Məhkəmə qərarları › İş №2(105)-1691/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1691/2022

25.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1691/2022 25.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı evin təhvil verilməsi və maddi ziyan tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qərardadı ilə (hakim H.Y.Əhmədov) İddiaçı Cavabdeh qarşı evin təhvil verilməsi və maddi ziyan tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddia ərizəsinin qaytarılmasının, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmamasının İddiaçıya izah olunması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı evin təhvil verilməsi və maddi ziyan tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Masazır kəndində inşa edilmiş evin cavabdeh tərəfindən ona təhvil verilməsi və cavabdehin həmin evdən çıxarılaraq, vurulmuş zərərə görə 2400 manat pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərardadında qeyd olunmuşdur ki, iddia ərizəsi ərazi aidiyyətinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Məhkəmə belə hesab etmişdir ki, Məmmədli X2 rayonu, Vəlixanlı ərazi dairəsi Vəlixanlı kəndində qeydiyyatda olduğundan, məhkəmə aidiyyatı pozulmuşdur. Lakin daha sonra Qərardadda Mülki Prosessual Məcəllənin 39.1 maddəsinə istinad olunaraq qeyd olunmuşdur ki, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Hesab edir ki, podrat müqaviləsi əsasında onun pul vəsaiti hesabına inşa edilmiş bina onun ehtimal olunan mülkiyyəti olduğundan və bunu təsdiq edən notariat qaydasında təsdiq olunmuş müqavilə olduğundan, işə Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Hal-hazırkı iddianın Yardımlı Rayon Məhkəməsində baxılması qanunsuz, məhkəmə aidiyyatı pozulmaqla olardı. Cavabdeh podrat müqaviləsi üzrə icraçıdır və müqavilə üzrə öhdəliklərini bitirmişdir. Onun evdə qalmağa, girib-çıxmağa heç bir lüzum qalmamışdır. Onun evdən çıxmamağının yeganə səbəbi mənzili satmaq istəyidir və nə qədər gec mülki işə baxılsa, bu onun tərəfindən evin satılmasına köməklik edəcək. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(012)-3703/2022 nömrəli qərardadının ləğv edilməsini və mülki işə baxılması üçün məhkəmə iclasının təyin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki iş materiallarına əlavə olunmuş Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Yardımlı rayonu, Vəlixanlı ərazi dairəsi Vəlixanlı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının MPM-nin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Hazırkı iddia tələblərindən göründüyü kimi, iddiaçı Abşeron rayonu Masazır kəndində inşa edilmiş evin cavabdeh tərəfindən ona təhvil verilməsini və cavabdehin həmin evdən çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı qeyd olunan ünvan üzrə onun mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlərini iddia ərizəsinə əlavə etməmişdir. Mülki prosessual qanunvericiliyin tələblərindən isə göründüyü kimi, daşınmaz əmlakın olduğu yer üzrə verilən iddia tələbləri 1) mülkiyyət hüququnun tanınması, 2) qeyri-qanuni sahiblikdən götürülmə, 3) mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulduğu hallarda mümkündür. Bu səbəbdən də göstərilənlərə əsasən, iddia ərizəsi ümumi aidiyyət qaydalarına uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı ünvan üzrə məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 10.8.1 və 397.2-ci maddələrinə əsasən qərardaddan verilmiş şikayətə yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 10 iyun 2022-ci il tarixli e-2(012)-3703/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar