Məhkəmə qərarları › İş №e-2(006)-3086/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3086/2025

04.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Digər - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3086/2025 04.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Qaçqınların, X1 üzrə Dövlət Komitəsi və Cavabdeh3 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Qaçqınların, X1 üzrə Dövlət Komitəsi və Cavabdeh3 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1-ci cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən Yasamal rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə mindiyi gündən xx.xx.2001-ci il tarixdən Cavabdeh3 Nürəddin oğlu və onun ailə üzvləri bu evdən çıxarılmasına dair qətnamə icra olunanadək maddi ziyan kimi hər ay 420 manat məbləğində əldən çıxmış fayda olaraq, mənəvi ziyan kimi 60.000 manat pulun tutulması, 2-ci cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən ziyanın məbləğinin artmasının qarşısını almaq məqsədi ilə 3-Cavabdeh3 Nürəddin oğlunun və onun ailə üzvlərinin yaşayış sahəsi ilə təmin edilməsi, 3-cü Cavabdeh3 Nürəddin oğlundan ailə üzvlərinin həmin mənzilə köçərkən mənzil üçün aldıqları mebelləri həm istifadə etdikləri həm də yararsız vəziyyətə sadıqları üçün 10.000 manat məbləğində pulun tutulması və ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yeni-Yasamal küçəsi, 10 saylı evin, 159 saylı mənzili şəxsi mülkiyyət hüquqi ilə İddiaçı Ədil oğluna məxsusdur. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2-268/2001 saylı xx.xx.2001-ci l tarixli qətnaməsindən görünür ki, Cavabdeh3 2000-ci ilin sentyabr ayında mənzilin boş olmasından istifadə edərək (həmin vaxtı polis əməkdaşı olan X3 cəbhə bölgəsində Tər-Tər rayonunda xidmətdə olmuş, ailə üzvləri onun yanına getmişlər) evin 9-ci mərtəbəsindən 8ci mərtəbəsinə iplə düşərək Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yeni-Yasamal küçəsi, 10 saylıevin, 159 saylımənzilini qanunsuz zəbt etdiklərindən, həmin mənzildən ailə üzvləri ilə birlikdə çıxarılması qət edilmişdir. İddiaçı X3 bildirdiyinə görə Cavabdeh3 Laçın rayonun Minkənd kəndindən məcburi köçkün düşmüş, evin bir oğludur, atası Nurəddin Allahverdiyev Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitə tərəfindən Müşfiq qəsəbəsində mənzillə təmin edilmiş və həmin mənzildə hal-hazırda bacısı və anası yaşayır. Qətnamənin icrası ilə bağlı aidiyyatı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına, Bakı şəhəri Yasamal rayon məhkəməsinə, İcra Şöbəsinə, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitə müraciət olunsa da bu mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, qətnamənin icrası ilə bağlı müvafiq araşdıma aparılmış, borclunun Laçın rayonundan məcburi köçkün olması müəyyən edilmiş, icra sənədi ilə əlaqədar dəfələrlə Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə müraciət edilmiş, lakin boş mənzil fondu olmadığından icra sənədinin icrası mümkün olmamışdır. Bundan başqa Bakı şəhəri 9 saylı vəkil bürosunun 159/2025 saylı xx.xx.2025-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitənə müraciət olunaraq Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yeni-Yasamal küçəsi, 10 saylı evin, 159 saylı mənzilini zəbt etmiş, Cavabdeh3 və ailə üzvlərinin Komitə tərəfindən yaşayış sahəsi ilə təmin olunubolunmaması, əgər təmin olunması nəzərdə tutulubsa, bunun nə vaxt baş verə biləcəyi və hal-hazırda həmin ailənin Respublikanın hansı bölgəsində müvəqqəti məcburi köçkün kimi məskunlaşması barədə ətraflı arayışın verilməsinə köməklik göstərilməsini xahiş edilsə də buna cavab verilməmişdır. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən aydın olur ki, İddiaçı Yasamal Rayon Məhkəməsi tərəfindən 2001-ci il 3 aprel tarixində qəbul edilən qətnamənin indiyədək icra edilməməsi ilə əlaqədar ona vurulmuş maddi və mənəvi ziyana görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmişdir. İş materiallarından göründüyü kimi İddiaçı mülkiyyətində olan Yeni Yasamal-2 küçəsi, bina 10, mənzil 159-da olan əmlakının Laçın rayonundan məcburi köçkün düşmüş Cavabdeh3 və onun ailə üzvləri tərəfindən həmin mənzilə daxil olaraq, indiyə kimi orada yaşamaları ilə əlaqədar hüquqlarının pozulduğunu və mənzilindən təyinatı üzrə istifadə bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 2001-ci il 3 aprel tarixində 2-268/2001 nömrəli qətnaməsi ilə Cavabdeh3 və onun ailə üzvlərinin həmin mənzildən çıxarılmaları qət edilmişdir. Sözügedən məhkəmə qərarı indiyə qədər icra edilmədiyi üçün iddiaçı hüquqlarının pozulduğunu və ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi üçün məhkəmədə iddia tələbi qaldırmış və tələbini Maliyyə Nazirliyinə yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, həmin iddia tələbi rədd edilməlidir. Belə ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçının hüquqlarının hər hansı şəkildə pozuntusuna yol verilməmişdir. Digər tərəfdən iddia ərizəsi Maliyyə Nazirliyinə deyil, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2001-ci il 3 aprel tarixində 2-268/2001 nömrəli qətnaməsini icraya yönəltməli olan aidiyyəti İcra Söbəsinə və ya onun mənzil hüquqlarını pozan şəxslərə (həmin qətnamə üzrə cavabdeh şəxslərə) qarşı yönəldilməli idi. Qanunvericilik normalarından aydın olur ki, iddia tələbi o fiziki və ya hüquqi şəxsə qarşı yönəldilir ki, həmin fiziki və ya hüquqi şəxs iddiaya cavab verməli olsun, habelə öz qanunsuz hərəkətləri (və ya hərəkətsizliyi) ilə iddiaçının qanunla qorunan maraqlarını və mənafelərini pozmuş olsun. Halbuki, iddiaçı onun hüquqlarının Maliyyə Nazirliyi tərəfindən pozulduğunu əsaslandıra bilməmişdir. İddiaçı ərizəsində müvafiq məhkəmə qərarının indiyə kimi icra edilmədiyini bildirmiş və dəymiş ziyanın Maliyyə Nazirliyindən ödənilməsini tələb etmişdir. Göründüyü kimi Maliyyə Nazirliyi tərəfindən iddiaçıya münasibətdə heç bir hüquq pozuntusuna yol verilmədiyindən, ümumiyyətlə iddia ərizəsində göstərilən hallarla əlaqədar Nazirlik tərəfindən hər hansı qeyri-qanuni hərəkətə (və ya hərəkətsizliyə) yol verilmədiyindən hesab edirlər ki, hazırki iddia tələbi üzrə Maliyyə Nazirliyi cavabdeh ola bilməz, iddianın Maliyyə Nazirliyinə yönəldilməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçı onun hüquqlarının Maliyyə Nazirliyi tərəfindən pozulduğunu əsaslandıra bilməmişdir. İddiaçı ərizəsində müvafiq məhkəmə qərarının indiyə kimi icra edilmədiyini bildirmiş və dəymiş ziyanın Maliyyə Nazirliyindən ödənilməsini tələb etmişdir. Göründüyü kimi Maliyyə Nazirliyi tərəfindən iddiaçıya münasibətdə heç bir hüquq pozuntusuna yol verilmədiyindən, ümumiyyətlə iddia ərizəsində göstərilən hallarla əlaqədar Nazirlik tərəfindən hər hansı qeyri-qanuni hərəkətə (və ya hərəkətsizliyə) yol verilmədiyindən hesab edirlər ki, hazırki iddia tələbi üzrə Maliyyə Nazirliyi cavabdeh ola bilməz, iddianın Maliyyə Nazirliyinə yönəldilməsinin heç bir hüquqi əsası yoxdur. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasında (məhkəmə qətnaməsinin elanı iclası) proses iştirakçıları iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-268/2001 saylı xx.xx.2001-ci l tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh3 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yeni-Yasamal küçəsi, 10 saylı evin, 159 saylı mənzildən çıxarılmaları qət edilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yeni- Yasamal küçəsi, 10 saylı evin, 159 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə xx.xx.2019-cu il tarixində qeydiyyat aparılmışdır. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin vətəndaş İddiaçıa ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli icra sənədinə əsasən Cavabdeh3 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yeni-Yasamal küçəsi, 10 saylı evin, 159 saylı mənzildən çıxarılmalıdır. İcra sənədi üzrə xx.xx.2001-ci il tarixdə Yasamal rayon icra şöbəsində başlanmış icraat zamanı iş üzrə borcluların Laçın rayonundan məcburi köçkün olduqları məlum olmuşdur. İcra sənədinin icrası ilə bağlı dəfələrlə Azərbaycan Respublikası Qaçqınların, X1 üzrə Dövlət Komitəsinə müraciətlər edilmiş, lakin boş mənzil fondu olmadığından icra sənədinin icrası mümkün olmamışdır. - "xxxx" MMC-nin 14 aprel 2025-ci il tarixli, MH-072/24 saylı qiymətləndirmə haqqında rəydən görünür ki, bütün göstərilənləri və toplanmış məlumatları nəzərə alaraq, aparılmış təhlil və hesablamalar nəticəsində ünvan 2 ünvanında yerləşən 159 saylı mənzilin qiymətləndirmə tapşırığına uyğun olaraq hesablanmış orta aylıq kirayə dəyəri 14 aprel 2025-ci il tarixinə 420,0 (dörd yüz iyirmi) manat təşkil edir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə məsuliyyəti ətrafdakılar üçün yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsaslarla sahiblik edən fiziki və ya hüquqi şəxs daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə yuxarıda sadalanan maddələrə əsasən qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbi 3 hissədən ibarətdir:

1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən Yasamal rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə mindiyi gündən xx.xx.2001-ci il tarixdən Cavabdeh3 Nürəddin oğlu və onun ailə üzvləri bu evdən çıxarılmasına dair qətnamə icra olunanadək maddi ziyan kimi hər ay 420 manat məbləğində əldən çıxmış fayda olaraq, mənəvi ziyan kimi 60.000 manat pulun tutulması,

2. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən ziyanın məbləğinin artmasının qarşısını almaq məqsədi ilə 3-Cavabdeh3 Nürəddin oğlunun və onun ailə üzvlərinin yaşayış sahəsi ilə təmin edilməsi,

3. 3-cü Cavabdeh3 Nürəddin oğlundan ailə üzvlərinin həmin mənzilə köçərkən mənzil üçün aldıqları mebelləri həm istifadə etdikləri həm də yararsız vəziyyətə sadıqları üçün 10.000 manat məbləğində pulun tutulması və ona ödənilməsi Məhkəmə ilk olaraq iddiaçının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə yönləndirdiyi “maddi və mənəvi ziyanın ödənilməsi” ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsi ilə Cavabdeh3 və ailə üzvlərinin mübahisələndirilən mənzildən çıxarılması qət edilmişdir və həmin qətnamə bu günədək qüvvədədir. Qətnamə əsasında icraata başlanılması faktı və icra sənədinin icra orqanlarına yönəldilməsi iş materiallarından aydın görünür. Lakin məhkəmə eyni zamanda sübut edib ki, icra tədbirlərinin davam etdirilməsi və qətnamənin tam icrası icra orqanları ilə yanaşı aidiyyəti dövlət qurumlarının da iştirakı tələb edən təşkilati və faktiki həllərdən asılı olmuşdur. Belə ki, iş materiallarında yer alan Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubu və digər yazılı məlumatlar göstərir ki, icra orqanları tərəfindən aparılmış sorğular, aidiyyəti qurumlara edilmiş müraciətlər və əlaqədar araşdırmalar nəticəsində borcluların Laçın rayonundan məcburi köçkün olması müəyyən edilmiş, Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə yönəldilmiş sorğulara cavablar alınıb və həmin Komitə tərəfindən boş mənzil fondu olmadığı səbəbindən icra sənədinin icrasının mümkün olmadığı barədə rəsmi izahatlar təqdim edilmişdir. Bu vəziyyət icra prosesinin hüquqi olmasını və icra orqanlarının işin aparılmasında məqsədli hərəkətlər göstərdiyini istisna etmir, əksinə, məhkəmə üçün həmin sənədlər icra imkanlarının məhdud olduğu barədə obyektiv məlumat rolunu oynayır. Məhkəmə nəzərə alır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsinin icrasının gecikməsi və ya müəyyən müddət ərzində həyata keçirilməməsi nəticəsində iddiaçının maddi ziyanın tələb etməsi üçün yalnız qətnamənin mövcudluğu kifayət etmir. Maddi ziyanın — ödənilməsini tələb etmək üçün həmin zərərin meydana çıxması ilə dövlət orqanının və ya icraedici strukturların qanunsuz, işə məsuliyyətsiz və ya qəbuledilməz hərəkətləri arasında zəruri və birbaşa səbəb-nəticə əlaqəsi olmalıdır. İş materiallarında təqdim edilmiş sənədlərdən görünür ki, icra edilməmənin səbəbi dövlət orqanlarının məqsədyönlü və qəsdən hərəkətsizliyi deyil, məcburi köçkünlərin yaşayış yeri ilə təmin edilməsi problemlərinin, boş mənzil fondunun mövcud olmamasının və bununla əlaqədar yaranmış obyektiv çətinliklərin varlığı olmuşdur. Bu cür obyektiv maneələr xüsusi hallarda hüquqi məsuliyyəti aradan qaldıra və ya onun əsasını dəyişdirə bilər, çünki dövlət qurumlarının müəyyən resurslar, büdcə imkanı və mənbələr çərçivəsində fəaliyyəti məhduddur və onların öhdəlikləri praktiki imkanlarla tənzimlənir. Bundan başqa, məhkəmə vurğulayır ki, iddiaçının təqdim etdiyi qiymətləndirmə rəyi — aylıq kirayə dəyərinin 420 manat olduğu barədə ekspert rəyi — yalnız mülkiyyətin bazar dəyərinin və ya potensial gəlirin göstəricisidir və birbaşa olaraq iddiaçının konkret olaraq həmin məbləği həqiqətən əldə edə bilməyəcəyini təsdiqləmir. Yəni ekspert qiymətləndirməsi ziyanın ölçüsünün müəyyənləşdirilməsinə yardım edə bilər, lakin zərərin varlığını və onun yaranma səbəbini sübuta yetirmir. Eyni zamanda, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddianın “mənəvi zərər” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı göstərmişdir ki, iddia maddi ziyan hissəsində də təmin edilmədiyindən, mənəvi zərərin ödənilməsi ilə bağlı iddia tələbini əsassız hesab edir. Beləliklə məhkəmə qeyd edir ki, hazırki iş üzrə icra sənədinin dərhal həyata keçirilməməsinin əsas səbəbi obyektiv təşkilati çətinliklər və boş mənzil fondunun olmamasıdır, hansı ki, bu hallar iş materiallarında rəsmi yazışmalar və izahatlarla təsdiqlənir. Belə durumda Maliyyə Nazirliyinin və ya digər aidiyyəti dövlət strukturlarının məsuliyyətinin məhkəmə tərəfindən mülki məsuliyyət kimi müəyyən edilməsi üçün zəruri olan əsasların — yəni onların qanunsuz hərəkətinin və ya kobud və ya məqsədyönlü məsuliyyətsizliyinin, bu hərəkətlərin birbaşa zərərə səbəb olmasının və zərərin konkret həcminin etibarlı şəkildə sübuta yetirilməsinin — olmadığı qənaətinə gəlmək üçün məhkəmədə əsaslı əsaslar vardır. Buna görə də iddiaçı tərəfindən Maliyyə Nazirliyinə yönəlmiş tələb əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iddia tələbinin “Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən ziyanın məbləğinin artmasının qarşısını almaq məqsədi ilə 3-cü Cavabdeh3 və onun ailə üzvlərinin yaşayış sahəsi ilə təmin edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, Komitənin fəaliyyət istiqaməti məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların müvəqqəti yerləşdirilməsi və dövlətin mövcud imkanları çərçivəsində mənzil-məişət problemlərinin mərhələli həlli ilə məhdudlaşır. Komitənin vəzifəsi konkret məhkəmə qətnamələrinin icrası ilə bağlı müstəqil məsuliyyət daşımır və onun funksiyaları icra orqanlarının səlahiyyətlərindən fərqli olaraq hüquq-mühafizə xarakteri daşımır. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçının tələbi əslində icra sənədinin yerinə yetirilməsi məqsədini güdür, lakin icra prosesində üçüncü şəxslərin yaşayış sahəsi ilə təmin olunması birbaşa Komitənin öhdəliyinə daxil edilə bilməz. Komitə yalnız dövlət büdcəsi və mövcud mənzil fondu çərçivəsində məcburi köçkünlərin yerləşdirilməsi üçün tədbirlər həyata keçirir və bu zaman konkret şəxsin dərhal mənzillə təmin olunması barədə vəzifə daşımır. Digər tərəfdən, boş mənzil fondunun mövcud olmaması faktı da dəfələrlə təsdiqlənmiş və məhz bu səbəbdən cavabdehlərin başqa yaşayış sahəsinə köçürülməsi mümkün olmamışdır. Məhkəmə bu nəticəyə gəlir ki, Dövlət Komitəsinin vəzifəsi iddiaçının göstərdiyi formada ziyanın artmasının qarşısını almaq üçün ayrıca tədbirlər görmək deyil, ümumilikdə məcburi köçkünlərin sosial müdafiəsini təmin etməkdir. Bu səbəbdən iddiaçının Komitəyə qarşı irəli sürdüyü tələbi də əsassız olduğundan rədd edilməlidir. Son olaraq məhkəmə iddia tələbinin “3-cü Cavabdeh3 Nürəddin oğlundan ailə üzvlərinin həmin mənzilə köçərkən mənzil üçün aldıqları mebelləri həm istifadə etdikləri həm də yararsız vəziyyətə sadıqları üçün 10.000 manat məbləğində pulun tutulması və ona ödənilməsi” hissəsi ilə ağlı qeyd edir ki, İddiaçı həmin mebellərin mövcudluğu, həmçinin onların cavabdeh tərəfindən yararsız vəziyyətə saldıqları barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, iddia bu hissədə də rədd edilməlidir. Halbuki, Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmənin qənaətinə görə işin araşdırılmış halları onu deməyə əsas verir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Qaçqınların, X1 üzrə Dövlət Komitəsi və Cavabdeh3 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun müvafiq olaraq iddiaçının özünə aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəticə hissə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Qaçqınların, X1 üzrə Dövlət Komitəsi və Cavabdeh3 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar