Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1730/2025 05.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri Xəlilov Ramin Adilxan oğlu (sədrlik edən və məruzəçi), hakimlər Dəmirov İlqar Kamal oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X3, "xxxx" MMC və "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1558/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" MMC və İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-dən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 20də yerləşən yaşayış binasının 3-cü mərtəbəsi ümumi sahəsi 75 kv.m olan mənzili 50.500 manat məbləğində pulu tam ödəməklə İddiaçı tərəfindən alınmışdır.
2. Kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 20-də yerləşən yaşayış binasının 3-cü mərtəbəsi ümumi sahəsi 75 kv.m olan mənzilin dəyəri olan 50.500 manat məbləğində pul tam ödənilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 20-də yerləşən yaşayış binasının 3-cü mərtəbəsi ümumi sahəsi 75 kv.m olan 2 otaqlı nömrəsiz mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 20-də yerləşən yaşayış binasının 3-cü mərtəbəsi ümumi sahəsi 75 kv.m olan mənzili 07 avqust 2021-ci il tarixli mənzil tikintisi haqqında müqavilə əsasında "xxxx" MMC-dən mənzilin dəyəri olan 50.500 manat pulu tam ödəməklə almışdır. Bir müddət sonra həmin ilin mənzili satmaq qərarına gəlmiş, bundan sonra ev satışı ilə məşğul olan vasitəçilərə müraciət etmiş, vasitəçi onu mənzili almaq istəyən X4 ilə tanış etmişdir. X4 ilə sözügedən mənzili 85.000 manata alq-satqısına razılığa gəlmişdir. Hacı razılaşdıqları məbləği 10-15 günə tam şəkildə ödəyəcəyinə söz vermişdir. X4 vəd verdiyi vaxtdan uzun müddət keçməsinə baxmayaraq onunla əlaqə saxlamamış və mənzillə bağlı ona heç bir ödəniş etməmişdir. Bundan təxminən 3 ay sonra tanışlarından biri ona zəng edərək, mənzildə təmir işlərinin aparıldığını bildirmiş, o, mənzilə gedərək orada işləyən ustaların işi dayandırmasını tələb etmiş, ustalar isə bu mənzilin Qiyaməddin adlı şəxsə məxsus olmasını demişlər. Mənzildə təmir işləri aparan Qiyaməddinlə əlaqə saxladıqda o, bu mənzili X4 adlı şəxsdən aldığını ona bildirmişdir. Bu barədə daha ətraflı araşdırma apardıqda ona məlum olmuşdur ki, X1 sənədlər əsasında ona məxsus mənzili hal-hazırkı iş üzrə cavabdeh olan Cavabdeh satmış, mənzilin açarını isə təmir işləri aparmaq üçün Qiyaməddinə həmin binada komendant vəzifəsində çalışan X2 yaxın qohumu olan Nəsir adlı şəxs vermişdir. O, dəfələrlə cavabdehdən mənzildə təmir işlərinin dayandırılmasını və mənzili boşaltmasını tələb etsə də, o, buna məhəl qoymamış, təmir işlərini tamamlayaraq həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşamağa başlamışdır.
5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1558/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 20-də yerləşən yaşayış binasının 3-cü mərtəbəsi ümumi sahəsi 75 kv.m olan 2 otaqlı mənzildən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 20-də yerləşən yaşayış binasının 3-cü mərtəbəsi ümumi sahəsi 75 kv.m olan mənzilin dəyəri İddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Bununla da mübahisəli əmlak iddiaçıya məxsus olduğu üçün onun bu əmlaka dair hüququ cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Buna baxmayaraq, cavabdeh iddiaçıya məxsus mənzilə qanunsuz olaraq sahiblik etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh dair hissədə əsaslı olmaqla təmin edilməli və o, iddiaçıya məxsus mənzildən çıxarılmalı, iddia tələbi cavabdehin ailə üzvlərinə münasibətdə konkret olmadığından təmin edilməmişdir.
7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının istinad etdiyi mənzilin sahibidir və mənzilə sahiblik hüququ 3 il əvvəl, 2022-ci ilin oktyabr ayında yaranmışdır. Həmin mənzil 3 ildir ki, sahibliyi həyata keçirir, yəni, mənzili təmir etdirir, mənzilə əşyalar gətirir, mənzildə əşyaların yerini dəyişir. Düşünür ki, mənzilə sahibliyi həyata keçirməyi sübut edilməsinə ehtiyac olmayan faktdır. Həmin mənzildə yaşayır, qazdan, elektrikdə və sudan istifadə edir. Hər ay 15 manat komendanta kommunal ödəniş edir. Məhkəmə yalnız qarşı tərəfin mövqeyini araşdıraraq, onun tələblərini araşdırmamışdır. İddiaçının məlumatı ola-ola həmin mənzilin təmirinə külli miqdarda pul xərcləmiş və məhkəmə bu fakta da əhəmiyyət verməyib və ümumiyyətlə bu məsələyə toxunmayıb.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edib, formal əsaslarla verilmiş apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3, "xxxx" MMC və "xxxx" MMC-yə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər.
12. Cavabdeh məhkəmə kollegiyasına ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, ilk iclas zamanı məhkəmə iclası təxirə salınsa da, növbəti məhkəmə iclası zamanı cavabdeh yenidən məhkəmə iclasının təxirə salınması barədə məhkəməyə teleqram ünvanlamışdır.
13. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdeh və üçüncü şəxslərin iştirakı baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
14. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (...)
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
16. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
17. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. (...)
Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. Baxılan mübahisə sahiblik hüququnun müdafiəsi ilə bağlıdır. Belə ki, İddiaçı cavabdehin dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoyulmaması və həmçinin qanunsuz sahibliyi davam etdirməsinə istinad edərək, hazırki iddia tələbini irəli sürmüş və cavabdehin onun mənzilindən çıxarılmasını tələb etmişdir.
20. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
21. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
22. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.
23. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir.
24. İş materialları ilə müəyyən olunur ki, İddiaçı və "xxxx" MMC arasında mübahisəli mənzilin tikintisi haqqında 07 avqust 2021-ci il tarixli müqavilə bağlanmış və mənzilin pay dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir.
25. Məhkəmə kollegiyası cavabdehin sözügedən mənzildən çıxarılmasına dair birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisələndirilən mənzil sahiblik hüququ ilə iddiaçıya məxsus olduğundan və cavabdehlə qeyd edilən mənzilə dair Cavabdeh və X3 arasında əlyazma şəkilində bağlanmış, tarixi və nömrəsi mövcud olmayan, müqavilənin bağlanması üçün zəruri şərtləri nəzərdə tutmayan müqavilə etibarsız olduğundan, cavabdeh tərəfin həmin əmlakdan istifadəsi iddiaçının sahiblik hüquqlarının pozulması ilə nəticələnir.
26. Beləliklə, işin faktiki hallarından göründüyü kimi cavabdeh tərəf iddiaçının qanunla qorunan sahiblik hüquqlarını pozur. Belə olan halda isə iddiaçının bu hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb etmək hüququ vardır.
27. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda əksini tapmış müvafiq normalarının tələblərindən də göründüyü kimi, faktiki sahibliyin mövcudluğu, o cümlədən mənzildə yaşamaq, təmir işləri aparmaq, mənzilə əşyalar gətirmək, kommunal xidmətlərdən istifadə etmək və həmin xidmətlərə görə ödənişlər etmək özlüyündə şəxsə mübahisələndirilən əmlak üzərində mülkiyyət hüququ və ya qanuni istifadə hüququ yaratmır.
28. Mülki qanunvericiliyə əsasən, əmlak üzərində hüquqlar yalnız qanunla nəzərdə tutulmuş əsaslarla, o cümlədən mülki-hüquqi əqdlər, miras, məhkəmə qərarı və ya digər hüquqi faktlar nəticəsində yarana bilər və bu hüquqların mövcudluğu müvafiq qaydada rəsmiləşdirilməli və təsdiq edilməlidir. İş materiallarından isə müəyyən olunur ki, Cavabdeh onunla X3 arasında üzərində "xxxx" MMC-nin loqosu və müqavilənin hər səhifəsində möhürü olan rəngli printerdə hazırlanmış tarixi və nömrəsi mövcud olmayan müqaviləyə istinad edərək mənzilin ona məxsusluğunu göstərir ki, cavabdehin qeyd etdiyi hallar hazırkı iş üzrə qətnamənin ləğvi üçün əsas hesab oluna bilməz. Bu cür hallar iddiaçının iradəsindən kənar həyata keçirilmiş faktiki hərəkətlər hesab edilir və mülkiyyət hüququna gözləntisi olan iddiaçının hüquqlarını məhdudlaşdıra bilməz.
29. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, İddiaçı və "xxxx" MMC arasında mübahisəli mənzilin tikintisi haqqında 07 avqust 2021-ci il tarixli müqavilə bağlanmış və mənzilin pay dəyəri iddiaçı tərəfindən tam ödənilmiş, lakin cavabdeh isə tam başqa bir hüquqi şəxslə nisyə alğı-satqı müqaviləsi bağlamış ("xxxx" MMC) , maliyyə arayışı isə hissə-hissə 4 illik müddətlə bağlanmışdır. Bu isə onu deməyə əsas verir ki, cavabdeh lazımi diqqət göstərməyərək "xxxx" MMC-ilə maraqlanmamış, əl yazısı ilə müqavilənin bağlanmasından şübhə etməyərək aldanılmışdır. Həmçinin cavabdeh onun aldadılmasına istinad edərəkdə polis orqanına müraciət etməsidə iddiaçıya qarşı vermiş olduğu ertirazın əsassızlığına dolayı yolla dəlalət etmiş olur.
30. Bundan əlavə, məhkəmə kollegiyası vurğulayır ki, mülkiyyətçi öz əmlakına sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarına malikdir və üçüncü şəxslərin bu hüquqlara qanunsuz müdaxiləsi qanunla yolverilməz hesab olunur. Cavabdehin mübahisəli mənzildə qalması üçün hüquqi əsasın olmaması, iddiaçının isə mülkiyyət hüququnun mövcudluğu nəzərə alınaraq, birinci instansiya məhkəməsinin cavabdehin mənzildən çıxarılması barədə gəldiyi nəticə əsaslı və qanunauyğundur.
31. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
33. Sadalanan xüsusatlara, işin araşdırılmış hallarına və iş üzrə məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edir və belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)- 1558/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-1558/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər.