Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-834/2024 30.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X2 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 fevral 2024-cü il tarixli e-2(060)-230/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2023-cü il tarixli Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Elsevər Quliyevin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 263.1 və 263.1-1-ci maddələri ilə cinayət təqibinin və material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbri görülməsi üçün qərarın surətinin Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, delikt nəticəsində vurulmuş 3750 manat, dəymiş mənəvi zərərin əvəzi olaraq 450 manat, həmçinin ödənilmiş 72 manat dövlət rüsumu olmaqla, cəmi 4272 manat pulun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 21:45 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində hərəkət zamanı ona məxsus “Hyundai İ30” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh təqsirli xətası üzündən idarə etdiyi “Kia Ceed” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı o və üç ailə üzvü yüngül xəsarət almış, idarə etdiyi avtomobilə ciddi ziyan dəymişdir. Cavabdehin törətdiyi əmələ görə Sumqayıt RPİ-nin Təhqiqat Şöbəsinin xx.xx.2023-cü tarixli (cinayət işi başlanılmasının rədd edilməsi haqqında) qərarı üzrə Cavabdeh əməlində AR CM-nin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulan cinayət tərkibi olmadığından cavabdehin barəsində İXM-nin 327.8-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilməsi üçün Sumqayıt RPİ-nin DYPŞ-nə göndərilmişdir. Bununla da cavabdehin təqsiri üzündən onun idarə etdiyi avtomobilə maddi zərər dəyməsi faktı tam sübuta yetirilmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pozulmuş hüquqlarının bərpa edilməsini istəyir. Texniki xidmət göstərən "xxxx" MMC tərəfindən avtomobilinə keçirilmiş baxış zamanı tərtib olunmuş xx.xx.2023-ci il tarixli qüsur aktından da göründüyü kimi idarə etdiyi “Hyundai İ30” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərci ilkin hesablamalara görə 8750 manat təşkil edir. 5000 manat sığorta şirkəti tərəfindən ödənilmişdir. 3750 manatla bağlı könüllü olaraq cavabdehdən dəfələrlə xahiş etsə də ödəniş etməmişdir. Yol nəqliyyat hadisəsi zamanı o, güclü ruhi həyacan keçirmişdir ki, bunun fəsadları hal-hazırda da sağlamlığında özünü göstərməkdədir. Belə ki, hadisənin necə baş verməsi anı tez-tez gözünün önündə canlanır və bu da öz növbəsində davamlı stress keçirməyinə səbəb olur. Bununla yanaşı dəfələrlə cavabdehə müraciət edərək avtomobilinə dəymiş maddi zərərin ödənilməsini tələb etmişdir. Lakin tələbinə əhəmiyyət verilməmiş, sui-istifadələr olmuşdur. Bu zaman onun mənəvi sarsıntılar nəticəsində əsəbləri pozulmuş, səhhətində problemlər yaranmışdır. Bu xoşagəlməz halın yaşanması ona mənəvi zərərin dəyməsi ilə nəticələnmişdir. Ona dəymiş mənəvi zərər əmlak xarakteri daşıyır və bu məbləği 500 manat civarında müəyyən edir. Hesab edir ki, bu məbləğ ağlabatandır və cavabdeh tərəfindən ödənilməsi mümkündür. Artıq beş aydan çox müddətdə o, avtomobilsiz qalmış və bu da onun işlərinin ləngiməsinə səbəb olmuşdur.
4. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X1 izahatında bildirmişdir ki, iddiaçıya avtomobilinin zədələnməsi ilə əlaqədar olaraq sığorta şirkəti tərəfindən 5000 manat məbləğində sığorta ödənişi icra edilmişdir.
5. xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin verdiyi dəymiş zərərin hesablanmasına dair aktın surətindən görünür ki, “Hyundai İ30” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilmiş və göstərilən işlərin görülməsi və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün yekun məbləğ 8750 manat məbləğində müəyyən edilmişdir.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8410 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallaında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 2008-ci il buraxılışlı “Hyundai İ30” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7950 manat müəyyən edilmişdir.
7. Sumqayıt Şəhər Məhkəməsinin 06 fevral 2024-cü il tarixli e-2(060)-230/2024 nömrəli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) iddia qismən təmin edilərək, Cavabdeh vurulmuş zərərə görə 2950 manat pul və ödənilmiş 49.50 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq İddiaçı 14.88 manat, Cavabdeh 35.12 manat pulun tutularaq Ekspertiza Mərkəzinin müvafiq hesabına keçirilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, yolnəqliyyat hadisəsi baş verdiyindən və bunun nəticəsində iddiaçıya maddi zərər dəydiyindən, o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Sözügedən avtomobilə dəymiş zərərin məbləği ilə əlaqədar tərəflər arasında mübahisə yarandığından məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8410 saylı rəyi ilə iddiaçıya hadisə nəticəsində ümumilikdə 7950 manat müəyyən edilmişdir. Həmin məbləğin 5000 manat hissəsi sığorta şirkəti tərəfindən iddiaçıya ödənildiyindən iddia tələbi 2950 manat hissədə əsaslıdır və təmin edilməlidir.
9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 386.1, 1096, 1097.1 və 1115-ci maddələrinin və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, Cavabdeh vurulmuş zərərə görə 1000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/8410 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 2008-ci il buraxılışlı “Hyundai İ30” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7950 manat müəyyən edilmişdir. Həmin ekspertiza rəyi ilə razı deyil. Hesab edir ki, ekspert tərəfindən 2008-ci il buraxılışlı “Hyundai İ30” **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərcləri düzgün qiymətləndirilməmişdir. İddiaçıya məxsus avtomobilə dəyən zərər 6000 manatdan çox ola bilməz. Ona görə də, təkrar əmtəəşünaslıq ekspertizasının keçirilməsinə zərurət vardır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (...)
16. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
18. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
20. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
21. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.
23. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
25. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 aprel 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası məruzəçi-hakimi işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Belə ki, iş materialında olan xx.xx.2023-cü il tarixli Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Elsevər Quliyevin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 263.1 və 263.1-1-ci maddələri ilə cinayət təqibinin və material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbri görülməsi üçün qərarı surəti Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsində cavabdehin təqsirli olması və vurulmuş zərəri ödəməli olması işin mübahisəsiz halıdır. Mübahisələndirilən hal vurulmuş zərərin məbləği ilə bağlıdır.
30. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8410 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallaında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 2008-ci il buraxılışlı “Hyundai İ30” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7950 manat müəyyən edilmişdir. Həmin məbləğin 5000 mnat hissəsini sığorta şirkəti ödəmişdir.
31. Cavabdeh apellyasiya şikayətində dəymiş zərərin məbləğini mübahisələndirsə də, iddiaçıya məxsus “Hyundai İ30” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarının iş üzrə keçirilmiş ekspertiza tədqiqatına dair rəydə göstərilən məbləğdən az olması, işdə olan ekspert rəyinin əsassız, işin hallarına görə kifayət qədər aydın və tam olmamasının nədən ibarət olması barədə məhkəməyə hər hansı sübut növü təqdim etməmişdir.
32. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8410 saylı rəyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103-cü maddəsinə əsasən mötəbər sübut kimi qiymətləndirilməlidir.
34. Belə ki, ekspert hesablama apararkən təqdim olunmuş sənədləri əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır.
35. Birinci instansiya məhkəməsi haqlı olaraq vurulmuş zərərin məbləğini müəyyən edərkən ekspert rəyi ilə müəyyən olunmuş 7950 manat məbləği və ödənilmiş 5000 manat sığorta ödənişini nəzərə almışdır. Nəticədə iddiaçıya ödənilməli olan zərərin əvəzini 2950 manat məbləğində qiymətləndirmişdir.
36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
37. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli e-2(060)-3122/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kasasiya şikayəti verilə bilməz.