Məhkəmə qərarları › İş №2(105)-1711/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1711/2025

26.02.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1711/2025 26.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər X4 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3460/2025 nömrəli, 25 sentyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 ünvan 1 ünvanına dair yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx xxx 1946- cı il tarixdə anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla faktiki yaşayır. Hazırki iş üzrə cavabdehlər onun oğlu və nəvəsidir. Sözügedən mənzildə pasport qeydiyyatında olsalar da yaşamırlar, mənzil ilə heç bir əlaqələri yoxdur. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdehlərin mənzilə yaşayış-istifadə hüququ yoxdur. Onların uzun illərdir ki, sözügedən mənzildə yaşamaması başqa yaşayış yerlərinin olmasına və həmin mənzilə ehtiyaclarının olmamasına dəlalət edir. Belə ki, AR DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 22 iyun 2023-cü il tarixli arayışından da görünür ki, cavabdehlər sözügedən mənzildə qeydiyyatda olmamış, sənəd işlərinin həlli üçün müvəqqəti qeydiyyata düşmüşlər. Bildirmək istəyir ki, hazırda xüsusi mülkiyyətində olan mənzil ilə bağlı satmaq, bağışlamaq və s. digər hərəkətlər etmək istəsə də cavabdehin mənzildə yaşamamasına baxmayaraq pasport qeydiyyatında olması səbəbindən razılığı tələb edilir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir.Hesab edir ki, mübahisənin məhkəmədən kənar həlli mövcud deyildir.

3. Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 61, 24 saylı mənzildə yerləşən yaşayış sahəsinə olan istifadə hüquqları itirilmiş hesab edilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdehlərin mübahisəli mənzilə istifadə hüququnun formal xarakter daşıması, cavabdehlər artıq uzun müddətdir ki, başqa yaşayış sahəsində yaşadığından və cavabdehin mübahisəli mənzilə istifadə hüququnun qalması mülkiyyətçi olan iddiaçının mülkiyyət hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olması, habelə iddiaçının cavabdehə görə mənzilə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilməməsi ilə əsaslandırmışdır.

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin maddi hüquqi əsası kimi Konstitusiyanın 29, Mülki Məcəllənin 27.1, 152.1, 152.5, Mənzil Məcəlləsinin 29.1, “Yaşayış yeri və olduğu yer haqqında” Qanunun 1, 9-cu maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı onun doğma anası və ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Sözügedən mənzil iddiaçıya mərhum atası Babayev Salman İbrahim oğlundan miras əmlak olaraq qalmışdır. Sözügedən mənzil mərhum atası Babayev Salman İbrahim oğluna iş yerindən və ailə üzvlərinin sayı nəzərə alınmaqla order əsasında verilmişdir. O həmin mənzildə uşaqlıqdan yaşamış və mənzilin özəlləşdirilməsində iştirak etmişdir. Atası Babayev Salman İbrahim oğlunun vəfatından sonra bir övlad kimi, baxmayaraq ki, o da vərəsədir öz payından imtina edərək mənzilin anasının – iddiaçının adına sənədləşdirilməsinə etiraz etməmişdir. İddiaçı ilə aralarında bir ana kimi hər hansı formada mübahisə, dava-dalaş olmamış, ana kimi daim iddiaçının hörmətini saxlamışdır. İndi də anasına hörmətlə yanaşır. Doğma bacısı olan X3 ona verilmiş etibarnamədən və onun xəstəliyindən istifadə edərək həmin binada, mənzil 25 ünvanında yerləşən iki otaqli mənzilin satılmasına və mənzilin satışından əldə olunmuş 62.000 (altmış iki min) manat pul vəsaitinin mənimsənilməsinə nail olmuşdur. Həmin pul vəsaitindən bir oğul övladı kimi ona pay ayrılmamış, bu da münasibətlərinin pisləşməsinə səbəb olmuşdur. O yenə də anasına qarşı hörmətsizlik etməmiş və qeydiyyatda olduğu mənzildə yaşamaqda davam etmişdir. Lakin o ağır şəkər xəstəsi olduğundan, eyni zamanda ürək çatışmazlığından və ayaqlarında olan problemlərdən əziyyət çəkdiyindən, ən əsas mübahisəli mənzil 5-ci mərtəbədə yerləşdiyindən, lift olmadığından ona 5-ci mərtəbəyə çıxıb, düşmək çətin olduğundan, oğlu Elməddin onu çiynində daşıdığından və ailə üzvləri bununla bağlı əziyyət çəkdiklərindən, xx.xx.2024-cü ildə açıq ürək əməliyyatı olunduğundan müvəqqəti olaraq ünvan 2 ünvanında bir illik mənzil kirayə müqaviləsinə əsasən kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Ailəsi də ona baxmaq və qulluq etmək üçün məcburən onunla yaşamalı olmuşdur. Nəticədə o və ailə üzvləri üzrlü səbəblərdən mübahisəli mənzili tərk etmək və kirayə yaşamaq məcburiyyətində qalmışlar. Hal-hazırda mənzil kirayə müqaviləsinin müddəti bitmişdir. Mənzil kirayə xərclərini ödəməkdə çətinlik çəkdiyindən, kirayə xərclərini vaxtlı-vaxtında ödəyə bilmədiyindən mənzil sahibi mənzilin kirəyə müqaviləsini yeniləməmiş və mənzili boşaltmağını tələb etmişdir. Qeydiyyatda olduğu, iddiaçıya məxsus mənzilin açarı onda olmasına baxmayaraq, iddiaçı mənzilin onda olan açarını dəyişdirdiyindən mənzilə daxil ola bilməmişdir. Dəfələrlə tələb etməyinə baxmayaraq iddiaçı mənzilin yeni açarını ona təqdim etməmiş, onu və ailəsini yeganə yaşayış yeri olan mənzilə buraxmamış, onun mənzil hüquqlarını kobud şəkildə pozmuşdur. O bir oğul övladı kimi anasından – iddiaçıdan şikayət etməyi özünə sığışdırmadığından, işin məhkəmədə olduğunu bildirərək məhkəmə mübahisəsi həllini tapana kimi onlara vaxt verməsini mənzil sahibindən xahiş etmiş və hal-hazırda ailəsiylə müvəqqəti olaraq müqavilə yenilənmədən kirayədə yaşayır. ünvan 1 ünvanında yerləşən mənzil onun və ailəsinin yeganə yaşayış yeridir. Lakin buna baxmayaraq iddiaçı – anası İddiaçı bacısı X2 ona psixoloji təsir göstərməsi və ona qarşı öyrətməsi nəticəsində heç bir əsaslı səbəb olmadan və qanunvericiliyin tələbinə əsasən ona nəzərdə tutulan kompensasiya məbləğini təklif etmədən hazirkı iddia tələbinə əsasən məhkəməyə müraciət etmişdir. Halbuki, o, mərhum atası Babayev Salman İbrahim oğlu vəfat edəndən sonra ondan miras qalmış ünvan 1 ünvanında yerləşən mənzildə vərəsə olsa da, öz vərəsə hüquqlarından imtina edərək mənzilin iddiaçının adına keçməsinə etiraz etməmişdir. Mənzildə bu gündə işlək vəziyyətdə olan 018 ***-**-** saylı ev telefonunun aylıq xərcləri tərəfindən 25 manat civarında hər ay ödənilir. Ona məxsus əmlaklar bu gündə qeydiyyatda olduğu mənzildədir. Xüsusi qeyd edir ki, bacısı X3 boşanmışdır, iki uşağı ilə onun razılığıyla mübahisəli mənzildə və himayəsində yaşamışdır. Onun uşaqlarının saxlanmasına, oxuyub, təhsil almasına bir dayı kimi köməklik etmiş, dəstək olmuşdur. Həmin vaxt onun maddi imkanı yaxşı idi və bacısıyla heç bir problemi yox idi. Hal-hazırda bacısı uşaqları Polşada yaşayır və işləyir. Göstərdiklərini şahidləri də təsdiq edə bilər. Məhkəmənin nəzərinə onu da çatdırır ki, hal-hazırda səhhətiylə bağlı heç bir yerdə işləmir və İ dərəcə əlildir. Həyat yoldaşı ona baxdığı üçün heç bir yerdə işləyə bilmir, ona görə də maddi vəziyyəti çox ağırdır. Ailədə tək oğlu işləyir və ona tək o dəstək olur. Çünki, o qeydiyyatda olduğu ünvan üzrə ərazi üzrə poliklinikada qeydiyyatdadır, mütamadi olaraq müayinə və müalicə olunur, dərman pereparatları ilə təmin olunur. Əməliyyat olunmuş və əməliyyat olunduğundan həkim nəzarəti altındadır, bu barədə tibbi sənədləri məhkəməyə təqdim etmişdir. O, qeydiyyatda olduğu mənzili daimi yaşamaq məqsədi ilə deyil, səhhətiylə baglı lift olmadığından 5-ci mərtəbədə yerləşən mənzilə çıxıb düşmək çətin olduğundan, o və ailəsi əziyyət çəkdiyindən məcburiyyət qarşısında qalaraq müvəqqəti yaşamaq üçün tərk etmişdir. Həmçinin iddiaçı onu və ailəsini mənzilə buraxmadığından mənzilə qayıdıb yaşaya bilmir. O və ailə üzvlərinin adına hər hansı formada daşınmaz əmlak, fərdi yaşayış evi və torpaq sahəsi yoxdur. Sözügedən mənzil onun və ailə üzvlərinin yeganə yaşayış yeridir. Onun maddi imkanı isə başqa mənzil almağa imkan vermir. Lakin işə baxan məhkəmə işin hallarını, onun uşaqlıqdan mübahisə predmeti olan mənzildə yaşamağını və mənzilin özəlləşməsində iştirak etməyini, mənzilə istifadə hüququnun olmasını, vərəsə olmağını, mənzili səhhətiylə bağlı müvəqqəti tərk etmək məcburiyyətində qalmağını, onun və ailə üzvlərinin başqa yaşayış yerinin olmamasını, səhhətiylə bağlı tibbi sənədləri məhkəməyə təqdim etməyini və ən əsas iddiaçının ona kompensasiya məbləği təklif etmədən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsini nəzərə almadan, onun konstitusion hüquqlarını, maddi hüquq normalarını və maddi prosessual hüquq normalarını pozmaqla əsassız, ədalətsiz, qanunsuz və hansı maraqdansa qərəzli və ona ziyan vurulması ilə nəticələnən analoqu olmayan qətnamə qət etmişdir. Həmçinin işə baxan məhkəmə iddiaçının onun ailəsiylə uzun illərdir mənzildə yaşamadığı barədə yalan məlumatlarına, əsasən onun 2015-ci ildən mənzilə qeydiyyata alındığına dair sənədə istinad edərək, baxmayaraq ki o uşaqlıqdan məzildə yaşadığını, mənzilin özəlləşdirilməsində iştirak etdiyini, hətta vərəsə payından iddiaçının xeyrinə imtina etdiyini bildirmiş, səhhətiylə bağlı tibbi sənədləri məhkəməyə təqdim etmiş, heç bir araşdırma aparmamış, iddiaçınin iddia tələbi üzrə uzun illərdir mənzildə yaşamamağına dair mötəbər sübutları məhkəməyə təqdim etməməsinə hüquqi qiymət verməmiş, nəticədə əsassız, ədalətsiz, qanunsuz və ona ziyan vurulması ilə nəticələnən analoqu olmayan qətnamə qət etmişdir. Yuxarıda sadalananlar Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini şərtləndirir. Göründüyü kimi iddiaçı cavabdehlərə bazar qiyməti ilə kompensasiya məbləği təklif etməmiş, işə baxan məhkəmə isə buna heç bir hüquqi qiymət verməmişdir. Lakin işə baxan məhkəmə bu maddi prosessual hüquq normalarının tələblərini pozmuş, işi tam, hərtərəfli və obyektiv araşdırmamış, işə birtərəfli, yalnız iddiaçının maraq mövqeyindən yanaşmış, işin hallarına hüquqi qiymət verməmiş, prosesin çəkişmə, faktlar əsasında keçirilməsi prinsipini pozmuş, ona ziyan vurulması ilə nəticələnən qanunsuz, əsassız, ədalətsiz, qərəzli və analoqu olmayan qətnamə qət etmişdir. Göründüyü kimi işə baxan məhkəmə (hakim) qeyd olunan maddi prosessual hüquq normalarını pozmuş, iddiaçının iş üzrə mötəbər sübutlar təqdim etməməsini, işin hallarını, onun uşaqlıqdan mübahisə predmeti olan mənzildə yaşamağını və mənzilin özəlləşməsində iştirak etməyini, mənzilə istifadə hüququnun olmasını, mənzili səhhətiylə bağlı müvəqqəti tərk etmək məcburiyyətində qalmağını, onun və ailə üzvlərinin başqa yaşayış yerinin olmamasını, səhhətiylə bağlı tibbi sənədləri (sübutları) məhkəməyə təqdim etməyini və ən əsas iddiaçının ona kompensasiya məbləği təklif etmədən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsini nəzərə almamışdır. Göründüyü kimi işə baxan məhkəmə təqdim etdiyi sübutlara (mənzil kirayə müqaviləsi və barəsində olan tibbi sənədlərə), ən əsas iddiaçının iş üzrə uzun illərdir ailəsiylə mənzildə yaşamamağı barədə mötəbər sübutları təqdim etməməsinə heç bir hüquqi qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

8. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçı və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər, Cavabdeh2 iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq, məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq

11. Mənzil Məcəlləsi

01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin birinci bəndinin tələblərinə görə icarədar və ya onu ailə üzvləri müvəqqəti başa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir (Mənzil Məcəlləsinin 87-ci maddəsi).

12. Mülki Prosessual Məcəllə

217.2. Hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermiş, digər cavabdehlər bu qətnamədən apellyasiya şikayəti verməmişlər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız Cavabdeh1 münasibətdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli qətnaməsi Cavabdeh1 aid hissədə ləğv edilməli və həmin hissədə iddianın rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir.

15. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdehlərin mübahisəli mənzilə istifadə hüququnun formal xarakter daşıması, cavabdehlər artıq uzun müddətdir ki, başqa yaşayış sahəsində yaşadığından və cavabdehin mübahisəli mənzilə istifadə hüququnun qalması mülkiyyətçi olan iddiaçının mülkiyyət hüquqlarını sərbəst surətdə həyata keçirməsinə mane olması, habelə iddiaçının cavabdehə görə mənzilə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilməməsi ilə əsaslandırmış, gəldiyi nəticənin maddi hüquqi əsası kimi Konstitusiyanın 29, Mülki Məcəllənin 27.1, 152.1, 152.5, Mənzil Məcəlləsinin 29.1, “Yaşayış yeri və olduğu yer haqqında” Qanunun 1, 9-cu maddələrinə istinad etmişdir.

16. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, sonuncu qətnaməni iddia tələbinin özünə aid hissədə mübahisələndirir.

17. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı).

18. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir.

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

21. İşin aşağı instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına əsasən ünvan 3 ünvanında yerləşən mənzil Sumqayıt şəhər X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin xx.xx.2006-cı il tarixli 03 nömrəli protokolu əsasında iddiaçının mərhum atası Babayev Salman İbrahim oğlunun adına xx.xx.2006-cı il tarixdə verilmiş 14 nömrəli reyestr kitabında 21-ci səhifədə qeydiyyata alınmaqla, 34414 saylı qeydiyyat vəsiqəsi verilmiş və o, xx.xx.2014-cü il tarixdə vəfat etmiş, ölümündən sonra isə xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X3 və İddiaçı hər biri miras əmlakdan bərabər irs almaqla, miras payın bağışlanması müqaviləsi əsasında miras əmlak tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınaraq xx.xx.2015-ci il tarixli ******* seriyalı, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir.

22. İşin mübahisə olunmayan digər halına əsasən iddiaçı İ qrup əlil olmaqla, ünvan 5 ünvanında yerləşən mənzildə kirayə yaşayır.

23. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

24. Baxılan iş üzrə mübahisələndirilən hissədə iddia tələbi Cavabdeh1 yaşayış sahəsindən istifadə hüququnun itirilməsi barədədir.

25. İşdən görünür ki, mübahisəli mənzil əvvəlcə dövlət mənzil fonduna, daha sonra 03 saylı protokol əsasında 2006-cı il tarixdə iddiaçının mərhum atası Salman Babayevin adına rəsmiləşdirildiyindən, hazırkı mübahisəyə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir.

26. Məlum olduğu kimi, MPM-in 217.2-ci maddəsinə görə hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

27. İş üzrə mənzil sənədinə əsasən Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 47,31 kv.m yaşayış sahəsindən ibarət 61 saylı evin, 24 saylı mənzili 10/309 saylı xx.xx.1975-ci il tarixdə Babayev Salman İbrahim oğluna verilmiş, həmin mənzilə ailə üzvləri, o cümlədən iddiaçı Cavabdeh1 köçərək yaşamaqla həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 54-cü maddələinə əsasən istifadə hüququ əldə etmişdir.

28. Qeyd olunan maddənin dizpozisiya şərtinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur.

29. Buna baxmayaraq qanunverici bu hüququ əldə etmiş şəxslərin hüquqlarının itirilməsini də istisna etmir. Lakin bunun üçün hüquqi əsaslar mövcud olmalıdır.

30. Bununla belə, aşağı instansiya məhkəməsi cavabdehin istifadə hüquqlarının itirilməsi ilə bağlı 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinin tələbləri baxımından qiymətləndirmə aparmamışdır.

31. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin birinci bəndinin tələblərinə görə icarədar və ya onun ailə üzvləri müvəqqəti başa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır.

32. Həmin Məcəllənin 87-ci maddəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

33. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddət başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.

34. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

35. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

36. Məhkəmə kollegiyası vurğulayır ki, mübahisəyə yuxarıda göstərilən şəkildə hüquqi qiymət vermədən, aidiyyəti maddi hüquq normalarını yoxlamadan, sadəcə bəzi qanunvericilik normalarını sadalayaraq, səthi və formal mülahizələrlə iddianı əsaslı olması barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz.

37. Belə ki, iddiaçının tələbinə etiraz edən cavabdeh birinci dərəcəli əlil olmaqla, orqanizmin funksiyaları 90% pozulduğunu, diabet xəstəliyindən əziyyət çəkdiyini, səhhətində yaranmış problemlərlə bağlı açıq ürək əməliyyatı keçirdiyini, eləcə də mübahisəli mənzilin beş mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşməklə binanın lift xidməti olmaması mənzilə qalxmaqda ona çətinlik yarantdığından, məcburiyyət qarşısında müvəqqəti həmin yaşayış sahəsini tərk edərək həmin yaşayış məntəqəsinin yaxınlığında birinci mərtəbədə kirayə mənzil tutaraq yaşadığını bildirmişdir.

38. Göründüyü kimi mübahisəli mənzil cavabdehin yeganə yaşayış sahəsi olmaqla sonuncunun həmin mənzili daimi yaşamaq üçün tərk etmədiyi işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli kirayə müqaviləsində də öz təsdiqini tapmışdır.

39. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 mübahisəli yaşayış sahəsindən yuxarıda göstərilən üzürlü səbəblərdən getməsi onun həmin yaşayış sahəsinə olan hüququnun itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz.

40. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır.

41. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 mübahisəli mənzildə istifadə hüququna xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyindən, iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilə bilməz.

42. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

43. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri).

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qətnaməsi Cavabdeh1 aid hissədə ləğv edilməli və həmin hissədə iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ:

Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli qətnaməsi Cavabdeh1 aid hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar