Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1718/2022 05.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilk və Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma, qanunsuz tikiliyə köçürülmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(012)-1844/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib, Cavabdeh və onun övladları - 2009-cu il təvəllüdlü X10 və 2013-cü il təvəllüdlü X3 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsindən və üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı qeydiyyat nömrəli reyestrdən çıxarışla onun mülkiyyətindədir. Alqı-satqı zamanı aldığı torpaq sahəsində və orada yerləşən fərdi yaşayış evində olmuşdur. Ev sahibləri bildirmişlər ki, onlara bir az vaxt versin, evdə olan əşyaları boşaldıb evdən çıxacaqlar. Bundan bir müddət sonra oraya getmiş və orada Cavabdeh yaşadığını görmüş, sonuncuya bildirmişdir ki, torpaq sahəsini almışdır, tez bir vaxtda evi boşaltsın. Onun müraciətində cavabdeh ona bildirmişdir ki, getməyə yeri yoxdur. Yeni aldığı torpaq sahəsində yenidənqurma işləri aparmalıdır. Cavabdeh və onun övladları - 2009-cu il təvəllüdlü X10 və 2013-cü il təvəllüdlü X3 orada qalmaları bu işlərə maneçilik törədir. Cavabdeh hazırda mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsindən və üzərində yerləşən evdən çıxarılmalıdır. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, onun övladları – xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X11 ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən sənədsiz evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Elşad Bayramovla nikaha girdikdən sonra X1na məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 30 saylı evin 33 saylı mənzilinə gəlin köçmüşdür. Hazırda da həmin mənzildə pasport qeydiyyatındadır. X1 mülkiyyətçisi olduğu Sumqayıt şəhəri 13-cü mikrorayon, 30 saylı evin 33 saylı mənzilini satmışdır. Keçmiş həyat yoldaşının və qayınatasının ona verdiyi vədə görə onlar torpaq sahəsi alıb orada fərdi ev tikərək onu bu evə köçürməli idilər. Onlara inanaraq qeydiyyatda olduğu mənzildən çıxarılmasına razılıq vermişdir. X1 xx.xx.2011-ci ildə Bərdə rayonunun Şahvəlilər kəndində qeydiyyatda olan X5 etibarnamə əsasında Abşeron rayonu, Saray qəsəbəsində 0.02 ha torpaq sahəsi və orada sənədsiz tikilmiş ev alaraq onu oraya köçürmüşdür. O, hazırda həmin fərdi evdə uşaqları ilə birlikdə 11 ildir yaşayır. X20 arasında xx.xx.2008-ci ildə qeydə alınmış nikaha Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4672/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xitam verilmişdir. Həmin qətnaməyə əsasən birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X3 onun yanında qalması qət edilmişdir. Qayınatası T.Bayramov vəfat etmişdir. T.Bayramovun vəfatından sonra keçmiş həyat yoldaşı öz adına X5 Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,2 ha torpaq sahəsinə görə etibarnamə almış və həmin ərazini qeyri-rəsmi yaşadığı İddiaçı adına özəlləşdirmişdir (xx.xx.2022-ci il tarixli, ********** reyestr nömrəli çıxarış). Həmin torpaq sahəsini mərhum qayınatası onun və iki övladı üçün almışdır. O, 2011-ci ildən bu ünvanda övladları ilə birgə yaşayır. Buna görə də İddiaçı adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** reyestr nömrəli çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi evə köçürülməsi barədə qətnamə qəbul olunmalıdır. İlk və qarşılıqlı iddialar üzrə cavabdeh tərəfindən yazılı etiraz daxil olmamışdır. İşin materiallarında olan DƏDRX Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi (yaşayış məntəqəsi torpaqları təyinatlı) xx.xx.2022-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Onun adına xx.xx.2022-ci il tarixli, A 711725 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İşdə olan A 688774 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi X6 adına tərtib edilmişdir. Buna əsas onun adına verilmiş 17 fevral 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış olmuşdur. AR-İİ 539698 saylı, 30 dekabr 2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X13 MA ******* saylı, xx.xx.2011-ci il tarixli reyestrdən çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi və s. səlahiyyətləri 20 il müddətinə X9 etibar etmişdir. AN-İ ******* saylı, 26 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X13 nümayəndəsi X14 vasitəsilə MA ******* saylı, xx.xx.2011-ci il tarixli reyestrdən çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsini 15000 manat müqabilində İddiaçı satmışdır. Abşeron rayon İHB Saray qəsəbə İƏD üzrə Nümayəndəliyinin 21 fevral 2022-ci il tarixli arayışından görünür ki, Saray qəsəbəsi, Üzümçülük (Hüseyn Cavid) küçəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və Cavabdeh orada qeydiyyatsız yaşadığı müəyyən edilmişdir. DƏDRX Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi (yaşayış məntəqəsi torpaqları təyinatlı) xx.xx.2011-ci il tarixdən X6 mülkiyyətində olmuşdur. Onun adına eyni tarixli, A 029934 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(060)4672/2021 nömrəli qətnaməsi ilə X14 və Cavabdeh arasında bağlanmış nikah pozulmuş və birgə nikahdan doğulmuş uşaqlar analarının himayəsinə verilmişdir. Abşeron Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(012)-1844/2022 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma barədə ilk iddiası təmin edilib, Cavabdeh övladları – xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X11 ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsindən və üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmaları və Cavabdeh İddiaçı qarşı qanunsuz tikiliyə köçürülmə barədə qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələblərinə hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı hazırda ona məxsus torpaq sahəsindən və üzərində yerləşən tikilidən həmin əmlaklara heç bir hüququ olmayan Cavabdeh uşaqları ilə birlikdə çıxarılmasını xahiş edir. İşdən görünür ki, mübahisəli torpaq sahəsi əvvəllər X6 mülkiyyətində olmuş, o isə həmin əmlakı etibarnamə əsasında səlahiyyət verdiyi şəxs vasitəsilə 26 yanvar 2022-ci il tarixdə 15000 manat müqabilində İddiaçı satmışdır. Bu əmlakla bağlı onun adına reyestrdən çıxarış, habelə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Həmin sənədlər hazırda qüvvədədir. Cavabdeh mübahisəli əmlaka dair heç bir hüququ olmadığından onun bu daşınmaz əmlaka köçürülməsi üçün əsas yoxdur və bu barədə qarşılıqlı iddia təmin edilə bilməz. İşin faktiki hallarından da görünür ki, Cavabdeh faktiki olaraq hazırda bu ünvanda yaşayır, yəni köçürülmə üçün zərurət yoxdur, əmlakın mülkiyyətçisi isə əmlakının boşaldılmasını tələb edir. Mübahisəli tikiliyə dair hüquqmüəyyənedici sənədlər olmasa da, işin faktiki hallarından görünür ki, onun yerləşdiyi torpaq sahəsi xx.xx.2022-ci il tarixdən İddiaçı mülkiyyətindədir və beləliklə, məhkəmənin qənaətinə görə bu tikiliyə münasibətdə onun qanuni gözlənti hüququ mövcuddur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 60-cı maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2, 140, 152.1, 157.2, 157.4, 164.1, 165.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(012)-1844/2022 nömrəli qətnaməsinin ləğv edilib, ilk iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri: Qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İlkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilərək onun və azyaşlı övladları – xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X3 birlikdə Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən sənədsiz tikilmiş evə köçürülməyi barədə qətnamə çıxarılmasını” xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsində başqa xahişi olmamışdr. Hüquqi biliyi olmadığı üçün qarşılıqlı iddia ərizəsini oxumadan imza etmişdir. Qarşılıqlı iddia ərizəsini tərtib edən vəkil ərizənin təsviri hissəsində İddiaçı verilmiş 03 fevral 2022-ci il tarixli, ********** reyestr nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv olunmasını xahiş etsə də, qarşılıqlı iddia ərizəsinin “Xahiş edirəm” hissəsində bu barədə heç nə yoxdur. Məhkəmə də eyni zamanda qətnamənin “Qarşılıqlı iddia ərizəsinin” necə əsaslandırılması hissəsində də “Reyestrdən Çıxarışın” ləğv olunması tələbini göstərsə də, nə qətnamənin əsaslandırıcı hissəsində, nə də nəticə hissəsində bu tələbə heç bir qiymət verməmiş, formal da olsa Daşınmaz Əmlakın Reyestr Xidmətini məhkəməyə cəlb etməmişdir. Məhkəmə iclasının gedişində ona aydın olmuşdur ki, iddianı düzgün qaldırmamışdır. Həmin evdə 11 ildir ki, uşaqları ilə birlikdə yaşayır və həmin evə özbaşına və qanunsuz girməmişdir. Uşaqları da həmin evdə anadan olmuşlar. Ona görə də, mülkiyyətçi tərəfindən onun və uşaqlarının sözügedən evdən çıxarılması kompensasiya yolu ilə həyata keçirilə bilər. Evin mülkiyyətçisi isə yoxdur. Ev qanunsuz tikinti olduğu üçün dövlət qeydiyyatına alınmamışdır. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsində dəyişiklik etmək qərarına gəlmiş və məhkəməyə teleqram göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məqsədi məhkəmə iclasını uzatmaq deyil, qarşılıqlı iddia ərizəsində dəyişiklik etmək idi. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsində göstərilir ki, “İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır”. Həmin Məcəllənin 155.2-ci maddəsində göstərilir ki, “Məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun”. Məhkəmə onun teleqramını aldığını məhkəmənin qətnaməsində göstərmiş, lakin onun teleqramını aldıqdan sonra işin baxılmasını təxirə salmaq əvəzinə iddiaya onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əgər məhkəmə ona iddia ərizəsinə dəyişiklik etməyə imkan versəydi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1-cü maddəsinə istinad edərək “bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd”in zərəçəkmiş tərəfindən mübahisələndirilə bilər olması əsası ilə onun keçmiş əri X14 və onun qeyri-rəsmi arvadı İddiaçı qarşı Sumqayıt şəhər 1 saylı notariat ofisində bağlanmış 26 yanvar 2022-ci il tarixli, AN № ******* saylı daşınmaz əmlakın, yəni torpaq sahəsinin alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı reyestrdən “Çıxarış”ın ləğv olunmasını tələb edəcəkdi. “Alqı-satqı müqaviləsində göstərilir ki, satıcı X15 həmin torpaq sahəsini İddiaçı 15.000 manata satmış və Ağayarova həmin pulu ona ödəmişdir. “Bu tamamilə yalandır və Coşqun Çərkəzova həmin vaxt pul ödənilməmişdir. Torpaq sahəsinin pulunu 2011-ci ildə mərhum qaynatası X8 ödəmişdir. Həmin vaxt o torpaq sahəsində hazırda uşaqları ilə yaşadıqları qanunsuz tikinti olub və həmin torpaq sahəsini öz adına keçirmək üçün qaynatasına etibarnamə verilmişdi. Qaynatasının ölümündən sonra keçmiş əri Elşad öz adına 30 il müddətinə etibarnamə alıb və torpaq sahəsini qeyri-rəsmi arvadı İddiaçı adına keçirmişdir. Onun və uşaqlarını 11 il yaşadıqları evdən çıxarmağa çalışırlar. Bütün bunları qarşılıqlı iddia ərizəsində göstərmişdir. Torpağın əvvəlki sahibi X13 06 may 2022-ci il tarixli izahatında xx.xx.2011-ci ildə torpaq sahəsini X4 etibarnamə əsasında satmasını, X8 vəfat etdiyi üçün onun varisi X9 yenidən 30 dekabr 2021-ci il tarixdə etibarnamə verməsini təsdiq etmişdir. Məhkəmə bunu qətiyyən araşdırmamışdır. Keçmiş əri və onun yeni arvadı pis niyyətlə razılığa gələrək guya Coşqunun torpaq sahəsini bu il 15.000 manata satması barədə yeni uydurma əqd tərtib etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsində göstərilir ki, “Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir”. X2 məhkəmə iclasına cəlb olunsaydı, bütün bu fırıldaqların və piz niyyətlərin üstü açılardı. Aydın olardı ki, nə üçün Coşqun Çərkəzov əmlakını özü satmaq üçün notariat kontoruna getmir, gah mərhum qaynatama, gah da keçmiş ərinə etibarnamə verir. Coşqun Çərkəzovun nə üçün 2 dəfə notariat kontoruna gedib etibarnamə verməsi əvəzinə bir dəfə gedib əmlakını satıb pulunu almaması onun hələ 2011-ci ildə torpaq sahəsini və qanunsuz tikintini mərhum qaynatasına satmasını təsdiq edir. Bu həmçinin keçmiş ərinin ona və uşaqlarına qarşı pis və çirkin niyyətini, onların yeganə yaşayış yeri olan bu qanunsuz tikintidən də məhrum etmək məqsədini bir daha təsdiq edir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllə Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 164.1 Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Maddə 240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşmmaz əmlaka mülkiyyət hüququ əldə edir. Torpaq Məcəlləsi Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. DƏDRX Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi yaşayış məntəqəsi torpaqları təyinatlı olmaqla, xx.xx.2022-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Onun adına xx.xx.2022-ci il tarixli, A 711725 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Qeyd olunan torpaq sahəsi üzərində yaşayış evi mövcuddur və ilk iddia üzrə cavabdeh uşaqları ilə birlikdə həmin evdə yaşamaqdadır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində "mülkiyyət" anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da "əmlak hüquqları" və beləliklə, "mülkiyyət" kimi qiymətləndirilə bilər. "Mülkiyyət" anlayışı "mövcud mülkiyyətlə" məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və "qanuni gözləntiyə" malik olduğuna dair tələblərini də əhatə edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Akimova Azərbaycana qarşı" 27 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci bəndindəki "mülkiyyət anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatlardan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət kimi qiymətləndirilə bilər. "Akimova Azərbaycana qarşı" həmin işin hazırkı işdə əhəmiyyəti bundan ibarətdir ki, həmin iş üzrə Akimovanın mənzilə dair mülkiyyət hüquqları qeydiyyata alınmasa da, həmin mənzilə dair onun adına order verildiyindən və order qüvvədə olduğundan, order isə Akimovaya həmin evə mülkiyyət hüququ əldə etməyə imkan verdiyindən, Akimovanın həmin evlə bağlı hüquqları "mülkiyyət" kimi qiymətləndirilmiş, bununla da, Akimovanın həmin evlə bağlı hüquqları müdafiə olunmuşdur. Apellyasiya şikayətinin dəlillərində göstərilən xüsasatlara birinci instansiya məhkəməsi tərəfindən tam qiymət verilmişdir. Göründüyü kimi, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddia düzgün olaraq qismən təmin edilmişdir. Birinci instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinin dəlillərini təsdiq dən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı verilmiş 03 fevral 2022-ci il tarixli, ********** reyestr nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv olunmasını ayrıca iddia icraatı qaydasında mübahisələndirmək hüququ vardır. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmadığına görə təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(012)-1844/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1718/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1718/2022
05.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver