Məhkəmə qərarları › İş №2(105)-1700/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1700/2024

11.12.2024 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1700/2024 11.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul vəsaitinin geri qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X8 (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-759/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Qusar Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı tərəfindən cavabdehin ona pul borclu olduğunu təsdiq edən sübut 1 ədəd audio səs yazısı əks olunmuş CD diskdən ibarətdir. Həmin səs yazının 2.55-ci dəqiqəsində iddiaçı ilə cavabdeh arasında olan söhbət zamanı iddiaçı bildirir ki, kassaya ümumi 33170 manat borc var və üç yerə böldükdə adama 11056 borc düşür, həmin 11056 manat məbləğində borcun qaytarıb-qaytarmaması barədə sualına cavab olaraq Cavabdeh “vermək fikrim var, orda qalan malın pulunu vermək fikrim yoxdur” sözlərini bildirir. Yazının 3.45-ci dəqiqəsində Cavabdeh “malı satırıq, o puldan 20000 də mənim payıma düşsə verməyə hazıram” sözlərini bildirir. Yazının 4.36-ci dəqiqəsində Cavabdeh “mən sənin borcunu danmıram” sözlərini bildirir. Yazının 8.52-ci dəqiqəsində Cavabdeh bildirir ki, “mən sənə gələn ayın 15-nə 5000 verə bilərəm” sözlərini bildirir. Yenidən eyni sözləri bir daha təkrar edir. Yazının 10-cu dəqiqəsində Cavabdeh bildirir ki, “mən 5000 verə bilərəm, uzağı gələn ayın 15-nə” sözlərini bildirir. Yazının 11:21-ci dəqiqəsində Cavabdeh “mən sənə gələn ayın 15-nə kimi 5000 verə bilərəm” sözlərini bildirir. Yazının 14:09-cu dəqiqəsində Cavabdeh “mən bunun 5000-ni gələn ayın 15-nə verirəm” sözlərini bildirir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə etdiklərinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun hesabına varlandığı 33156 manat nəğd pulun, 2000 manat məbləğində mənəvi ziyanın və ödənilmiş 196 manat dövlət rüsumunun, cəmi 35352 manat məbləğində pulunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2016-cı ildə, Xaçmaz rayonu, Şimali kəndində yaşayan X6 vasitəsilə tanış olmuş və birlikdə qərara gəlmişlər ki, balıq yetişdirmə ilə məşğul olmaq üçün iş birliyi qursunlar və aralarındakı razılığa əsasən Aydın öz həyətinin bağ sahəsini balıq yetişdirmək üçün verir, o, işi maliyyələşdirir, cavabdeh isə qalan bütün işləri - kürü gətirməyi, inkubator üçün avadanlıqları gətirməyi, yem təşkil etməyi və s. öz üzərinə götürmüşdür. Əldə olunacaq gəlirin bərabər bölünməsi ilə bağlı işdə şərik olmuşlar. Cavabdehin dediyinə görə onların 124.000 min (yüz iyirmi dörd min) manat gəliri olacaq, ondan 34 min manat çəkdikləri xərclərə ödəniləcək, yerdə qalan 90 min manat gəlir aralarında bərabər bölünməli idi. Cavabdeh, öz üzərinə düşən vəzifələri yerinə yetirməmiş, belə ki, o, bir il iki ay ərzində, ümumilikdə 66810 manat pul xərcləmişdir. Cavabdeh bildirmişdir ki, o, 2 milyon kürü gətirib, ondan inkibatorda bir milyon beş yüz min balıq əmələ gəlmişdir. Əslində isə 661 min balıq olmuş, 840 min balıq olmamışdır. Onlar cavabdehə inandıqlarından kürüləri saymamışlar, o, isə onları aldadaraq onun pulu ilə aldığı kürüləri başqa şəxslərə də sataraq qazanc əldə etmişdir. Bundan başqa cavabdeh öz şəxsi borclarını da ona ödətdirib demişdir ki, sonda hesablaşarlar. Bundan başqa hələ gəlir əldə etmədikləri halda o, şəriklərə Cavabdeh və Aydın Əlimova hərəyə 11400 manat vermişdir ki, şəxsi tələblərinə görə və gələcəkdə aldıqları gəlirdən həmin pulu çıxmaq şərti ilə. Ondan da cavabdehin ona 9156 manat borcu var. Digər şərik A.Əlimov öz borcunu ödəmişdir. Qeyd etmək istəyir ki, kürü gətirmək üçün cavabdehə ümumilikdə 44000 manat pul vermişdir, lakin cavabdeh həmin məbləğdən 20000 manata kürü almış, qalan 24000 manatı isə mənimsəmişdir. Cavabdeh bu müddət ərzində borcu ödəyəcəyini deyərək müxtəlif bəhanələr gətirərək mənimsədiyi pulu ona qaytarmamışdır. Məcburiyyət qarşısında hüquq mühafizə orqanlarına müraciət etmiş, şikayət ərizəsi ilə bağlı araşdırma aparılmış, Xaçmaz rayon Polis Şöbəsindən ona, onun şikayət ərizəsi ətrafında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş və ona tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Cavabdeh özü ona borclu olduğunu etiraf etsə də, notarial qaydada və ya dilindən yazılı iltizam verməsini xahiş etdikdə, pulu qaytarmaqdan imtina etmişdir. Bununla bağlı diskə yazılmış cavabdehin etirafı da vardır. Cavabdeh Respublikanın bir çox rayonlarında da dələduzluq edərək sadə insanları aldatmaqla məşğuldur, bir çox rayon məhkəmələrin icraatlarında, eləcə də Polis və Prokurorluq orqanlarında cavabdehlə bağlı işlər olub və hal-hazırda da vardır. Bundan başqa, o, bu müddət ərzində bu işlə bağlı müxtəlif instansiyalara müraciətlər etmiş, dəfələrlə Bakı şəhərinə, Polis Şöbəsinə, gedib-gəlmiş, əsəb gərginliyi keçirmişdir. Cavabdehin bu günə kimi ona dəymiş maddi və mənəvi ziyanı ödəməkdən imtina etməsi də onu və ailə üzvlərini əsəbləşdirib, əsəb gərginliyi keçirmələrinə səbəb olub. Ona dəymiş mənəvi ziyanı 2000 (iki min) manat məbləğində qiymətləndirir və həmin məbləğin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir.

4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, Cavabdehla Murad X1 vasitəsi ilə tanış olublar və birlikdə qərara gəliblər ki, balıq yetişdirmə ilə məşğul olsunlar. Öz aralarında razılığa gəliblər ki, Aydın öz həyətinin bağ sahəsini balıq yetişdirmək üçün verir, Murad işi maliyələşdirir, qalan bütün işləri Mahir görür. Kürü gətirməyi, inkubator üçün avadanlıqları gətirməyi, yem təşkil etməyi və s. Mahir öz üzərinə götürür. Əldə olunacaq gəlirin bərabər bölünməsi ilə bağlı işdə şərik olmuşlar. Mahirin dediyinə görə onların 124 min manat gəlirləri olacaq, ondan 34 min manat çəkdikləri xərcləri ödəniləcək, yerdə qalan 90 min manat gəlir aralarında bərabər bölünəcəkdir. Mahir öz üzərinə düşən vəzifəni yerinə yetirməmişdir. Belə ki, Murad bir-iki il ərzində ümumilikdə 66810 manat pul xərcləmişdir. Murad kürü gətirmək üçün Mahirə 44000 manat pul vermişdir. Lakin, cavabdeh həmin məbləğdən 20000 manata kürü almış, qalan 24000 manatı isə mənimsəmişdir. Murad hər bir şərikə 11400 manat şəxsi tələblərini ödəməyə görə vəsait vermişdir. Gətirilən kürülər sayılmayıb. Kürü az çıxıb, ondan sonra şübhələnib sayıblar. Bunu şahidlər təsdiq edə bilərlər. Sonra Mahir öhdəsinə götürdüyü işi yerinə yetirməyib getmiş, Murad ona zəng etmişdir ki, gəlib borcunu ödəsin. Mahir isə 5000 manat məbləğində borclu olduğu pulu 15 gün ərzində gətirib verəcəyini bildirmişdir. 11400 manat pulu ödəməyə söz verib. Pulun verilməsini sürücü və digər şahid Aydın təsdiq edə bilər. Hesab edir ki, iddia tələbi tam əsaslıdır və təmin olunmalıdır. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.

5. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, iddia ərizəsində yazılanların heç biri ilə razı deyil, böhtandır, artıq yazılan məbləğlərdir. O, əvvəllər Muradı tanımamış, həmin şəxslə Aydın Əlimovun vasitəsi ilə tanış olmuşdur. O, Aydın Əlimovla birlikdə sonuncunun torpaq sahəsində balıq üçün yer tikmiş və öhdəliyini yerinə yetirmişdir. Həmin ərəfələrdə o, Qusarda yaşamışdır. Bir gün Muradla Aydın ona zəng edib balıq yetişdirmək istədiklərini, onlarla birlikdə işləməsini, buna görə nə qədər maaş istədiyini demişlər. O, həmin şəxslərə Qusarda işlədiyini, maaşa işləmədiyini, qazandıqları pulu üç yerə bölmələrini və 33 faizini ona vermələrini təklif etmiş, onlar da bununla razılaşmışlar. O, həmin şəxslərin qabaqlarına siyahı qoyaraq demişdir ki, üzərinə öhdəlik götürərək Türkiyədən, özünün bildiyi yerdən cinsi yaxşı olan forel balığının yumurtasını, həmçinin balıqların yediyi qidanı da Türkiyədən gətirəcəkdir. Həmin şəxslərə bildirmişdir ki, onun burada qalıb balıq yetişdirməyə vaxtı yoxdur, amma mütəxəssislik edəcək, məhsulları satacaq və pulu çatdıracaqdır. Muradla Aydın da bununla razılaşmışlar. Bundan sonra o, öhdəliyinə götürdüyü birinci partiya 500000 ədəd balıq kürüsünü Türkiyənin Antalya şəhərindən Naxçıvan sərhəd yolu ilə gətizdirmiş və inkubasiyaya qoymuş, mütəxəssisliyi özü etmiş, 4-5 gün ərzində balıq halına gətirmişdir. Bundan sonra isə iddiaçının aldığı vannalara sayıb tökmüş və hər vannada 15000 ədəd yumurta olmuşdur. Türkiyədən aldığı firmalardan yumurtanı sayıb bir milyon ədəd balıq almışdır. Birinci partiyada beş yüz min ədəd gətirib tökmüşdür. Sonra o, işləri çatdıra bilmədiyinə görə aylıq 300-400 manat verməklə iki nəfər işçi götürmələrini məsləhət görmüş və işlərə köməklik etmələri üçün iki nəfər götürülmüşdür. O, daima işçilərlə əlaqə saxlamış və iki gündən bir işini yoxlayıb qayıtmışdır. İşə nəzarət edən və mühafizəçilik edən iddiaçının öz qonşuları və öz adamları olmuşdur. Birinci partiya bir ay işlər bu qaydada idarə olunmuşdur. Məhsul yetişmiş və o, balıqların satışını araşdırmağa başlamışdır. Sonra isə yüz min ədədini bir ədədi 20 qəpikdən olmaqla 20000 manata satmışlar və pulunu ortaya qoymuşdur. Balıqların dörd yüz min ədədi isə qalmışdır. Balıqlar canlı olduğundan onları bura gətirənə kimi iyirmi faiz itki verir, bu kitablarda da var. O, da əvvəldən demişdir ki, iyirmi faiz itkisi var və bu normal haldır. Beləliklə, satışdan əldə olunan 20000 manatı ortaya qoyaraq demişdir ki, onun pula ehtiyacı yoxdur, birinci pulu ortaya kim qoyubsa o, da götürsün. Ondan sonra nə qazanılarsa onu aralarında bölərlər. Lakin, onlar razılaşmayaraq bildirmişlər ki, bu pulu bölsünlər, sonradan mayanı sahibkar götürər. Bundan sonra adama 6000 manat olmaqla qazancı üç yerə bölmüşlər, qalanını isə nəyə hesablanmasını hazırda xatırlamır. Bundan sonra o, ikinci dəfə üçün mal almağa getməli olmuşdur. Digər şəriklər də demişlər ki, onlar da istirahətə Antalyaya getmək istəyirlər, bunun üçün pulları da var. O, həmin şəxslərə bildirmişdir ki, onların istirahət xərclərini o, qarşılamayacaq, onun xərci alacağı kürünün pulunun tərkibindədir. Onlar da bununla razılaşmışlar. O, balıq yumurtası işlərinin arxası ilə getmiş, çünki 4-5 günə yumurtanı alıb qayıtmalı olmuşdur. Həmin arada görmüşdür ki, digər iki şərik bahalı oteldə yeyib-içməklə məşğuldular. Sonradan ona məlum olmuşdur ki, onlar 6000 ABŞ dollarından yuxarı xərc çəkmişlər və bunu ümumi xərclərə hesablamışlar. Bundan sonra onlar təyyarə ilə, o, isə avtobusla Naxçıvan yolu ilə malı gətirmiş və öhdəliyini yerinə yetirmişdir. Bir müddət sonra Muradla arasında gərginlik yaranmağa başlamış və bu ərəfədə gedib balıqlara baxanda aşkar etmişdir ki, onlar yemlənmir, itkilər var, digər iki şəriki isə orada deyillər. Bundan sonra dəfələrlə Muradla mübahisələri olmuş və o, şərikliyi bitirmişdir. Məhsullar isə orada qalmış, ancaq 160000-180000 ədəd məhsulu satmış, pulunu ortalığa qoymuş və onların yanından çıxmışdır. Arada gedib baş çəkib qayıtmışdır. O, orada alınan məhsulların pullarını sataraq geri ödəmişdir. Sonradan isə onlar spirtli içkilər içməyə davam etmişlər, işi nəzarətsiz qoymuşlar və ziyana düşmüşlər. Murad Aydının qapısına tökülmüş beton, su anbarına tökülmüş beton, avadanlıqların dəyər-dəyməzinə satılaraq götürdüyü pulu artıq hesablayıb ondan tələb edir. O, bununla qətiyyən razı deyil. Ona cəmi üç dəfə pul verilmiş və üçündə də məhsulu alıb gətirib təhvil vermişdir. Ona 20000 manat balıq kürüsünə, 800 ABŞ dolları da balıq yeminə, cəmi 28000 manat pul verilib, o, da məhsulu gətirib təsərrüfata boşaltmışdır. Digər xərclənmiş pulların heç biri onun əli ilə xərclənməmişdir. İki dəfə kürü gətirmiş, hər dəfə də 500000 ədəd gətirmişdir, bir milyon kürü gətirməyi isə yalandır. Murad 44000 manat pulu təsərrüfata xərcləyə bilər, lakin ona xərclik üçün 11400 manat məbləğində pul verilməmişdir. Ona nə pul verilibsə yem üçün ya da məhsul üçün verilib. Məhsulların 200000 ədədini satmışlar, 40000 manat gəlir əldə etmişlər, 100000 ədəd bir satmışlar, 20000 manat gəlir qalmış, qalanını tam xatırlamır, 60000 ya da 70000 bir satmışlar, onun da gəlirini götürüb yem almışlar. Təxminən 8000 manat gəlir də buna görə gəlib. Ümumilikdə təxminən 68000 manat gəlir olmuş, hər dəfə də onlar paylarını götürüblər, o, isə bir dəfə 6000 manat gəlir götürmüşdür. O, cəmi 6000 manat vəsait götürmüş, sonra o, çıxmış və gəlir götürməmişdir. Avadanlıqları o, təşkil etmiş, ancaq digər şəriklər özləri almışlar. O, məhsulu gətirəndən sonra Muradla aralarında mübahisələri başlayıb. Balıq kürülərinin şirkətdən alınması ilə bağlı say fakturası olmur, kiloqram fakturası olur. İddiaçının ziyan etdiyi o olmuşdur ki, həmin şəxs qapıya tökülən beton, armatur, inkubator aparatı, balıq hovuzları və s. almış, satarkən isə bir günün içərisində dəyər-dəyməzinə satmışlar. Oradan əksik gələn vəsaiti isə onun boynuna yazmışlar və o, da bunu qəbul etmir. O, balıq və yumurtanı gətirmiş, lakin Aydının təsərrüfatında olanlarına cavabdehlik daşımır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş audiodiskdə səs yazıları ona məxsusdur və o iddiaçı və digər şəriki olmuş Aydınla belə bir söhbət apardıqlarını xatırlayır, lakin həmin yazıda borcunu etiraf etsə də, həmin pulları sonradan qaytarmışdır. Odur ki, bütün bunların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Cavabdeh tanıyır və onunla heç bir qohumluğu yoxdur. Bu iş onun təsərrüfatında onun evinin həyətində təşkil olunmuşdur. Murad onun qonşusudur, Mahirlə də o, tanış olmuş və onun köməkliyi ilə onun təsərrüfatında bu balıqçılıq tikilmişdir. Mahir təklif etmişdir ki, təsərrüfat onun bağında təşkil edilsin. Murad onun qonşusudur və onunla təzə tanış olmuşdu. Murad bu işi təşkil etməyi təklif etmiş, o, Murad və Mahir görüşəndən sonra razılığa gəlmişlər ki, kürüdən balıq əldə etsinlər. Hərəsinin bu işdə payə 1/3 bərabər olmuşdur. Razılaşmışlar ki, birinci uğur əldə ediləndən sonra qazanc öz aralarında bölünəcəkdir. Belə də olmuş və onlar hər birinə 11000 manat pul götürmüşlər. Lakin, sonradan məlum olmuşdur ki, fikirləşdikləri qədər balıqları yoxdur. Belə olan halda razılaşmışlar ki, kim nə qədər gəlir əldə edib ondan qaytarsın, avadanlıq da satılsın. O, razılaşmış və 11000 manat qaytarmalı olmuşdur. Amma avadanlıq satılandan sonra məlum olmuşdur ki, həmin pul çıxılıb və hərəsi 9125 manat pul qaytarmalıdır. O, buna razılıq vermiş və həmin pulu Murada qaytarmışdır. O, öz pulunu qaytara-qaytara məlum olmuşdur ki, Mahir də söz versə də pulun qaytarılacağına qaytarmamışdır. Borcun qaytarılması barədə söhbət olunanda Mahir pulun qaytarılacağını desə də, bu günə kimi Murada borcunu ödəməmişdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Aydın və Muradla qonşudur. Həmin şəxslər iş qurduqlarını bildirərək onlara kömək etməsini xahiş etmişlər, pulunu da verəcəklərini demişlər. O, da onlara dayaq durmuş və sürücü xidmətlərini göstərmişdir. Sonradan birgə işləməmək qərarına gəlmişlər, lakin bir sıra avadanlıqlar satılandan sonra Mahir və Aydının Murada borclu qalmışlar. Sonra deyəsən Aydın pulu qəbzlə qaytarmışdır. O, Mahirin telefonla söhbət zamanı 11400 manat borcun etiraf etdiyini şəxsən eşitmişdir. Belə ki, həmin vaxt o, avtomobili idarə etmiş, Mahir isə Muradla telefonla diktofon açıq vəziyyətdə söhbət etmişdir.

8. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-759/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 9156 (doqquz min yüz əlli altı) manat məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 196 manat məbləğində pul vəsaitinin 111.56 (yüz on bir manat əlli altı qəpik) manat hissəsinin tutularaq İddiaçı verilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir (hakim Anar Qasımov).

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 1091.1, 1092-ci maddələri, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarındakı hüquqi mövqeyi, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3, 107, 119.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayəti verib Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-759/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəməyə sübut kimi iddiaçı tərəfindən ona guya pul borclu olduğunu təsdiq edən yeganə sübut kimi iki nəfər şahidin ifadələri və 1 ədəd audio səs yazısı əks olunmuş CD təqdim olunmuşdur. Həmin CD-dəki səs yazısının 2.55-ci dəqiqəsində iddiaçı ilə cavabdeh arasında olan söhbət zamanı iddiaçı bildirir ki, kassaya ümumi 33170 manat borc var və üç yerə böldükdə adama 11056 borc düşür, həmin 11056 manat məbləğində borcun qaytarıbqaytarmaması barədə sualına cavab olaraq Cavabdeh “vermək fikrim var, orda qalan malın pulunu vermək fikrim yoxdur” sözlərini bildirir. Yazının 3.45-ci dəqiqəsində Cavabdeh “malı satırıq, o puldan 20000 də mənim payıma düşsə verməyə hazıram” sözlərini bildirir. Yazının 4.36-ci dəqiqəsində Cavabdeh “mən sənin borcunu danmıram” sözlərini bildirir. Yazının 8.52-ci dəqiqəsində Cavabdeh bildirir ki, “mən sənə gələn ayın 15-nə 5000 verə bilərəm” sözlərini bildirir. Yenidən eyni sözləri bir daha təkrar edir. Yazının 10-cu dəqiqəsində Cavabdeh bildirir ki, “mən 5000 verə bilərəm, uzağı gələn ayın 15-nə” sözlərini bildirir. Yazının 11:21-ci dəqiqəsində Cavabdeh “mən sənə gələn ayın 15-nə kimi 5000 verə bilərəm” sözlərini bildirir. Yazının 14:09-cu dəqiqəsində Cavabdeh “mən bunun 5000-ni gələn ayın 15-nə verirəm” sözlərini bildirir.

12. Məhkəmə hesab etmişdir ki, hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1092-ci maddəsi təşkil edir. Həmin norma əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Məhkəmə guya onun yuxarıda təsvir olunmuş borcu etiraf etməsini, bu borcunu iddiaçıya qaytarmasına dair məhkəməyə heç bir sübut təqdim etməməsini qeyd edərək onun iddiaçı qarşısında öhdəliklərinin olduğu qənaətinə gəlmişdir. Bununla belə, iddiaçı tərəfindən imzalanmış iddia ərizəsində, eləcə də iddiaçının nümayəndəsinin məhkəmədə vermiş olduğu izahatı ilə bu borcun (11400 manat) sonrakı hesablaşmalara görə 9156 manat təşkil etdiyini etiraf etmələrini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, o iddiaçının hesabına həmin məbləğ həddində (9156 manat) əsassız yerə varlanmışdır. Odur ki, iddia məhz həmin hissədə təmin edilmişdir. Məhkəmənin qənaətinə görə hazırki iş üzrə mənəvi ziyanın tutulmasına əsas verən hal müəyyən edilməmişdir.

13. Mülki hüquq pozuntuları səbəbindən qəbul edilmiş qətnamə də qanuni və əsaslı deyildir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

14. Məhkəmə tərəfindən işin həqiqi halları, iddiaçı ilə cavabdeh arasındakı qərəzli münasibət araşdırılmamış, ona görə də qəbul edilmiş qətnamə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun deyildir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. İddiaçı apellyasiya şikayətinə etiraz ünvanlayaraq Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

16. İddiaçı etirazı onunla əsaslandırmışdır ki, cavabdeh şikayətində qeyd etmişdir ki, guya məhkəmə qətnaməsinin məzmununda bu günə kimi xəbəri olmamışdır, guya qətnaməni özü imza edərək almamışdır. Tamamilə yalandır, belə ki, cavabdeh qətnamə qəbul edilən gün şəxsən məhkəmə iclasında iştirak etmiş, məhkəmədə dindirilən şahidləri dinləyib, özünün borclu olduğunu etiraf edən diskə yazılan səs yazısının dinləyib və etiraf edərək özü olduğunu bildirmişdir. Cavabdeh apellyasiya şikayətində göstərir ki, o cəmi iki dəfə Türkiyədən kürü gətirib və özü də guya sərhəddən keçməklə avtobusla gəlib, tamamilə yalandır, bir yerdə istirahətdən sonra təyyarə ilə qayıtmışlar və bütün xərcləri də o özü çəkmişdir. Bununla bağlı sorğu verilsə öz təsdiqini tapacaqdır. 4 dəfə kürü gətirməsi ilə bağlı tərtib olunmuş aktlar da öz təsdiqini tapır. Ümumiyyətlə o, 66810 manatdan çox xərc çəkmişdir, cavabedeh onu həm kürülərin sayında aldadıb, onun üçün gətirdiyi kürüləri başqalarına satıb, həm də işi yekunlaşdırmamışdır. Cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirmədi, belə ki, o, bir il iki ay ərzində ümumilikdə 66810 manat pul xərcləmişdir. Cavabdeh bildirdi ki, o guya 2 milyon kürü gətirib, ondan inkubatorda bir milyon beş yüz min balıq əmələ gəlmişdir. Əslində isə 661 min balıq olmuş, 840 min balıq olmamışdır. Cavabdehə inandıqlarından kürüləri saymamışlar, o isə aldadaraq onun pulu ilə aldığı kürüləri başqa şəxslərə də sataraq qazanc əldə etmişdir. Balıq kürüsü gətirmək üçün cavabdehə ümumilikdə 44000 manat pul vermişdir, lakin cavabdeh 20000 manatlıq kürü almış, qalan 24000 manatı isə mənimsəmişdir.

17. Bundan başqa, o hərəyə 11400 manat olmaqla ümumi kassaya ayırdığı 34200 manat puldan cavabdehə və şərikləri Aydın Əlimova, hərəyə 11400 manat pul vermişdir ki, gələcəkdə əldə olunacaq gəlirdən çıxmaq, eləcə də avadanlıqların satılmasından sonra, yerdə qalan məbləğ ona ödənilməli idi. Avadanlıqlar satılmasından sonra, cavabdehin ona 9156 manat borcu qalmışdır, digər şərik Aydın Əlimov həmin məbləği ona qaytarsa da cavabdeh bu müddət ərzində borcu ödəyəcəyini deyərək müxtəlif bəhanələr gətirərək həmin pulu da qaytarmadı. Qusar Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən bir ilə yaxın müddət keçməsinə baxmayaraq həmin qətnamədə qeyd edilən pulu da ödəmək istəmir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişlər.

19. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21. Maddə 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

24. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

25. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

26. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

30. Maddə 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

34. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

35. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

40. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

Apellyasiya baxışının hədləri

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

43. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-759/2023 nömrəli qətnaməsinin tam ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etdiyindən məhkəmə kollegiyası hesab edir ki, qətnamə mübahisələndirilən, yəni iddianın təmin edilən hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, lakin iddiaçı öz etirazının əsasını təşkil etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübuta yetirə bilmişdir.

46. İddiaçı tərəfindən cavabdehin ona pul borclu olduğunu təsdiq edən sübut 1 ədəd audio səs yazısı əks olunmuş CD diskdən ibarətdir. Həmin səs yazının 2.55-ci dəqiqəsində iddiaçı ilə cavabdeh arasında olan söhbət zamanı iddiaçı bildirir ki, kassaya ümumi 33170 manat borc var və üç yerə böldükdə adama 11056 borc düşür, həmin 11056 manat məbləğində borcun qaytarıb-qaytarmaması barədə sualına cavab olaraq Cavabdeh “vermək fikrim var, orda qalan malın pulunu vermək fikrim yoxdur” sözlərini bildirir. Yazının 3.45-ci dəqiqəsində Cavabdeh “malı satırıq, o puldan 20000 də mənim payıma düşsə verməyə hazıram” sözlərini bildirir. Yazının 4.36-ci dəqiqəsində Cavabdeh “mən sənin borcunu danmıram” sözlərini bildirir. Yazının 8.52-ci dəqiqəsində Cavabdeh bildirir ki, “mən sənə gələn ayın 15-nə 5000 verə bilərəm” sözlərini bildirir. Yenidən eyni sözləri bir daha təkrar edir. Yazının 10-cu dəqiqəsində Cavabdeh bildirir ki, “mən 5000 verə bilərəm, uzağı gələn ayın 15-nə” sözlərini bildirir. Yazının 11:21-ci dəqiqəsində Cavabdeh “mən sənə gələn ayın 15-nə kimi 5000 verə bilərəm” sözlərini bildirir. Yazının 14:09-cu dəqiqəsində Cavabdeh “mən bunun 5000-ni gələn ayın 15-nə verirəm” sözlərini bildirir.

47. Göründüyü kimi, cavabdeh nə birinci instansiya məhkəməsində nə apellyasiya icraatı zamanı həmin səs yazısında olan səsin ona məxsus olmasını inkar etməmişdir. Digər tərəfdən, cavabdeh iddiaçıya pulun qaytarılması ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

48. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

49. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

50. Kollegiya yuxarıda qeyd olunan hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.

51. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

52. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-759/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-759/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Qusar Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar