Məhkəmə qərarları › İş №2(105)-1730/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1730/2022

19.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1730/2022 19.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı3, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı yaşayış evinə (sahəsinə) köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-872/2021 nömrəli, 17 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Y. Əhmədov) iddianın təmin edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və ümumi istifadədə olan yardımçı sahələr tərəflərin ümumi istifadəsində saxlanılmaqla yaşarış sahəsindən daha əvvəl mövcud olmuş formada istifadə qaydalarının müəyyən edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər L.M.Məmmədova (sədrliyi və məruzəsi ilə), T.O.Quliyev və G.F.Tağızadə) 2(105)- 2839/2021 saylı, 29 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-872/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi qismən, ümumi istifadədə olan yardımçı sahələrin tərəflərin ümumi istifadəsində saxlanılmaqla yaşayış sahəsindən daha əvvəl mövcud olmuş formada istifadə qaydalarının müəyyən edilməsi hissəsində ləğv edilməsi, iddia həmin hissədə rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 11 may 2022-ci il tarixli qərarı ilə (hakimlər Z.Əliyev (sədrlik edən və məruzəçi), İ.Xələfov və A.Hüseynov) kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2839/2021 nömrəli iş üzrə 29 oktyabr 2021-ci il tarixli qətnaməsi iddianın rədd olunan hissəsində ləğv edilməsi və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri və istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ilə cavabdeh arasında xx.xx.1989cu il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində nikah qeydiyyat kitabında 418 nömrə ilə qeydə alınmış və həmin tarixdən iddiaçı cehiz əşyaları ilə birlikdə Abşeron rayonu Novxanı kəndi İ.Abdullayev küçəsində yerləşən 100 nömrəli evə gəlin köçmüş və cavabdehlə birgə 28 il birgə təsərrüfatı idarə etmişlər. Həmin birgə nikahdan 1990-cı il təvəllüdlü X2, xx.xx.1992-ci il təvəllüdlü X3 və xx.xx.1996-cı il təvəllüdlü İddiaçı3 anadan olmuşdur. Binəqədi rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli 2(001)-3195/2017 nömrəli qətnaməsinə əsasən nikahları pozulmuş və həmin gündən iddiaçı və övladları kirayələrdə qalmağa məcbur olmuşlar. Dünyada eləcə də Azərbaycan Respublikasında yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq iş yerlərinin bağlanması və ya məhdudlaşdırılması səbəbindən kirayə haqqını ödəyə bilmirlər. Cavabdehin iddiaçılara qarşı törətdiyi məhrumetmə qanunsuzdur. Beləliklə, iddia üzrə cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı uşaqları ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Abşeron Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən köhnə Mənzil Məcəlləsinin 123-cü maddəsinə istinad edilsə də, evin ona məxsus olmasını əsas gətirərək iddiaçıların mübahisəli evə köçürülməsini təmin etmişdir. Halbuki mübahisəli ev onun deyil, atası X1 mülkiyyətindədir. Bildirmək istəyir ki, məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuşdur. Belə ki, məhkəmə əmlakın mülkiyyətçisinin olmamasını və onun faktiki istifadəsində olmasını əsas gətirərək iddiaçıları ora köçürtmüşdür. Hətta məhkəmə iddiaçıların uzun müddət orada yaşamamalarını da nəzərə almamışdır. Həmin mübahisəli əmlak ata evidir, atasının adına mülkiyyəti təsdiq edən sənəd var. Atası öldüyü üçün həmin əmlak atasının vərəsələrinin istifadəsindədir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı3 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə İddiaçı2 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni iddiaçılar mənzili tərk edənədək yaşayış sahəsinin onların istifadəsində olan hissəsindən və eyni zamanda ümumi istifadədə olan sahələrindən istifadə etmək hüquqları saxlanılmalı olması ilə əsaslandırmışdır. Cavabdeh bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirərək onun ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi qismən, ümumi istifadədə olan yardımçı sahələrin tərəflərin ümumi istifadəsində saxlanılmaqla yaşayış sahəsindən daha əvvəl mövcud olmuş formada istifadə qaydalarının müəyyən edilməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmişdir. Bu nəticədən narazı qalan İddiaçı1 qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni iddianın rədd olunan hissəsində ləğv edib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən gəldiyini nəticəni iddianın “ümumi istifadədə olan yardımçı sahələrin tərəflərin ümumi istifadəsində saxlanılmaqla, yaşayış sahəsindən daha əvvəl mövcud olmuş formada istifadə qaydalarının müəyyən edilməsi” hissəsində düzgün qənaətə gəlməməsi, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməsi, ümumi istifadədə olan yardımçı sahələrin tərəflərin ümumi istifadəsində saxlanılması tələbini rədd edən apellyasiya məhkəməsi yardımçı sahələrin nədən ibarət olmasını, onların evdə yaşamaqla bağlı məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulan hissələr, yoxsa bununla əlaqədar olmayan, iddiaçıların mənafeləri xaricində qalan və cavabdehə aid olan tikililər olmasını aydınlaşdırmamasını, bu tələbin həllinə dair gəldiyi nəticəni əsaslandırmamasını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətlərinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla istifadə qaydalarının müəyyən edilməsi hissəsində iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, İddiaçı1 Cavabdeh ilə xx.xx.1989cu il tarixdə rəsmi nikaha daxil olaraq Abşeron rayonu Novxanı kəndi İ.Abdullayev küçəsində yerləşən 100 nömrəli evə köçmüş və tərəflərin birgə nikahından üç övladları 1990-cı il təvəllüdlü X2, xx.xx.1992-ci il təvəllüdlü X3 və xx.xx.1996-cı il təvəllüdlü İddiaçı3 dünyaya gəlmişdir. Hazırda 2017-ci ildə tərəflər arasındakı rəsmi nikah pozulmuşdur. Hazırkı iş üzrə baxılan hissədə iddia tələbi istifadə qaydalarının müəyyən edilməsi barədədir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mənzil Məcəlləsinin 12.5, 13.2, 61.2-ci və Mülki Məcəllənin 215-ci maddələri təşkil edir. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Ayrıca olmayan yaşayış sahəsi, yardımçı sahələr, habelə çoxmənzilli binanın ümumi əmlakı yaşayış sahəsinin sosial kirayə müqaviləsinin müstəqil predmeti ola bilməz (Mənzil Məcəlləsinin 12.5, 13.2, 61.2-ci maddələri). Mülki Məcəllənin 215.1. maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Qeyd etmək lazımdır ki, istifadə qaydasının müəyyən alınması tələbi əşyadan birlikdə istifadə edən bir neçə şəxsin həmin əşyadan hansı qaydada yararlanacaqları (məsələn, yaşayış sahəsinin hansı hissəsindən kimin daha çox və ya davamlı istifadə edəcəyi və s.) barədə tərəflər arasında razılaşma olmadıqda həmin mübahisənin məhkəmə tərəfindən həll edilməsi barədə iddiadır. Bir neçə şəxsin birlikdə yaşamalı olduğu fərdi yaşayış evində də istifadə qaydasının müəyyən olunması ilə bağlı ehtiyacın yaranması mümkündür. Həmin şəxslər bu qaydanı öz aralarındakı razılaşmaya uyğun müəyyənləşdirə bilərlər. Lakin bu mümkün olmadıqda yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi ilə bağlı mübahisəni isə məhkəmə həll etməlidir. Bu mənada məhkəmə kollegiyası iddianı bu hissədə təmin edən birinci instansiya məhkəmələrinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, nəticə etibarilə iddiaçıların fərdi yaşayış evinə köçürülməsi onların həmin yaşayış sahəsindən istifadə ilə bağlı ehtiyaclarının qarşılanmasının təmin olunması təmin etməklə, köçürüldükləri evdə yaşayacaq iddiaçıların həmin yaşayış sahəsində məişət və digər ehtiyacları qarşılayan yardımçı sahələrdən istifadə etməkdə haqlı mənafelərinin olmasını nəinki mümkün, hətta zəruri edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, evdə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrin tərəflərin ümumi istifadəsində saxlanılması barədə iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, istifadə qaydalarının müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qətnaməsi istifadə qaydalarının müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qətnaməsi istifadə qaydalarının müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar