Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1698/2023 30.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, cavabdeh X1, tərcüməçi X4 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “borc pulun geri qaytarılması” tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(029)-297/2023 nömrəli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc pulun geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13610,40 (on üç min altı yüz on manat qırx qəpik) manat əsas borc və 131 manat dövlət rüsumu pulu, cəmi 13741,40 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailəsilə birlikdə Xaçmaz rayonu, Yalama kəndində yaşayır. Özü Azərbaycan Dəmir Yolları QSC-nin H.Z.Tağıyev qəsəbəsində yerləşən ŞÇ-1 idarəsində növbətçi-mexanik vəzifəsində çalışır, aylıq əmək haqqısı 595 manatdır. Cavabdeh Yalama kəndinə yaxın yerləşən Qusar rayonu, Gilahoba kənd sakinidir. Onunla 2022-ci ilin yanvar ayında Yalama kəndində təsadüfən tanış olmuş, bir neçə dəfə cavabdehlə çay-çörək yemişlər. Növbəti dəfə cavabdehlə görüşdükləri zaman cavabdeh ona bildirmişdir ki, “ona təcili olaraq 9000 (doqquz min) manat pul lazımdır” və ondan xahiş etmişdir ki, həmin məbləğdə pulu tapıb borc versin. O, cavabdehə bildirmişdir ki, aldığı əmək haqqı beş nəfərdən ibarət ailəsinə çatmır, onun cavabdehə borc verməyə pulu yoxdur, lakin cavabdeh, ondan əl çəkməmiş, yalvar-yaxar edərək ona mütləq qaydada pul tapmağı xahiş etmişdir. O, cavabdehə demişdir ki, əgər həqiqətəndə ona pul lazımdırsa gedib bankdan kredit alsın. Cavabdeh dedi ki, heç yerdə işləmir, ona görə də bank ona kredit verməz. Özü ona təklif etmişdir ki, o, öz adına kredit alıb pulu cavabdehə versin və həmin krediti cavabdehin özü ödəyəcəkdir. Cavabdehin israrla ondan pul borc verməyi xahiş etdiyini və bir neçə dəfə onunla oturub çörək yediyini nəzərə alaraq razılıq vermiş ki, bankdan öz adına kredit alıb cavabdehə borc verib. 28 fevral 2022-ci il tarixdə cavabdehlə birlikdə Xaçmaz şəhərinə gəlib Azərbaycan Beynəlxalq Bankının Xaçmaz filialından öz adına 9000 manat kredit alaraq həmin pulu bütövlükdə cavabdehə borc vermişdir. Onunla "xxxx" ASC-nin Xaçmaz filialı arasında xx.xx.2022-ci il tarixli, BPM********** 17 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borc verən ona 9000 AZN məbləğində kredit vermiş, kreditin müddəti 08 ay, kredit üzrə illik faiz dərəcəsi 22 daiz müəyyən edilmişdir. Həmin kredit müqaviləsinə Əlavə nömrə 1 kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli tərtib edilmiş, həmin cədvələ əsasən o, kreditin ödənilməsi ilə bağlı borc verənə hər ay 283,56 manat ödəniş etməli, son nəticə olaraq o, aldığı 9000 manat kreditə görə borc verənə faizlə birlikdə ümumi 13610,40 manat pul ödəməlidir. Cavabdehə borc vermək üçün bankdan kredit almağını evdə heçkimə bildirməmişdir. 2022-ci ilin mart ayında bankdan həyat yoldaşı X3 telefon zəngi daxil olaraq, həyat yoldaşı İddiaçı krediti ödəmədiyi bildirilmiş, bundan sonra həyat yoldaşı kredit almağından xəbər tutaraq nə üçün kredit aldığını soruşduqda ona hər şeyi olduğu kimi danışmışdır. Bundan sonra həyat yoldaşı cavabdehi telefonla özünün iş yerinə dəvət edərək ondan aldığı 9000 manat pulun geri qaytarılmasını tələb etmiş, cavabdeh həyat yoldaşına onun iş yerində şahidlərin iştirakı ilə iltizam vermişdir ki, ondan borc aldığı pulu hər ay banka ödənişlər etməklə ödəyəcək və krediti bütövlükdə 2022-ci ilin noyabr ayında tam bağlayacaqdır. Lakin cavabdeh kredit pulları ödəməmiş və hər ay əmək haqqından 283 manat pul tutularaq kreditin ödənilməsinə yönəldilir. Beləliklə, cavabdeh onu aldadaraq bankdan ona 9000 manat kredit aldırıb, həmin məbləğdə ondan pulu borc almış və söz verdiyi kimi krediti 2022-ci ilin noyabr ayında tam bağlamamışdır. Hazırda həmin krediti o, ödəyir və nəticə etibarı ilə kreditin ödənilməsi ilə bağlı o, banka 13610,40 manat pul ödəməlidir (hazırki vaxtadək o, hər ay 283,56 manat ödəməklə 10 ay ərzində 2835,60 manat pul ödəmişdir). Cavabdeh onun bankdan kredit olaraq götürdüyü və ona borc verdiyi pulu, kreditlə bağlı faizləri könüllü olaraq ödəmədiyi üçün hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh X5 birinci instansiya məhkəməsində iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, cavabdehi tanıyır. Ona pul lazım idi, aliment ödəyirdi. İddiaçı ilə tanış olduqdan sonra aralarında yaxşı münasibət yarandı. O, iddiaçıdan pul almış, aldığı pulu hər ay kredit kimi yəni hissə-hissə ödəyəcəyini demişdir. O, iddiaçı ilə ikisi birlikdə banka getmiş, iddiaçı bankdan içərisində 300 manat pul olan tam kartı və 9000 manat pul alıb ona vermişdir. Həmin vaxt o, aldığı puldan iddiaçıya 500 manat pul vermişdir. Hazırda təxminən onun iddiaçıya ya 1870 manat, ya da 1780 manat qaytarmışdır. O, iddiaçıya kredit kimi hər ay 280 manat pul ödəyirdi. Sonda cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək onun iddiaçıya 9.000 manat borcu olduğunu bildirmişdir. Qusar Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(029)-297/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilərək, Cavabdeh 9000 (doqquz min) manat məbləğində pul vəsaitinin, həmçinin dövlət rüsumu kimi ödənilmiş 131 (yüz otuz bir) manat, ümumilikdə 9131 (doqquz min yüz otuz bir) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir (hakim Əli Cəlilov). Qətnamədən narazı qalan cavabdeh X5 apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(029)-297/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və 2850 manat məbləğində pulu çıxmaq şərti ilə iddianın qismən təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qusar Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, №(029)-297/2023 saylı qərarı ədalətsiz, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş və aşağıda göstərəcəyi fakt və sübutlara əsasən ləğv edilməlidir. Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Belə ki, İddiaçı əsassız mülahizələri əsasında Qusar rayon Məhkəməsi tərəfindən qətnamə çıxarılmışdır. Onun tərəfindən maddi sübut kimi təqdim olunmuş səsyazması olan disk işə əlavə edilməmiş, səsyazma ləzgi dilində olduğundan diski götürməkdən imtina edilmiş, məhkəmə baxış iclasına tərcüməçi dəvət olunmamışdır. Həmin diskdə iddiaçı 2.850 manat məbləğində pulun ona qaytarıldığını etiraf etmişdir. birinci instansiya məhkəməsi iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, birinci instansiya məhkəməsi iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Onlar tərəfindən məhkəməyə təqdim olunan sübutlar qiymtləndirməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X5 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini,onun qalan borcunun 3400 manat olduğunu göstərərək iddianın qismən təmin edilməsini xahiş etdi. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq xəstəliyi ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini, işə onun iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli BPM**********17 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən İddiaçı 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 9000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən 9000 manat əsas borc və 4610,44 manat faiz borcu, cəmi 13610,4 manat borclu tərəfindən kreditora qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh məhkəmə iclasında təqdim etdiyi ərizədə iddiaçıya 9000 manat borcu olduğunu qəbul etmiş, qalan hissədə iddianı qəbul etməmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" ASC-dən götürdüyü 9000 manat məbləğində pulu və içərisində 300 manat pul olan tam kartı cavabdehə borca verməsi, Cavabdeh həmin pulu hissə-hissə olmaqla qaytarmağı öhdəsinə götürməsi, iddiaçıya 9000 manat borcu qalması öz təsdiqini tapmışdır. Sadalananlara əsasən, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh X2 qarşı “borc pulun geri qaytarılması” tələbinə dair iddiasını qismən təmin etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur (MM 427.2). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh X1 9000 (doqquz min) manat pulun iddiaçıya qaytarmasına dair öhdəlik götürməsi, həmin məbləğin hazıradək qaytarmaması məhkəmə iclasında tədqiq edilmiş sübutlar və iş materialları ilə, yazılı formada tərtib edilmiş və cavabdeh tərəfindən imzalanmış yazılı sənədlə öz təsdiqini tapmışdır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh apellyasiya şikayətinin dəlilində onun tərəfindən maddi sübut kimi təqdim olunmuş səsyazması olan diskin işə əlavə edilməməsi, səsyazmanın ləzgi dilində olduğundan diskin götürülməsindən imtina edilməsi, həmin diskdə iddiaçının 2.850 manat məbləğində pulun ona qaytarıldığını etiraf etməsini bildirsə də, birinci instansiya məhkəməsinin işin həmin halına qiymət verməməsini göstərmişdir. Məhkəmə Kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab edir. Belə ki, məhkəmə kollegiyası tərəfindən tərcüməçinin iştirakı ilə həmin diskdəki səs yazısı dinlənilmiş, həmin diskdə 1787 manat pulun qaytarılması qeyd edilsə də, cavabdehin 9000 manat borcun etiraf edilməsinə dair ərizəsi ondan sonra yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası işin araşdırılmış hallarına əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Cavabdeh apellyasiya şikayəti ilə əlaqədar verdiyi izahatında onun iddiaçıya cəmi 3400 manat borcu olduğunu bildirərək iddianın qismən təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(029)-297/2023 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1698/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1698/2023
30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver