Məhkəmə qərarları › İş №2(105)-1733/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1733/2025

06.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1733/2025 06.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Qusar rayon Notariat ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X26 və X30 cəlb edilməklə) mülki iş üzrə (Açar sözlər: vərəsəlik mübahisəsi) X22 Süleymanovanın sədrliyi və məruzəsi, X10 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Qusar rayon Notariat ofisinə, üçüncü şəxslər X16 və X23 qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, e-2(029)-143/2025 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs və X26 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 cavabdeh Qusar rayon Notariat ofisinə və üçüncü şəxslər X16 və X23 qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən ibarət miras əmlaka dair İddiaçı adına vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə dəqiqləşdirmə ilə müraciət edərək bildirmişdir ki, məhkəmədən bütün miras əmlaka dair deyil, Qusar şəhəri, M. Vəliyev küçəsi ev 161 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın yarı hissəsinə (1/2 hissəsinə) dair İddiaçı adına vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin Qusar rayon Notariat ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə dəqiqləşdirmə ilə müraciət edərək bildirmişdir ki, Qusar rayon dövlət notariat ofisində 18 yanvar 2007-ci il tarixdə 2V-1-09 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi və cavabdeh ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın ½ hissəsinə dair İddiaçı adına, ½ hissəsinə dair isə üçüncü şəxs X11 adına vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar şəhəri, M.Vəliyev küçəsi ev 161 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı atası X12 mülkiyyətindədir. X27 ilə X6 17 avqust 1951-ci ildə nikaha daxil olmuşlar, onların birgə nikahından 20 yanvar 1952-ci ildə X28, 05 fevral 1957-ci ildə X26, xx xxx 1959-cu ildə İddiaçı və 21 fevral 1966-cı ildə X30 anadan olmuşdur. Qusar rayon məhkəməsinin 25 may 2006-cı il tarixli qətnaməsi ilə X27 ilə X6 arasındakı nikah pozulmuş, nikahın pozulması 28 may 2008-ci ildə Qusar rayon Qeydiyyat şöbəsində 43 nömrə ilə qeydə alınmışdır. X28 27 iyun 1999-cu ildə, X27 10 iyul 2008-ci ildə, X6 isə 16 sentyabr 2008-ci ildə vəfat etmişlər. Qusar rayon Notariat ofisinin 27 dekabr 2019-cu il tarixli X-1259 nömrəli məktubundan görünür ki, X30 və İddiaçı X27 ilə X3 vərəsələri sırasına daxildir. X17 ərizəsindən görünür ki, o, mirası nə faktiki, nə də ərizə yazmaqla qəbul etməmiş, mirasın qəbulu müddətini ötürmüşdür. X6 10 mart 2000-ci ildə bütün əmlakını İddiaçı vəsiyyət etmişdir. Miras əmlak bütünlüklə İddiaçı tərəfindən qəbul edilmiş və o, mirasın qəbulu müddətini ötürməmişdir. Qusar rayon Notariat Ofisinin 11 avqust 2023-cü il tarixli 939 nömrəli məktubundan görünür ki, vərəsələr arasında mübahisə olması əsası ilə şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Həmin dövrdə Konstitusiya Məhkəməsində vərəsəliklə bağlı məsələyə baxıldığı üçün iddia qaldırılmamışdır.

5. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

6. 18.06.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0.0727 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 201.9 kv.metr sahəsi olan fərdi yaşayış evi X12 adına qeydiyyata alınmışdır.

7. AZ-İ 990087 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2008-ci il tarixdə ölmüşdür.

8. 10 mart 2000-ci il tarixli vəsiyyərtnamədən görünür ki, X2 şəhəri M.Vəliyev küçəsi, ev 161 ünvanında yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evini qızı İddiaçı vəsiyyət etmişdir.

9. Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş arayışdan görünür ki, X27 ilə X9 xx.xx.1951-ci ildə nikah bağlamışlar.

10. Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X27 xx.xx.2008-ci ildə ölmüşdür.

11. 18 yanvar 2007-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X5 şəhəri M.Vəliyev küçəsi, ev 161 ünvanında yerləşən ümumi torpaq sahəsi 800 kv.m olan 2 mərtəbəli, 4 otaqdan ibarət fərdi yaşayış evini, ev əşyalarını və həyətyanı torpaq sahəsini nəvəsi Maraqlı şəxs vəsiyyət etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

12. Qusar Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, e-2(029)-143/2025 nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddianın qismən təmin edilməsi, cavabdeh ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın ½ hissəsinə dair İddiaçı adına, ½ hissəsinə dair isə üçüncü şəxs X11 adına vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225.1, 1225.2, 1225.3, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 1133.1, 1133.2, 1134.1, 1134.2, 1146, 1147.1, 1151.1, 1159.1, 1159.1.1, 1159.2, 1166, 1167, 1167, 1168, 1179.1, 1179.2, 1193, 1243.1, 1243.2, 1243.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227, 233, 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

14. Qusar Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, e-2(029)-143/2025 nömrəli qətnaməsi ilə razılaşmayan üçüncü şəxslər Maraqlı şəxs və X11 nümayəndəsi və vəkili Vəkil2 üçüncü şəxslərin adından ayrı-ayrılıqda apellyasiya şikayəti vermişdir.

15. Üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, e-2(029)-143/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, Qusar şəhəri, M.Vəliyev küçəsi, ev 161 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın 1/4 hissəsinə dair İddiaçı adına, 1/4 hissədə üçüncü şəxs X11 adına, 2/4 hissədə maraqlarına toxunan şəxs vəsiyyət üzrə vərəsə Maraqlı şəxs adına vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin Qusar rayon Notariat Ofisinin üzərinə qoyulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qusar Rayon Məhkəməsinin 2(029)-2008 saylı, 10 sentyabr 2008-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 cavabdehlər Nadirov İlqar ( Elqar) Nadir oğlu, İddiaçı, X30 və mübahisə predmeti barəsində müstəqil iddia tələbi irəli sürməyən 3-cü şəxs Qusar rayon Dövlət Notariat Kontoruna qarşı yaşayış evi üzərində mülkiyyət hüququnun tanınması, həmin yaşayış evinin, həyətyanı torpaq sahəsinin naturada bölünməsi və vəsiyyətnamənin ləğv edilməsinə dair iddia tələbi rədd edilmiş və məhkəmə hesab etmişdir ki, Qusar şəhəri, M.Vəliyev küçəsi, ev 161 ünvanında yerləşən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi X27 və onun arvadı X4 birgə nikah dövründə əldə edilmiş əmlakı hesab edilmir və onun üzərində paylar məyyən edilə bilməz, həmin ünvanda yerləşən torpaq sahəsi və üzərində yerləşən evə dair X27 tərəfindən nəvəsi Maraqlı şəxs (Elqar) oğluna edilmiş 18 yanvar 2007-ci il tarixli vəsiyyətnamə ləğv edilməməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 2(105)-875/2009 saylı, 07 oktyabr 2009-cu il tarixli qətnaməsi ilə Qusar Rayon Məhkəməsinin 2(029)-2008 saylı, 10 sentyabr 2008-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti rədd edilmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2(102)-703/2011saylı, 09 mart 2011-ci il tarixli Qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2(105)-875/2009 saylı, 07 oktyabr 2009-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti rədd edilmişdir, qətnamə dəyişdirilmədən saxlanılmışdır . Yuxarıda adları qeyd edilən predusial qüvvəyə malik məhkəmə aktları ilə müəyyən edilmişdir ki, miras əmlak miras qoyanların ümümi əmlakı hesab edilmədiyinə görə, həmin əmlaka dair vəsiyyət edən X4 vəsiyyətnaməsi üzrə İddiaçı bütöv miras əmlak üzərində ½ hissədə məcburi payı müəyyən edilə bilməz, hər iki qanun üzrə vərəsələrin payı ¼ hissədə, vəsiyyətnamə üzrə Maraqlı şəxs miras əmlakın digər yarısı üzərində 2/4 hissədə payları müəyyən edilməlidir. Məhkəmə Mülki Məcəllənin qeyd edilən maddi normalarının tələbini pozmuşdur, ona görə ki, miras əmlak miras qoyan şəxs X27 tərəfindən iş üzrə 3-cü şəxs X16 deyil, Maraqlı şəxs vəsiyyət edildiyindən, vəsiyyət üzrə vərəsə Maraqlı şəxs payı (vəsiyyət üzrə payı) müəyyən edilməklə, miras əmlakın yarısı (məcburi paylar) üzərində İddiaçı, 3-cü şəxs X11 məcburi payları müəyyən edilməli idi. (Miras əmlakın 2/4 hissəsinə vəsiyyət edilən şəxsin miras payı, yerdə qalan hissə üzərində həm iddiaçının, həm də 3-cü şəxsin 1/4 hissədə məcburi payları müəyyən edilməli idi). Məhkəmə miras əmlak üzərində miras qoyan şəxsin iradəsinin ziddinə, vəsiyyətnaməni nəzərə almadan hüquqi nəticəyə gəlməklə ziddiyyətli və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə vərəsələrin dairəsini (həm vəsiyyət üzrə, həm də qanun üzrə) düzgün müəyyən etməmişdir, vəsiyyət üzrə Maraqlı şəxs 3-cü şəxs qismində mülki iş üzrə cəlb edilmədiyinə görə miras əmlak üzərində paylar düzgün müəyyən edilməmişdir. Məhkəmə mülki iş üzrə miras qoyan şəxs Nadir Nadirovun vəsiyyəti üsrə vərəsə Maraqlı şəxs müstəqil tələb irəli sürən 3-cü şəxs qismində prosessual tərəf kimi mülki iş üzrə cəlb etməli idi, ona görə ki, məhkəmə tərəfindən vəsiyyət üzrə Maraqlı şəxs da miras əmlak üzərində payı müəyyən edilməli idi. Məhkəmə mülki iş üzrə iki vəsiyyətnamə olsa da, bir vəsiyyətnamə üzrə iddiaçının hüquqlarını tanısa da, digər vəsiyyətnamə üzrə vərəsə Maraqlı şəxs hüquqlarını tanımamış, miras üzrə onun payını müəyyən etməmiş, qətnamənin əsaslandırıcı və nəticə hissəsində vəsiyyət üzrə vərəsə olmayan X18 vəsiyyət üzrə vərəsə hesab etmiş və nəticədə miras əmlaka İddiaçı ½ hissədə, 3-cü şəxs İlqar Nadirova ½ hissədə vərəsəlik şəhadətnaməsinin verilməsinə dair səhv nəticəyə gəlmişdir. Mülki iş üzrə təqdim edilmiş iddiaçının anası X4 10 mart 2000-ci il tarixli vəsiyyətnaməsinə qiymət verərək, İddiaçı bütöv miras əmlak üzərində 1/2 hissə məcburi pay müəyyən etmişdir, halbuki həmin vəsiyyətnamənin predmeti mövcud olmamışdır, yəni həmin ev və torpaq sahəsi birgə mülıkiyyət olmamışdır və həmin vəsiyyətnamənin hüquqi nəticəsi ola bilməz.

17. Üçüncü şəxs X11 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, e-2(029)-143/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, miras əmlakın üzərində qanun və vəsiyyət üzrə vərəsələrin paylarının yenidən müəyyən edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən vərəsəliyə dair vəsiyyətnamə və qanun üzrə məcburi payı olan vərəsələr arasında payların müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin həvalə edilməsinə dair Mülki Məcəllənin maddi normalarını düzgün tətbiq etməyərək, işin faktiki hallarına uyğun olmayan qanunsuz qətnamə qəbul etmişdir, ona görə də apellyasiya instansiyası tərəfindən qətnamə ləğv edilərək, mülki iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə Mülki Məcəllənin maddi normalarının tələbini pozmuşdur, ona görə ki, miras əmlak miras qoyan şəxs X27 tərəfindən iş üzrə 3-cü şəxs X16 deyil, Maraqlı şəxs vəsiyyət edildiyindən vəsiyyət üzrə vərəsə Maraqlı şəxs payı (vəsiyyət üzrə payı) müəyyən edilməklə, miras əmlakın yarısı (məcburi paylar) üzərində İddiaçı, 3-cü şəxs X11 məcburi payları tanınmalı idi. Məhkəmə miras əmlak üzərində miras qoyan şəxsin iradəsinin zıddinə, vəsiyyətnaməni nəzərə almadan hüquqi nəticəyə gəlməklə ziddiyyətli və qanunsuz qətnamə qəbul etmişdir. Mülki iş üzrə təqdim edilmiş X4 10 mart 2000-ci il tarixli vəsiyyətnamə üzrə İddiaçı da həm vəsiyyət üzrə, həm də qanun üzrə məcburi payının olması qənaətinə gəlmişdir, lakin məhkəmə nəzərə almamışdır ki, miras qoyan X27 ilə X7 arsındakı nikah 25 may 2006-cı ildə pozulsa da, birgə nikah dövründə əldə edilmiş əmlak üzərində onun payı müəyyən edilmədiyindən ölən zaman miras əmlak (miras aktivi) mövcud olmamışdır. Miras qoyan şəxs X27 öldükdən sonra nə arvadı X7 payının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir, nə də ki, atanın ölümündən sonra vəsiyyət edilmş iddiaçı müraciət etməmişdir. Məhkəmə miras qoyan Z.Nadirova öləndə miras əmlak (miras aktivi) mövcud olmadığına görə həmin vəsiyyatnamə üzrə İddiaçı miras əmlaka dair ½ hissədə payın verilməsi ilə miras əmlakın mülkiyətçisi olmuş miras qoyan X12 vəsiyyətnməsi üzrə vərəsənin payının nəzərə almaması ilə qanun və vəsiyyət üzrə vərəsələr arasında payları bölməmiş və vərəsələr arasında payların müəyyən edilməsinə dair maddi normaların tələbini pozmuşdur. Məhkəmə mülki iş üzrə miras qoyan şəxs Nadir Nadirovun vəsiyyəti üsrə vərəsə Maraqlı şəxs müstəqil tələb irəli sürən 3-cü şəxs qismində prosessual tərəf kimi mülki iş üzrə cəlb etməli idi, ona görə ki məhkəmə iddiaçıya həm vəsiyyət üsrə, həm də məcburi payı olan şəxs kimi miras əmlak üzrə payını müəyyən etdiyi halda, digər vəsiyyət üzrə Maraqlı şəxs da miras əmlak üzərində payı müəyyən edilməli idi.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

20. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs öz apellyasiya şikayətini müdafiə edərək, X15 apellyasiya şikayətinin və öz apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

21. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndəsi və vəkili Vəkil2 hər iki apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

22. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətləri ilə qismən razılaşdığını, İlqar Nadirova tə yin edilmiş payın Maraqlı şəxs verilməsinə etiraz etmədiyini bildirdi.

23. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

24. Məhkəmə kollegiyası qeyd edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs və X26 hər biri ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsələr də şikayətin məzmunundan görünür ki, apellyatorlar tərəfindən qətnamə miras əmlakda payların müəyyən edilməsi hissədə mübahisələndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1163. Nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmalı, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir.

28. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Qusar şəhəri, M.Vəliyev küçəsi ev 161 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı atası X19 məxsus olmuşdur. X27 ilə X6 17 avqust 1951-ci ildə nikaha daxil olmuşlar, onların birgə nikahından 20 yanvar 1952-ci ildə X28, 05 fevral 1957-ci ildə X26, xx xxx 1959-cu ildə İddiaçı və 21 fevral 1966cı ildə X30 anadan olmuşdur. Qusar rayon məhkəməsinin 25 may 2006-cı il tarixli qətnaməsi ilə X27 ilə X6 arasındakı nikah pozulmuşdur. X28 27 iyun 1999-cu ildə, X27 10 iyul 2008-ci ildə, X6 isə 16 sentyabr 2008-ci ildə vəfat etmişlər. xx.xx.2007-ci il tarixli vəsiyyətnamədən görünür ki, mərhum X27 həmin vəsiyyətnamə ilə Qusar şəhəri, M.Vəliyev küçəsi ev 161 ünvanda yerləşən ümumi torpaq sahəsi 800 kv.m. olan 2 mərtəbəli 4 otaqlı evini, ev əşyalarını, həyətyanı torpaq sahəsi ilə birlikdə nəvəsi xx.xx.1994-cü il təvəllüdlü Maraqlı şəxs vəsiyyət etmiş, qalan vərəsələrini miras əmlak payından məhrum etmişdir. X1 10 mart 2000-ci ildə ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evində miras pay hissəsini İddiaçı vəsiyyət etmişdir.

29. İddiaçı Nadirova, Ziyarət Nühbala qızı tərəfindən 10 mart 2000-ci ildə verilmiş vəsiyyətnaməyə istinad edərək ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə dair vərəsəlik şəhadətnaməsi verilməsi barədə araşdırılan iddia ilə məhkəməyə müraciət etmişdir.

30. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia qismən təmin edilmişdir /bax bənd 12/.

31. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində xahiş etdiyi kimi, vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir.

32. Məhkəmə iddia tələbində qeyd edilən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın ½ hissəsinə dair İddiaçı adına təmin edilməsinə belə qiymət verir ki, X30 iddianı qəbul etmiş, miras əmlakdan pay istəməmiş, miras əmlakın bacısı və qardaşı arasında bölünməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, mübahisə olunan miras əmlak həm X11 oğlunun adına, həm də İddiaçı adına vəsiyyət edilmiş, həmin vəsiyyətnamələr qüvvədədir. Belə olan halda mübahisə olunan mirak əmlaka, həm X11, həm də İddiaçı məcburi payları mövcuddur.

33. Məhkəmə qətnaməsi ilə razılaşmayan müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs və X26 hər biri ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, məhkəmə qətnaməsini payların müəyyən edilməsi hissədə mübahisləndirmişlər.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin faktiki hallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam, hərtərəfli araşdırılmamış, maddi hüquq normalarının tətbiqi və təfsirində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə qanuni və əsaslı qətnamə çıxarılmamışdır.

35. Göründüyü kimi miras kütləsini ünvan 2 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evi təşkil etməklə, miras qoyanlar X27 xx.xx.2008-ci il tarixdə, X7 xx.xx.2008ci il tarixdə ölmüşlər.

36. Mülki iş materiallarından görünür ki, X27 ilə X7 arasında 1951-ci ildə nikah bağlanmış, tərəflər arasındakı nikah məhkəmə qətnaməsinə əsasən 25 may 2006-cı il tarixdə pozulmuşdur.

37. Mülki materallarında olan sənədlərdən görünür ki, X27 ilə X4 birgə nikah dövründə Qusar şəhəri, M.Vəliyev küçəsi ev 161 ünvanında yerləşən torpaq sahəsi Qusar rayon X8 İcraiyyə Komitəsinin qərarı ilə X19 ayrılmış, həmin torpaq sahəsində 1968-cı ildə fərdi yaşayış evi inşa edilmişdir.

38. Məhkəmə kollegiyası vurğulayır ki, «Torpaq islahatı haqqında», «Sovxoz və kolxozların islahatı haqqında» Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına uyğun olaraq sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi qaydalarına əsasən Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir.

39. Qeyd olunmalıdır ki, mübahisə predmeti olan əmlakla bağlı vərəsəlik hüquq münasibətləri müvafiq olaraq miras qoyanların ölüm anından başlamışdır.

40. Göründüyü kimi araşdırılan tələb vərəsəlik hüquq münasibətlərindən irəli gələn vəsiyyətnamə və qanun üzrə vərəsələr arasında yaranan mübahisədir.

41. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, miras kütləsinə aid olan əmlaka dair X27 və X7 vəsiyyətnamə tərtib edərək X27 həmin əmlakı Maraqlı şəxs vəsiyyət etmiş, qalan vərəsələrini miras əmlak payından məhrum etmişdir. X1 fərdi yaşayış evində miras pay hissəsini İddiaçı vəsiyyət etmişdir.

42. Qeyd olunmalıdır ki, hər iki vəsiyyətnamə qüvvədədir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, şəxs öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət edə bilər. İşin mübahisəsiz halıdır ki, Maraqlı şəxs və İddiaçı vəsiyyətnamə üzrə vərəsələridir.

44. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdırıb hesab edir ki, miras kütləsinə aid olan əmlak X27 və X4 birgə nikah dövründə əldə edilmiş əmlak olduğundan onlar həmin əmlak üzərində bərabər paylara malik olmuşlar.

45. Məhkəmə kollegiyası X27 və X4 əmlak üzərində bərabər paylara malik olması ilə bağlı halı nəzərə alaraq, vəsiyyətnamə üzrə vərəsələrin (Maraqlı şəxs və İddiaçı) miras əmlakda ½ hissədə paylarının müəyyən edilməsini qanuni və əsaslı hesab edir.

46. Bununla yanaşı kollegiya qeyd edir ki, apellayasiya şikayətinin dəlillərindən həmçinin görünür ki, apellyatorlar məcburi pay hüququnu mübahisələndirmişlər.

47. Mülki qanunvericilikdə vəsiyyət üzrə vərəsəlik və vəsiyyət etmək azadlığı məcburi vərəsələr institutu ilə məhdudlaşdırılmışdır. Məcburi pay hüququ olan vərəsələrə vəsiyyətnamədən asılı olmayaraq mirasdan məcburi pay almaq hüququna malik olan şəxslər aiddir. Həmin şəxslərin dairəsinin mövcudluğu vərəsəlik hüququnun cəmiyyətdə sosial-təminat funksiyasına malik olması ilə əlaqədardır. Bu funksiyanın təyinatı məhz birinci növbəli vərəsələr dairəsinə aid olan, bilavasitə miras qoyana daha yaxın olan, onunla bir qayda olaraq, birgə təsərrüfat aparan, onun himayəsində olan və ya həmin əmlakın əldə edilməsində bu və ya digər formada rolu olan şəxslərin maraqlarının müdafiəsindən ibarətdir.

48. Mülki qanunvericilikdə mirasda məcburi paya verilmiş anlayışın vərəsəlik hüququnun əsas prinsiplərindən olan məcburi vərəsələrin hüquq və mənafelərinin təmin edilməsi və ailə-təminat prinsipləri baxımından təhlil edilməsi həmin institutun mahiyyətinin, eləcə də bu hüququ əldə edən şəxslərin onu reallaşdırması qaydalarının dərk edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

49. Mülki Məcəllənin 1193-cü maddəsinə müvafiq olaraq, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi payı tələb etmək hüququ isə mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər (Mülki Məcəllənin 1194-cü maddəsi).

50. Mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır.

51. Bu baxımdan kollegiya tərəfindən qanuni vərəsələrin dairəsi araşdırılmış, miras qoyanlar X12 və X4 birgə nikahlarından dörd övladları –X28, X26, İddiaçı və X30 olduğu, X13 27 iyun 1999-cu ildə öldüyü müəyyən edilmişdir.

52. Mülki qanunvericiliyin şərh olunan normalarına istinadən məhkəmə kollegiyası hesab edir ki, mirasın açıldığı zaman sağ olan X26, İddiaçı və X30 miras əmlakda məcburi pay hüququna malikdirlər.

53. Məhkəmə kollegiyasının qənatincə X12 miras əmlakda payına (1/2 hissə) övladları X26, İddiaçı və X30 məcburi payı hüququna malik olmaqla, birinci növbə qanuni vərəsə olaraq qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısına, yəni ½ hissəsinin 1/3 -nin ½ hissəsində məcburi paya malikdirlər.

54. Eyni zamanda X4 miras əmlakda payına (1/2 hissə) övladları X26 və X30 məcburi payı hüququna malik olmaqla, birinci növbə qanuni vərəsə olaraq qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısına, yəni ½ hissəsinin 1/3-nin ½ hissəsində məcburi paya malikdirlər.

55. Məhkəmə kollegiyası vərəsə Fuad Nadirovun miras əmlakda olan payından imtina etməsinə dair birinci instansiya məhkəməsindəki araşdırma zamanı verdiyi ərizəyə də münasibət bildirməyi zəruri hesab edir.

56. Mülki qanunvericilikdə mirasdan imtinanın həyata keçirilməsi qaydası aydın göstərilmişdir.

57. Mülki Məcəllənin 1256-cı maddəsinin tələbinə görə mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat orqanına ərizə vermək yolu ilə edilir.

58. Lakin hazırki halda vərəsə Fuad Nadirov tərəfindən notariat orqanına belə bir ərizənin verilməsi müəyyən edilmir.

59. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları ümumiləşdirərək bu nəticəyə gəlir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs və X26 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, e-2(029)-143/2025 nömrəli qətnaməsi qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul olunmalı, iddia qismən olunmalı, miras kütləsi olan əmlakda İddiaçı 5/12 hissədə (vəsiyyətnamə üzrə və məcburi pay) payı, X11 2/12 hissədə məcburi payı, X17 2/12 hissədə məcburi payı və Maraqlı şəxs 3/12 hissədə (vəsiyyətnamə üzrə) payı müəyyən edilməli və vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsi cavabdeh Qusar rayon Notariat Kontorunun üzərinə qoyulmalıdır.

60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs və X26 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, e-2(029)-143/2025 nömrəli qətnaməsi qismən ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul olunsun. İddia qismən təmin edilsin. Miras kütləsi olan Qusar şəhəri, M.Vəliyev küçəsi ev 161 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evində İddiaçı 5/12 hissədə (vəsiyyətnamə üzrə və məcburi pay) payı, X11 2/12 hissədə məcburi payı, X17 2/12 hissədə məcburi payı və Maraqlı şəxs 3/12 hissədə (vəsiyyətnamə üzrə) payı müəyyən edilsin və vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsi cavabdeh Qusar rayon Notariat Kontorunun üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar