Məhkəmə qərarları › İş №2(105)-1691/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1691/2021

02.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1691/2021 02.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, cavabdeh İbrahımova Sevda Fıruddın qızının iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(060)-827/2021 saylı qətnaməsindən iddiaçı C.H.Qulıyevin verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(060)-827/2021 saylı qətnaməsi ilə (hakim A.İ.İsmayılov) iddiaçı Qulıyev Cəmıl Hüseyn oğlunun cavabdeh İbrahımova Sevda Fıruddın qızı və İbrahımov Məhəmmədəlı Mehtı oğluna qarşı özbaşına zəbt edilmiş tikilinin boşaldılması tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı C.H.Qulıyev apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(060)-827/2021 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Qulıyev Cəmıl Hüseyn oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 arasında bağlanmış 30.07.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən o, mülkiyyətində olmuş və Sumqayıt şəhəri, 21-ci məhəllə, ev 25b/10, mənzil 3-də yerləşən 2 otaqlı mənzilini Cavabdeh1 satmış və həmin mənzili satdıqdan sonra cavabdehə təhvil vermişdir. Həmin evin yaxınlığında o, öz şəxsi vəsaiti hesabına 1 otaqlı tikili inşa etmiş və tikinti aparmaq üçün əlavə bünövrə tökmüş, həmin əraziyə 1500 ədəddən artıq mişar daşı tökməklə işıq çəkdirmiş, kanalizasiya, su və qaz xətti quraşdırmaqla daş hasara almışdır. Bu barədə o, Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etməklə tikintiyə razılıq verilməsini xahiş etmiş, lakin torpağı satın almaq üçün dövlət rüsumunu ödəməyə imkanı olmadığı üçün həmin ərazinin onun adına rəsmiləşdirilməsi və tikintiyə icazənin verilməsi başa çatmamışdır. Cavabdeh onun xəbəri və razılığı olmadan həmin qapını açaraq qeyd edilən tikilini zəbt etmiş, onda olan məlumata görə həmin tikilini kirayəyə vermiş və öz şəxsi məqsədləri, gəlir mənbəyi kimi istifadə edir. O, dəfələrlə cavabdehdən həmin tikilini boşaltmasını tələb etsə də, cavabdehlər buna məhəl qoymamış və nəticədə məcburiyyət qarşısında qalaraq polisə, ərazi üzrə MİS-nə və s. təşkilatlara müraciət etmiş, lakin sonda ona bildirilmişdir ki, bu barədə məhkəməyə müraciət etməlidir. Qeyd edilən tikili onun şəxsi vəsaiti ilə inşa edilmiş və həmin ərazidə olan tikinti materialları da, onun əmlakı hesab edilir və onun sahibliyində, istifadəsində və sərəncamında olmuşdur. O, 2018-ci ilə kimi bu evdə qeydiyyatda olmuşdur. Onun oğlu vəfat etdiyi üçün xəstə, baş-beyin travması olan, səhhəti ilə bağlı hərbi xidmətdən təxris edilmiş nəvəsini öz qəyyumluğuna götürmüş və yaşayış yeri yoxdur, buna görə də cavabdehin həmin tikilini boşaltmasını və onun əməli istifadəsinə qaytarmasını istəyir. Ona görə də, cavabdehlərin Sumqayıt şəhəri, 21-ci məhəllə, 25b/10 saylı binanın qarşısında yerləşən və onun tərəfindən inşa edilmiş tikilidən çıxarılmaları və həmin tikilinin onun istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı C.H.Qulıyev verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 17 fevral 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin, AR MPM-nin 9.1, 14.1, 88, 218.3-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı C.H.Qulıyev apelyasiya şikayətini müdafiə edib, iddia ərizəsinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh S.F.İbrahımova apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı və İbrahımova Sevda Fıruddın qızı arasında 30 iyul 2013-cü il bağlanmış AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 21-ci məhəllə, ev 25b/10, mənzil 3-də yerləşən 2 otaqlı mənzili 19600 manata İbrahımova Sevda Fıruddın qızına satmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının aparatının 11 oktyabr 2021-ci il tarixli, Q- 170-151 saylı məktubu ilə İddiaçı ünvanlanmış məktubda bildirmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və bu Məcəllənin 80.1-ci, 80.1-1 və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin 05 mart 2020-ci il tarixli məktubu ilə İddiaçı ünvanlanmış məktubda bildirilmişdir ki, onun mövcud müraciəti ilə bağlı yoxlama aparılmış və ərizəsi ilə əlaqədar toplanmış materiallar işə alınmış, lakin ərizəsində göstərilən xüsusuatlar mülki xarakter daşıdığından məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüqüqu əldə etmir. Onun tikintiyə dair sərəncam vermək onu satmaq, bağışlamaq, icarəyə vermək,digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikdə gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, İddiaçı Sumqayıt şəhəri, 21-ci məhəllə, 25b/10 saylı binanın qarşısında yerləşən tikilinin onun mülkiyyətində olması barədə məhkəməyə heç bir mötəbər sübutlar təqdim etmədiyindən, iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, özbaşına tikinti və onun yerləşdiyi torpaq sahəsinə iddiaçının heç bir mülkiyyət hüququ olmadığına görə birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı Qulıyev Cəmıl Hüseyn oğlunun cavabdeh İbrahımova Sevda Fıruddın qızı və İbrahımov Məhəmmədəlı Mehtı oğluna qarşı özbaşına zəbt edilmiş tikilinin boşaldılması tələbinə dair iddiasını təmin etməmişdir. İddiaçı C.H.Qulıyev iddia tələbinin əsaslılığına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş və cavabdehlər tərəfindən iddiaçının mübahisələndirdiyi özbaşına inşa edilmiş tikilinin zəbt edilib, həmin tikilidən istifadə etmələri hallarını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı C.H.Qulıyevin verdiyi apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(060)-827/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar