Məhkəmə qərarları › İş №2(105)-1726/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1726/2022

27.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1726/2022 27.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, Zəngilan Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(034)-230/2022 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏNETDİ: Zəngilan Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(034)-230/2022 nömrəli qərardadı ilə (hakim Gülsarə İmanova) Ərizəçi hüquqi şəxsin nizamnaməsinin qeydinin müəyyən edilməsi barədə ərizənin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Ərizəçi şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin icraata qəbul edib, mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİNHALLARİ: Ərizəçi «hüquqi şəxsin nizamnaməsinin qeydinin müəyyən edilməsi barədə» ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edib, «Təkağac» kiçik müəssisəsinin 05 mart 1992-ci il tarixdə X1 tərəfindən təsis edilmiş və Maraqlı şəxs başçısının 10 mart 1992-ci il tarixli, 132 nömrəli sərəncamı ilə qeydiyyata alınmış nizamnaməsinə malik olduğu faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİNDƏLİLLƏRİ Ərizəçi tərəfindən verilmiş şikayət onunla əsaslandırılmışdır ki, Zəngilan Rayon Məhkəməsi 26 may 2022-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, “Təkağac” kiçik müəssisəsi 1992-ci ildə, həmin müddətlərdə mövcud qaydalara uyğun Maraqlı şəxs tərəfindən qeydiyyata alınmışdır. Məlum hadisələlər üzündən müəssisənin fəaliyyəti və sonrakı qaydalara uyğun Vergi İdarəsində təkrar qeydiyyatın aparılması mümkün olmamışdır. Hazırda Zəngilan rayonu düşməndən azad edildiyindən bu məsələ aktuallaşmışdır. Qeydiyyatın aparılması üçün müəssisənin nizamnaməsinin əsli, qeydiyyatı və qeydiyyatı ilə bağlı sərəncamın arxivdən çıxarışları tələb olunur. Lakin Maraqlı şəxs arxivi məhv edildiyindən tələb olunan sənədlərin əldə edilməsi mümkün olmamışdır. Məhkəmə bu dəlilləri müəyyən edib, şikayət olunan qərardada qeyd etmiş, lakin müəyyən etdiyi dəlillərə zidd qərardad qəbul etmişdir. Göründüyü kimi hazırki mübahisə “'Təkağac” kiçik müəssisəsinin nizamnaməsinin kommersiya hüquqi şəxslərin Dövlət Reyestrində qeydiyyata alınması ilə bağlı tələb deyil, məlum hadisələrin nəticəsində əldə edilməsi mümkün olmayan, «Təkağac» kiçik müəssisəsinin 05 mart 1992-ci il tarixdə X1 tərəfindən təsis edilmiş və Maraqlı şəxs başçısının 10 mart 1992-ci il tarixli, 132 nömrəli sərəncamı ilə qeydiyyata alınmış nizamnaməsinə malik olduğu faktının müəyyən edilməsi ilə bağlıdır. Bu tələb də qeyd olunan sənədlərin başqa yolla əldə edilməsinin mümkün olmadığından irəi gəlmişdir. Hüquqi faktın müəyyən edilməsi ilə bağlı məsələnin həlli Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələblərinə əsasən rayon məhkəmələrində xüsusi icraat qaydasında baxılmalıdır.Ona görə də birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və ərizənin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ərizəni geri qaytararkən Mülki Posessual Məcəllənin 153.3-cü maddəsinə istinad edərək göstərmişdir ki, ərizəçi Zəngilan Rayon Məhkəməsinə deyil, inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunverciliyin tətbiqində səhvə yol vermiş və işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Mülki Prosessual Məcəllənin Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: Maddə 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; Maddə 153.2.3. məhkəmə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair münsiflər məhkəməsi qətnaməsinin məcburi icra edilməsi üçün icra vərəqəsi verməkdən imtina etdiyi və ya iş yenidən baxılmaq üçün qətnamə qəbul etmiş münsiflər məhkəməsinə qaytarıldığı, lakin işin həmin münsiflər məhkəməsində baxılması mümkün olmadığı hallar istisna edilməklə, münsiflər məhkəməsinin qəbul etdiyi, qanuni qüvvəyə minmiş qətnaməsi olarsa; Maddə 153.2.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa. Sadalanan prosessual hüquq normalarının tələblərindən göründüyü kimi iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul etməkdən imtina əsasları konkrek olaraq göstərilmiş və ərizəçinin hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinin inzibati icraat qaydasında baxılması əsası MPM-nin 153.3-cü maddəsinin təsiri altına düşmür. MPM-nin 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməklə, prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Mülki Posessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Mülki Posessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək apelyasiya instansiyası məhkəməsinin səlahiyyətidir. Ona görə də, şikayət qismən təmin edilərək, Zəngilan Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(034)-230/2022 nömrəli qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 22 iyun 2022-ci il tarixli, 2(034)-230/2022 nömrəli qərardadı ləğv edilib, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Mülki Posessual Məcəllənin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 273, 274, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: Ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(034)-230/2022 nömrəli qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 22 iyun 2022-ci il tarixli, 2(034)-230/2022 nömrəli qərardadı ləğv edilsin. Ərizəçi «Təkağac» kiçik müəssisəsinin 05 mart 1992-ci il tarixdə X1 tərəfindən təsis edilmiş və Maraqlı şəxs başçısının 10 mart 1992-ci il tarixli, 132 nömrəli sərəncamı ilə qeydiyyata alınmış nizamnaməsinə malik olduğu faktın müəyyən edilməsi barədə ərizəsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar