Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1685/2024 24.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, maraqlarına toxunan şəxs Maraqlı şəxs2, onun nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən mülkiyyətdə olan torpaq sahəsindən çıxarma və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-21/2021 nömrəli, 06 may 2021-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Şabran Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) İddiaçı Cavabdeh qarşı torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən mülkiyyətdə olan torpaq sahəsindən çıxarma və torpaq sahəsinin boşaldılması tələbi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Maraqlı şəxs2 qətnamədən apellyasiya şikayəti vermişdir. Şabran Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli qərardadı ilə (hakim A.Məmmədov) Maraqlı şəxs2 2(031)-21/2021 nömrəli mülki iş üzrə maraqlarına toxunan şəxs kimi tanınması, Maraqlı şəxs2 Şabran Rayon Məhkəməsinin 2(031)-21/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası maraqlarına toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Məcəllə mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla son nəticədə məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını tənzimləyir. Mülki Prosessual Məcəllədə məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və s. amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də birinci və apellyasiya instansiyası məhkəmələrinin aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin müəyyən edilməsidir. Bir qayda olaraq, məhkəmə aktlarından işdə iştirak edən şəxslər şikayət vermək hüququna malikdir. Lakin qanunverici qəbul edilmiş məhkəmə aktı ilə işdə iştirak etməyə cəlb edilməyən şəxslərin hüquqlarının pozulma ehtimalının olduğunu və şikayətə baxan məhkəmə instansiyasının spesifik xüsusiyyətlərini nəzərə alaraq onların işə cəlb edilməsinin fərqli qaydalarını müəyyən etmişdir. Məlum olduğu kimi, Mülki Prosessual Məcəllənin 357-ci maddəsinə görə, birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Bu hüquqa işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. İşdə iştirak etməyə cəlb olunmayan və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətlərinə onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir (K.Maraevin şikayəti üzrə 2016-cı il 29 iyul tarixli Qərar). Nəzərə alınmalıdır ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin həmin aktlardan verdikləri şikayətdə (müraciətdə) qəbul edilən qətnamə ilə onların hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. Eyni zamanda, bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş prosessual təminat həyata keçirilərkən qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə, xüsusiyyətlərinə xələl gətirilməməlidir. İşdən göründüyü kimi İddiaçı Cavabdeh qarşı dövlət aktına əsasən mülkiyyətdə olan torpaq sahəsindən çıxarma və torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası təmin edilməmiş və iddiaçı hazırda həmin qətnamədən şikayət verməmişdir. Lakin Maraqlı şəxs2 həmin məhkəmə aktından maraqlarına toxunan şəxs kimi şikayət versə də, şikayətində qəbul edilən qətnamə ilə hüquq və vəzifələrin pozulmasının nədən ibarət olmasını, həmin məhkəmə aktı onun üzərinə hər hansı bir öhdəlik qoyulduğunu və onun hüququnun pozulma ehtimalının olduğunu əsaslandırmamışdır. Qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq deyil və prosessual qanunvericliklə nəzərdə tutulmuş hədləri vardır. Belə müdaxilə hüquqi müəyyənliyin və ədalət mühakiməsinin lazımi şəkildə həyata keçirilməsini təmin etmək, o cümlədən suiistifadələrin və süni süründürməçiliyin qarşısını almaq, tərəflərin bərabərliyini, mübahisənin səmərəli qaydada və ağlabatan müddətdə həll edilməsini, habelə məhkəməyə hörməti təmin etmək məqsədlərinə mütənasibdir. Həmçinin nəzərə alınmalıdır ki, Maraqlı şəxs2 qanunla qorunan mənafe və maraqları baxımından müstəqil şəkildə iddia qaldırmaq hüququ istisna deyil. Əks yanaşma mübahisəli torpaq sahəsi üzərində hüququ olan digər şəxslərin də mövcud məhkəmə aktından maraqlarına toxunan şəxs kimi ayrılıqda şikayət verməsi ilə nəticələnərək, qətnamənin qanuniliyi və əsaslılığını şübhə altına alaraq onun daim mübahisələndirilmək təhlükəsi yaratmış olar. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti MPM-nin 361ci maddəsinə uyğun olmadığından, Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qətnamədən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 360, 361- 363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Şabran Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263, 264, 360, 361, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Maraqlarına toxunan şəxs Maraqlı şəxs2 tərəfindən Şabran Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 360, 361-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1685/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1685/2024
24.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver