəsini dövlət qeydiyyatına alınmamış, koordinantı bilinməyən torpaq sahəsinin sürüşməsinə istinad edilməsinə dair qeyri-mötəbər sübut tərəflərindən mübahisələndirildiyi, təkrar ekspertiza keçirilməsi vəsatətinin təmin edilməməsi və vəsatəti təmin etməməsini əsaslandırmaması da məhkəmənin kobud səhvidir. Belə ki, iddiaçının torpaq sahəsinin çıxarışı və koordinatları olduğu, bu çıxarışın məhkəməyə təqdim olunduğuna baxmayaraq, məhkəmə təqdim olunmuş bu sübutlara əhəmiyyət verməyərək sadəcə torpaq sahələrinin sürüşməsi əsası ilə iddianı rədd etməsi ədalətli məhkəmə araşdırmasının aparılmadığının göstəricisidir. Birinci instansiya məhkəməsi iddiaçının mübahisə predmeti olan mülkiyyətindəki əmlakla bağlı hüquqi sənədlərinin iş üçün əhəmiyyətli sübut olmasına baxmayaraq faktiki vəziyyətlə əmlakın hüquqi sənədlərdəki ölçüsünün uyğunsuzluğu (torpaq sahələrinin sürüşməsi nəticəsində torpaq sahəsinə müdaxilə olub-olmamasını müəyyən etməyin qeyri-mümkünlüyü ) əsası ilə iddianı təmin etməmişdir. Həmçinin cavabdehdən fərqli olaraq, iddiaçı məhkəməyə torpaq sahəsinə dair çıxarış və torpaq sahəsinin koordinatlarını təqdim etmiş, məhkəmə isə bu sənədlərə məhəl qoymayaraq iddianı düzgün əsaslandırmadan rədd etmişdir. Belə ki, ekspertin rəyi əsasında məhkəmə torpaq sahələrinin sürüşməsini müəyyən etməklə tamamilə yanlış nəticəyə gəlmişdir, ona görə ki, cavabdehin ümumiyyətlə, nə torpaq sahəsinə çıxarışı, nə də torpaq sahəsinin koordinatlarını özündə əks etdirən texniki pasportu var. Belə olan halda isə, cavabdehin torpaq sahəsinin sürüşdüyünü əsaslandırmaq tamamilə absurd və əsassızdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” 13 avqust 2002-ci il tarixli, JN 1762, KOD 30800118 saylı Dövlət Aktının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən 0,45 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” 13 avqust 2002-ci il tarixli, JN 1762, KOD 30800118 saylı Dövlət Aktına əsasən, Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən 0,45 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı ona məxsus Abşeron rayon, Novxanı qəsəbəsində yerləşən 0,45 hektar torpaq sahəsinin Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edildiyini və tikinti işlərinin aparıldığını bildirmişdir. Məhkəmə mübahisə üzrə obyektiv həqiqətlərə nail olmaqdan ötrü tikinti-texniki ekspertizası keçirmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli, 10/4360 saylı rəyindən göründüyü kimi mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən elektron kadastr məlumat bazasına əsasən Abşeron rayonu, Novxanı kəndi “Novxanı” üzümçülük təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi ilə faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığından İddiaçı məxsus Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən 0,45 ha torpaq sahəsi (“Torpağın mülkiyyətə verilməsinə dair" 13 avqust 2002-ci il tarixli, JN 1762, KOD 30800118 saylı Dövlət Aktında qeyd edilən torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları) həmin torpaq sahəsinin naturada mövcud olan koordinatları ilə uyğun gəlmir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən, Elektron kadastr məlumat bazasına əsasən Abşeron rayonu Novxanı kəndi “Novxanı” üzümçülük təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi ilə faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığından İddiaçı məxsus Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən 0,45 ha torpaq sahəsi ("Torpağın mülkiyyətə verilməsinə dair” 13 avqust 2002-ci il tarixli, JN 1762, KOD 30800118 saylı Dövlət Aktında qeyd edilən torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları) həmin torpaq sahəsinin naturada mövcud olan koordinatları ilə uyğun gəlmədiyindən torpaq sahəsinə müdaxilə olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Qeyd: Ləğv edilmiş DTXK-si tərəfindən verilmiş İddiaçı məxsus JN- 1762 kod: 30800118 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı köhnə koordinat sistemində olduğundan Abşeron rayonu Novxanı kəndi “Novxanı” üzümçülük təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı və həmin ərazidə Torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikilmiş, bu səbəbdən naturada uyğunsuzluqlar mövcuddur. Sadalananlara əsasən, birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli, 10/4360 saylı rəyində göstərilən xüsusatları təkzib edən mötəbər sübutlar müəyyən edilmədiyindən, məhkəmə İddiaçı və onun vəkilinümayəndəsi Vəkil1 izahatlarına tənqidi yanaşaraq iddianın təmin olunmasını mümkün hesab etməmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bininci instansiya məhkəməsinin qətnaməsi ilə razı olmayan iddiaçı şikayətində məhkəmənin ekspertin rəyi əsasında məhkəmə torpaq sahələrinin sürüşməsini müəyyən etməklə tamamilə yanlış nəticəyə gəldiyini, ona məxsus hasarın üzərindəki tikilinin sökülməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli, 10/4360 saylı rəyindən göründüyü kimi mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən elektron kadastr məlumat bazasına əsasən Abşeron rayonu, Novxanı kəndi “Novxanı” üzümçülük təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi ilə faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığından İddiaçı məxsus Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən 0,45 ha torpaq sahəsi (“Torpağın mülkiyyətə verilməsinə dair" 13 avqust 2002-ci il tarixli, JN 1762, KOD 30800118 saylı Dövlət Aktında qeyd edilən torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları) həmin torpaq sahəsinin naturada mövcud olan koordinatları ilə uyğun gəlmir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksək olar ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasın. Yalnız bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İş materiallarından göründüyü kimi 05 sentyabr 2022-ci il tarixli ekspert rəyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin verdiyi mütəxəssis rəyinə əsaslanmışdır. Həmin mütəxəssis rəyində isə aşağıdakılar qeyd olunmuşdur: ”...Elektron kadastr məlumat bazasına əsasən Abşeron rayonu, Novxanı kəndi “Novxanı” üzümçülük təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi ilə faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığından İddiaçı məxsus Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən 0,45 ha torpaq sahəsi (“Torpağın mülkiyyətə verilməsinə dair” 13 avqust 2002-ci il tarixli, JN 1762, KOD 30800118 saylı Dövlət Aktında qeyd edilən torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları) həmin torpaq sahəsinin naturada mövcud olan koordinatları ilə uyğun gəlmədiyindən torpaq sahəsinə müdaxilə olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Qeyd: Ləğv edilmiş DTXK-si tərəfindən verilmiş İddiaçı məxsus JN-1762 kod:30800118 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı köhnə koordinat sistemində olduğundan Abşeron rayonu, Novxanı kəndi “Novxanı” üzümçülük təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi və faktiki istifadə vəziyyəti əsasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı və həmin ərazidə Torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikilmiş, bu səbəbdən naturada uyğunsuzluqlar mövcuddur”. Məhkəmə hesab edir ki, hazırki araşdırma zamanı ekspert rəyi ilə müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyi üçün iş üzrə ekspert rəyi sübut növü kimi qiymətləndirilməlidir. Məhkəmə həmin ekspert rəyinə əsaslanmaqla hesab edir ki, iddiaçının məhkəməyə bildirdiyi faktiki hallar onun iddia tələbinin qanuni əsasları ilə uzlaşmamışdır. Başqa sözlə, iddiaçı ona məxsus torpaq sahəsinə müdaxilə olub olmamasını sübut edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 88 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, idiaçı iddia tələbini əsaslandırdığı halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilmədiyindən, eləcə də məhkəmə kollegiyasının araşdırması zamanı da belə halların mövcudluğu öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi, torpaq sahələrinin sərhədlərinin əvvəlki vəziyyətinə qaytarılaraq yenidən inşa edilməsi” iddia tələbini rədd edərkən düzgün hüquqi nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(012)-61/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar