Məhkəmə qərarları › İş №2(105)-1682/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1682/2024

04.12.2024 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1682/2024 04.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçının nümayəndələri X10 və X3, Cavabdeh2 nümayəndəsi Vəkil (sonuncu məhkəmə iclasında gəlməmişdir) iştirakları ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3557/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 19 noyabr 2015-ci il tarixli “7/59” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində məcburi köçkün üçün inşa edilmiş “Qarant” yaşayış kompleksində 7 saylı binada 59 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir.

2. Abşeron rayonu, Mehdiabad qəsəbəsi üzrə Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 22 sentyabr 2023-cü il, 20 oktyabr 2023-cü il, 24 noyabr 2023-cü il və 29 dekabr 2023-cü il tarixli aktlardan görünür ki, həqiqətən, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış kompleksində kirayə müqaviləsi ilə xüsusi təyinatlı yaşayış sahəsi kimi verilmiş bina 7, mənzil 59 ünvanında yerləşən mənzili Cavabdeh1 başqa şəxsə kirayə verərək özü başqa ünvanda yaşayır.

3. 19 noyabr 2015-ci il tarixli, “7/59” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin şərtlərinə əsasən kirayəçinin aşağıdakı vəzifələri vardır: 2.4.2. kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək; 2.4.3. yaşayış sahəsindən təyinatı üzrə və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək; 2.4.4. yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək; 2.4.9. yaşayış sahəsindən istifadə etməyə hüquq verən əsasların və halların dəyişməsi barədə on iş günündən gec olmayaraq, Kirayəyə verəni məlumatlandırmaq. 4.1. Kirayəyə verən və Kirayəçi bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 4.3. Kirayəçinin mülki-hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri bu Müqavilədən irəli gələn öhdəliklər üzrə Kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin müqavilənin şərtlərinə görə: 5.1. Tərəflərin razılığı ilə istənilən vaxt bu Müqavilənin şərtləri dəyişdirilə və ya ləğv edilə bilər. 5.3. Kirayəçi və onunla yaşayan ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, bu Müqavilə həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab olunur. 5.4. Aşağıdakı hallarda bu Müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: 5.4.1. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu Müqavilə üzrə vəzifələr yerinə yetirilmədikdə; 5.4.3. Kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 5.4.4.kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 5.4.5. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. 5.7. Kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, aşağıdakı hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi Kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 5.7.1. Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda; 5.7.2. Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə; 5.7.3. Kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrı təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlövsət qızının (Cavabdeh2) istifadələrinə verilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış kompleksi, 7 saylı binada 59 nömrəli mənzilə dair 19 noyabr 2015-ci il tarixli, “7/59” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlövsət qızı (Cavabdeh2) və ailə üzvlərinin həmin mənzildən çıxarılması və “7/59” nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirirlər ki, komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzilləri kirayə verir və yaxud ümumiyyətlə, həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 19 noyabr 2015-ci il tarixli, “7/59” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən məcburi köçkün Cavabdeh1 və Cavabdeh2 Əlövsət qızı (Cavabdeh2) ailə üzvləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş “Qarant” yaşayış kompleksində 7 saylı binada 59 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Sonradan Abşeron rayonu, Mehdiabad qəsəbəsi üzrə Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlövsət qızının (Cavabdeh2) həmin mənzildə yaşamadığı və mənzilin kənar şəxs olan X8 ayda 220 manat müqabilində kirayə verdiyi müəyyən edilmişdir. Sahə rəisi tərəfindən Cavabdeh1, Cavabdeh2 Əlövsət qızına (Cavabdeh2) və ailə üzvlərinə mənzildə yaşamadıqlarını və mənzilin başqa şəxsə kirayə verilməsinin qanunsuz olduğu bildirilərək mənzilin könüllü təhvil verilməsi barədə xəbərdarlıq edilsə də nəticəsi olmamışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlövsət qızının (Cavabdeh2) və ailə üzvlərinin mənzildə yaşamadığı müəyyən edildiyindən Qaydanın 3.3-cü və 3.7-ci bəndlərinin tələbləri pozulmuşdur. Odur ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri pozulduğundan Cavabdeh1 verilmiş mənzil boşaldılıb Komitəyə təhvil verilməlidir. Həmçinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlövsət qızının (Cavabdeh2) və ailə üzvlərinin Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış kompleksi, 7 saylı binada yerləşən 59 nömrəli 2 otaqlı mənzildə yaşamadığı müəyyən edildiyindən onunla bağlanmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir.

6. Cavabdeh1 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə aralarında bağlanmış 19 noyabr 2015-ci il tarixli kirayə müqaviləsinin ləğv edilməsinə razı deyildir. Belə ki, onlar 2020-ci ildən etibarən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış kompleksi, 7 saylı binada 59 nömrəli mənzildə yaşamırlar. İddiaçı qurum onların sözügedən mənzildə yaşamadığını və həmin mənzilin başqa şəxsə kirayəyə verildiyini əsas gətirərək onlardan mənzili boşaltmalarını və quruma təhvil vermələrini tələb etmişdir, halbuki sözügedən mənzilin yerləşdiyi binada 28 mənzil faktiki olaraq satılmışdır. Bundan əlavə həmin binanın birinci mərtəbəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən açılmış mağazalar və gözəllik salonlarından ibarətdir. Odur ki, göstərilənlərə əsasən o, mənzili zəbt edən şəxsi mənzildən çıxartmaq, daha sonra isə həmin mənzilə köçmək üçün ona möhlət verilməsini məhkəmədən xahiş etmişdir.

7. Cavabdeh2 məhkəmə iclasında Cavabdeh1 izahatına uyğun izahat verərək, onlardan əvvəl sözügedən mənzilin yerləşdiyi binanın birinci mərtəbəsindən mağaza və gözəllik salonu kimi istifadə edən şəxslərin mənzillərindən çıxarılmalı olduğunu bildirdi və qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi.

8. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3557/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadələrinə verilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış kompleksi, 7 saylı binada 59 nömrəli mənzilə dair 19 noyabr 2015-ci il tarixli, “7/59” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və həmin mənzilin cavabdehlər tərəfindən boşaldılaraq Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi, iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması hissəsində rədd edilməsi qət edilmişdir (hakim Elman Məmmədov).

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.5, 91.3, 99.4, 98.1, 98.2, 99.1, 99.6, 102.1, 100.3-cü maddələrinə, “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3-cü hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2(012)-3557/2024 nömrəli qətnaməsinin ləğv və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar tam və hərtərəfli yoxlamadan, qiymətləndirmədən, işə obyektiv, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Belə ki, iş materiallarına əlavə edilən bütün sübutlar məhkəmə tərəfindən hərtərəfli və tam araşdırılmamış nəticədə cavadehlər barəsində onların hüquqlarına və qanuni maraqlarına zidd qərar qəbul edilmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən maddəyə istinadən qeyd edilməlidir ki, iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən məhkəməyə təqdim edilən sübutlar əsaslı və iddia tələbinin sübut edilməsi üçün kifayət deyildir. Məhkəməyə təqdim edilən ərizə ilə iddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlövsət qızının onlara 19 noyabr 2015-ci il tarixli, “7/59” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında istifadəyə verilən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış kompleksi, 7 saylı binada 59 nömrəli mənzili təyinatı üzrə istifadə etməyərək ödənişli əsaslarla üçüncü şəxsə yəni X1 verildiyini iddia etmişdir. Bu halın sübutu qismində isə Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin işçilərinin və Cabir Nəcəfovun iştirakı ilə tərtib edilən Akt və sonuncunun ərizəsi təqdim edilmişdir.

12. İlk olaraq qeyd edilməlidir ki, sözügedən Aktın tərtib edilməsində cavabdehlərdən hər hansı biri iştirak etməmişdir. Belə olan halda həmin aktın doğruluğu və əsaslılığı şübhə doğurmaqdadır. Digər tərəfdən Cabir Nəcəfov Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə Ərizə ilə müraciət edərək bildirmişdir ki, o 2020-ci ilin ortalarından etibarən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış kompleksi, 7 saylı binada 59 nömrəli mənzildən istifadə ilə əlaqədar Şamil Səfərova hər ay 220 manat məbləğində kirayə ödənişi ödəyir. Lakin, qeyd edilən ödənişlərin faktiki olaraq Şamil Səfərova ödənilməsi ilə bağlı hər hansı təsdiqedici sənəd məhkəməyə təqdim edilməmişdir. İddia ərizəsində qeyd edilən və iddaçının tələbinin əsaslı olmasına istinad etdiyi digər bir məqam isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlövsət qızının mənzildə yaşamadıqları və mənzil başqa şəxslərə kirayə verilməsinin qanunsuz olmasına haqqında xəbərdarlıq edilməsidir. Halbuki, cavabdehlərdən hər hansı biri bu cür xəbərdarlıq almamışdır. Bununla yanaşı iddiaçı tərəf cavabdehlərin xəbərdarlıq edilməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Qeyd edilənlər əsasında çıxış edərək düşünürlər ki, iddiaçı tərəf istinad etdiyi tələbini təsdiq edəcək kifayət qədər əsaslı sübutları məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq Abşeron Rayon Məhkəməsi kifayət qədər əsaslı sübutlar olmadan, təqdim edilən sübutları düzgün qiymətləndirmədən qətnamə qəbul emişdir. Həmçinin, iş üzrə bilavasitə əlaqəsi olan Cabir Nəcəfovun bilavasitə işdə iştiraka cəlb edilməsi üçün zəruri tədbirlərin görülməməsi məhkəmənin çıxardığı qətnamənin əsaslı olmasına şübhə yaradır.

13. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Hazır ki, iş üzrə iddiaçı tərəf 19 noyabr 2015-ci il tarixli, “7/59” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi barədə cavabdehlərə bildiriş göndərməmiş və yaxud hər hansı formada xəbərdarlıq etməmişdir. Halbuki, müqavilənin ləğv edilməsini tələb edən tərəf qarşı tərəfin imtinasını aldıqdan sonra və yaxud müvafiq müddət keçdikdən sonra məhkəməyə müraciət edə bilər. Odur ki, Mülki Məcəllənin 690.1-ci maddəsin və yuxarda qeyd edilənlərə əsasən, Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilk olaraq müqavilə tərəfinə onun ləğv edilməsi niyyəti barədə yazılı bildiriş göndərməli daha sonra qanunvericiliyə uyğun addımlar ataraq məhkəməyə müraciət etməli idi.

14. Abşeron Rayon Məhkəməsi hər hansı tədbirlər görməyərək iş üzrə bütün halları tam və hərtərəfli qiymətləndirməmiş və nəticədə qanuni və əsaslı qətnamə qəbul etməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

16. Cavabdeh2 nümayəndəsi Vəkil iştirak etdiyi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. “Elektron Məhkəmə” sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək məhkəmə iclaısnın onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

17. Məkhəmə iclasında iştirak edən iddiaçının nümayəndələri X10 və X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

19. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

23. Maddə 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu.

24. Maddə 17.3. İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: 17.3.1. sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; 17.3.2. xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu.

25. Maddə 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 1. xidməti yaşayış sahələri;

2. yataqxanalarda yaşayış sahələri; 3. manevr fondu yaşayış sahələri; 4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri.

26. Maddə 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz.

27. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir.

28. Maddə 99.4. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz.

29. Maddə 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər.

30. Maddə 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

39. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh2 Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3557/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

40. Kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin Cavabdeh2 aid hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

42. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 19 noyabr 2015-ci il tarixli “7/59” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, məcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində məcburi köçkün üçün inşa edilmiş “Qarant” yaşayış kompleksində 7 saylı binada 59 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Abşeron rayonu, Mehdiabad qəsəbəsi üzrə Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 22 sentyabr 2023-cü il, 20 oktyabr 2023-cü il, 24 noyabr 2023-cü il və 29 dekabr 2023-cü il tarixli aktlardan görünür ki, həqiqətən, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış kompleksində kirayə müqaviləsi ilə xüsusi təyinatlı yaşayış sahəsi kimi verilmiş bina 7, mənzil 59 ünvanında yerləşən mənzili Cavabdeh1 başqa şəxsə kirayə verərək özü başqa ünvanda yaşayır. 43 Göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 arasında 19 noyabr 2015-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmişdir, cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəliklərini pozmuşdur.

44. Apellyant şikayətin dəlillərində iddiaçı tərəfindən hər hansı formada ona xəbərdarlıq edilməməsini göstərmişdir. Halbuki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir.

45. Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).

46. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi bu dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

47. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

48. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-302/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

49. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3557/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3557/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar