Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-173/2021 23.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X3 və Cavabdeh1 iştirakları ilə açıq məhkəmə iclasında, Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(012)-350/2020 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(012)-350/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) iddiaçı “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzilə istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilmiş, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanında yerləşən 33 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilməsi, onların həmin evdən çıxarılmaqla həmin evin və evin yerləşdiyi torpaq sahəsinin boşaldılması qət edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 33 saylı mənzilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X5 istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X5 ünvan 2 ünvanında yerləşən 33 saylı mənzildən çıxarılmaqla həmin torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyəti hərrac vasitəsi ilə ünvan 2 ünvanında yerləşən 33 saylı mənzili almışdır. Bu barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 24.01.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində qeydiyyat aparılmış, eləcə də RX seriyalı ******* nömrəli çıxarışla mülkiyyət hüququ təsdiq edilmişdir. 07.10.2019-cu il tarixdə Abşeron rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismar Təmiri Birliyinin 1 saylı Mənzil Təsərrüfatı İstehsalat-İstismar Sahəsi tərəfindən verilmiş 1221 nömrəli arayışa (forma №2) əsasən ünvan 2 ünvanında yerləşən 33 saylı mənzildə hazırda iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X10 qeydiyyatdadırlar və bu şəxslərin mübahisəli mənzildə qeydiyyatda qalmaları mülkiyyət hüquqlarının həyata keçirilməsində müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən asılı edilməkdədir. Hazırda mənzilin mülkiyyətçisi olan “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyəti ilə keçmiş mülkiyyətçi Cavabdeh1 və ailə üzvləri arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma, nə də belə bir razılaşmanın rəsmi reyestrdə qeydi vardır. Belə olduğu təqdirdə, hazırki iş üzrə Cavabdeh1 və ailə üzvlərinin həmin mənzilə heç bir hüququ yoxdur. Bu səbəbdən Cavabdeh1 və ailə üzvlərinin ünvan 2 ünvanında yerləşən 33 saylı mənzildə qeydiyyatda olması və orada yaşamaları qeyriqanunidir. ünvan 2 ünvanında yerləşən 33 saylı mənzil kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassızdır və işin bir sıra faktiki halları nəzərə alınmadan qəbul edilmişdir. Belə ki, onun, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə araşdırılmasına dəvət edilməsi təmin edilməmiş, işin mahiyyəti üzrə izahatları alınmamışdır. Onun mülkiyyətində olan ünvan 2-də yerləşən 33 saylı mənzil Abşeron rayonu İcra və Probasiya şöbəsinin sifarişi əsasında hərrac təşkilatı “X4” MMC tərəfindən mövcud qanunvericiliyin tələblərinə əsasən onlara hərracın keçirilməsi haqqında heç bir məlumat verilmədən mənzilin ilkin qiymətindən 15-25% aşağı endirilərək 44.625 manata ipoteka saxlayan “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə satılmış və mənzil ipoteka saxlayanın mülkiyyətinə keçmişdir. Onların hərrac keçirilərək əmlakın banka satılmasından 29 oktyabr 2019-cu ilin tarixdə Abşeron Rayon Məhkəməsində mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair məhkəmə bildirişi daxil olduqdan sonra məlumatı olmuşdur. “X4” MMC və "xxxx" MMC-nin hərəkətləri tamamilə qanunsuzdur. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasında iddiaçı “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 8 saylı evin 33 saylı mənzili mülkiyyət hüququ əsasında “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin adına 24 yanvar 2019cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyət Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismar Təmir Birliyinin 1 saylı Mənzil Təsərrüfatı İstehsalat-İstismar Təmir Sahəsi tərəfindən verilmiş 1221 saylı, 07.10.2019-cu il tarixli arayışdan görünür ki, Bəkirov X8 rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 8 saylı evin 33 saylı mənzilində yaşayır, ailə tərkibi Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X10 və Cavabdeh5 ibarətdir. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 2(012)-5575/2016 saylı qətnaməsi ilə iddiaçı “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 iddiaçı “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin xeyrinə 06.05.2014-cü il tarixli, UM-11/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 08.05.2014-cü il tarixli, 26/14 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 28843,14 ABŞ dolları, faiz borcu üzrə 3412,81 ABŞ dolları, cərimə borcu üzrə 192 ABŞ dolları, cəmi 32447,95 ABŞ dollarının (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 22.12.2014-cü il tarixli 47mspSTB/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 2980,45 manat, faiz borcu üzrə 495,89 manat, cərimə borcu üzrə 59 manat, cəmi 3535,34 manat məbləğində pulun, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manat hissəsinin, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 30 manat məbləğində xidmət haqqının əvəzinin tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan ünvan 2-də yerləşən 33 saylı mənzilə yönəldilməsi, əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 borcunun iddiaçı “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 45.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 2-də yerləşən 33 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh1 və ailə üzvləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X5 və Cavabdeh5 çıxarılması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2018-ci il tarixli, 2(105)-75/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 nümayəndəsi X2 apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 2(012)-5575/2016 saylı qətnaməsinə qismən dəyişiklik edilmiş, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 8 saylı evin 33 saylı mənzilinin açıq hərracda ilkin satış qiymətinin 70.000 manat məbləğində müəyyən edilmiş, Abşeron Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 2(012)- 5575/2016 saylı qətnaməsi qismən, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 8 saylı evin 33 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqda ən geci 1 ay ərzində Cavabdeh1 və ailə üzvləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X5 və Cavabdeh5 həmin yaşayış sahəsindən çıxarılmalarına aid hissədə ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmiş, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(006)-1487/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə, “X4” MMC-yə, "xxxx" MMC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron rayon İcra və probasiya şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı hərracın yekunlarının etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 09 okrtabr 2020-ci il tarixli, 2(103)-7005/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, hazirki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(006)-1487/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(102)-2319/2021 saylı qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 09 okrtabr 2020-ci il tarixli, 2(103)-7005/2020 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İpoteka haqqında” qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış evindən məcburi qaydada çıxarılmaları, evin boşaldılması üçün bir sıra əsaslar olmalıdır, yəni yaşayış evinə tutma yönəldilməli və o satılmalıdır, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə, münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır, evdə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində yaşayış evini könüllü tərk etmədikləri halda, hüquq sahibi olan şəxs-yeni mülkiyyətçi məcburi qaydada çıxarılma və evin boşaldılması barədə məhkəmədə iddia qaldırmalıdır. Hazırki işdən görünür ki, ipotekaya qoyulmuş Abşeron rayonu, Xırdalan şəhəri, 28ci məhəllə, 8 saylı evin 33 saylı mənzili hərracdan satılmış, münasibətlərə yeni mülkiyyətçi daxil olmuşdur. Azərbaycan Respublikası MM-nin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, hesab edir ki, iddiaçı təşkilatın mübahisəli evə mülkiyyətində olduğundan, qanunvericiliyə görə mülkiyyət hüququ istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli olduğundan, iddiaçı təşkilatın mülkiyyət hüququ hər hansı bir şəkildə məhdudlaşdırılmadığından və onun mülkiyyətindən sərbəst istifadəsi başqa şəxslərin hüquqlarını pozmadığından, cavabdehlərin qanuni əsas olmadan mübahisəli evdə yaşadığından birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Cavabdeh1 apellyasiya şikayətində mülki işin araşdırılması zamanı onun Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəməyə dəvət edilməsi təmin edilməməsini, işin mahiyyəti üzrə izahatlar alınmamasını göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan protokollardan görünür ki, Cavabdeh1 məhkəmə iclaslarında iştirak etmiş və izahatı alınmışdır. Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi dəlillər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(006)-1487/2020 saylı qətnaməsi ilə təkzib edilir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstədiyi digər dəlilləri də əsassız hesab edir. Digər cavabdehlər qətnamə ilə razılaşaraq apellyasiya şikayəti verməmişlər. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(012)-350/2020 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-173/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-173/2021
23.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver