Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1729/2024 05.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X2, hakimlər Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ərizəçi “qohumluq faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin “ərizənin qaytarılması haqqında” 13 sentyabr 2024-cü il tarixli, 2(060)-6248/2024 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzindəki notariat ofisini maraqlı şəxs qismində işə cəlb etməklə “qohumluq faktının müəyyən edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi mərhum əri X5 miras qalmış Sumqayıt şəhəri, 18-ci mkr., 6 saylı evin 76 saylı mənzilində vərəsəlik üzrə payların müəyyən olunması üçün 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzindəki notariat ofisinə müraciət etdikdə, mərhum ərinin adına xx.xx.1969-cu il tarixdə verilmiş AZ-1824659 nömrəli doğum şəhadətnaməsinin “ana” qrafasında adı qeyd edilən Mehdiyeva (Əliyeva) Sehran Məhəmməd qızı ilə adına xx.xx.2014-cü il tarixdə tərtib olunmuş AZ-İ seriyalı 689687 nömrəli ölüm şəhadətnaməsində qeyd edilən (xx.xx.2014-cü il tarixdə vəfat etmiş) X9 eynilik təşkil etmədiyindən vərəsəlik üzrə notariat işinin aparılmasından imtina edilmişdir. Bu səbəbdən Əliyeva (Mehdiyeva) Sehran Məhəmməd qızının onun mərhum əri X8 anası olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6248/2024 nömrəli qərardadı ilə Ərizəçi 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzindəki notariat ofisini maraqlı şəxs qismində işə cəlb etməklə “qohumluq faktının müəyyən edilməsi tələbinə dair” ərizəsi və ona əlavə edilmiş sənədlərin ərizəçiyə geri qaytarılması qərara alınmışdır (hakim Şəbnəm Həxiyeva). Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6248/2024 nömrəli qərardadından Ərizəçi şikayət verərək, həmin qərardadın ləğv edilib ərizənin baxılması üçün icraata qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6248/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə araşdıraraq bu nəticəyə gəlir ki, Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-6248/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılmalı olması barədə qənaəti və bu qənaətə gəlməsinin əsasları ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1 və 307.2.1-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; o cümlədən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Eyni Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.6-cı bəndində məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Həmin Qərarın 2.1 və 2.2-ci bəndlərində izah olunur ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Konkret işin hallarından göründüyü kimi, ərizəçinin vərəsəlik məsələsi ilə bağlı müraciəti üzrə notariusun imtinasına əsas olmuş çatışmazlıq, yəni mirasqoyanın anasının ayrı-ayrı sənədlərdə yazılmış soyadındakı uyğunsuzluq, – ya mirasqoyanın anası X1 rəsmi nikaha daxil olaraq ərinin soyadına görə X9 olması ilə, ya da onun şəxsiyyətini təsdiq edən sənədlərdə soyadının səhv (“Mehdiyeva” əvəzinə “Əliyeva”) yazılması ilə əlaqədar ola bilər. Birinci halda, ərizəçinin müvafiq nikah şəhadətnaməsini əldə edib vərəsəlik işini aparan notariat ofisinə təqdim etməsi ilə çatışmazlıq (uyğunsuzluq) aradan qaldırılmış olacaq. İkinci halda isə, ərizəçi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları qeydinə dəyişiklik (düzəliş) edilməsi ilə bağlı müvafiq qeydiyyat orqanına müraciət etməlidir. Əgər qeydiyyat orqanı düzəliş etməkdən imtina edərsə, onda həmin orqana qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Beləliklə, qeyd olunan hər iki halda məhkəmə yolu ilə qohumluq faktının müəyyən olunması üçün qanuni əsaslar mövcud deyildir. Ona görə ki, ərizəçinin mərhum əri X8 doğum şəhadətnaməsindən sonuncunun anasının X6 olduğu müəyyən olunur. xx.xx.2014cü il tarixdə vəfat etmiş X4 ərizəçinin mərhum ərinin anası olub-olmamasının müəyyən edilməsi üçün isə “Sehran Məhəmməd qızı”nın soyadının nə vaxt və hansı əsasla “Mehdiyeva”dan “Əliyeva”ya dəyişilməsi məsələsi nikahı qeydə alan və şəxsiyyət vəsiqəsi verən orqanlar vasitəsilə aydınlaşdırılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadında qeyd olunduğu kimi, Ərizəçi X4 onun mərhum əri X8 anası olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilməməsinə, yaxud qeyd edilən sənəddə düzəlişin edilməsinin mümkünsüzlüyünə dair hər hansı sübutu ərizəyə əlavə etməmişdir. Halbuki, ərizəçi müvafiq sənədlərin əldə edilməsi və ya bərpası üçün ilk növbədə aidiyyəti orqanlara müraciət etməlidir. Bu baxımdan, ərizədə göstərilən hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən edilməsi üçün hələ ki, hüquqi əsas yaranmamışdır. Bu da öz növbəsində ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını şərtləndirir. Göründüyü kimi, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəsinə hazırda məhkəmə qaydasında baxılmalı deyildir və həmin məsələnin məhkəmədən kənar qaydada həlli imkanı tükənməmişdir. Sözügedən faktı təsdiq edən sənədlərin əldə edilməsi üçün ərizəçi müvafiq olaraq nikahı qeydə alan və (və ya) şəxsiyyət vəsiqəsi verən orqanlara müraciət etməlidir. Mülki-Prosessual Məcəllənin 153.2, 153.2.1 və 153.4-cü maddələrinə müvafiq olaraq, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim həmin ərizəni və ona əlavə edilmiş sənədləri məhkəmə icraatının yolverilməzliyinə görə qəbul etməkdən imtina edir, bu barədə qəbul etdiyi qərardadla ərizəni və ona əlavə edilmiş sənədləri ərizəçiyə qaytarır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Ərizəçi məhkəməyə hazırda məhkəmə qaydasında baxılmalı olmayan məsələ ilə bağlı ərizə vermişdir. Məhkəmə kollegiyası ərizənin geri qaytarılması ilə razılaşmayan iddiaçının mövqeyini və şikayətinin dəlillərini əsassız kimi qiymətləndirir. Ərizəçinin şikayəti birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsinə əsas vermir və həmin şikayətlə bağlı qərardadın ləğvi üçün başqa əsaslar da müəyyən olunmamışdır. Ona görə də şikayət təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin “ərizənin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli, 2(060)-6248/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı dəyişdirilmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad qəbul edə bilər. MPM-in 400 və 402-ci maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin ərizənin qaytarılması haqqında qərardadından şikayətə baxılması əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır və apellyasiya məhkəməsinin həmin qərardadı çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 153, 395-400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin “ərizənin qaytarılması haqqında” 13 sentyabr 2024-cü il tarixli, 2(060)-6248/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1729/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1729/2024
05.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver