Məhkəmə qərarları › İş №2(105)-1719/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1719/2023

04.11.2023 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1719/2023 04.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X11 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və üçünçü şəxs Quba rayon İcra və probasiya şöbəsinə qarşı ödənilməli pul məbləğlərinin indeksasiyası, maddi və mənəvi zərərin ödənilməsi, şəxsin üzərinə vəzifə qoyulması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin e-2(027)- 297/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim V.Seyidov) iddianın qismən təmin edilməsi, xx.xx.2011-ci ildən iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2022-ci il olan dövr üçün iddiaçıya ödənilməyən 2500 manat üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş bank faizinin uçot dərəcələri ilə hesablanma aparılaraq, həmin 2500 manat məbləğə göstərilən dövrlər üzrə faizlərin cəmi 2067,05 manat, eyni zamanda xx.xx.2022-ci ildən xx.xx.2022-ci il olan dövr üçün iddiaçıya ödənilməyən qalıq 1300 manat üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş bank faizinin uçot dərəcələri ilə hesablanma aparılaraq, həmin qalıq 1300 manat məbləğə göstərilən dövrlər üzrə hesablanan faizlərin cəmi 26,87 manat, cəmi 2093,92 (iki min doxsan üç manat, doxsan iki qəpik) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza xərcinin dəyəri 100 manat cavabdehdən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh və üçünçü şəxs Quba rayon İcra və probasiya şöbəsinə qarşı ödənilməli pul məbləğlərinin indeksasiyası, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, şəxsin üzərinə vəzifə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)-61/2011 nömrəli iş üzrə xx.xx.2011-ci il tarixli qətnaməsi ilə X3 tutulmuş 2500 (iki min beş yüz) manat pulun, mərhumun əmlakına vərəsəlik üzrə varisi Cavabdeh, 08 iyul 2011-cı il tarixdən hazırkı iddia üzrə məhkəmə qətnaməsi qəbul edilən tarixə qədər, 2500 (iki min beş yüz) manat pul vəsaiti hesabından, gecikdirilən hər ay üçün, pulun zaman dəyəri nəzəriyyəsindən irəli gələn cari dəyərinin Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə müvafiq faizlərin hesablanması ilə İddiaçı ödənilməsi, ünvan 1 ünvanda yaşayış sahəsi 79,8 kv.m., köməkçi sahəsi 100,4 kv.m. olan 2 mərtəbəli yaşayış evinin ½ hissəsinə iddiaçının vərəsəlik üzrə mülkiyyət hüququ müəyyən edildiyi və mülkün real bölgüsü üzrə məhkəmə qətnaməsinin hüquqi qüvvəyə mindiyi xx.xx.2008-ci il tarixidən, ünvan üzrə mülkün İddiaçı aid hissəsinin Cavabdeh tərəfindən zəbt edərək, şəxsi mənafeyi üçün istifadə etməsi və iddiaçının mülkiyyət hüquqlarını pozması nəticəsində dəymiş maddi zərərin əvəzi kimi, cavabdeh tərəfindən iddiaçıya 20000 (iyirmi min) manat və mənəvi zərərin əvəzi kimi 15000 (on beş min) manat təzminat ödənilməsi, hazırkı qətnamə əsasında icra hərəkətləri tam yerinə yetirilənə qədər, ünvan üzrə evə aid işıq, su, qaz və qanunvericiliklə müəyyən edilmiş digər ödəniş və vergilərin Cavabdeh aid olması və həmin xərclərin cavabdeh tərəfindən tam ödənilməsi, cavabdehin üzərinə, ünvan üzrə mülkün iddiaçıya aid ½ hissəsində olan həyət və mənzilin ilkin abad və yaşayışa yararlı vəziyyətə gətirilməsi vəzifəsinin qoyulması, cavabdehin üzərinə, iddiaçının ünvan üzrə mülkə maneəsiz daxil olmağı üçün evin və mənzilin açarlannm iddiaçıya verilməsi və mülkün iddiaçıya aid hissəsində təmirabadlıq işlərinin aparılması ilə bağlı, cavabdeh tərəfindən maneələr törədilməməsi vəzifəsinin qoyulması, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun cavabdehə aid edilməsi və rüsuma ödənilmiş məbləğdə pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsinin xx.xx.2007-ci tarixli, 2-418/2007 nömrəli qətnaməsi ilə Quba səhəri, Xətai küçəsi ev 2, 0,01874 ha. həyətyanı torpaq sahəsində, yaşayış sahəsi 79,8 kv.m., köməkçi sahəsi 100,4 kv.m. olan 2 mərtəbəli yaşayış evinin ½ hissəsinə İddiaçı və digər ½ hissəsinə X4 vərəsəlik üzrə mülkiyyət hüquqları müəyyən edilmişdir. Bu əsasla Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Xaçmaz Ərazi idarəsi Tərəfindən xx.xx.2008-ci il tarixli, qeydiyyat №**********08-10301 saylı texniki pasport və xx.xx.2008-ci il tarixli qeydiyyat № **********, reyestr № **********08-10301, seriya MH № ******* saylı çıxarış verilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(027)-227/2008 nömrəli qətnaməsi ilə ünvan üzrə miras mülkün real bölgüsü müəyyən edilmişdir. Ünvan üzrə miras mülkün digər ½ hissəsinə vərəsəlik üzrə mülkiyyət hüququ olan X10 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Miras mülkün mərhum X6 aid 1/2 hissəsinə vərəsəlik hüququ onun əri Cavabdeh keçmişdir. Cavabdeh vərəsəlik hüququndan istifadə etməsinə baxmayaraq, bu hüquqla üzərinə düşən vəzifələri, Quba Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(027)- 227/2008 nömrəli və Quba Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(027)-61/2011 nömrəli qətnamələri üzrə icra sənədində təsbit olunan tələbləri yerinə yetirməkdən davamlı yayınır. Ünvan üzrə mülkiyyətə iddiaçının sahiblik və istifadə hüquqlarının pozulması ilə bağlı Quba Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2011-ci il tarixli qətnamə üzrə icra vərəqəsində göstərilən tələblər cavabdeh tərəfindən icra edilməmişdir. Bu səbəbdən, iddiaçı bu günə qədər ünvan üzrə mülkün ona aid olan 1/2 hissəsinə sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur və ona məxsus mülkiyyətdən istifadə edə bilməmişdir. Ünvan üzrə mülkün iddiaçıya aid 1/2 hissəsinə mülkiyyət hüquqlarının müəyyən edilməsinə dair məhkəmə qətnaməsi 14 (on dörd) ildir hüquqi qüvvəyə minmişdir. Bu müddət ərzində iddiaçının mülkiyyətə sahiblik və istifadə hüquqları, mülkün mərhum X6 aid digər 1/2 hissəsinə vərəsəlik üzrə mülkiyyət hüquqları əldə etmiş və hazırkı iddia üzrə Cavabdeh tərəfindən kobud pozulmuşdur. Cavabdeh, ünvan üzrə miras mülkə qadağan edilmiş özbaşınalıq yolu ilə davamlı olaraq, bütünlükdə sahiblik edir. Cavabdeh, ünvan 3 ünvanda ev sökülmüşdür) qeydiyyatda olmasına rəğmən, cavabdehin faktiki daimi yaşayış yeri ünvan 4 ünvanda yerləşən və hazırda mübahisə predmeti olan evdir. İşə dair məhkəmə qətnaməsinin icra vərəqəsinin 14 (on dörd) il ərzində icra edilməməsinin və cavabdeh (borclu) barəsində qanunvericiliyin tələblərinə müvafiq hüquqi tədbirlərin vaxtında görülməməsinin məsuliyyəti Quba rayon İcra və Probasiya şöbəsinin üzərinə düşür. Bununla bağlı, iddiaçının Milli Məclisinə müraciəti əsasında, Ədliyyə nazirliyinə sorğuya, Quba rayon icra və probasiya şöbəsi natamam və təhrif olunmuş məlumat vermişdir. Bu səbəbdən, məhkəmədə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Quba rayon İcra və Probasiya şöbəsinin iştirakı zəruridir. Cavabdeh, iddiaçının mərhum əmisi X7 adına Quba şəhərində miras qalmış və hazırda mübahisə predmeti olan ünvan üzrə evi, həmin əmlaka hüququ əsası olmadan, saxtakarlıq və qanunsuz yolla 27 fevral 2007-ci il tarixdə öz adına keçirmək niyyəti ilə, ünvan üzrə mülkə aid X8 (yəni, iddiaçının anasının və cavabdehin qaynanasının) adına olan sənədləri, qaynananın vəfatından bir neçə gün öncə, qərəzli məqsədlə, evdən oğurlamışdır. 16 fevral 2007-ci tarixdə X8 müəmmalı vəfatından cəmi 4 (dörd) gün sonra, cavabdeh, həmin sənədləri aidiyyatı üzrə olmayan Qusar Rayon Məhkəməsinə təqdim etmiş və cəmi 7 (yeddi) gün ərzində, X8 (iddiaçının anasının) vəfatından 11 (on bir) gün sonra, ünvan üzrə əmlak üzərində mülkiyyət hüququnun tanınması barədə Qusar Rayon Məhkəməsinin 27 fevral 2007-ci il tarixi, 2-221 a/07 nömrəli qətnaməsini əldə etmişdir. Bu fakt, iddiaçıya, anasının vəfatından 6 (altı) ay sonra, Quba Rayon Məhkəməsində məlum olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi, Qusar Rayon Məhkəməsinin 27 fevral 2007ci il tarixli qanunsuz qətnaməsinin ləğv olunması barədə xx.xx.2007-ci il tarixli, 2mk- 262/2007 nömrəli qərardad qəbul etmişdir. Quba rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-418/2007 nömrəli qətnaməsi ilə, ünvan üzrə miras mülkə Cavabdeh adına AR DƏDRX Xaçmaz ərazi idarəsindən verilmiş çıxarış etibarsiz sayılaraq, ləğv edilmişdir. Həmin qətnamə ilə, ünvan 9 ünvanda 0,01874 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, yaşayış sahəsi 79,8 kv.m., köməkçi sahəsi 100,4 kv.m. olan miras mülkün 1/2 hissəsinə İddiaçı və digər 1/2 hissəsinə X4 vərəsəlik üzrə bərabər şəkildə mülkiyyət hüquqları müəyyən edilmişdir. Həmin qətnamə əsasında, iddiaçıya qeydiyyat №********** reyestr №**********08-10301, seriya MH № ******* saylı xx.xx.2008-ci il tarixli çıxarış vermişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(027)-227/2008 nömrəli qətnaməsi ilə tərəflərə məxsus, ünvan üzrə mülkü real bölgüsü aparılmışdır. Qətnamə xx.xx.2008-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2011ci il tarixli 2(027)-61/2011 nömrəli qətnaməsində iddiaçının ünvan üzrə mülkiyyətə sahiblik və istifadə hüququna maneələrin aradan qaldırılması, sahibliyin qaytarılması, mülkiyyətə sahiblik və istifadə hüququnun pozulması ilə əlaqədar dəymiş maddi və mənəvi ziyanın əvəzi kimi cavabdeh X3 2500 (iki min beş yüz) manat pul tutularaq, iddiaçıya ödənilməsi, evdən və həyətyanı torpaq sahəsindən çıxarma, evin və həyətyanı torpaq sahəsinin giriş qapılarının açarlarının qaytarılmasına dair iddia tələbləri təmin edilmişdir. Qətnamə xx.xx.2011-ci il tarixdə hüquqi qüvvəyə minmişdir. Həmin tarixli qətnamə üzrə cavabdehlərdən biri - miras mülkün 1/2 hissəsinin sahibi X10 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Həmin qətnamə üzrə digər cavabdeh, sonradan isə ünvan üzrə mülkün mərhum X6 aid hissəsinə vərəsəlik üzrə mülkiyyət hüququ qazanmış Cavabdeh (hazırkı iş üzrə cavabdeh) vərəsəlik hüququndan istufadə etməsinə rəğmən, icra vərəqələri üzrə tələbləri yerinə yetirməkdən davamlı yayınır. Vərəsəlik hüququ əldə etmiş Cavabdeh, Quba Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə X3 tutulmuş 2500 (iki min beş yüz) manat pulun iddiaçıya ödəməkdən davamlı imtina edir. İddiaçı, hazırkı iddia tələbi ilə Mülki Prosessual Məcəlləsinin 232.1. maddəsinə əsaslanaraq, həmin 2500 (iki min beş yüz) manat pulun 14 (on dörd) il müddətdə, vaxtında ödənilməməsi səbəbindən, iddiaçıya dəymiş maddi zərərə görə, həmin məbləğdə pulun zaman dəyəri nəzəriyyəsindən irəli gələn cari dəyərinin müvafiq indeksasiyasını tələb edir. Cavabdeh mülkün iddiaçıya aid həyət hissəsinə Quba şəhəri, Ərdəbil küçəsindən giriş üçün dəmir darvazanı həyət tərəfdən qıfılla bağlamışdır. İddiaçı mülkə maneəsiz daxil olmaq üçün açarları cavabdehdən ala bilmir. Cavabdeh 14 (on dörd) il ərzində iddiaçıya ünvan üzrə evin açarların verilməsi, kommunal və digər borcların ödənilməsi ilə bağlı dəfələrlə yalan vədlər vermişdir. Bununla bağlı iddiaçının təkrar müraciətlərinə, cavabdeh, “Bir də mənə zəng eləmə” deyərək, telefon danışığını kəsmişdir. Cavabdeh, bu kimi hərəkətlə 14 (on dörd) il ərzində məsələnin həllini uzatmağa üstünlük vermişdir. Cavabdehin ünvan üzrə evə aid işıq, qaz və kommunal xidmətlərin ödənişi ilə bağlı, külli miqdarda borcları olduğundan, həmin ünvan üzrə ayrıca işıq və qaz xətti çəkilməsinə müvafiq idarələr tərəfindən iddiaçıya icazə verilmir. Mülkün iddiaçıya aid hissəsində, həyətin bölünməsi, hasar çəkilməsi, təmirabadlıq işlərinin görülməsi üçün iddiaçı dəfələrlə Quba şəhərinə gəlmişdir, mütəxəssislər dəvət etmişdir. Cavabdeh hər dəfə müxtəlif məzmunda bəhanələrlə evin açarlarını iddiaçıya verilməsinə, mütəxəssislərin smeta tərtib etmək üçün evə baxmasına imkan verməmişdir. Cavabdeh bu hərəkətlərlə işin həllinə süni maneələr yaratmışdır. 14 il müddətdə, göstərilən məsələlərlə bağlı, iddiaçıya maddi və mənəvi zərər dəymişdir. Cavabdeh mülkün iddiaçıya aid hissəsində olan otaqları və həyət hissəsini zəbt edərək, öz şəxsi mənafeyi üçün istifadə edir, müxtəlif dövrlərdə evi kirayə vermişdir. Cavabdehin bu qanunsuz hərəkəti nəticəsində iddiaçı 14 (on dörd) il müddətdə ona məxsus əmlaka (mülkə) sahib olmaq, istifadə etmək və fayda götürmək hüquqlarından məhrum olmuşdur. Bu səbəbdən, iddiaçı əmlakın cavabdehdə olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və əvəzinin ödənilməsini tələb edir. İddiaçı, ona məxsus ev və həyatyanı sahədə istifadə və digər hüquqlarından məhrum olmasaydı, bu halda, həmin mülkün 1 (bir) ay müddətə kirayəsindən 150 - 200 manat, 1 (bir) il müddətdə, orta hesabla, 2000 (iki min) manat pul vəsaiti əldə edə bilərdi. Bu halda, iddiaçıya 14 ildə - (14 x 12 ay — 168 ay), hər 1 (bir) aya kirayə haqqı minimum 150 manat hesabı ilə, 168 x 150 = 21000 (iyirmi min) manat məbləğ alınır. Sadə hesablama ilə təsdiq edilir ki, 14 il ərzində, iddiaçıya, orta hesabla, minimum 21000 (iyirmi bir min) manat məbləğdə zərər vurulmuşdur. İddiaçının valideynlərinə məxsus miras mülkdə olan daşınan əmlaka iddia etməmişdir. Bütün daşınan əmlak (pul, avtomobil, qızıl-zinət əşyalan, xalçalar, mebel və s.) cavabdeh tərəfindən mənimsənilmişdir. Cavabdehin iddiaçıya qarşı davamlı olaraq, törətdiyi qanun pozuntuları nəticəsində, iddiaçı 2007-ci ildən bu vaxta qədər öz hüquqlarını müdafiə və bərpası üçün, çoxsaylı iddialarla məhkəmələrə müraciət etmişdir. Məhkəmə instansiyalarında iddiaçının tələbləri təmin edilmişdir. Lakin məhkəmə qətnamələri üzrə icra hərəkətləri yerinə yetirilməmişdir. Bu hallar, 14 il ərzində iddiaçının çox vaxt itkisinə, davamlı stress və mənəvi sarsıntılara məruz qalmasına səbəb olmuşdur. Bu müddətdə, məhkəmələrə iddia ərizəsi ilə müraciət etmək, məhkəmə iclaslarında iştirak etmək, həmçinin, mülkün iddiaçıya aid hissəsində qətnamədə təsbit olunan təmir-tikinti işlərini görmək üçün, iddiaçı və iddiaçının əri (etibarnamə ilə nümayəndəsi) yaşadıqları Moskva şəhərindən dəfələrlə Quba şəhərinə gəlməli olmuşlar. Bununla bağlı, çox vaxt itirmişlər və əlavə pul sərf etmişlər. İllər ərzində, cavabdehin yalan vədlərlə məsələnin həllindən yayınması səbəbindən, iddiaçı, davamlı mənəvi sarsıntı və stress keçirmişdir. Bu səbəbdən, iddiaçıya həm maddi, həm də mənəvi ziyan dəymişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Quba Rayon Məhkəməsinin 21 iyun 2023cü il tarixli qətnaməsi iddia tələbinin cavabdehin üzərinə, iddiaçının ünvan üzrə mülkə maneəsiz daxil olmağı üçün evin və mənzilin açarlarnın iddiaçıya verilməsi və mülkün iddiaçıya aid hissəsində təmir-abadlıq işlərinin aparılması ilə bağlı, cavabdeh tərəfindən maneələr törədilməməsi vəzifəsinin qoyulmasının təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Quba Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, iddianın tam təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası adından qəbul edilmiş bu qətnamə, iddia tələbinin təmin edilməmiş hissəsinə münasibətdə, əsassız və ədalətsizdir. Məhkəmə iddianın əsasını təşkil edən tələblərin təmin edilməməsini, hüquqi cəhətdən əsaslandıra bilmədiyindən, qətnamədə anlamı çətin və absurd məzmunda qarışıq budaq cümlələrdən istifadəyə üstünlük verilmişdir. Qətnamənin təsvir hissəsinin qarışıq şəkildə yazılmış mətnində abzas (sətirbaşı) yazılış üslubuna riayət edilməməsi, mətnin məna vahidliyinin və məntiqli əlağə ardıcıllığının pozulmasına səbəb olmuşdur. İddia ərizəsinin struktur mahiyyətinin çətin anlaşılmasına səbəb olan bu yazı üslubunun qərəzli məqsədlə olması, istisna deyil. İşin halları iddia ərizəsində və ərizəyə əlavə edilmiş sənədlərdə şərh olunmuşdur. İddia ərizəsində irəli sürülən tələblər, hüquqi əsaslandırılmış qanuni tələblərdir. Qətnamənin məzmunundan anlaşılır ki, məhkəmə iddia ərizəsini və tələbləri mahiyyəti üzrə tam hərtərəfli araşdırmamışdır və sübutları tədqiq etməkdən yayınmışdır. Bu səbəbdən, hesab edir ki, iş üzrə qətnamə, iddia ərizəsinin təmin edilməmiş hissəsinə münasibətdə, maddi hüquq və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. İddia ərizəsinin mahiyyəti üzrə işə düzgün mövqedən yanaşılmamasının və işin real həqiqi hallara uyğun əsaslandırılmamasının müstəqil nəticəsi olaraq, iddianın əsasını təşkil edən tələblər təmin edilməmişdir. Bu baxımdan iddia ərizəsində şərh olunan halların hərtərəfli araşdırılması və sübutların tədqiqi əsasında, ədalətli yekun aktı qəbul edilməlidir. Bu səbəbdən, Quba Rayon Məhkəməsinin 2(027)-297/2023 nömrəli iş üzrə qəbul etdiyi 21 iyun 2023-cü il tarixli qətnamədən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət edilməsinə zərurət yaranmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən üçünçü şəxs Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə izahatında bildirdi ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilən məlumat xarakterli arayışı müdafiə edir. Quba Rayon Məhkəməsinin e-2(027)-297/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə bağlı icra sənədi onun icraatına 2020-ci ildə daxil olub. Lazımi icra hərəkətlərini və müvafiq icra tədbirlərini görülmüşdür. İcra sənədi 2500 manat pul vəsaitinin tutulması hissədə 100 (yüz) manat məbləğində icra edilməyib. Qalan hissədə isə icra sənədi üzrə icra hərəkətləri davam etdirilir. İcra sənədi mübahisəli əmlakın real bölgüsü ilə bağlı hissədə icra edilməyib. Mübahisəli əmlakın real bölgüsü ilə bağlı icra vərəqəsi xx.xx.2011-ci il tarixdə verilib. 2020-ci ildə icra sənədi onun icraatına daxil olub. Tələbkar mübahisəli evlə bağlı işıq, su, qaz və s. kimi kommunal xərclər ödənildikdən sonra icra hərəkətlərinin həyata keçirilməsini bildirdi. Borclu tərəfindən isə kommunal xərclərin ödənilməsi bugünədək təmin edilməyib. Çünki Cavabdeh məhkəmə qərarı ilə razılaşmır və icra hərəkətlərinin həyata keçirilməsinə maneəçilik törədir. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməməsi ilə əsaslandırmışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə iddiaçının mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. Hazırkı iş üzrə mübahisələndirilən hissədə iddia tələbi cavabdehin üzərinə, ünvan üzrə mülkün iddiaçıya aid ½ hissəsində olan həyət və mənzilin ilkin abad və yaşayışa yararlı vəziyyətə gətirilməsi vəzifəsinin qoyulması, şəxsi mənafeyi üçün istifadə etməsi və iddiaçının mülkiyyət hüquqlarını pozması nəticəsində dəymiş maddi zərərin əvəzi kimi, cavabdeh tərəfindən iddiaçıya 20000 (iyirmi min) manat və mənəvi zərərin əvəzi kimi 15000 (on beş min) manat təzminat ödənilməsi, hazırkı qətnamə əsasında icra hərəkətləri tam yerinə yetirilənə qədər, ünvan üzrə evə aid işıq, su, qaz və qanunvericiliklə müəyyən edilmiş digər ödəniş və vergilərin Cavabdeh aid olması və həmin xərclərin cavabdeh tərəfindən tam ödənilməsi barədədir. Məhkəmə kollegiyası ilk öncə iddia tələbinin hazırkı qətnamə əsasında icra hərəkətləri tam yerinə yetirilənə qədər, ünvan üzrə evə aid işıq, su, qaz və qanunvericiliklə müəyyən edilmiş digər ödəniş və vergilərin Cavabdeh aid olması hissəsində qeyd edir ki, işdə olan “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin təbii qazdan istifadəyə görə xx.xx.2022-ci il tarixinə 258 manat sayğacla müəyyən olunan borcu vardır. "xxxx" ASC 1 №li Regional Sukanal İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin 139.5 manat borcu qalmışdır. Həmin ünvanda yaşayış olmadığına görə 2014-cü ilin oktyabr ayından abonent passivə atılmışdır. "xxxx" ASC “Şimal” RETSİ-nin X9 424 №li xx.xx.2022-ci tarixli məktubunda bildirilmişdir ki, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin abonent kodu X4 adına qeydiyyatdadır. Abonentin elektrik sayğacı Smart tiplidir və borcu yoxdur. Göründüyü kimi cavabdeh istifadə etdiyi kommunal xidmətlərə görə ümumilikdə borcu (258+139,5=397,5) 397,5 manat təşkil edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, qazdan və sudan istifadəyə görə yaranmış ümumilikdə 397,5 manat borc Cavabdeh aid edilməli, ödənilmiş 195 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulmalıdır. Lakin həmin borcların, digər ödəniş və vergilərin Cavabdeh tərəfindən tam ödənilməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu hissədə iddiaçının subyektiv hüququ olmadığından, başqa sözlə desək, həmin borcları tələb etmək “Azəriqaz” İB və "xxxx" ASC-yə aid olduğundan, iddia tələbi təmin edilə bilməz. İddia tələbinin cavabdehin üzərinə, ünvan üzrə mülkün iddiaçıya aid ½ hissəsində olan həyət və mənzilin ilkin abad və yaşayışa yararlı vəziyyətə gətirilməsi vəzifəsinin qoyulması, şəxsi mənafeyi üçün istifadə etməsi və iddiaçının mülkiyyət hüquqlarını pozması nəticəsində dəymiş maddi zərərin əvəzi kimi, cavabdeh tərəfindən iddiaçıya 20000 (iyirmi min) manat və mənəvi zərərin əvəzi kimi 15000 (on beş min) manat təzminat ödənilməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə iddiaçı iddia tələbinin əsasını təsdiq edən tutarlı sübutları təqdim etmədiyindən, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli qətnaməsi qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli qətnaməsi qismən ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi üzrə evə aid kommunal xidmətlərdən yaranmış 397,5 manat Cavabdeh aid hesab edilsin və ödənilmiş 195 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar