Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1735/2024 25.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Qusar rayon Aqrar İslahat Komissiyasına və Qusar rayon Yasab Bələdiyyəsinə (üçüncü şəxs Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi cəlb olunmaqla) qarşı torpaq payının tələb edilməsinə dair mülki iş üzrə (Açar sözlər: iş üzrə icraata xitam verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı Əsədulla oğlunun iştirakı ilə Qusar Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-103/2006 nömrəli qətnaməsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Qusar rayon İHB-nin Yasab kənd inzibati ərazi nümayəndəsinin xx.xx.2005-ci il tarixli 542 saylı arayışında qeyd olunmuşdur ki, İddiaçı Əsədulla oğlu 1990-cı il tarixdən Qusar rayonu Yasab kənd pasport qeydiyyatında olub ona həmin kənddə torpaq payı verilməmişdir.
2. Qusar rayon Yasab Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 16 nömrəli qərarın surətindən görünür ki, bələdiyyə ehtiyyat fondundan Qusar rayonu Yasab kəndində yerləşən 0,89 ha torpaq sahəsi İddiaçı Əsədulla oğluna ayrılmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Qusar Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Qusar rayonun Yasab kəndi ərazisindən 0,89 ha torpaq payının verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, daimi yaşayış yeri, 1990-cı ildən halhazıra kimi, Qusar rayonunun Yasab kəndi olsa da ailəsinin digər üzvlərinə pay torpaqları verildiyi halda onun adı torpaq payı almaq hüququna malik subyektlərin sırasına daxil edilməməklə, torpaq payı verilməmişdir. Dəfələrlə müxtəlif instansiyalara, o cümlədən Qusar rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin heç bir təşkilatdan rəsmi cavab almamışdır. Onun ailə üzvlərinə kod 30126018 JN:0026 sayl Dövlət Aktı ilə 3,57 ha torpaq sahəsi verilib, hesab edir ki, Torpaq İslahatı haqqında Qanunun 12-ci maddəsinin 1hissəsinin 2-ci bəndinin tələbləri Qusar rayon AİK-sı və Yerli AİK-si tərəfindən pozulub, pozulmuş hüquqları bərpa edilməlidir, ona şərh olunan qanunun 13-cu maddəsi ilə nəzərdə tutulmuş qaydada torpaq payı verilməlidir. İddiasını əsaslı sayır, təmin edilməsini xahiş edir.
5. Qusar Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-103/2006 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı Əsədulla oğlunun mülkiyyətinə Qusar rayonunun Yasab kəndi ərazisindən normaya uyğun olaraq 0,89 ha pay torpağın verilməsi, İddiaçı Əsədulla oğlunun 0,89 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun rəsmiləşdirlməsi Qusar rayon Yasab bələdiyyəsinə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə tapşırılması qət edilmişdir (hakim T.Ə.Məmmədov).
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 8.2, 17.2-ci maddələri, “Torpaq İslahatı haqqında” Qanunun 12 və 13-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-103/2006 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mübahisəni həll etmədən əvvəl daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınıb-alınmamasını, özgəninkiləşdirilməsini, həbsdə olub-olmamasını və bununla da qətnamənin gələcəkdə icranın mümkünlüyünü araşdırmamışdır. Qətnamədə göstərilən torpaq sahəsinin yerləşdiyi yer dəqiq məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxemə istinad edilməmişdir. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci isntansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. Məhkəmə iclasını vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş cavabdehlər və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPMnin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
12. Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi
13. Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu
16. Maddə 2.0.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur.
17. Maddə 2.0.2. İnzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 2.2. Mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir.
19. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.
20. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
21. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
22. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
23. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
24. Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası MPM-nin, İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər.
26. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.
27. Həmin qərarın 4-cü bəndinə əsasən, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.
28. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər)
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
31. Apellyasiya şikayətindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi apelyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.
32. Ona görə də kollegiya Qusar Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir.
34. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi Qusar rayonu, Yasab kəndi ərazisində pay torpaq sahəsinin onun mülkiyyətinə verilməsi ilə bağlıdır. Qeyd olunan iddia tələbi üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə aiddir.
35. Məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsinin verilməsinə dair iddiaya mülki məhkəmə icraat qaydasında baxıla bilməz.
36. Mülki Prosessual Məcəllənin 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz.
37. Kollegiya hesab edir ki, hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv olunmalıdır.
38. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-2.2.4-cü maddələrinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) baxılır. Odur ki, hazırkı iddianın “torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi”nə dair hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir.
39. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində isə göstərilir ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
40. Digər tərəfdən, işdən görünür ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi qanuni qüvvəyə minmədən Qusar rayon Yasab Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 16 nömrəli qərarına əsasən, bələdiyyə ehtiyyat fondundan Qusar rayonu, Yasab kəndində yerləşən 0,89 ha torpaq sahəsi İddiaçı Əsədulla oğluna artıq ayrılmışdır.
41. Kollegiya sonda qeyd edir ki, iddia tələbinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, iddia tələbi üzrə icraata xitam verilməli və iddiaçıya hazırkı mübahisənin həlli ilə bağlı ilk növbədə qeyd olunan tələb ilə bağlı aidiyyəti üzrə dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət hüquqlarının qeydiyyatını aparan inzibati orqana müraciət etmək hüququ, inzibati orqan tərəfindən müraciəti müsbət həll olunmadığı təqdirdə isə həmin mübahisənin həlli üçün məhkəmə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 384.0.5, 398-401 və 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-103/2006 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı torpaq payının verilməsi tələbinə dair iddiasına mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iş üzrə icraata xitam verilsin. İddiaçıya aidiyyəti üzrə dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət hüquqlarının qeydiyyatını aparan inzibati orqana müraciət etmək hüququ, inzibati orqan tərəfindən müraciəti müsbət həll olunmadığı təqdirdə isə həmin mübahisənin həlli üçün məhkəmə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.