Məhkəmə qərarları › İş №2(105)-1686/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1686/2024

06.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1686/2024 06.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (Maraqlı şəxs1 cəlb olunmaqla) doğum faktının müəyyən olunması barədə ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, doğum faktı, iş üzrə icraata xitam verilməsi ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X19 (sədrlik edən və məruzəçi), X5 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-441/2024 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. AZ-İ 778724 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X11 arasında nikah xx.xx.2012-ci il tarixdə Şamaxı rayonu, Məlhəm kənd icra nümayəndəliyində bağlanmış bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 oktyabr 2012-ci il tarixdə 10 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Abdurrəhimov”, arvada “Abdurrəhimova” soyadı verilmişdir

2. 02 noyabr 2023-cü il tarixli, 18-1-72/2-A-15xx-xx-1389/2023 saylı “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X21 arayışından görünür ki, Şamaxı rayonu, Məlhəm kəndində qeydiyyatda olan Ərizəçi2 Şamaxı rayon mərkəzi xəstəxanasının doğum şöbəsində xx.xx.2013-cü il tarixdə uşaq dünyaya gətirməmişdir.

3. 21 noyabr 2023-cü il tarixli, 3-165/8-15-1667/23 saylı Şamaxı rayon X2 Gülnar Şükür qızına ünvanlanmış məktubundan görünür ki, doğum faktını təsdiq edən sənəd (doğum haqqında tibbi şəhadətnamə və ya doğum faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün doğumun qeydə alınmasından imtina olunmuşdur.

4. 22 fevral 2024-cü il tarixli, 3165/8-xx-xx/2024 saylı Maraqlı şəxs1 arayışından görünür ki, 17 iyul 2013-cü il tarixdə Şamaxı rayonu, Məlhəm kəndində anadan olmuş X6 doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum akt qeydi aşkar olunmamışdır.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İsmayıllı rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli Ərizəçi2 cavab məktubunda göstərilmişdir ki, X4 adına xx.xx.2013cü il tarixində tərtib olunmuş AZ-İİ seriyalı 346824 nömrəli doğum haqqında şəhadətnamə yoxlanılarkən məlum olmuşdur ki, həmin nömrəli şəhadətnamə İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilməmişdir, 2013-cü ildə 673 saylı doğum haqqında akt qeydi başqa vətəndaşın adına tərtib olunmuşdur.

6. AA0103854 nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinin surətindən görünür ki, X1 Abdurrəhimova Ömər qızı ilə xx.xx.2014-cü il tarixində Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur.

7. AZE seriyalı 19010289 nömrəli Azərbaycan Respublikası Vətəndaşının Vəsiqəsinin surətindən görünür ki, X13 Federasiyasının Eqorovski şəhərində, xx.xx.2013cü il tarixində döğulmuşdur.

8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, ilk dəfə şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etmiş xx.xx.2013-cü il təvəllüdlü X4 müraciətinə baxılan zaman müəyyən edilmişdir ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-4471/2024 nömrəli qətnaməsi əsasında Maraqlı şəxs1 tərəfindən ilkin doğumu qeydə alınmış S.Abdurrəhimova xx.xx.2018-ci ildə İsmayıllı rayon Polis Şöbəsi tərəfindən doğum yeri Rusiya Federasiyası Yeqorovsk şəhəri qeyd edilməklə AZE-19000289 nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmişdir. Bununla yanaşı müəyyən edilmişdir ki, azyaşlı Sunay Abdurrəhimova xx.xx.2012-ci il tarixdə ölkə hüdudlarını tərk edərək Rusiya Federasiyasının Moskva şəhərinə getmiş anası Ərizəçi2 (P4900619 nömrəli ümumvətəndaş pasportu) müşayiəti ilə xx.xx.2014-cü ildə qayıdış şəhadətnaməsi ilə ölkəyə gəlmişdir. Qeyd olunanları nəzərə alaraq, müəyyən edilmiş fakta əsasən müvafiq məhkəmə araşdırmasının aparılmasına və görülmüş tədbirlər barədə Baş İdarəyə məlumat verilməsinə dair göstəriş verilməsi xahiş olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

9. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi2 17 iyul 2013-cü il tarixdə Sunay adlı övladının tibb müəssisəsindən kənarda doğulması faktının müəyyən olunması barədə qətnamənin qəbul edilməsini xahiş etmişlər.

10. Ərizəçilər tələblərini onunla əsaslandırmışdırlar ki, onlar 2012-ci il tarixdə ailə həyatı qurub. 1 aydan sonra həyat yoldaşı ilə birlikdə Rusiya Federasiyasının Moskva vilayətinin Yeqorovski şəhərinə getməli idilər. Ərizəçi2 həmin vaxtlarda hamilə olub. Elə olub ki, uşaq 17 iyul 2013-cü il tarixdə doğulduğundan o gedə bilməyib. Uşaq ev şəraitində qohumlarının yanında doğulmuşdur. Qızı Sunay ev şəraitində doğulduğundan ona doğum şəhadətnaməsi almaq üçün aidiyyatı üzrə müraciət etməyib. Etinasız və savadsız olduğundan uşağın doğum şəhadətnaməsini almayıb. Həyat yoldaşı Azərbaycana qayıdandan sonra onlar doğum şəhadətnaməsinin alınması üçün Maraqlı şəxs1nə müraciət ediblər. Onlara rəsmi bildirilib ki, doğum haqqında tibbi şəhadətnamə və ya doğum faktını təsdiq edən məhkəmə qərarı lazımdır. Sunayın doğum faktının müəyyən edilməsi məhkəmədənkənar mümkün deyildir. Odur ki, 17 iyul 2023-cü il tarixdə Sunay adlı övladının tibb müəssisəsindən kənarda doğulması faktı müəyyən olunmalıdır. Bunu təsdiq edəcək şahidləri də var.

11. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 daha sonra ərizənin dəqiqləşməsi barədə məhkəməyə müraciət edərək, Ərizəçi2 17 iyul 2013-cü il tarixdə Şamaxı rayonu, Məlhəm kəndində bir qız uşağını tibb müəssisəsindən kənarda dünyaya gətirməsi faktının müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişlər.

12. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-441/2024 nömrəli qətnaməsi ilə ərizənin təmin edilməsi, Ərizəçi2 tərəfindən 17 iyul 2013-cü il tarixdə Şamaxı rayonu, Məlhəm kəndində tibb müəssisəsindən kənarda bir qız cinsli uşağın doğulması faktının müəyyən edilməsi qət edilmişdir (hakim Natiq İsmayılov).

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4, 307.1, 307.2.3, 308 və 311-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş pasport Qeydiyyat və Miqrasiya İdarəsi apelyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-441/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

15. Şikayətin dəlilləri:

16. Şamaxı Rayon Məhkəməsinin 2(074)-441/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəsi təmin edilmiş və Ərizəçi2 tərəfindən 17 iyul 2013-cü il tarixdə Şamaxı rayonu, Məlhəm kəndində tibb müəssisəsindən kənarda bir qız cinsli uşaq doğulması faktı müəyyən edilmişdir. Məhkəmə şahid ifadələrini dinləyərək ətraflı araşdırma aparmadan belə qənaətə gəlmişdir ki, Ərizəçi2 tərəfindən 17 iyul 2013-cü il tarixdə Şamaxı rayonu, Məlhəm kəndində ev şəraitində qız cinsli uşaq doğulub. Uşağın doğumu səlahiyyətli dövlət orqanlarında qeydə alınmayıb. Uşaq hal-hazırda sağlam olmaqla valideynlərinin himayəsində yaşayır. Bu fakt ərizəçinin izahatı ilə yanaşı, şahidin ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizəçi isə həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, ərizə təmin edilməli, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. İşə baxılarkən maraqlı şəxs qismində Maraqlı şəxs1 cəlb edilmişdir. Müvafiq qətnamə maraqlı şəxs tərəfindən icra edilərək X7 şəxsiyyət vəsiqəsi təqdim edilmişdir. Şəxsiyyət vəsiqəsinin verildiyi ilkin hüquq müəyyənedici sənədlər araşdırılarkən məlum olmuşdur ki, Maraqlı şəxs1 tərəfindən şəxsiyyət vəsiqəsi Şamaxı Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən verilmişdir. DİN BPQMİ tərəfindən maraqlarına toxunan qətnamənin təqdim edilməsi üçün Məhkəməyə sorğu ünvanlanmış və Şamaxı Rayon Məhkəməsinin 2(074)-441/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə DİN BPQMİ-nə göndərilmişdir.

17. Şamaxı Rayon Məhkəməsinin 2(074)-441/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi maraqlı şəxs DİN BPMQİ-nin maraqlarına toxunur. Maddi və prosessual hüquq normalarının kobud pozulması ilə səthi araşdırma aparılaraq qəbul edilmiş qətnamə ləğv edilməlidir. Belə ki, “Sunay” adlı qız uşağının dünyaya gəldiyi xx.xx.2013-cü il tarixdə ərizəçi - ana Ərizəçi2 Rusiya Federasiyasında olmuşdur. DİN BPQMİ vahid İAMAS sisteminə baxış keçirilərkən məlum olmuşdur ki, Ərizəçi2 (sərhəddi keçərkən soyadı Məmmədova olmuşdur) xx.xx.2012-ci il tarixdə saat 08:45-də Azərbaycan Respublikasından Rusiya Federasiyasına getmişdir. (Sərhədkeçmə № ********). Ərizəçinin Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıdışı xx.xx.2014-cü il tarixdə saat 18:58-də baş tutur. (Sərhədkeçmə № ********) Sərhədkeçmə məlumatlarına diqqət yetirdikdə Ərizəçi2 ölkəyə öhdəliyində olan azyaşlı X8 ilə birgə daxil olduğu məlum olur. Yəni Ərizəçi2 doğum faktının müəyyən edildiyi 17 iyul 2013-cü il tarixdə Şamaxı rayonu, Məlhəm kəndində deyil, Rusiya Federasiyasında olmuşdur. Həmçinin, X3 19010289 nömrəli ilkin şəxsiyyət vəsiqəsində də doğulduğu yer Rusiya Federasiyasının Eqorovski şəhəri qeyd edilmişdir. Göründüyü kimi, məhkəmənin gəldiyi nəticə üçün işin faktiki halları ətraflı araşdırılmamışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

20. Məhkəmə iclasını vaxtı və yeri haqqında məlumatlandırılmış Maraqlı şəxs1 və hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş pasport Qeydiyyat və Miqrasiya İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs1 məhkəməyə müraciət edərək iş yükünün çoxluğu ilə əlaqədar işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

21. Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 2.2. Mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir.

23. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

24. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

25. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

26. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

27. Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarı

28. Bənd 4.3. Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

31. Apellyasiya şikayətindən görünür ki, hüquq və vəzifələrinə toxunan şəxs Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-441/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

32. Ona görə də kollegiya Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, ərizəyə məhkəmədə baxılmalı olmadığından, mülki iş üzrə icraata xitam verilməlidir.

34. Belə ki, hazırkı iş üzrə ərizəçilər Şamaxı Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Ərizəçi2 17 iyul 2013-cü il tarixdə Sunay adlı övladının tibb müəssisəsindən kənarda doğulması faktının müəyyən olunması barədə qətnamə qət edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, doğum faktının müəyyən edilməsi xahiş edilən uşaq Azərbaycan Respublikasında tibb müəssisəsindən kənarda doğulmuşdur.

35. Birinci instansiya məhkəməsi ərizəni təmin etməklə, Ərizəçi2 tərəfindən 17 iyul 2013-cü il tarixdə Şamaxı rayonu, Məlhəm kəndində ev şəraitində qız cinsli uşağın doğulmasını müəyyən etmişdir.

36. Apellyantın şikayətdə göstərdiyi dəlili ondan ibarət olmuşdur ki, DİN BPQMİ vahid İAMAS sistemindən əldə olunmuş məlumata əsasən Ərizəçi2 (sərhədi keçərkən soyadı Məmmədova olmuşdur) xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikasından Rusiya Federasiyasına getmiş, xx.xx.2014-cü il tarixdə Ərizəçi2 azyaşlı X10 ilə birgə Azərbaycan Respublikasına qayıtmışdır. Digər tərəfdən məlum olmuşdur ki, X4 19010289 nömrəli ilkin şəxsiyyət vəsiqəsində də doğulduğu yer Şamaxı rayonu, Məlhəm kəndi deyil, Rusiya Federasiyasının Eqorovski şəhəri qeyd edilmişdir.

37. Həmçinin məhkəmə kollegiyasının iclasında ərizəçilər apellyasiya şikayətində qeyd olunanları təsdiq edərək, bildirmişlər ki, qızları Sunay Rusiya Federasiyasında xəstəxana şəraitində doğulmuşdur (bununla bağlı ərizəçilər rus dilində tərtib edilmiş Yeqorovsk mərkəzi rayon xəstəxanasından qeydiyyat kitabından çıxarışların surətlərini təqdim etmişlər), lakin qanunvericiliyin müəyyən etdiyi qaydada doğum haqqında şəhadətnaməni almadıqlarından, uşağın doğumunu lazımi qaydada sənədləşdirilmənin aparılması səbəbindən hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar.

38. Məhkəmə kollegiyasının iclasında ərizəçilər tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinin surətindən görünür ki, Məmmədova Ərizəçi2 Sunay Ömər qızı ilə xx.xx.2014-cü il tarixində Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur, AZE seriyalı 19010289 nömrəli Azərbaycan Respublikası Vətəndaşının Vəsiqəsinin surətindən görünür ki, X13 Federasiyasının Eqorovski şəhərində, xx.xx.2013-cü il tarixində döğulmuşdur.

39. Əvvəla qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin normaları mülki məhkəmə icraatının gedişini, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur.

40. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir.

41. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarın 4.3-cü bəndinə əsasən, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayışın verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır.

42. Göründüyü ki, birinci instansiya məhkəməsi işə baxarkən iş üçün əhəmiyyətli olan halları araşdırmamış, məhkəmənin gəldiyi nəticə mühüm əhəmiyyəti olan bütün faktiki hallara uyğun olmamışdır.

43. Birinci instansiya məhkəməsi sadalanan hallara əhəmiyyət verməyərək, məhkəmədə baxılmalı olmayan məsələyə mahiyyəti üzrə baxmış və ərizənin təmin olunması barədə qətnamə qəbul etmişdir, bununla da maddi və prosessual normalarını pozmuşdur ki, bu da qətnamənin ləğvi üçün əsasdır.

44. Belə ki, işin hallarındandan görünür ki, ərizəçilərin məhkəməyə müraciət edərkən hüquqi maraqları birgə nikahlarından anadan olmuş uşaqları Sunay Abdurrəhimovanın adına doğum şəhadətnaməsinin alınmasıdır. Göründüyü kimi, qeyd olunan uşaq 17 iyul 2013-cü il tarixdə Şamaxı rayonu, Məlhəm kəndində ev şəraitində yox, Rusiya Federasiyasında xəstəxana şəraitində doğulmuşdur. Belə olan halda kollegiya hesab edir ki, məhkəmə tərəfindən uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxıla bilməz.

45. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi və müvəqqəti yaşayan, habelə müvəqqəti olan Azərbaycan Respublikası vətəndaşlarının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı konsulluq idarələri tərəfindən aparılır. Həmin Qaydanın 1.12-ci bəndinə əsasən, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir.

46. Beləliklə, mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə icraata xitam verilməli, ərizəçilərə uşağın doğumun qeydə alınması haqqında ərizə ilə müvafiq vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqana müraciət etmək hüququ, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatından imtina olunduqda, həmin orqanın hərəkətlərindən şikayət ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 384.0.5, 398-401 və 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-441/2024 nömrəli qətnaməsi ləğv edilsin. Ərizə məhkəmədə baxılmalı olmadığından, mülki iş üzrə icraata xitam verilsin. Ərizəçilərə uşağın doğumun qeydə alınması haqqında ərizə ilə müvafiq vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqana müraciət etmək hüququ, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatından imtina olunduqda, həmin orqanın hərəkətlərindən şikayət ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar