Məhkəmə qərarları › İş №2(105)-1718/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1718/2025

23.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Digər - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(105)-1718/2025 23.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İlham oğluna qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və cavabdeh Cavabdeh İlham oğlunun iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh İlham oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh İlham oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 17 ünvanında yerləşən 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinin təmir-tikinti işlərini tamamlamaqdan ötrü etibarından istifadə edərək, ondan aldığı 27550 manat məbləğində pulun qarşılığında işləri tamamlamadan, yarımçıq saxlayaraq, qeyd olunan məbləğdə puldan 10000 manat hissəsini qaytarmamaqla, ona vurduğu ziyanı ödəməkdən qanunsuz və əsassız olaraq imtina etməsi nəticəsində, onun rahatlığının, səhhətinin pozulmasını, sarsıntı, iztirab, güclü həyəcan keçirməsini, maddi və mənəvi zərərə məruz qalmasının nəzərə alıb, cavabdeh Cavabdeh İlham oğlundan 10.000 manat, əldən çıxmış fayda kimi 4000 manat pulun maddi ziyana görə alınması, mənəvi ziyana görə isə 565 manat pulun, dövlət rüsumu kimi ödənilmiş 135 manat pulun və vəkilin xidmətinə görə ödənilmiş 300 manat pulun, ümumilikdə 15.000 (on beş min) manat pulun alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2023-cü ilin noyabr ayında özünü ev təmir-tikinti ustası kimi təqdim edən və Şamaxı rayonundan olan Cavabdeh İlham oğlu ilə görüşərək, ünvan 1 17 ünvanında yerləşən özünə məxsus 2 mərtəbəli, 6 otaqlı evin təmirtikinti işlərini tamamlamaq üçün qiymət danışaraq, razılığa gəlmişdir. Həmin şifahi razılaşmaya əsasən, ## ###### 2023-cü il tarixdən başlayaraq, ## ###### 2024-cü il tarixədək olan müddət ərzində Cavabdeh İlham oğluna sözügedən evin təmir-tikinti işləri üçün 27550 (iyirmi yeddi min beş yüz əlli) manat pul vermişdir. Cavabdeh İlham oğlu üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədən, həmin evdə görəcəyi təmir-tikinti işlərini yarımçıq halda saxlayaraq, ərazini tərk edib, şəxsi işləri ilə məşğul olmağa başlamış və ondan aldadaraq, aldığı 27550 manat puldan 10000 manat məbləğində pulu ona qaytarmaqdan qərəzli olaraq imtina etməyə başlamışdır. Bununla əlaqədar qeyd olunan məbləği Cavabdeh 2024-cü ilin aprel ayından başlayaraq tələb etməsinə baxmayaraq, Cavabdeh müxtəlif bəhanələrlə 10000 manat pulu ona qaytarmaqdan imtina etmişdir. Qeyd olunan faktla bağlı əvvəlcə Bakı şəhəri Sabunçu rayon Pİ-nin 14cü PŞ-yə 2024-cü ilin aprel ayında, sonra isə Sabunçu RPİ-yə müraciət etmiş və Pİ-də iş araşdırılaraq, izahatlar alınmaqla, cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul olunmuşdur. Odur ki, həmin faktla əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu məsələ ilə əlaqədar, həmin pulunun onda olmaması səbəbindən əldə edə biləcəyi xeyli məbləğdə gəlirindən və faydadan məhrum olmuş və buna görə də əsəb gərginliyi, stress keçirərək, səhhəti korlanmışdır. Nəticə etibarı ilə maddi zərərə və mənəvi ziyana məruz qalmışdır. Belə ki, həmin evin 2024-cü ilin iyul ayına qədər cavabdeh tərəfindən tam təmir olunaraq, ona təhvil verilsəydi, bu evin aylıq kirayə haqqından hər ay 450 manat olmaqla, 2025-ci ilin may ayına qədər olan 9 ay ərzində 4050 manat qazanc əldə bilərdir. Eləcə də, məhkəməyə müraciət etmək üçün vəkilə xidmət haqqı kimi 300 manat pul ödəmişdir

3. Cavabdeh Cavabdeh İlham oğlu məhkəməyə ünvanladığı iddia tələbinə etirazında göstərmişdir ki, iddiaçı İddiaçı ünvan 1 17 ünvanında yerləşən həmin sözügedən evin təmir işlərinin görülməsi üçün mal-material alınıb, işə başlamaq üçün 2024-cu ilin yanvar ayında iddiaçı onun fəhləsi Turqutun yanında 6000 manatı verib, işə başlamasını bildirmişdir. Həmin 6000 manat pulun müqabilində işini təhvil vermişdir. 2024cü ilin fervral ayında Cəlilzadə Ruslanın yanında 8000 manatı pulun sökülməsi, laqadiktin alınması, tavan izolyasiyasının alınması, mal-material və işçilik üçün almışdır. Aldığı məbləğlərdən sonra, həmin evdə əlavə çox işlər görmüş, gördüyü işlərin şahidləri və işçilərin işlədiyi mal-materialın hardan aldığını, tikinti mağazasından sübut olaraq hamısını məhkəmə gedişatında verəcək, alınıb işlənən həmin mal-materialın siyahisi tavan-pol izolyasiya 1700 manat, santexnik materiaları 2000 manat, şpatlovka 800 manat, alçıban 1700 manat, “Mətanət” kafel yapışdırıcı 700 manat, sement 50 ədəd 300 manat, pol taxta 700 manat olmaqla, ümümi 7900 manat, işçilik malyar işi 835 kv.m. 10020 manat, alçıban işi 3010 manat, santexnik işləri 251 manat, tavan izolyasiyası 335 kv.m. 2345 manat, pol 235 kv.m. 2820 manat, ştukatur 100 kv.m. 500 manat, styajka işi 50 kv.m. 350 manat, paduqa 88 kv.m. 440 podokonniklər - mərmər 260 manat, kafelmetlax işləri 2448 manat, divar-tavan havalandırma işləri 300 manat, söküntü işləri 400 manat, həyətdə santexnik işləri 300 manat, fəhlə işləri - materialın boşaldılması və evə qalxması 800 manat, oboyun vurulması 235 kv.m. 9400 manat, duru oboy 135 kv.m. 675 manat olmaqla, ümümi 26.493 manat tam gördüyü işin dəyəri, müqavəli üzrə 36008 manat. İddiaçı həmin sözügedən evin 4000 manat faiz məbləğində həmin gördüyü işin üzərinə yazıbdır. O, iddiaçının evindəki təmir işlərini demək olar ki, sona yetirmişdir. Görüləcək çox az sayda işi qaldığı üçün, onun və işçiləri ehtiyacı olan pulu ödəməsini xahiş etmişdir. İddiaçı İddiaçı məhkəməyə təqdim etdiyi pul tələbinə dair iddasina qarşılıq olaraq, onun və işçilərinin gördüyü işləri və Sabunçu Rayon Polis Şbəsinə təqdim olunan evin əvvəl və sonrakı şəkillərini sorğu verib, əldə etmək olar. Göstərilənlərə əsasən, ədalətli qərar verilməsini xahiş etmişdir.

4. Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Fərid Yaqubov) iddia qismən təmin edilmiş, dəymiş maddi zərərin əvəzi olaraq 10000 manat, mənəvi zərərə görə 300 manat, hüquqi yardımla bağlı ödənilmiş 300 manat olmaqla, ümumilikdə 10600 manat məbləğində pul və ödənilmiş 121,80 manat dövlət rüsumunun əvəzinin cavabdeh Cavabdeh İlham oğlundan tutularaq, iddiaçı İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq şifahi tapşırıq müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilə əsasında iddiaçıdan razılaşdırılmış pul məbləğini almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında iddiaçıya müvafiq xidmətlərin qüsursuz və vicdanlı göstərilməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh tapşırıq müqaviləsi əsasında iddiaçıdan pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin xidmətləri qüsursuz göstərməsinə dair vəzifəsini isə tam icra etməyərək, öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə öhdəliklərin icra olunmaması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə 300 manat pulun tutulması məqsədəuyğundur. Məhkəmə həmin məbləği ağlabatan və ədalətli hesab edir. Digər tərəfdən, məhkəmə qeyd edir ki, iddiaçı əldən çıxmış fayda kimi 4000 manat pulun maddi ziyana görə cavabdehdən alınmasını tələb etsə də, iddia tələbinin bu hissəsi kifayət qədər əsaslandırılmamış və bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 442, 448.1, 777.1, 777.2, 783.2, 778.1, 778.2, 779.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 77.1, 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh Cavabdeh İlham oğlu apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tamamilə ləğv olunaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Sabunçu RPİ-nin 14-cü PŞ-nin təhqiqatçısına izahat vermiş, həmin izahatında o polisin “sizə ümumi nə qədər maddi ziyan dəymişdir” sualına “mənə ümumi 12550 manat maddi ziyan dəymişdir” cavabını vermişdir. Həmin izahat polis tərəfindən şikayətçi İddiaçı oxunmuş və ya şikayətçi həmin izahatı özü oxumuş və doğruluğunu o imzası ilə təsdiq etmişdir. Bütün bu məhkəmə prosesləri başlamazdan əvvəl əgər o 10000 manat maddi ziyana düşmüş olsaydı, zamanında polis təhqiqatçısına deyərdi ki, həmin səhv düzəldilsin və onun izahatı komputerdə yenidən çap edilsin. Amma bunlar baş verməmişdir. Lakin iddiaçı sonradan məhkəməyə ərizəsində isə ona 12550 manat yox, 10000 manat maddi ziyan dəydiyini qeyd edib. İddiaçı ona guya dəymiş maddi ziyanı sonradan 2550 manat niyə azaltması sual doğurur. İddiaçı və onun vəkili tərəfindən ona qarşı haqsızlıq üzrə planlaşdırılmış senaridə yanlışlığa, unutqanlığa yol verilmişdir. Bu sübut və dəlillər aşkar göstərir ki, iddiaçı polisə izahatında bir məbləğ demiş, lakin yalan yadda qalmadığına görə o polisə izahatındakı dediyi məbləği unudaraq sonradan daha standart olsun deyə 10000 manat maddi ziyana düşdüyünü uydurmağa başlamışdır. Hər bir şəxs əgər, məsələn 10000 manat pul itiribsə, deyir ki, 10000 manat pulunu itirib, lakin iddiaçı kimi gah 12550 manat pulu itib, gah da 10000 manat pulu itib, demir. Sənədlər əsasında təsdiq olunmuş bu sübut iddiaçının guya maddi ziyana düşdüyünün tam yalan olmasının göstəricisidir. Beləliklə, iddiaçı iddia tələbinin 10000 manat maddi ziyana düşməsi hissəsində yalan danışdığına görə onun iddia tələbi bu hissədə rədd edilməlidir. İddiaçı guya ona 10000 manat maddi ziyan vurmağı barədə tələbində yalan danışdığına və bu fakt tərəfindən sənədlərlə sübut olunduğuna görə o, olmayan bir maddi ziyanın əlavə 4000 manat faydalı gəlirini də əldə edə bilməzdi. Odur ki, iddiaçı iztirab və sarsıntı keçirmədiyindən 565 manatlıq mənəvi zərərə də düşməmiş və vəkilə 300 manat, məhkəməyə isə iddia ərizəsi verməklə 135 manat dövlət rüsumu ödəməkdə səhvlər etmişdir. Bu məbləğlər isə iddiaçının özünə aid edilməlidir. Əlavə edir ki, iddiaçı mənəvi sarsıntı keçirməsini təsdiq edən sübutları (əsasən həmin dövrdə tibbi və psixoloji müayinə sənədlərini) məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş üzrə məhkəmə ekspertizası keçirilməyib, sözügedən evdə təmir işlərinin hansı səviyyədə aparılması ekspert və ya mütəxəssis tərəfindən qiymətləndirilməmiş və müvafiq rəy verilməmişdir. İddiaçının evə aid bir neçə fotoşəkili məhkəməyə təqdim etməsi saxtakarlıq nümunəsi və ya montaj ola bilər. İş materiallarından görünür ki, iddiaçı ilə sözügedən işi 35000 manata razılaşdığı halda, iddiaçı ona hissə-hissə cəmi 17000 manat pul vermişdir. Lakin iddiaçı aralarındakı şifahi razılaşmanı pozaraq vəd verdiyi məbləğin qalanını vermədiyinə görə tamamlanma işlərini sona çatdırmaq mümkün olmamışdır. Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2(074)-1083/2025 saylı qətnaməsində onun iddiaçıya guya 10000 manat maddi ziyan vurmağımı hansı hüquqi əsaslarla, hansı sənəd və sübutlarla, hansı ekspert rəyi ilə və yaxud onun hansı etirafı ilə - olduğu kimi təmin edilmişdir, bu qeyri-müəyyəndir. Bunun hər hansı qanuni və hüquqi əsaslandırması qətnamədə yazılmamışdır. Beləliklə, birincisi iddiaçının özünün yalan danışmasını təsdiq edən sənəd və sübutlarla, ikincisi də Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e2(074)-1083/2025 saylı qətnaməsində yazılanlar – onun iddiaçıya borclu olmağını təsdiq edən hər hansı etirafının olmaması, iddiaçının qiymətləndirməsinin hər hansı sənəd və sübuta əsaslanmaması, məhkəmə tərəfindən iş üzrə ekspertiza təyin edilməməsi, evə baxış keçirilməməsi və iş üzrə şahidlərin dindirilməməsi iş üzrə birinci instansiya məhkəməsi qətnaməsinin tamamilə ləğv edilməli olmasını birbaşa göstərir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətini iş materialları ilə uzlaşmayan, sağlam məntiqdən və həqiqətdən uzaq fikirləri ilə əsaslandırmağa cəhd edərək təsdiqedici sübutlara, dəlillərə istinad etmədən, yalnış nəticəyə gəlməklə, özünün uydurmaları ilə bunları əsaslandırmağa cəhd etmiş və bu əsaslara görə də sözügedən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətindəki dəlilləri qəbul etmir və əsassız olmasını düşünür. Belə ki, cavabdehin qeyd etdikləri işdəki sənədlər, tibbi sənədlər, evdə görülən işlərin fotoları və özünün qeyri-səmimi olaraq işlətdiyi sözləri, prosesi uzatmaqdan ötrü müxtəlif bəhanələr gətirməsi, yalançı şahidlər dəvət etmək cəhdləri, hüquq mühafizə orqanlarına böhtan atması cəhdi (fikirləri) ilə təkzib olunur. Belə ki, o - İddiaçı olaraq 2023cü ilin noyabr ayında özünü ev təmir- tikinti ustası kimi təqdim edən və Şamaxı rayonundan olan Cavabdeh İlham oğlu ilə görüşərək ünvan 2 ünvanda yerləşən özünə məxsus iki 2 mərtəbəli, 6 otaqlı evin təmir-tikinti işlərini tamamlamaq üçün qiymət danışaraq razılığa gəlmişdir. Həmin şifahi razılaşmaya əsasən o, ## ###### 2023-cü il tarixdən başlayaraq ## ###### 2024-cü il tarixədək olan müddət ərzində Cavabdeh İlham oğluna sözügedən evin təmir-tikinti işləri üçün 27550 (iyirmi yeddi min beş yüz əlli) manat pul vermişdir. Cavabdeh İlham oğlu üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədən həmin evdə görəcəyi təmir-tikinti işlərini yarımçıq halda saxlayaraq ərazini tərk edib, Anarın özünə bəlli olan şəxsi işləri ilə məşğul olmağa başlamış və ondan aldadaraq aldığı 27550 manat puldan 10000 (on min) manat məbləğində pulu ona qaytarmaqdan qərəzli olaraq imtina etməyə başlamışdır. Həmin məbləğin 12550 manat deyil, 10000 manat qeyd etməyinin səbəbi isə onun ailəsinə humanistlik etməyi, onlara güzəştə getməyi səbəbindən olub. Qalan digər məsələlərin cavabı isə işdəki iddia ərizəsində ətraflı qeyd olunmuşdur. Odur ki, Şamaxı Rayon məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh İlham oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və sözügedən qətnamənin dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul edilməsini xahiş edir.

b) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh İlham oğlu apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı ilə aralarında 45000 manata tərəfindən evdə təmir işlərinin aparılması barədə razılaşma olmuşdur. Həmin razılaşmaya əsasən iddiaçı ona 23500 manat məbləğində pul vəsaiti vermişdir. Lakin iltizamda 27500 manat məbləğində pul vəsaiti verdiyini qeyd etmişdir, onun səbəbi isə dostu ilə onun arasında olan 4000 manat pulun mübahisəsi ilə bağlı olmuş, dostunun iddiaçıya verəcəyi 4000 manat məbləğində pul vəsaitini ondan tələb etmişdir. İşə 2024-cü ilin fevral ayında başlamış, üç ay iş gördükdən sonra aralarında mübahisə düşmüş, iddiaçı onu polisə vermiş, bundan sonra aralarında 12500 manatın tərəfindən iddiaçıya ödənilməsi barədə müqavilə bağlanmışdır. Arvadının xahişi ilə qarşı tərəflə aralarında 12500 manat borcun bağlanması məqsədilə təmir işlərini davam etdirməyi barədə razılaşma olmuş, bundan sonra avqust ayından dekabr ayına qədər iddiaçının evində təmir işləri (malyar işi- evin üzlüyü, astarı, oboyunun vurulması; kafel metlax işi; döşəmə işi) aparmışdır. Dekabr ayında artıq 12500 manatlıq işdən də artıq iş görüldüyü üçün iddiaçıdan əlavə zəhmət haqqını tələb edəndə iddiaçı onu evdən çıxarmış, polisə şikayət etmişdir. İddiaçı onu evdən çıxaranda demək olar ki, işlərin əksəriyyəti tamamlanmış, azacıq divar kağızı və laminat işi qalmışdı. 23500 manata santexnik işi, elektrik, alçipanın profilinin yığılması, döşəmənin taxtalarının yıxılması daxil idi. Ümumilikdə iddiaçının evində gördüyü işin dəyəri 30000 manatdan çoxdur. Qiymətləndirmə aparılmasını istəyir. 12500 manatla bağlı müqavilə bağladıqdan sonra materialların alınması işə daxil olmayıb. Polisə verdiyi izahat və apellyasiya şikayətində qeyd etdiyi məbləğlər arasında ziddiyətin mövcud olmasına gəldikdə bildirir ki, yalan izahat verməmiş, ümumilikdə 45000 manatlıq iş görüləcəyi barədə razılığa gəlinib, iddiaçı ümumilikdə ona 23500 manat pul vəsaiti vermiş, ola bilsin ki, izolyasiya sisteminin quraşdırılmasına verilən zəhmət haqqını polisdə verdiyi izahatda nəzərə almamışdır. 12500 manat borcunun qalması və onunla bağlı müqavilə bağlamağı doğrudur. Polisə verdiyi izahatda iddiaçıdan 17000 manat aldığını deməmişdir. İddiaçı onu evindən qovduğuna görə işləri yarımçıq qalıb. İddiaçı ilk dəfə polisə şikayət verdikdən sonra sonra materialların pulunu iddiaçı özü verib, o, ancaq təmir etmişdir. İlk dəfə polisə şikayət verəndə gördüyü işlərin fotoşəkilləri polisə təqdim edilmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndə və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı tərəfindən cavabdehə 27500 manat məbləğində pul verilib, pulun verilməsi ilə bağlı qəbz iş materiallarında mövcuddur. Cavabdeh evin təmirini yarımçıq qoyub gedib, həmin vaxt çəkilmiş fotoşəkillər mövcuddur. Qarşı tərəf evin təmirini yarımçıq qoyub getdikdən sonra iddiaçı təmiri davam etdirib. Təmir hələ də davam edir. Təmsil etdiyi şəxs cavabdehin arvadının xahişi ilə borcdan 2500 manatdan keçib. Qəbzi birinci instansiya məhkəməsində özü təqdim etmişdir. Cavabdeh tərəfindən iddiaçının evində 15000 manatlıq iş görülüb. Görülmüş işlərlə bağlı Valehin özünün qeydləri olub, həmin qeydlərdə cavabdehin imzası olmayıb, çünki yaxın və səmimi münasibətləri olub. Cavabdeh iddiaçı ilə aralarında 45000 manata evdə təmir işlərinin aparılması barədə razılaşma olduğunu və həmin razılaşmaya əsasən iddiaçının ona 23500 manat məbləğində pul vəsaiti verdiyini bildirsə də, apellyasiya şikayətində və polisə verdiyi izahatda tərəflər arasında razılaşmanın 35000 manat barədə olduğunu və iddiaçıdan 17000 manat pul aldığını qeyd etmişdir. Bu da onun izahatları arasında ziddiyyət olduğunu və həqiqəti danışmadığını göstərir. Fotoşəkillər məhkəmədə iddia qaldırılana qədər çəkilmiş fotoşəkillərdir. Qarşı tərəf evin bəzi hissələrinə oboy vurub, vurduqları da qopub. İddiaçı polisə veridiyi şikayət ərizəsini geri alandan sonra cavabdeh təmsil etdiyi şəxsin evində cəmi 2 gün işləyib və yenə də işini yarım qoyaraq çıxıb gedib. Cavabdeh avqust-dekabr ayları ərzində öhdəliyində olan bütün işləri görməsinə dair izahatı həqiqəti əks etdirmir, həmin müddət ərzində demək olar ki, iş görülməyib.

İşdə olan sübutlar

12. Bakı şəhəri Sabunçu RPİ-nin İstintaq Şöbəsinin ## ### 2024cü il tarixli qərarından görünür ki, İddiaçı Ağamədə oğlunun özünə məxsus evin təmiri üçün Cavabdeh adlı şəxsə 27500 manat pul verməsi, sonuncunun bir müddət işlədikdən sonra, işini tamamlamamasına dair ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və İddiaçı göstərilənlərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

13. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı hüquqi yardımla bağlı * saylı Vəkil Bürosunun vəkili Nümayəndə hesabına 300 manat məbləğində pul köçürmüşdür.

14. İş materiallarına əlavə edilmiş ##.##.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh İlham oğlu 2023-cü ilin dekabr ayından 2024-cü ilin yanvar ayının 26-dək 27550 manat pulu evin təmiri ilə bağlı İddiaçı almış, təmiri dayandırdığına görə 12575 manat qalıq pulu 2025-ci ilin may ayının 15-dək qaytarmağı öhdəsinə götürmüşdür.

15. Azərbaycan Qiymətləndirmə və Konsaltinq xidməti (Azerbaijan Evaluation and Consulting Service) MMC-nin ## ### 2026-cı il tarixli, AS ***/** nömrəli mütəxəssis rəyindən görünür ki, mütəxəssislər tərəfindən fərdi yaşayış evinə baxış keçirilmiş, təmirdən əvvəlki fotoşəkillər ilə hazırkı vəziyyəti müqaisə edilmişdir. Müəyyən edilmişdirki fərdi yaşayış evində ərizədə qeyd olunan işlər icra edilmişdir. Lakin müəyyən işlər yarımçıq qalmış, icra edilmiş işlərdə deffektlər müəyyən edilmiş və iş həcmi şişirdilmişdir. Təqdim edilmiş ərizədə malyar işi kimi 835,0 kv.m sahə göstərilmiş, bundan əlavə 122,0 kv.m sahə kafel işləri qeyd olunmuşdur. Fərdi yaşayış evinin daxili divar sahələri evin plan və ölçülərinə əsasən malyar işi görülən sahələr (hamam və tualet kafel sahələri nəzərə alınmadan) pəncərə və qapı boşluqları daxil olmaqla 522,3 kv.m-dir. Qeyd olunan məlumat faktiki sahədən kəskin fərqlənir. Görülmüş işlərin həcmi (neçə kv.m və s.) həmin işlərə görə materialların alınmasına və zəhmət haqqına görə çəkilməli olan xərc (hər iki meyar üzrə həmin ərazidə bazar qiymətləri nəzərə alınmaqla) zəhmət haqqı dəyəri yuvarlaq olaraq: 8808,00 (səkkiz min səkkiz yüz səkkiz) manat, materialların dəyəri yuvarlaq olaraq : 8609,00 (səkkiz min altı yüz doqquz) manat , cəmi 17417,00 (on yeddi min dörd yüz on yeddi) manat təşkil edir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 777.4. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

17. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan Qərarına əsasən “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”.

18. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli qərarı

4.13.Müqavilə tərəfinin əsas marağı iqtisadi xarakterli olduğundan bir qayda olaraq müqavilədən irəli gələn öhdəliklərin pozuntusu mənəvi zərərin yaranmasına səbəb olmur (məsələn, borc müqaviləsi üzrə borcun qaytarılmasından yayınma, alqı-satqı müqavilələri üzrə alqı-satqı predmetinin dəyərinin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi və s.). Müqavilə öhdəliklərinin pozulması o halda mənəvi zərərin yaranmasına səbəb ola bilər ki, bu pozuntu eyni zamanda müqavilə tərəfinin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. Bu zaman müqavilədə onun predmetinin tərəf üçün qeyrimaddi dəyər daşımasına dair xüsusi şərtin nəzərdə tutulubtutulmamasından asılı olmayaraq, öhdəliyin pozulmasının şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələndiyi araşdırılmalıdır

19. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alıqmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

20. Məhkəmə kollegiyası tərəfindən Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən iddiaçı ilə cavabdeh arasında iddiaçıya məxsus ünvan 1 17 ünvanında yerləşən fərdi yaşayış evinin təmir edilməsi ilə əlaqədar podrat müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdehə muzd da daxil olmaqla, təmir xərcləri üçün 27550 manat pul verilmişdir. Cavabdeh iddiaçıda qeyd olunan məbləğdə pulu aldığını, o cümlədən 2024-cü ilin may ayınadək verilmiş pul müqabilində müqavilə üzrə öhdəliyini tam icra etmədiyini, buna görə də ##.##.2024-cü il tarixdə iddiaçıya müqavilə üzrə 12575 manat pul öhdəliyinin qaldığını etiraf etmiş, lakin sonrakı razılaşmaya əsasən, 2024-cü ilin avqust ayından dekabr ayınadək olan müddət ərzində müqavilə üzrə öhdəliyini tam icra edərək, iddiaçının evində 12500 manatdan artıq iş gördüyünü, iddiaçı isə cavabdeh tərəfindən öhəliyi icra etməyərək, ona 10000 manat məbləğində maddi zərər vurduğunu iddia etmişdir. Buna görə də məhkəmə kollegiyası tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evində cavabdeh tərəfindən görülmüş təmir işlərinin həcmi, həmin işərə görə materialların alınmasına və zəhmət haqqına görə çəkilməli olan xərcin müəyyən edilməsi üçün mütəxəsiss təyin edilmiş, Azərbaycan Qiymətləndirmə və Konsaltinq xidməti (Azerbaijan Evaluation and Consulting Service) MMC-nin ## ### 2026-cı il tarixli mütəxəssis rəyi ilə iddiaçıya məxsus mənzildə müəyyən işlərin yarımçıq qalması, cavabdehin gördüyü işin həcmini şişirtməsi müəyyən edilməklə yanaşı, həmin mənzildə ümumilikdə görülmüş işlərin həcmi, həmin işlərə görə materialların alınmasına və zəhmət haqqına görə çəkilməli olan xərcin ümumilikdə 17417 manat təşkil etməsi müəyyən edilmişdir. Cavabdeh tərəfindən isə təmirlə bağlı iddiaçıdan 27550 manat pulun alınması nəzərə alındıqda, cavabdeh tərəfindən müqavilə öhdəliyinin pozulması və iddiaçıya 10000 manat maddi zərərin vurulması təsdiqini tapmışdır. Buna görə də məhkəmə kollegiyası maddi zərərin tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

23. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mülki qanunvericilikdə şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi həyat sirri və şəxsi toxunulmamazlıqla bağlı pozuntuların nəticəsində dəymiş zərərin ödənilməsi nəzərdə tutulsa da, digər şəxsi qeyri-əmlak hüquqlarından və qeyri-maddi nemətlərdən istifadə etmək hüquqlarının pozulması nəticəsində vurulmuş zərərin ödənilməsi müəyyən olunmamışdır. Bu səbəbdəndir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikası Mülki Məcəlləsində digər qeyri-əmlak hüquqlarının və qeyri-maddi nemətlərin müdafiəsini müəyyən etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2002-ci il tarixli qərarında qeyd olunduğu kimi mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Məhkəmə kollegiyası nəzərə almışdır ki, iddiaçı uzun müddət təmirli mənzilində yaşamaq hüququndan məhrum olmaqla yanaşı, cavabdehin hüquqazidd hərəkətləri nəticəsində əsəbləşməklə gərginlik, iztirab və mənəvi sarsıntı keçirmiş, hüzuru pozulmuşdur. Buna görə də məhkəmə kollegiyası mənəvi zərərin tutulması hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

24. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Mütəxəsis rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 500 (beş yüz) manat cavabdeh Cavabdeh İlham oğlundan tutularaq, Azərbaycan Qiymətləndirmə və Konsaltinq xidməti (Azerbaijan Evaluation and Consulting Service) MMC-nin hesabına (VÖEN: **********, Hesab AZ: AZ74AIIB400600F9443401807112, Bank: “xxxx” ASC 28 May filialı, Bankın VÖEN-i: 9900003611, Müxbir hesab: AZ37NABZ01350100000000001944, KOD 200123, SWIFT: AIIBAZ2XXXX) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar