Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-173/2024 06.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı elektrik xəttlərinin götürülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(012)-32/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia ərizəsinin təmin edilməsi, "xxxx" ASC tərəfindən çəkilmiş yüksək gərginlikli elektrik xətlərinin İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 468 kv.m torpaq sahəsindən cavabdehin hesabına götürülməklə həmin yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasından kənarda quraşdırılması vəzifəsinin cavabdehə həvalə edilməsi, aparılmış ekspertiza tədqiqatına görə 50 manat pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh "xxxx" ASC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı elektrik xətlərinin götürülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC tərəfindən çəkilmiş yüksək gərginlikli elektrik xətlərinin İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 468 kv.m torpaq sahəsindən cavabdehin hesabına götürülməsi, həmin yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasından kənarda quraşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon Məmmədli Bələdiyyəsindən verilmiş xx.xx.2009-cu il tarixli 46 nömrəli hərrac şəhadətnaməsi və xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Məmmədli kəndində yerləşən 468 kv.m torpaq sahəsini İddiaçı almış, bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışla həmin torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Torpaq sahəsi iddiaçının mülkiyyətinə keçdikdən sonra iddiaçı oraya daş tökərək mərzləmə işləri aparmış, ev inşa etdirməkdən ötrü betondan yüksək səviyyədə evin özülü qoyulmuşdur. Sonradan həmin torpaq sahəsinə getdikdə iddiaçı torpaq sahəsi üzərindən "xxxx" ASC tərəfindən yüksək gərginlikli elektrik xətlərinin çəkildiyini görmüşdür. Həmin elektrik xətlərinin orada olması tikinti və s. işlərin aparılması üçün çox təhlükəlidir. Bununla əlaqədar olaraq Abşeron rayon Məmmədli Bələdiyyəsinə sorğu ilə müraciət edilərək "xxxx" ASC-yə həmin ərazidə hər hansı bir torpaq sahəsinin ayrılıb-ayrılmaması, əgər ayrılıbsa hansı əsaslarla, hansı tarixdə ayrılması barədə məlumat verilməsi xahiş olunmuş, cavab olaraq təqdim edilmiş məktubla 2004-cü ildə Bələdiyyə qərarı ilə "xxxx" ASC-yə 5.15 ha torpaq sahəsinin ayrıldığı, ayrılmış torpaq sahəsinin JN-716 saylı dövlət aktı ilə rəsmiləşdirildiyi bildirilmişdir. Bundan sonra yenidən Abşeron rayon Məmmədli Bələdiyyəsinə sorğu ilə müraciət edilərək İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən Zabrat dairəsindən Məmmədli tərəfə getdikdə yolun sağ tərəfində olan 468 kv.m torpaq sahəsinin "xxxx" ASCyə ayrılmış 5.15 ha torpaq sahəsinə aidiyyəti olub-olmaması, torpaq sahəsinin daxilində və ya hüdudlarından kənarda yerləşib-yerləşməməsi barədə məlumat verilməsi xahiş olunmuş, sorğuya cavab olaraq iddiaçının mülkiyyətində olan 468 kv.m torpaq sahəsinin "xxxx" ASC-yə ayrılmış 5.15 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyi bildirilmişdir. İddiaçı torpaq sahəsi aldıqda və orada işlər görülən zaman "xxxx" ASC tərəfindən yüksək gərginlikli elektrik xətləri quraşdırılmamışdır. Odur ki, torpaq sahəsinin üzərindəki "xxxx" ASC-yə məxsus olan elektrik xətlərinin götürülməsi ilə bağlı məhkəməyə müraciət edilməsi zəruriyyəti yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh "xxxx" ASC Abşeron Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından da məlum olduğu kimi Abşeron rayonu Məmmədli kəndi ərazisində ümumilikdə 5,15 hektar torpaq sahəsi Abşeron rayonu Məmmədli Bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli 04 saylı qərarı ilə yarımstansiya tikilməsi məqsədilə "xxxx" ASC-yə satılmışdır. Bələdiyyənin qeyd olunan qərarı əsasında 2004-cü ildə JN-0716, KOD 30800108 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmiş və "xxxx" ASC-nin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Daha sonra həmin torpaq sahəsində 220 KV-luq Zabrat yarımstansiyasının tikintisinə başlanılmış və 2013-cü ildə tikinti başa çatdırılaraq yarımstansiya istismara qəbul olunmuşdur. 2015-ci ildə isə ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən həmin yarımstansiyailə bağlı "xxxx" ASC “X2 Şəbəkəsi” MMC-yə texniki pasport verilmişdir. Yarımstansiyanın tikintisi davam edən zaman "xxxx" ASC tərəfindən müəyyən olunmuşdur ki, 2004-cü ildə ASC-yə satılan torpaq sahəsi və həmin torpaq sahəsində tikilən yarımstansiyanın giriş və çıxış elektrik xətlərinin keçəcəyi torpaq sahələrinin aidiyyəti qurumlar tərəfindən vətəndaşlara da satılır. Bununla bağlı "xxxx" ASC tərəfindən xx.xx.2018-ci il tarixli məktubla Azərbaycan Respublikası Baş Nazirinə müraciət olunmuş və məktubda qeyd edilmişdir ki, yarımstansiyanın perimetrində fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara torpaq sahələrinin ayrılmasının Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli Qərarına əsasən, qanunsuz olması barədə "xxxx" ASC dəfələrlə aidiyyəti dövlət qurumlarına müraciətlər etmiş və ərazinin zəbt olunmasının qarşısını almaq üçün torpaq sahəsinin koordinatları dövlət aktı əsasında müəyyən edilərək yarımstansiyanın ərazisi hasara alınmışdır. Yarımstansiya tikilərək 30 mart 2013-cü il tarixdə istismara verilmişdir. Yarımstansiyanın perimetrində torpaq sahələri ayrılmış vətəndaşlara dövlət reyestri xidməti tərəfindən çıxarışlar verilmişdir. Bu vətəndaşlardan 12 nəfərinə ayrılmış torpaq sahələri çıxarış əsasında yarımstansiyanın torpaq sahəsi ilə üst-üstə düşür və bir çox digər evlər də yarımstansiyaya daxil olan və çıxan yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zonasına düşür. Göstərilənləri nəzərə alaraq 220 Kv-luq Zabrat yarımstansiyasının perimetrində və yarımstansiyaya daxil olan və çıxan elektrik xətlərinin mühafizə zonasında yerləşən torpaq sahələrinin Abşeron Rayon İcra Hakimiyyətivə Məmmədli bələdiyyəsi tərəfindən əvəzləşdirilməsinin aparılması, satın alınması və ya kompensasiyaların ödənilməsi məsələsinin həll edilməsi üçün tədbirlər görülməsi xahiş olunmuşdur. Həmin məktub Baş Nazirin Birinci Müavini tərəfindən xx.xx.2018-ci il tarixli məktubla icra olunması üçün Abşeron rayon İcra Hakimiyyətinə göndərilmişdir. Baş Nazirin Birinci Müavini tərəfindən göndərilmiş xx.xx.2018-ci il tarixli məktuba Abşeron rayon İcra Hakimiyyəti xx.xx.2018- ci il tarixli məktubla cavab vermiş və bildirmişdir ki, 220 KV-luq Zabrat yarımstansiyasının yerləşdiyi t orpaq sahəsi ilə üst-üstə düşən vətəndaşların həyətyanı torpaq sahələri Bələdiyyə mülkiyyətində olan digər torpaq sahələri ilə əvəz olunmuşdur. Həmin məktuba həyətyanı torpaq sahələri əvəz olunmuş vətəndaşların adlı siyahısı da əlavə edilmişdir. Lakin nədənsə yarımstansiyaya daxil olan və çıxan elektrik xətlərinin mühafizə zonasında yerləşən torpaq sahələri ilə bağlı müvafiq qurumlar hər hansı bir tədbir görməmişlər. Bundan əlavə 2004-cü ildə yuxarıda qeyd olunan torpaq sahəsi "xxxx" ASC-yə satıldıqdan sonra ASC tərəfindən həmin torpaq sahəsində inşa ediləcək yarımstansiyanın layihəsi aidiyyəti qurumlara təqdim edilmişdir. Bununla da həmin qurumlar yarımstansiya inşa edildikdən sonra ora daxil olacaq və çıxacaq elektrik xətlərinin keçəcəyi ərazilər barədə məlumatlı olmuşlar. Buna baxmayaraq aidiyyəti qurumlar "xxxx" ASC-nin razılığı olmadan mühafizə zonasında yerləşən torpaqları vətəndaşlara satmış, bununla da qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşlar. Lakin birinci instansiya məhkəməsi də işə baxan zaman qeyd olunan qərarın tələblərini nəzərə almamış, bununla da pozuntuya yol vermişdir. Birinci instansiya məhkəməsi qeyd olunan normaların tələbini pozmuş, iş materiallarında olan sübutlara düzgün qiymət verməmiş, cavabdehin etirazının əsasını təşkil edən hallarla (xüsusilə də "xxxx" ASC-yə torpaq sahəsinin daha öncə satılmasını, inşa ediləcək yarımstansiyanın layihəsinin aidiyyəti qurumlara göndərilməsinə baxmayaraq yarımstansiya inşa edildikdən sonra ora daxil olacaq və çıxacaq elektrik xətlərin mühafizə zonasında yerləşən torpaq sahələrinin aidiyyəti qurumlar tərəfindən qanunsuz olaraq vətəndaşlara satılması) bağlı hər hansı bir araşdırma aparmamışdır. Hesab edir ki, bununla da məhkəmə prosessual pozuntuya yol vermişdir. Göründüyü kimi mübahisələndirilən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanuni və əsaslı hesab oluna bilməz. Məhkəmə yuxarıda qeyd etdiyi prosessual pozuntulara yol verməklə həmçinin iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları da ("xxxx" ASC-yə torpaq sahəsinin daha öncə satılmasını, inşa ediləcək yarımstansiyanın layihəsinin aidiyyəti qurumlara göndərilməsinə baxmayaraq yarımstansiya inşa edildikdən sonra ora daxil olacaq və çıxacaq elektrik xətlərin mühafizə zonasında yerləşən torpaq sahələrinin aidiyyəti qurumlar tərəfindən qanunsuz olaraq vətəndaşlara satılmasını, aidiyyəti qurumların məhkəmə proseslərini iştirakının təmin edilməməsi) araşdırmamışdır ki, bu da pozuntu kimi qiymətləndirilməlidir. Bununla da birinci instansiya məhkəməsi qətnaməsini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Hesab edir ki, bununla da məhkəmə prosessual pozuntuya yol vermişdir. Göründüyü kimi mübahisələndirilən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanuni və əsaslı hesab oluna bilməz. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Abşeron rayonu Məmmədli kəndində yerləşən 0.0468 ha torpaq sahəsinin İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması işin mübahisəsiz halıdır. İşin digər mübahisəsiz halına əsasən Abşeron rayonu Məmmədli kəndi ərazisində ümumilikdə 5,15 hektar torpaq sahəsi Məmmədli Bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli 04 saylı qərarı ilə yarımstansiya tikilməsi məqsədilə "xxxx" ASC-yə satılmış, həmin qərar əsasında 2004-cü ildə JN-0716, KOD 30800108 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmiş və "xxxx" ASC-nin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Daha sonra həmin torpaq sahəsində 220 KV-luq Zabrat yarımstansiyasının tikintisinə başlanılmış və 2013-cü ildə tikinti başa çatdırılaraq yarımstansiya istismara qəbul olunmuş, 2015-ci ildə isə ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən həmin yarımstansiya ilə bağlı "xxxx" ASC “X2 Şəbəkəsi” MMC-yə texniki pasport verilmişdir. Baxılan iş üzrə iddia tələbi mübahisəli torpaq sahəsindən elektrik xətlərinin götürülməsi barədədir. İddia tələbinin qanuni əsasını isə 157.4. maddəsi təşkil edir. Qeyd olunan maddi hüquq normasına müvafiq olaraq əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bu maddənin dispozisiya şərtlərindən göründüyü kimi sözügedən tələbin təmin olunması üçün əşya özündə olan iddiaçı cavabdeh tərəfindən onun mülkiyyətinə qəsd və ya başqa maneələr törədildiyini sübut etməlidir. İddia tələbinin təmin edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsi torpaq sahəsinə hüquqların xronoloji ardıcıllığına əsasən iddiaçının xüsusi mülkiyyət hüququnun 2009-cu ildə, cavabdehin isə torpaq sahəsinin ona 2004-cü ildə ayrılmasına baxmayaraq həmin torpaq sahəsinə mülkiyyət hüququnun 2015-ci ildə qeydə alınmasına, onun bu hüququnun qeydə alınması zamanı mübahisələndirilən torpaq sahəsinin xüsusi mülkiyyətdə olmasını diqqət yetirilmədiyi, bununla iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olması, eləcə də cavabdehə ayrılmış torpaq sahəsinin naturada faktiki olaraq üst-üstə düşməsini sübuta yetirən sənədlərin təqdim edilməməsi ilə əsaslandırmış, bu nəticədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnaməni mübahisələndirmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddianın təmin edilməsinin əsası kimi mübahisəli torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüququnun cavabdehdən daha əvvəl yaranmasını, cavabdehə ayrılmış torpaq sahəsinin naturada faktiki olaraq üst-üstə düşməsini sübuta yetirən sənədlərin təqdim edilməməsi, əksinə ekspert rəyinə əsasən iddiaçıya məxsus torpaq sahəsinin ölçüsünün yerində (naturada) üst-üstə düşdüyünə istinad etmişdir. Lakin bu zaman birinci instansiya məhkəməsi istinad olunan ekspert rəyində məhz həmin torpaq sahəsinin bütövlükdə "xxxx" ASC tərəfindən çəkilmiş 220 Kv-luq elektrik xətlərinin mühafizə zonasına düşdüyünü nəzərə almamışdır. Məlum olduğu kimi, Mülki Məcəllənin 6.1.1 və 153.4-cü maddələrinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi prinsipi baxımından bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Qanunun mənasına görə mülki qanunvericilikdə müəyyən olunan hüquqlar, təminatlar və müdafiə vasitələri mülkiyyət hüququnun bütün subyektlərinə eyni tətbiq edilir. Bu baxımdan tərəflərin ədalət məhkəmə araşdırılması hüququnun təmin etmək məqsədilə məhkəmə kollegiyası tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Torpaq hərrac və müsabiqə komissiyasının xx.xx.2009-cu il tarixli 46 nömrə ilə qeydiyyata alınmış şəhadətnaməyə əsasən verilmiş və İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestr xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2009-cu il tarixdə 55 nömrə ilə qeydiyyata alınmış Abşeron rayonu Məhəmmədi kəndində yerləşən 0,0468 ha torpaq sahəsinin ölçüsü yerində (naturada) üst-üstə düşməsi, həmin torpaq sahəsi ilə Torpağa mülkiyyət hüququna dair JN-0716 Dövlət Aktına əsasən "xxxx" ASC-nin mülkiyyətində olan torpaq sahəsi üst-üstə düşməsi, yüksək gərginlikli elektrik xətləri Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2005-ci il tarixli, 635 nömrəli Sərəncamı ilə qəbul edilmiş “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005- 2015-ci illər) üzrə Dövlət Proqramı”na uyğun olaraq “Şimal elektrik stansiyasında istehsal ediləcək elektrik enerjisinin ötürülməsi üçün “Zabrat 220 Kv-luq yarımstansiyasının tikintisi üçün Abşeron rayonu, Məmmədli bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli 14 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsində tikilməsinin müəyyən edilməsi üçün ekspert qarşısında sual qoyulmuş, lakin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/8962 nömrəli 12 fevral 2024-cü il tarixli məktubuna əsasən mütəxəssis rəyinin mərkəzə təqdim olunmaması əsası ilə ekspertizanın aparılmasından imtina edilərək icrasız geri qaytarılmışdır. Məhkəmə kollegiyası tərəfindən iddia tələbləri üzrə gəlinəcək nəticədə sual doğuracaq və məhkəmə aktında işin ədalətli həllini şübhə altına alan halların olmaması, mübahisəli torpaq sahəsinin faktiki vəziyyətinin müəyyənləşdirilməsindən ötrü təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-10/3310 nömrəli 20 iyun 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, qərardadla ekspert qarşısına qoyulmuş suallarla əlaqədar tədqiq olunan torpaq sahəsinə dair faktiki koordinatların, baza məlumatların və mütəxəssis rəyinin mərkəzə təqdim edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə xx.xx.2024-cü il tarixli vəsatət göndərilmişdir. Məhkəmə tərəfindən tədqiq olunan obyektə baxış keçirilməsi xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə mərkəzə daxil olan məhkəmənin məktubunda tərəflərin iştirakının təmin edilməməsi səbəbindən baxış keçirilməsinin mümkün olmadığı bildirilmişdir. Bu baxımdan hazırkı ekspertizanın aparılmasından imtina edilərək yenidən icrasız geri qaytarılmışdır. Qeyd olunmalıdır ki, mübahisə predmeti təşkil edən Abşeron rayonu Məhəmmədi kəndində yerləşən 0,0468 ha torpaq sahəsinə baxış keçirilməsi 20 dekabr 2023-cü il, 06 fevral 2024-cü il, 06 iyun 2024-cü il tarixlərə təyin edilmiş və baxışın keçirilməsi barədə tərəflər lazımı qaydada məlumatlandırılmışlar (İİ cild 70-71, 77-78, 112-114-cü vərəq). Lakin mübahisəli torpaq sahəsindən elektrik xətlərinin götürülməsini iddia edən İddiaçı lazımı qaydada məlumatlandırılmasına baxmayaraq mübahisəli əraziyə baxışda iştirak etməmiş, ekspertizanın keçirilməsinə təşəbbüs belə göstərməmişdir. Bununla yanaşı məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Vəkil1 ekspert qaşısında qoyulmuş sualların cavablandırılması üçün zəruri olan mütəxəssis rəyinin alınması məqsədilə təkrar ekspertizanın keçirilməsi barədə fikri bir daha öyrənilərkən, iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspert rəyi ilə razı olduqlarını, təkrar ekspertiza keçirilməsini istəmədiklərini, cavabdehin nümayəndəsi isə əksinə etirazının olmadığını bildirmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsində elektrik xəttlərinin götürülməsini iddia edən iddiaçı ekspertizanın keçirilməsində maraqlı olmamışdır. Məlumdur ki, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər (Mülki Prosessual Məcəllənin 97.5. maddəsi). Nəzərə alınmalıdır ki, ekspertizanın keçirilməsinə tərəflərdən biri maneə olarsa və iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Mövcud vəziyyətdə iddiaçının iddia etdiyi elektrik xətlərinin ona məxsus torpaq sahəsində olmasının müəyyənləşdirilməsi zərurəti olduğu halda, onun bu hərəkəti nəticəsində ekspertiza keçirilməsi mümkün olmamışdır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Mülki Prosessual Məcəllənin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qeyd etmək lazımdır ki, tərəfin çəkişməli prosesdə iştirak dərəcəsi onun öz iradəsindən asılıdır və çəkişmədəki passiv iştirakı onun özü üçün neqativ nəticələrə səbəb olur. Həmçinin o da vurğulanmalıdır ki, Abşeron rayonu Məmmədli kəndi ərazisində ümumilikdə 5,15 hektar torpaq sahəsi Məmmədli Bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli 04 saylı qərarı ilə yarımstansiya tikilməsi məqsədilə "xxxx" ASC-yə satılmış, həmin qərar əsasında sonuncunun mülkiyyət hüququ 2004-cü ildə JN-0716, KOD 30800108 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə dövlət qeydiyyatına alınmışdır. Bundan sonra həmin torpaq sahəsində 220 KV-luq Zabrat yarımstansiyasının tikintisinə başlanılmış, 2013-cü ildə tikinti başa çatdırılaraq yarımstansiya istismara qəbul olunmuş və 2015-ci ildə isə ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən həmin yarımstansiya ilə bağlı "xxxx" ASC “X2 Şəbəkəsi” MMC-yə texniki pasport verilmişdir. Eyni zamanda "xxxx" ASC-nin Azərbaycan Respublikası Baş Nazirinə ünvanladığı xx.xx.2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, yarımstansiyanın perimetrində fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara torpaq sahələrinin ayrılmasının Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli Qərarına əsasən, qanunsuz olması barədə "xxxx" ASC dəfələrlə aidiyyəti dövlət qurumlarına müraciətlər olunmuş və ərazinin zəbt olunmasının qarşısını almaq üçün torpaq sahəsinin koordinatları dövlət aktı əsasında müəyyən edilərək yarımstansiyanın ərazisi hasara alınmışdır. Yarımstansiya tikilərək 30 mart 2013-cü il tarixdə istismara verilməklə, yarımstansiyanın perimetrində torpaq sahələri ayrılmış vətəndaşlara dövlət reyestri xidməti tərəfindən çıxarışlar verilmişdir. Bu vətəndaşlardan 12 nəfərinə ayrılmış torpaq sahələri çıxarış əsasında yarımstansiyanın torpaq sahəsi ilə üst-üstə düşür və bir çox digər evlər də yarımstansiyaya daxil olan və çıxan yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zonasına düşür. Göstərilənləri nəzərə alaraq 220 Kv-luq Zabrat yarımstansiyasının perimetrində və yarımstansiyaya daxil olan və çıxan elektrik xətlərinin mühafizə zonasında yerləşən torpaq sahələrinin Abşeron Rayon İcra Hakimiyyəti və Məmmədli bələdiyyəsi tərəfindən əvəzləşdirilmənin aparılması, satın alınması və ya kompensasiyaların ödənilməsi məsələsinin həll edilməsi üçün tədbirlər görülməsi xahiş olunmuşdur. Həmin məktub Baş Nazirin birinci müavini tərəfindən xx.xx.2018-ci il tarixli məktubla icra olunması üçün Abşeron rayon İcra Hakimiyyətinə göndərilmiş və həmin məktub Abşeron rayon İcra Hakimiyyəti xx.xx.2018-ci il tarixli məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, 220 KV-luq Zabrat yarımstansiyasının yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşən vətəndaşların həyətyanı torpaq sahələri bələdiyyə mülkiyyətində olan digər torpaq sahələri ilə əvəz olunmuşdur. Həmin məktuba həyətyanı torpaq sahələri əvəz olunmuş vətəndaşların adlı siyahısı da əlavə edilmişdir. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvercilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (Mülki Məcəllənin 139.1-ci maddəsi). Mülki Məcəllənin 139-1.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsinə əsasən 2006-ci il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanununun 8-ci maddəsinə əsasən “bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri hüquqları təsdiq edən aktlar “daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İşdən göründüyü kimi torpağa mülkiyyət hüququna dair Kod: 30800108 saylı JN-716 saylı dövlət aktına əsasən "xxxx" ASC-yə xx.xx.2004-cü il tarixdə, iddiaçının hüquqları isə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2009cu il tarixdə qeydə alınmışdır. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüququ mövcud dövlət aktı əsasında iddiaçıdan daha əvvəl əldə edildiyindən, iddiaçının iddia etdiyi torpaq sahəsinin bütövlükdə "xxxx" ASC tərəfindən çəkilmiş 220 kv-luq elektrik xətlərinin mühafizə zonasına düşdüyü ekspertin rəyi ilə öz təsdiqini tapdığından, eləcə də işin müəyyən edilmiş halları qaldırılan iddianın qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.4. maddəsinin dispozitiv şərtlərinə uyğun olmadığından, iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı elektrik xəttlərinin götürülməsinə dair iddia tələbi rədd edilsin. İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-173/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-173/2024
06.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver