Məhkəmə qərarları › İş №2(105)-1703/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1703/2023

07.11.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1703/2023 07.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, cavabdeh Sumqayıt şəhəri 63 saylı Körpələr evi-uşaq bağçasının nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Sumqayıt şəhəri 63 saylı Körpələr evi-uşaq bağçasına və Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı əmrin ləğv edilməsi, itirilmiş günlərə görə ödənilməyən əmək haqqının ödənilməsi və işə bərpa tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1592/2023 nömrəli, 23 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim G.Tağızadə) İddiaçı cavabdehlər Sumqayıt şəhər 63 nömrəli körpələr-evi uşaq bağçasına və Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı əmrin ləğv edilməsi, itirilmiş günlərə ğörə ödənilməyən əmək haqqının ödənilməsi və işə bərpa tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsinin etibarsız hesab edilməsi, Abşeron-Xızı Regional Təhsil İdarəsinin işdən azad olunmağı barədə 108 №-li, xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, itirilmiş günlərə görə ödənilməyən əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2004-cü ildə 63 №li körpələr evində tərbiyəçi təyin olunmuşdur. Lakin xx.xx.2022-ci ildə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilmişdir. (Əmr № 108 xx.xx.2022-ci il). İddiaçı, cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 108 saylı əmrlə razılaşmır. Belə ki, iddiaçı əmək müqaviləsi ilə üzərinə düşən əmək funksiyalarını tam icra etmişdir. İş zamanı əmək vəzifələrini pozmamışdır. ünvan 1 ünvanında azyaşlı nəvəsi ilə birlikdə yaşayır. Ona bağırsaqda xroniki bron diaqnozu qoyulmuşdur. Hazırda da müalicə alır, 3 ayda bir dəfə xəstəxanada müalicə olunur. 2004-cü ildən 24 oktyabr 2022-ci il tarixədək Sumqayıt şəhəri, 18-ci mkr ərazisində yerləşən 63 saylı uşaq bağçasında tərbiyəçi işləmişdir. Təxminən bir il əvvəl Nigar Rzayeva 63 saylı uşaq bağçasına müdir təyin edilmişdir. Həmin vaxtdan etibarən onunla birlikdə digər işçilərlə yola getmir. İddiaçı xəstəliyi ilə əlaqədar müəyyən vaxtlarda bülletendən istifadə edirdi. Bununla bağlı dəfələrlə aralarında problemlər yaranmışdır. 2022-ci ilin may ayında onun bağçanın keçmiş müdiri ilə danışığı olduğuna görə onunla mübahisə etmişdir. Onun mobil telefonunu əlindən alıb baxmışdır. Həmin vaxt halı pisləşmiş, təcili tibbi yardım çağırmışdır. İddiaçı həmin vaxt X2 Təhsil İdarəsinə şikayət etmiş, lakin sonra onunla barışmışdır. 18 oktyabr 2022-ci il tarixdə o, bağçada işləyərkən azyaşlı uşaqlardan biri digərinin qolunu dişlədiyinə görə qeyri-ixtiyari olaraq dişləyən uşağı əli ilə yavaşca vurub digər uşağı dişləməməsini demişdir. Uşaq heç bir zədə almamış, onu ciddi şəkildə incitməmişdir. Uşağın valideyninin də məlumatı olmuş, ondan narazılıq etməmişdir. Əksinə onların digər iki uşağını da onun tərbiyə etdiyini deyib razılıqlarını bildirmişlər. Buna baxmayaraq 19 oktyabr 2011-ci il tarixdə Nigar Rzayeva bağçada quraşdırılmış kamera vasitəsilə iddiaçının həmin uşağı vurduğunu görüb həmin tarixdə şiddətli töhmət vermişdir. 24 oktyabr 2022-ci il tarixdə isə bağçada iclas keçirilmişdir. İclasa Abşeron-Xızı Regional Təhsil İdarəsinin işçisi Rövşən müəllim də gəlmişdir. Rövşən müəllim iddiaçını iclasda ayağa qaldırıb həmin uşağı vurduğuna görə onu kobud şəkildə danlamış və ona bağçanı tərk etməyini onun kimi tərbiyəçi ilə işləmək istəmədiklərini bildirmişdir. İddiaçı bu hadisədən çox pis olmuşdur. Saat 11 radələrində iddiaçını bağçadan çıxarmışlar, evə gedib ağlamağa başlamışdır. İddiaçıya qarşı göstərilən haqsız münasibətə görə əsabiləşərək yaşadığı evdə olan 60-a yaxın dərman həblərini qəbul etmişdir. Dərmanları qəbul etdikdən sonra halı pisləşmiş, bundan sonra təcili tibbi yardım çağırmışdır. Ayılanda Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasında olmuşdur. 24 oktyabr 2022-ci il tarixdə axşam saatlarında səhhəti yaxşılaşdığı üçün Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasında evə buraxılmışdır. 26 oktyabr 2022-ci il tarixdə qızı Aytən Daşdərmirova əmək kitabçasını götürmək üçün bağçaya getmişdir. Nigar Rzayeva iddiaçının qızı Aytənə demişdir ki, əmək kitabçasını götürmək üçün iddiaçı bağçaya gedib ərizə yazmalıdır. O, 26 oktyabr 2022-ci il tarixdə bağçaya getmiş, metodist Vəfa Seyidzadə ona xəstəliyi ilə bağlı öz arzusu ilə işdən çıxmaq istədiyi barədə ərizə yazdırmışdır. O, da ərizəsinin tarixini xx.xx.2022-ci il olaraq qeyd etmişdir. Bundan sonra əmək kitabçası ona verilmişdir. Qızı Aytən əmək kitabçasını götürmək üçün bağçaya gedəndə iddiaçının əmək kitabçasına Əmək Məcəlləsinin “70” ç bəndinə əsasən işdən çıxarılmağı qeyd edilmişdir. Qızı buna etiraz edəndə isə onun bağçaya gedib ərizə yazmağını Nigar Rzayeva qızına demişdir. İddiaçı da “70” ç bəndi ilə işdən azad olunmamağı üçün ərizə yazıb xəstəliklə bağlı işdən azad olunmağını xahiş etmişdir. Əmək kitabçasında “70” ç bəndinin etibarsız olması ilə bağlı qeydiyyat aparılmışdır. Bundan başqa Nigar Rzayeva onun bağçada işləməyinə icazə verməmişdir. Uzun müddət əvvəldən ona qarşı qərəzli hərəkətlər etmişdir. İşlədiyi dövrdə iddiaçı heç vaxt bir gün belə işdən səbəbsiz qalmamışdır. Əksinə hər gün saat 7:30-dan axşam saat 19:00-dək (hətta 21:00-dək) işdə olmuşdur. Hər zaman subardinasiyaya böyük önəm vermişdir. Buradan da aydın görünür ki, rəhbərlik bütün bu qanunsuzluqları qərəzli şəkildə etmişdir. Onu işdən çıxartmaq üçün ərizə yazmağa məcbur etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 27 fevral 2023-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsini əsl Cavabdeh1 ilə əvəz edilmiş və Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsini isə üçüncü şəxs qismində cəlb edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin sözü gedən qətnaməsi ilə onun MPM-nin 8, 14, 47.2, 76, 77, 79, 85, 88, Ailə Məcəlləsini 58, 59, 60, 61, 63, Konstitutsiyasının 43–cü maddələrində nəzərdə tutulan maddi və prosessual hüquqları pozulmuşdur. Məhkəmə işi düzgün araşdırmamış, işin hallarını düzgün qiymətləndirməmişdir. Məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün qətnaməni qanunsuz və əsassız hesab edir. Qeyd edir ki, işlədiyi müddət ərzində nizam intizam qaydalarına əməl etmiş, qəsdən heç bir intizamsızlıq etməmişdir. Beləliklə cavabdeh qərəzli olaraq onu işdən azad etmiş və bu zaman heç bir araşdırma aparmamışdır. Qətnamə çıxarılan zaman iş üçün əhəmiyyətli olan hallar araşdırılmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Sumqayıt şəhəri 63 saylı Körpələr evi-uşaq bağçasının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, Sumqayıt Şəhər Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi cavabdehlər Sumqayıt şəhər 63 nömrəli körpələr-evi uşaq bağçasına və Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddianın rədd edilməsi nəticəsinə gəlmiş, bu nəticədən narazı qalan iddiaçı qətnaməni bütövlükdə mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə iş üzrə müəyyən edilmiş halları və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə ki, iddia tələbi 63 saylı körpələr evi – uşaq bağçası və Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı yönəlsə də, iddianı rədd edən məhkəmə cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı münasibətdə isə məsələ ümumiyyətlə qiymətləndirmədən kənarda qalmışdır. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilibedilmədiyini müəyyənləşdirə bilsin. Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunur. Qanunun mənasına görə cavabdeh iddia tələbinin yönəldiyi şəxs olmaqla, o iddiaçının hüququnu pozan və yaxud mübahisələndirən tərəfdir. Lakin hazırki tələb üzrə cavabdeh kimi göstərilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti İddiaçı hansı hüququnu pozduğunu, onun bu tələbə cavab verməli olan əsl cavabdeh olduğu və bunu mübahisələndirməsi görünmür. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin mahiyyəti üzrə düzgün nəticəyə gəlmiş olsa da, iddiaya cavab verməli olmayan şəxsi cavabdeh qismində tanımaqla prosessual hüquq normalarının tələbini pozmuşdur. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (MPM-nin 385.1.1-ci maddəsi). İddiaçı xx.xx.2004-cü ildən xx.xx.2022-ci ilədək Sumqayıt şəhər 63 №li körpələr evində tərbiyəçi işləməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi əmrin ləğv edilməsi, işə bərpa və itirilmiş günlərə görə ödənilməyən əmək haqqının ödənilməsi barədədir. Qeyd edilməlidir ki, iddia tələbi bir neçə tələbdən ibarət olduğundan və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi tələbi digər tələbləri özündən asılı etdiyindən ilk öncə həmin tələbə hüquqi qiymət verilməlidir. İddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 300-cü maddəsi təşkil edir. Əmək Məcəlləsinin 300-cü maddəsinin dispozisiya şərtlərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri nəzərdə tutulmuşdur. Bura Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilmənin əsaslarının pozulması və ya Məcəllənin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl edilməməsi, habelə 79-cu maddədə nəzərdə tutulmuş hallara əhəmiyyət verilməməsi daxildir. Lakin hazırkı işdə işəgötürən tərəfindən qeyd olunan halların pozulması ilə müqaviləni ləğv etməsi müəyyən edilmir. Əmək Məcəlləsinin 69.3 maddəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. İşdən görünür ki, İddiaçı səhhətində olan problemlə ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi barədə ərizə vermiş, Sumqayıt şəhər 63 saylı körpələr evi uşaq bağçasının xx.xx.2022-ci il tarixli 108 №li əmri ilə İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmişdir. İddiaçı isə xx.xx.2023-cü il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022 il tarixli ərizəsinin etibarsız hesab edilməsi, Abşeron-Xızı Regional Təhsil İdarəsinin işdən azad olunmağı barədə 108 №-li, xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa və itirilmiş günlərə görə ödənilməyən əmək haqqının ödənilməsini xahiş etmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. (Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Mülki Məcəllənin 375.2. maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göründüyü kimi iddiaçının əmrin verilməsindən xəbərdar olması işin halları ilə öz təsdiqini tapır. Belə ki, işin 63-cü səhifəsində olan əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə tanış olmaqla imzalamışdır. Lakin buna baxmayaraq iddiaçı mövcud tələblə məhkəməyə 3 aydan artıq müddət keçdikdən sonra müraciət etmiş və bununla da əmək qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, əmrin qanunsuz hesab edilməklə işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair iddia tələbi müddətin ötürülməsi əsaslı ilə təmin edilə bilməz. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin iddia tələbinin ərizənin etibarsızlığı ilə bağlı hissəsinə gəldikdə isə qeyd edir ki, ərizənin etibarsızlığı heç bir hüquqi nəticə yaratmamaqla mövcud iş üzrə sübut növlərindən biri olmaqla həmin ərizənin müstəqil qaydada onun mübahisələndirilməsi üçün əsas olmadığından təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Sumqayıt şəhəri 63 saylı Körpələr evi-uşaq bağçasına qarşı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar