Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5959/2024 13.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abbasov Nail İbad oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarın surətinin ona rəsmi qaydada verməkdən imtina edilməsi, adının vəkillər kollegiyasının saytından çıxarılması kimi hərəkətlərinin qanunsuz hesab edilməsi, qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın qanunsuz hesab edilərək ləğv edilməsi, cavabdehin qanunsuz əməlləri nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. İddia ərizəsinin məzmunundan müəyyən edilir ki, qoyulmuş tələbə mülki məhkəmə icraatında baxılmalı deyildir. Belə ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunundan göründüyü kimi, vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilir. Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər. İntizam komissiyası intizam icraatının başlandığı gündən bir ay müddətində, bir qayda olaraq, vəkilin iştirakı ilə araşdırma aparır və müvafiq rəyini Rəyasət Heyətinə təqdim edir. Beləliklə, qanunvericilik qeyd olunan səlahiyyətləri müvafiq orqanın diskresion səlahiyyəti kimi müəyyən etmişdir, yəni həmin səlahiyyətlə müvafiq orqana öz seçimi ilə davranış imkanı verilmişdir. Diskresion səlahiyyətlər orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla həmin orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. İddia ərizəsindən göründüyü kimi, tərəflər arasında yaranan münasibətlər publik hüquq sahəsinə aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli Qərarın 2 və 3 bəndinə əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən (ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir) ərizənin qəbul edilməsindən imtina edilməlidir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsində verilmiş tələb inzibati icraat qaydasında həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı iddia ərizəsinin, iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-5959/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5959/2024
13.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Digər - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver