Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1706/2024 20.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 2(029)-255/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanmaya görə 2655 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödədiyi 46.55 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək bildirmişdir ki, o, hazırki iddia ərizəsində Cavabdeh əsassız varlanmaya görə 2655 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödədiyi 46.55 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hal-hazırda o, iddia ərizəsinə dəqiqləşmə verərək iddia həcminin arıtılmasını və Cavabdeh əsassız varlanmaya görə 2655 manat məbləğində pul vəsaitinin, cavabdehə ödənilmiş 500 manat xəstəxana xərclərinin və iddia ərizəsinin verilməsi üçün ödədiyi 46.55 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, X6 mülkiyyətində olan və etibarnamə əsasında onun idarə etdiyi "xxxx" markalı ** BD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Günay Sığorta Açıq Səhmdar Cəmiyyətində icbari sığorta növündə sığortalanmışdır (Müqavilənin bağlanma tarixi: xx.xx.2022, nömrəsi: PGU**********). xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində idarə etdiyi "xxxx" markalı ** BD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Qusar şəhəri Ə.Səfıxanov küçəsi ilə A.Xammətov küçəsinin kəsişməsində hərəkətdə olarkən yol ayrıcında əsas yolda hərəkətdə olan, Cavabdeh məxsus KİA CERATA markalı ** XT *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və hər iki avtomobil əzilmişdir. Qusar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(029)-1/2023 saylı qərarı ilə o Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 06 ay müddətə məhdudlaşdırılmışdır. Cavabdeh məxsus KİA CERATA markalı ** XT *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 2655 manat müəyyən olunmuşdur. Cavabdeh ilə aralarında olan razılığa əsasən həmin şəxsin avtomobili onun tərəfindən tam şəkildə təmir olunaraq həmin şəxsə təhvil verilmişdir. Belə ki, avtomobilin dəyişməli olan bütün detalları onun tərəfindən alınmış, avtomobil ustası tərəfindən dəyişdirilmiş, ustanın zəhmət haqqı da onun tərəfindən ödənilmişdir. Bundan sonra isə ona məlum olmuşdur ki, X6 mülkiyyətində olan və etibarnamə əsasında onun idarə etdiyi "xxxx" markalı ** BD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin icbari sığortalandığı Günay Sığorta Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh dəymiş zərərə görə müvafiq sığorta ödənişi verilmiş və ona dəymiş ziyan tam olaraq qarşılanmışdır. Bu isə o deməkdir ki, Cavabdeh onun cavabdehin qarşısında daşıdığı delikt öhdəliyindən sui-istifadə edərək əsassız şəkildə varlanmışdır. Göründüyü kimi, yuxarıda qeyd etdiyi yol-nəqliyyat hadisəsi nəticəsində onun Cavabdeh qarşısında delikt öhdəliyi yaransa da, sonradan onun mülki məsuliyyəti idarə etdiyi avtomobilin sığortalandığı Günay Sığorta Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənildiyindən onun həmin öhdəliyi aradan qalxmışdır. Buna baxmayaraq, Cavabdeh sığorta şirkəti tərəfindən sığorta ödənişinin ona verilməsini ondan qəsdən gizlətmiş, avtomobili tam şəkildə ona təmir etdirmiş və bununla da əsassız olaraq varlanmışdır. Onun avtomobilin təmiri üçün çəkdiyi 2655 manat məbləğində xərc Cavabdeh alınaraq ona qaytarılmalıdır. Qusar Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 2(029)-255/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh əsassız varlanmaya görə 120 (yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumu olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərclərinin İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, HesabAZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X5, Kodu210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməsi qət edilmişdir (hakim Əli Cəlilov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Cavabdeh əsassız varlanmaya görə 2655 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödədiyi 46.55 manat məbləğində pul vəsaitinin tutularaq on verilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni qaydada əsaslandıraraq əlavə olaraq bildirmişdir ki, Qusar Rayon Məhkəməsinin qənaəti işin faktiki hallarına uyğun deyil. Çünki, Cavabdeh məhkəmədə verdiyi izahatında onun Cavabdeh avtomobilini təmir etməyi faktını etiraf etmişdir. Bu, həm məhkəmə qətnaməsində, həm də məhkəmə prosesinin videoçəkilişində öz əksini tapmışdır. Belə olan halda, Azərbaycan Respublikası MPM-in 106.3-cü maddəsinin tələbinə əsasən o, cavabdehə məxsus avtomobilin təmir edilməsi faktını sübut etməkdən azaddır. Cavabdeh etirazı isə bundan ibarət olmuşdur ki, o, avtomobili keyfiyyətsiz təmir etdirmişdir. Lakin, o, avtomobili şəxsən özü deyil, avotomobil təmiri işi ilə məşğul olan mütəxəssisə təmir etdirmiş və bununla bağlı avtomobilin dəyişməli olan ehtiyyat hissələrini almış, həmin ehtiyat hissələrinin dəyişdirilməsi üçün avtomobili təmir edən şəxsə zəhmət haqqı ödəmişdir. Bu barədə avtomobili təmir etmiş ustanın imzası ilə təsdiq olunan sənəd də məhkəməyə təqdim olunmuşdur. Ona görə də, avtomobilin təmir olunmasının Cavabdeh xoşuna gəlməməsi onun avtomobili təmir etdirməyi və bununla bağlı xərc çəkilməsi faktını aradan qaldırmır. Çünki, o, avtomobili təmir olunmuş şəkildə Cavabdeh təhvil vermişdi. Hətta, Cavabdeh xoşuna gəlmədiyi üçün yenidən avtomobilin təmirinə xərc çəkmişdirsə bunu o, sığorta şirkətindən aldığı pul vəsaiti hesabına etmişdir. Ona görə də, həmin hallar Cavabdeh onun hesabına əsassız varlanması faktını aradan qaldırmır. Bundan başqa, Cavabdeh avtomobili yenidən təmir etdirməsi ilə bağlı hər hansı sübutu da məhkəməyə təqdim etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir.Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli nəqliyyat vasitələrinin təmirinə (bərpa edilməsinə) dair Smeta (haqqı hesab) aktından görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh idarə etdiyi «KİA CERATO» minik markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyan 1405 (min dörd yüz beş) manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 273/24 saylı Günay sığortadan verilmiş məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş sığorta hadisəsi ilə bağlı cəmiyyət tərəfindən X2 1985 manat, hadisə zamanı yüngül xəsarət almış X3 750 manat məbləğində sığorta ödənişi verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qaimədən görünür ki, Cavabdeh 350 manata 1 ədəd kapot, 100 manata sol lanjiron və 400 manata “Airbag” şit almışdır. İş materiallarında olan dəmirçi X7 tərəfindən tərtib olunmuş sənəddən görünür ki, təmir etdiyi maşın kia-cerato üçün ümumi olaraq söküb yığılması üçün 370 (üç yüz yetmiş) manat haqq almışdır. İş materiallarında olan rəngsaz X10 tərəfindən tərtib olunmuş sənəddən görünür ki, Kia Cerato markalı maşının rənglənməsi üçün 500 manat xərc çıxmışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, X6 mülkiyyətində olan və etibarnamə əsasında İddiaçı idarə etdiyi "xxxx" markalı ** BD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Günay Sığorta Açıq Səhmdar Cəmiyyətində icbari sığorta növündə sığortalanmışdır (Müqavilənin bağlanma tarixi: xx.xx.2022, nömrəsi: PGU**********).xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində İddiaçı idarə etdiyi "xxxx" markalı ** BD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Qusar şəhəri Ə.Səfıxanov küçəsi ilə A.Xammətov küçəsinin kəsişməsində hərəkətdə olarkən yol ayrıcında əsas yolda hərəkətdə olan, Cavabdeh məxsus KİA CERATA markalı ** XT *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və hər iki avtomobil əzilmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(029)-1/2023 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 06 ay müddətə məhdudlaşdırılmışdır. Birinci instansiya məhkəməsi iddia təələbinin qismən təmin edilməsini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində göstərdiyi məbləğdə pulu xərcləməsini, məhz Cavabdeh məxsus KİA CERATA markalı ** XT *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə onun tərəfindən təmir etdirməsini, ehtiyyat hissələrini almasını, ustaya pul verməsini, xəstəxana xərclərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlər isə iddiaçının iddia tələbinin təmin edilməsi üçün sübut deyil. Əgər iddiaçı cavabdehin maşının məhz onun tərəfindən təmir etdirməsini və təmir xərclərini təsdiq edən qəbz, arayış, həmçinin xəstəxana xərclərini ödəməsini təsdiq edən qəbz, arayış təqdim etsə idi və ya cavabdehin maşınını saz vəziyyətdə təhvil verməsinə dair mötəbər sübut təqdim etsə idi və ya cavabdeh həmin halları etiraf etsə idi, iddiaçının iddia tələbi uğurlu ola bilərdi. Cavabdeh maşını iddiaçıdan təhvil götürəndə həmin KİA CERATA markalı avtomobili öz hesabına təmir etdiyini bildirmiş, bu barədə birinci instansiya məhkəməsinə sübutlar təqdim etmişdir. Birinci instansiya məhkəməsi iclasında Cavabdeh iddiaçının xəstəxana xərci olaraq yalnız MRT üçün 120 manat pul verdiyini bildirmişdir. Bununla da, Cavabdeh İddiaçı qarşısında 120 manat pul öhdəliyi yaranmışdır.Çünki sığorta xərci olaraq zərərçəkmiş şəxsə qaytarılmışdır. Birinci instasniya məhkəməsi tələbin hüquqi əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq həmçinin apellyasiya münasibətdə qeyd edir ki, İddiaçı ərizəsi ilə Cavabdeh əsassız varlanmaya görə 2655 manat məbləğində pul vəsaitini tələb etsə də, həmin məbləği sübut edən hər hansı sənədi məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşdüyündən iddiaçının da iddia tələbinin əsasını sübut etmə vəzifəsi vardır. İddiaçı MPM-in 106.3-cü maddəsinə istinad etmiş, həmin maddədə isə qeyd edilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Bununla əlaqədar kollegiya qeyd edir ki, cavabdeh birinci instasniya məhkəməsində izahatında iddiaçının onsuz gedib maşını təmir etdirməsini etiraf etsə də, eyni zamanda bildirmişdir ki, həmin təmir çox yararsız, keyfiyyətsiz olmuşdur, demək olar ki, təmir olmamışdır. O, bu barədə iddiaçının atasına, özünə demişdir. İddiaçının etdiyi keyfiyyətsiz, yararsız təmirin xərci nə qədər olmasını deyə bilmir. Cavabdeh yalnız arvadının xəstəxanada MRT-yə salınıb, bunun xərci olaraq da 120 manatın iddiaçı tərəfindən ödənildiyini etiraf etmiş və bu da məhkəmə qətnaməsi ilə ondan tutulmuşdur. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 2(029)-255/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1706/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1706/2024
20.11.2024 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver