Məhkəmə qərarları › İş №2(105)-1699/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1699/2024

30.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1699/2024 30.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X7 (məruzəçi), X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin baxılmamış saxlanılması barədə xx.xx.2024-cü il tarixli 2(029)-388/2024 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum faktının - soyadı: Allahverdiyeva, adı: Bəsti, ata adı: Davud qızı doğum tarixi: xx.xx.1957-ci il, doğum yeri: Azərbaycan Respublikası, Oğuz rayonu, atasının tam adı: X3, atasının milliyyəti:ləzgi, anasının tam adı: X1, anasının milliyyəti:ləzgi qeyd edilməklə - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Oğuz rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydiyyata alınması faktını müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(029)-388/2024 nömrəli qərardadı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçının ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilməsinin izah olunması qərara alınmışdır (hakim Əli Cəlilov). Ərizəçi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərardadın tamamilə ləğv edilməsini və ərizə üzrə məhkəmə baxışının davam etdirilməsini xahiş etmişdir. Ərizəçi şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, ərizəsinə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş onun qeydiyyata alınığı yerini təsdiq edən sənədi əlavə etmişdir. Həmin arayışdan görünür ki, o, BMT QAK tərəfindən verilmiş himayə sənədi əsasında olduğu yer üzrə qeydiyyata alınmışdır. Məhkəmənin mübahisələndirildiyi xüsusat onun lazımı sənədlərinin olmamasıdır. Bununla da məhkəmə dolayısı ilə onun mülki prosessual hüquq qabiliyyətinin mövcudluğunun mübahisələndirmişdir. Onun mülki prosessual hüquq qabiliyyəti mövcudluğu onun doğulma faktından irəli gəlir və doğum faktını müəyyən etmək məhkəmənin işidir. Şəxs heç bir halda məhkəməyə müraciət etmə hüququndan məhrum edilə bilməz. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(029)-388/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(029)- 388/2024 nömrəli qərardadı ləğv edilməlidir. İddianın baxılmamış saxlanılması qənaətinə gələn birinci instansiya məhkəməsi ona istinad etmişdir ki, Ərizəçi Maraqlı şəxsnə qarşı doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə ərizəçinin həmin şəxs olmasını təsdiq edən rəsmi qaydada hər hansı rəsmi, dövlət orqanı tərəfindən təsdiq olunmuş sənəd təqdim olunmadığına görə ərizəçinin kimliyi və ərizənin həmin şəxs tərəfindən imzalanması məhkəmədə şübhə doğurduğundan ərizə baxılmamış saxlanmalıdır. İddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqe ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Yuxarıda sadalananlara əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ərizənin qeyd olunan əsasla baxılmamış saxlanması barədə mövqeyi işin faktiki halına uyğun olmadığı kimi, tərəfin qanunla müəyyən edilmiş məhkəmə müdafiəsi hüququnun da məhdudlaşdırılmasına səbəb olmuşdur. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vаrdır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(029)-388/2024 nömrəli qərardadı ləğv edilməli, mülki iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(029)-388/2024 nömrəli qərardadı ləğv edilsin. Qərardadda sadalanan xüsusatlar nəzərə alınıb mülki iş baxılması üçün Qusar Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar