Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1727/2022 11.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədov Ramilə Camaləddin qızının katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə köçürmə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-449/2021 nömrəli, 27 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(012)-449/2021 nömrəli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia qismən təmin edilmiş, İddiaçı və azyaşlı övladları 31 may 2016-cı il təvəllüdlü X5, 19 iyun 2017-ci il təvəllüdlü X6 ünvan 1 ünvanında yerləşən 5 otaq, 1 mətbəx, dəhliz və sanitar qovşaqdan ibarət fərdi yaşayış evinə köçürülmələri, iddia tələbinin İddiaçı və azyaşlı övladları 31 may 2016-cı il təvəllüdlü X5 və 19 iyun 2017-ci il təvəllüdlü X6 ünvan 1 ünvanında yerləşən 5 otaq, 1 mətbəx, dəhliz və sanitar qovşaqdan ibarət fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi hissəsində rədd edilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(012)-449/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 noyabr 2021-ci il tarixli, 2(105)-2847/2021 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 27 aprel 2021ci il tarixli, 2(012)-449/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 noyabr 2021-ci il tarixli, 2(105)-2847/2021 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2546/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 noyabr 2021-ci il tarixli, 2(105)-2847/2021 nömrəli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. İŞİNHALLARİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddiaçının, azyaşlı övladları 31 may 2016-cı il təvəllüdlü X5 və 19 iyun 2017-ci il təvəllüdlü X6 ünvan 1 ünvanında yerləşən 5 otaq, 1 mətbəx, dəhliz və sanitar qovşaqdan ibarət fərdi yaşayış evinə köçürülmələri və həmin evdən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlərin oğlu Rəvan İmanov ilə ailə qurarkən, 2015-ci ildən sonuncunun valideynləri ilə birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən 5 otaq, 1 mətbəx, dəhliz və sanitar qovşaqdan ibarət fərdi yaşayış evinə gəlin köçmüş, cehiz əmlaklarını da həmin evə yerləşdirmiş və həmin evdə ailə üzvü kimi qəbul edilərək yaşamağa başlamışdır. Sonralar, münasibətləri pozulduğundan azyaşlı övladları ilə birgə valideynlərinin yanında yaşamağa məcbur qalmışdır. Necə müddətdir ki, bu halın düzələcəyinə ümid etsə də, cavabdehlər onun yaşayış evinə daxil olmağına icazə verməmişlər. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdehlərin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli ev cavabdehlərin şəxsi vəsaiti hesabına tikilmişdir. Həmin fərdi yaşayış evi özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestr xidmətinə qeydiyyata alınmamışdır. İddiaçı onların oğlanları Mahir İmanovla birlikdə həmin ünvanda müəyyən müddət yaşamış, əksər hallarda isə öz atası evində yaşamışdır. Tərəflər arasındakı nikah da pozulduqdan sonra iddiaçı həmin ünvandan birdəfəlik köçüb getmişdir. Lakin məhkəmə bunları nəzərə almamışdır və iddiaçının fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarmışdır. Məhkəmə qətnaməsində qeyri-müəyyən cümlələrdən istifadə edilməsi yolverilməzdir. İddiaçının heç bir sənədi olmayan mübahisəli fərdi yaşayış evin köçürülməsinin əsası yoxdur. Həmçinin, məhkəmə nəzərə almalı idi ki, iddiaçının mübahisəli ünvanda olan cehiz əşyalarının həmin evdən çıxarılmasına dair məhkəmə qətnaməsi vardır. Ümumiyyətlə, məhkəmə iş üzrə lazımi qaydada araşdırma aparmamış və işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Odur ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(012)-449/2021 saylı qətnaməsi ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul olunmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli ev özbaşına tikilidir və iş üzrə Cavabdeh2 qardaşı Yavər Atakişiyev tərəfindən inşa edilmişdir. Cavabdehlər özləri məcburi köçkün olaraq Yavər Atakişiyevə məxsus evdə müvəqqəti olaraq məskunlaşmışlar. Yavər Atakişiyevin İddiaçı və onun övladları ilə heç bir qohumluq əlaqəsi yoxdur. Bu səbəbdən də iddianın da heç bir hüquqi əsası yoxdur. İddiaçının həmin evin tikintisində heç bir rolu olmamışdır. Apellyasiya baxışı zamanı (iştirak etdiyi məhkəmə iclasında) Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli ev özbaşına tikilidir, həmin ev onun qardaşı Yavərə məxsus olmuşdur. Onlar 1993-cü ildə məcburi köçkün kimi Xırdalan şəhərinə gəlmiş və qardaşı Yavər tərəfindən bu evdə məskunlaşdırılmışlar. Sonradan o və mərhum əri həmin evi genişlətmiş, təmir bərpa işləri həyata keçirmişlər. İddiaçı həmin evə gəlin köçərkən ev yaşayış üçün tam hazır vəziyyətdə olmuşdur. İddiaçının həmin evin tikintisində maddi cəhətdən heç bir rolu olmamışdır. İş üzrə digər Cavabdeh1 hazırki mübahisə üzrə məhkəmə baxışının gedişi dövründə (xx.xx.2022-ci il) vəfat etdiyi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-1727\2022 nömrəli qəradadı ilə ona aid hissədə işin icraatına xitam verilmişdir. İş üzrə İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, əvvəlki məhkəmə iclası zamanı məhkəməyə teleqram vuraraq, onun iştirakının təmin edilməsi məqsədi ilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin onun xahişi təmin olunsa da o, sonrakı məhkəmə iclaslarında da iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli, 2(004)- 568/2018 nömrəli qətnaməsindən görünür ki, X3 iddia tələbi qismən təmin edilmiş, X17 ilə X15 qızı arasında xx.xx.2015-ci il tarixdə Abşeron rayon qeydiyyat şöbəsində bağlanmış nikaha xitam verilmiş, tərəflərin birgə nikahından doğulmuş 31 may 2016-cı il təvəllüdlü X5 və 19 iyun 2017-ci təvəllüdlü X6 anaları X3 yanında qalmaları müəyyən edilmişdir. Yenə iş materiallarında olan Abşeron rayonu, Xırdalan şəhəri, 5 saylı MTİTS tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 194 №-li arayışdan görünür ki, Cavabdeh1 həqiqətən ünvan 2 ünvanında Cavabdeh2, X10, X13 və X11 ilə birlikdə yaşayır. Yenə işdə olan Abşeron rayonu, Xırdalan şəhəri, 5 saylı MTİTS tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 120 №-li, xx.xx.2021-ci il tarixli, 118№-li arayışlardan görünür ki, Cavabdeh1 1993-cü ildən Zəngilan rayonundan məcburi köçkün olduğu vaxtdan ailə üzvləri ilə birlikdə X1 məxsus Xırdalan şəhərində, H.Əliyev, ev 41 ünvanında yaşayır. İşə əlavə edilmiş Abşeron rayon İcra Hakimiyyətinin Cavabdeh2 ünvanlanmış xx.xx.2018-ci il tarixli, 03№-li məktubun məzmunundan görünür ki, onun mənzillə təmin edilməsi barədə xahişi RİH-in sərbəst mənzil fondu olmaması, eləcə də məcburi köçkünlərin mənzil təminatının Dövlət Qaçqınkom tərəfindən həyata keçirilməsi səbəbilə təmin edilməmişdir. Mülki iş materiallarında olan 15 sentyabr 2020-ci il tarixli kirayə müqaviləsinə əsasən İddiaçı, X4 məxsus, ünvan 4 ünvanında kirayə yaşayır və aylıq kirayə haqqı 350 manat təşkil edir. Yenə iş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-27/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddiası qismən təmin edilərək, (qətnamədə adları və siyahısı qeyd olunan) ona məxsus cehiz əşyalarının cavabdehlərdən alınaraq ona verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. AR MPM-in 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(012)-449/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, İddiaçı cavabdehlərin oğlu X14 ilə xx.xx.2015-ci ildə nikaha daxil olmuş və sonuncunun valideynləri ilə birlikdə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev küçəsində yerləşən 41 nömrəli fərdi yaşayış evinə gəlin köçmüş, cehiz əmlaklarını da həmin evə yerləşdirmiş və həmin evdə yaşamağa başlamışdır. Sonradan iddiaçı ilə cavabdehlərin oğlu Mahir İmanov arasında ailə münasibətləri pozulmuş və tərəflər arasında nikaha xx.xx.2018-ci il tarixdə məhkəmə qətnaməsi əsasında xitam verilmişdir. İddiaçı hazırda məhkəmədə iddia qaldıraraq onun azyaşlı övladları 31 may 2016-cı il təvəllüdlü X8 və 19 iyun 2017-ci il təvəllüdlü X12 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 5 otaq, 1 mətbəx, dəhliz və sanitar qovşaqdan ibarət fərdi yaşayış evinə köçürülmələri və həmin evdən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddianı qismən təmin edərkən ilk növbədə belə qənaətə gəlmişdir ki, mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikahı dövründə-2015-ci ildə inşa edilmişdir. Baxmayaraq ki, iddiaçının nikaha daxil olduğu Mahir İmanov iş üzrə tərəf deyildir, ona qarşı tələb irəli sürülməmişdir. İş üzrə tərəflər iddiaçı və onun keçmiş ərinin valideyinləridir. İşə baxan məhkəmə qəbul etdiyi qətnaməninin hüquqi əsası kimi Ailə Məcəlləsinin ərarvadın birgə mülkiyyətiniin hüquqi rejimini tənzimləyən 32.1,32.2 və 32.3-cü maddələrinə, Mülki Məcəllənin sahibliyin müdafiəsini tənzimləyən 164.1, 164.2-ci maddələrinə, eləcə də Avropa Məhkəməsinin müvafiq qərarına istinad edərək belə qənaətə gəlmişdir ki, iddiaçı mübahisəli fərdi yaşayış evinə dair “qanuni gözlənti” hüququna malik olan şəxsdir. Məhkəmənin gəldiyi bu nəticə ilə aşağıda qeyd edilən əsaslara görə razılaşmaq olmaz. Hər şeydən əvvəl, iddiaçı hazırkı iddia tələbini cavabdeh qismində keçmiş əri X9 qarşı deyil, sonuncunun valideynlərinə qarşı qaldırmış, yəni hətta iddiaçı özü köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin, onun ərinin valideynlərinin sahibliyində olması faktını qəbul etmişdir. Bundan əlavə iddiaçı sözügedən fərdi yaşayış evinin cavabdehlə birgə nikahda olduqları müddətdə tikilməsinə dair hər hansı sübut məhkəməyə təqdim etməmiş, əksinə iddia tələbinin məzmunundan, tərəflərin izahatlarından, habelə iş materiallarında olan sübutlardan aydın olur ki, iddiaçı mübahisəli fərdi yaşayış evinə gəlin köçərkən artıq həmin ev istismara yararlı vəziyyətdə olmuş və iddiaçı həmin evə cehiz əşyalarını yerləşdirmişdir. Başqa sözlə iddiaçı, keçmiş əri ilə birgə nikahda olduğu müddətdə hazırda köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin inşa edilməsində onun, yaxud keçmiş ərinin hər hansı maddi və sair xidmətlərinin olmasına dair heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda sözügedən evə dair iddiaçının hər hansı iqtisadi marağının mövcudluğundan söhbət gedə bilməz. İşin tədqiq olunan faktiki hallarından, tərəflərin izahatlarından, habelə iş materiallarında olan arayışlardan aydın olur ki, hazırkı mübahisəli fərdi yaşayış evi özbaşına tikili olmaqla, Cavabdeh2 qardaşı Yavər Atakişiyev tərəfindən inşa edilmiş və ona məxsus olmuş, cavabdehlər 1993-cü ildə Zəngilan rayonundan məcburi köçkün olduqları zaman Yavər Atakişiyev tərəfindən həmin fərdi yaşayış evində məskunlaşdırılmışlar. Buradan aydın olur ki, mübahisə predmetini təşkil edən fərdi yaşayış evi iddiaçının həmin evə gəlin köçməsindən xeyli əvvəl mövcud olmuş və yaşayış üçün yararlı olmuşdur. Beləliklə, iddiaçının köçmək istədiyi evin sahibi Cavabdeh2 deyil, onun qardaşı X2r. Başqa sözlə, sözügedən fərdi yaşayış evi özbaşına tikili olsa belə, hər bir halda həmin fərdi yaşayış evinə dair “gözlənti” hüququ məhz ona məxsusdur. Məhkəmə kollegiyası formalaşmış məhkəmə təcrübəsinə əsasən analogiya üzrə aşağıdakıları da qeyd etməyi zəruri heab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra, onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşdən görünür ki, tərəflər arasında hazırkı mübahisəli fərdi yaşayış evi ilə bağlı hüquq münasibətləri xx.xx.2015-ci il tarixdə (mübahisəli fərdi yaşayış evinə iddiaçının gəlin köçməsi tarixi) yaranmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014 saylı Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. İşin tədqiq olunan hallarından görünür ki, daha öncə şərh olunanlara əsasən iddiaçı köçmək istədiyi evə “gözlənti” hüququ olan Yavər Atakişiyevin ailə üzvü hesab olunmur. Belə ki, İddiaçı, Yavər Atakişiyevə münasibətdə Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərində sadalanan şəxslər dairəsinə daxil deyildir. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının köçmək istədiyi, Yavər Atakişiyevə məxsus fərdi yaşayış evindən istifadə etmək səlahiyyəti olmadığı kimi, istinad olunan normalar baxımından yanaşdıqda iddiaçının məhz köçmək istədiyi fərdi yaşayış evi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüququnun olması da istisna olunur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hətta hazırki mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə həll edilmiş olsaydı belə iddia təmin oluna bilməzdi. Belə ki, həmin maddəyə görə yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İşin tədqiq olunan faktiki hallarından görünür ki, iddiaçı hazırda köçmək istədiyi evi təxminən 2016-cı ildə keçmiş əri ilə aralarında yaranmış münaqişə zəminində tərk etmiş, valideynlərinin evinə qayıtmışdır. Yəni artıq kifayət qədər müddətdir ki, (təxminən 6 il), iddiaçı mübahisəli ünvanda yaşamır, hətta həmin evdə ona məxsus cehiz əmlaklarının qaytarılması tələbinə dair iddiası müvafiq məhkəmə qətnaməsi əsasında qismən təmin edilmiş və icra edilmişdir. Göründüyü kimi artıq müəyyən müddətə istifadə hüququnun saxlanılması tələbi də öz əhəmiyyətini itirmişdir. Beləliklə, şərh olunanlara məcmu halda qiymət verərək, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mübahisə predmetini təşkil edən fərdi yaşayış evindən istifadə hüququ yaranmamışdır, o, həmin yaşayış evinə tələb etdiyi qaydada köçürülə bilməz və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə tamamilə qanunsuzdur. İşə baxan birinci instansiya məhkəməsi iddianı tələbini bir hissədə rədd etsə də. məhkəmə kollegiyası hesab edir ki, kobud maddi və prosessual pozuntuya yol verildiyi üçün hər bir halda qətnamə tam ləğv olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bu hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və hazırkı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(012)-449/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən iddiaçı tərəfindən iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilməli, apellyasiya və kassasiya şikayətlərinin verilməsi ödənilmiş cəmi 30 manat dövlət rüsumu İddiaçı alınaraq Cavabdeh2 verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(012)-449/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin olunmasın. İddiaçı tərəfindən iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi ödənilmiş cəmi 30 manat dövlət rüsumu İddiaçı alınaraq Cavabdeh2 verilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1727/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1727/2022
11.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver