Məhkəmə qərarları › İş №2(105)-1736/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1736/2022

23.08.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1736/2022 23.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2339/2022 nömrəli, 05 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Suqmayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin e-2(012)-2339/2022 nömrəli, 05 may 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 10 yanvar 2022-ci il tarixli, 200/22-03 saylı əmrinin ləğv edilməsi, Cavabdeh tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, İddiaçı Cavabdehndə coğrafiya müəllimi vəzifəsinə işə bərpa olunması və Cavabdehndən dövlət rüsumuna görə dövlət nəfinə 50 manat məbləğində pul tutulması qət edilmişdir. (hakim C.Səfiyeva) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2339/2022 nömrəli, 05 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2339/2022 nömrəli, 05 may 2022-ci il tarixli qətnaməsinin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci tarixli, 200/22-02 nömrəli əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun Cavabdehndə coğrafiya müəllimi vəzifəsinə bərpa edilməsi və 50 (əlli) manat məbləğində mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş pulun Cavabdehndən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə verərək cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulan mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində pulun Cavabdehndən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bunu belə əsaslandırmışdır ki, qanunsuz olaraq işdən çıxarılmağı, cavabdehin öz qanunsuz hərəkətlərinə son qoymaq əvəzinə, X5 Xidmətinə etdiyi müraciətindən sonra guya əmək müqaviləsinin tərəfindən oğurlanılması barədə işəgötürən tərəfindən Abşeron Rayon Polis İdarəsinə şikayət edilməsi onun çox ağır sarsıntı və iztirab keçirməyinə səbəb olmuşdur ki, bu mənəvi sarsıntı və iztirablar ölçüyə gəlməzdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC ilə müddətli əmək müqaviləsi bağlayaraq həmin müəssisədə coğrafiya müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən olunmuşdur. Əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə başa çatmasına baxmayaraq, tərəflər əmək münasibətlərini davam etdirməklə müqaviləyə xitam verilməsini tələb etmədiyindən müqavilənin müddəti əvvəl müəyyən edilmiş müddətə, yəni xx.xx.2021-ci il tarixə, eyni qaydada xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Lakin xx.xx.2022-ci il tarixdə işəgötürən heç bir səbəb olmadan onu müəssisənin inzibati binasına buraxmamış və əsassız yerə işdən kənarlaşdırmışdır. Məsələyə aydınlıq gətirməyə cəhd etsə də, işəgötürən danışıqlardan imtina etmişdir. Buna görə də, əsassız və qanunsuz olaraq işdən kənarlaşdırılmağı barədə X5 Xidmətinə müraciət etmişdir. Bu müraciətindən sonra xx.xx.2022-ci il tarixdə ona işdən çıxarılmağı ilə bağlı xx.xx.2022-ci il tarixli əmr təqdim olunmuşdur. Bundan sonra xx.xx.2022-ci il tarixdə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair cavabdehə təklif məktubu göndərmiş, daha sonra bu barədə Mediasiya Şurasına müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə Bakı 2 saylı Mediasiya Təşkilatının mediatoru X3 tərəfindən onun və cavabdehin nümayəndəsinin iştirakı ilə ilkin mediasiya sessiyası keçirilmiş, tərəfindən 50 (əlli) manat məbləğində mediasiya xərci ödənilmiş və “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.3022-ci il tarixli, MŞB/2-00339 nömrəli arayış xx.xx.2022-ci il tarixdə ona təqdim olunmuşdur. Odur ki, hazırda o, bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh MMC-nin xx.xx.2022-ci tarixli, 200/22-02 nömrəli əmri qanunsuz və əsassızdır. Belə ki, əmrin verilməsinə əsas kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə istinad edilərək göstərilmişdir ki, “... Liseyin coğrafiya müəllimi İddiaçı xx.xx.2022-ci il tarixindən müqavilə vaxtı bitdiyi üçün tutduğu vəzifədən azad edilsin...”. Halbuki, işəgötürənlə bağladığı əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən olunmuşdur. Belə ki, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə başa çatmasına baxmayaraq, tərəflər əmək münasibətlərini davam etdirməklə müqaviləyə xitam verilməsini tələb etmədiyindən qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilənin müddəti əvvəl müəyyən edilmiş müddətə, yəni xx.xx.2021-ci il tarixə kimi, eyni qaydada xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Tərəflər arasında bağlanmış müqavilə müddəti başa çatmadığı halda, Cavabdeh MMC onunla bağlanmış müddətli əmək müqaviləsinə birtərəfli qaydada xitam verməklə qanunvericiliyin tələblərini və onun əmək hüquqlarını pozmuşdur. Həmçinin, xx.xx.2022-ci tarixli, 200/22-02 nömrəli əmrdə bu əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənəd kimi guya Cavabdeh MMC ilə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləsindəki xx.xx.2021-ci il tarixli razılaşma göstərilsə də, işəgötürənlə belə bir razılaşma bağlamamış və bu barədə hər hansı sənəd imzalamamışdır. Belə bir razılaşmadan xəbəri yoxdur. Göründüyü kimi əmr əsassızdır. Ona görə də Cavabdeh MMC-nin xx.xx.2022-ci tarixli, 200/22-02 nömrəli əmri ləğv edilməli, qanunsuz və əsassız olaraq işdən çıxarılmağı ilə əlaqədar məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməklə, əvvəlki vəzifəsinə bərpa edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi işin faktiki halları araşdırılmadan qəbul edildiyindən qanunsuzdur. Belə ki, Əmək Məcəlləsinin 49-cu maddəsinin 1 -ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2.1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. MMC ilə İddiaçı arasında 2019-ci ilin sentyabr ayında müddətli əmək müqaviləsi bağlanmış və daha sonra həmin müddətli əmək müqaviləsinə əlavələr edilmişdir. 2019-cu ilin sentyabr ayında bağlanmış əmək müqaviləsi xx.xx.2021-ci il tarixdə müddəti bitmişdir. Bunla bağlı İddiaçı dəfələrlə xəbərdarlıqlar edilərək müddətli əmək müqaviləsinin xx.xx.2021-ci il tarixdə bitəcəyini və onunla xx.xx.2021-ci il tarixdən sonra əmək müqaviləsinin uzadılmayacağı bildirilmişdir. Bundan sonra MMC tərəfindən sözügedən əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə əmək qanunverciliyinin tələblərinə uyğun olaraq xitam verilmişdir. Daha sonra MMC tərəfindən qeyd edilən əmək müqaviləsinin xitam verilməsinə dair müvafiq sənədləşmə işlərinin aparılması ilə bağlı İddiaçı şəxsi işi axtarılan zaman onun əmək müqaviləsinin və əmrlərin mövcud olduğu şəxsi işi yerində müəyyən olunmamışdır. İlk olaraq sənədlərin itirildiyi zənn edilərək MMC tərəfindən “Şərq” qəzetinə elan verilmiş və Abşeron Rayon Polis İdarəsindən sənədlərin tapılıb-tapılmamasına dair arayış da alınmışdır. Lakin sonradan məlum olmuşdur ki, sözügedən sənədlər liseyin koordinasiya şöbəsindən oğurlanmışdır. Məhkəmə işin müəyyən edilən faktiki hallarına iddia tələbinin dəlilləri üzrə hüquqi qiymət verərək qeyd etmişdir ki, tərəflər arasında ilk dəfə birillik müqavilə xx.xx.2019-cu il tarixdə bağlanmış, əmək münasibətləri faktiki davam etdirilməklə sonrakı müddət üçün yeni müqavilə bağlanmadığı qeyd etmişdir. Lakin məhkəmə qəbul etdiyi qətnaməsində özü iş materiallarına əlavə edilən və sadaladığı sənədlərdə iddiaçı barəsində əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli bildirişin mövcud olduğunu qeyd etmişdir. Belə ki, adıçəkilən bildirişdən görünür ki, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2021-ci ilədək müəyyən edilmişdir. Göründüyü kimi məhkəmə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş və nəticədə maddi hüquq normalarının pozulması ilə nəticələnən əsassız qətnamə qəbul etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli “Əmək müqavilələrinin uzadılması barədə” əmrdən görünür ki, Cavabdeh adları qeyd edilən bir sıra müəllimlərin və o cümlədən İddiaçı barəsində əmək müqavilələrinin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı barəsində əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli bildirişdə əmək müqaviləsinin son müddətinin xx.xx.2021-ci il tarix olduğu qeyd edilmişdir. Sadalanan hallar apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmalı, şikayət təmin edilərək, qətnamə ləğv edilməlidir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qismən əsassızdır. Belə ki, məhkəmə iddianı işə bərpa hissəsində təmin etsə də, mənəvi ziyanın və mediasiya xərcinin tutulması hissəsində təmin etməmişdir. Məhkəmə mənəvi zərərlə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətini alçaldan hər hansı hərəkətə yol verilməsi iş materialları ilə təsdiq olunmur. İddiaçıya məxsus şəxsi sənədlərin itməsi ilə bağlı cavabdehin Pİ-nə müraciəti qanuna müvafiq subyektiv hüququn müdafiəsi tədbiridir. Məhkəmənin gəldiyi nəticə əsassızdır. Belə ki, işin hallarından da görünür ki, cavabdeh iddiaçını qərəzli və qanunsuz şəkildə dərsə buraxmamış və müqavilə müddəti başa çatmadan təhsil ilinin yarısında əmək müqaviləsinə xitam vermişdir. Həmçinin, bununla kifayətlənməyərək həm əmək müqaviləsinin, həm də həqiqətdə mövcud olmayan sənədin (əmək müqaviləsinə əlavənin) guya iddiaçı tərəfindən oğurlanması barədə hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Göründüyü kimi işəgötürən 20 ildən artıq müəllim işləyən iddiaçının şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yaymışdır. Qeyd olunan xüsusatlar iş materialları ilə sübuta yetirildiyi halda, məhkəmə bununla bağlı işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun qərar qəbul etməmişdir. Bundan başqa, məhkəmə iddia tələbinin 50 (əlli) manat məbləğində mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbini rədd edərkən qeyd etmişdir ki, mediasiya xərci məhkəmə xərcləri sırasına daxil olmadığından iddia bu hissədə təmin edilməməlidir. Belə ki, MPM-nin 115.0.maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərin sırasında mediasiya xərci nəzərdə tutulmamışdır. Məhkəmə yenə səhvə yol verərək işə tətbiq edilməli olan prosessual hüquq normasını tətbiq etməmişdir. Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Əmək mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərcləri işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğundan, tərəflər arasında bağlanmış müqavilə şərtləri cavabdeh tərəfindən pozulduğundan və Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsi məhkəməyə müqavilə şərtlərinin pozulmasından irəli gələn mübahisələr üzrə məhkəmə xərclərini işin nəticəsindən asılı olmayaraq müəyyən etmək və cavabdehdən tutmaq hüququ verdiyindən mediasiya xərci ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Bu səbəbdən həmin hissədə qətnamə ləğv edilərək, iddia həmin hissədə də təmin edilməlidir. Apellyasiya baxışı zamanı Cavabdeh nümayəndəsi X4 MMC-nin apellyasiya şikayətini müdafiə edib sadalanan halların nəzərə alınmasını, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə etdi ki, iddiaçının işdən azad olunması barədə əmr tam qanunidir və onun ləğv edilməsinə heç bir hüquqi əsas yoxdur. Həmçinin məhkəməyə təqdim edilən Cavabdehndə əmək müqaviləsi əsasında işləyən digər müəllimlərin əmək müqaviləsinə dəyişiklik və əlavələrin edilməsi haqqında razılaşdırma protokollarından da aydın olduğu kimi, MMC-də işləyən hər bir müəllimlə bu cür razılaşdırma mövcud olmuşdur, lakin iddiaçının şəxsi işi naməlum səbəbdən itdiyi üçün, onunla MMC arasında qeyd olunan razılaşmanı məhkəməyə təqdim etmək mümkün olmamışdır. Həmçinin cavabdeh təhsil müəssisəsi olduğundan Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ümumi Təhsil X1 Proqramına uyğun olaraq həmin müəssisədə işləyən müəllimlərin hər birinin şəxsi səhifəsi Nazirliyin rəsmi saytında mövcuddur. Həmin səhifədə də iddiaçının əmək müqaviləsi və ona dəyişiklə bağlı məlumatlar qeyd edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya vaxtında və lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı təkrar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin bağlanması haqqında əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında coğrafiya müəllimi vəzifəsinə dair xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək müddətli əmək müqaviləsi bağlanmışdır. Yenə iş materiallarında olan xx.xx.2021-ci il tarixli “Əmək müqavilələrinin uzadılması barədə” əmrdən görünür ki, Cavabdeh ilə əmrdə adları qeyd edilən 43 nəfər işçi, o cümlədən İddiaçı ilə əmək müqavilələrinin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı barəsində əmək müqaviləsinə dəyişiklik edilməsinə dair elektron informasiya sisteminə xx.xx.2021-ci il tarixdə daxil edilmiş bildirişdə əmək müqaviləsinin son müddətinin xx.xx.2021-ci il tarix olduğu qeyd edilmişdir. Yenə işə əlavə olunmuş Cavabdeh üzrə 10 yanvar 2022-ci il tarixli, 200/22-03 nömrəli əmrdən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “B” bəndinə və Cavabdehnin Nizamnaməsinə əsasən Liseyin coğrafiya müəllimi İddiaçı, xx.xx.2022-ci il tarixdən müqavilə vaxtı bitdiyi üçün tutduğu vəzifədən azad edilmişdir. Əmrin verilməsinə əsas: İddiaçıla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əlavə olan xx.xx.2021-ci il tarixli razılaşma Mülki iş materiallarında olan Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, tərəflər arasında barışıq əldə edilməmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarına əlavə olunmuş “Şərq” qəzetində verilmiş elandan görünür ki, Cavabdeh MMC ilə coğrafiya müəllimi İddiaçı arasında bağlanmış əmək müqaviləsi itdiyi üçün etibarsız sayılır. İş materiallarında olan Abşeron rayon Polis İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli əmək müqaviləsi və 05 iyul 2021-ci il tarixli razılaşmanın (əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında) naməlum şəraitdə itməsi barədə xx.xx.2022-ci il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. İşə əlavə olunan xx.xx.2022-ci il tarixli, “Cinayət işi başlama və icraata qəbul edilmə barədə” qərardan görünür ki, Cavabdeh MMC-nin direktoru Xəzər Babayev 10 fevral 2022-ci il tarixdə Abşeron RPİ-yə ərizə ilə müraciət edərək, Liseyin müəllimi İddiaçı ilə 2019-cu ilin sentyabr ayında bağlanmış əmək müqaviləsi və ona edilmiş əlavə sənədlərin Liseyin qəbul qeydiyyat üzrə otaqdan naməlum şəraitdə oğurlanmasını 2021-ci ilin dekabr ayının sonunda aşkar etdiklərini bildirmişdir. Faktla bağlı AR CM-nin 326.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata götürülmüşdür. Yenə mülki işə əlavə edilmiş əmək müqavilələrinin uçotu jurnalından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsi jurnalda 66 sıra nömrəsi ilə qeydə alınmışdır. Mülki iş materiallarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişləri və ona əlavə edilmiş xx.xx.2021-ci il tarixli razılaşma protokollarından görünür ki, eyni tarixli əmrdə adları qeyd olunan müəllimlərin hər biri ilə əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixinədək uzadılmış və həmin tarixdə müqaviləyə xitam veriləcəyi razılaşdırılmışdır. Müqavilələrə edilmiş dəyişikliklərə dair bildirişlər xx.xx.2021-ci ildə elektron sistemə daxil edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ümumi Təhsil X1 Proqramından çıxarışdan məlum olur ki, Cavabdehndə işləyən işçilərin əmək müqavilələri və onlara dəyişikliklər həmin proqrama işlənilmişdir. O cümlədən, İddiaçı ilə xx.xx.2019-cu ildə əmək müqaviləsinin bağlanması, xx.xx.2021-ci ildə əmək müqaviləsinə dəyişiklik edilməsi, xx.xx.2021-ci ildə əmək müqaviləsinin müddətinin bitməsi həmin proqramda öz əksini tapmışdır. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2339/2022 nömrəli, 05 may 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC ilə müddətli əmək müqaviləsi bağlayaraq həmin müəssisədə coğrafiya müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən olunmuşdur. Əmək müqaviləsinin müddəti xx.xx.2020ci il tarixdə başa çatmasına baxmayaraq, tərəflər əmək münasibətlərini davam etdirməklə müqaviləyə xitam verilməsini tələb etmədiyindən müqavilənin müddəti eyni müddətə, yəni xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Bundan sonra, xx.xx.2021-ci il tarixində, Lisey üzrə müddətli əmək müqaviləsi bağlamış 43 nəfər müəllim ilə imzalanmış razılaşma protokoluna əsasən onlarla olan əmək müqavilələrinə dəyişiklik edilmiş, müqavilə müddəti xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. Bu dəyişikliklərə dair bildirişlər xx.xx.2021-ci ildə elektron informasiya sisteminə daxil edilmişdir. Beləliklə, əmək müqaviləsinin müddəti bitdiyi üçün Cavabdeh direktorunun 10 yanvar 2022-ci il tarixli, 200/22-03 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “B” bəndinə və Cavabdehnin Nizamnaməsinə əsasən Liseyin Coğrafiya müəllimi İddiaçı tutduğu vəzifədən azad edilmişdir. Hazırda iddiaçı iddia edir ki, onunla əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə başa çatmasına baxmayaraq, tərəflər əmək münasibətlərini davam etdirməklə müqaviləyə xitam verilməsini tələb etmədiyindən müqavilənin müddəti əvvəl müəyyən edilmiş müddətə, yəni xx.xx.2021-ci il tarixə, eyni qaydada xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Həmçinin iddia edir ki, Cavabdeh MMC ilə onun arasında xx.xx.2021-ci il tarixli razılaşma olmamışdır, o, işəgötürənlə belə bir razılaşma bağlamamış və bu barədə hər hansı sənəd imzalamamışdır. Belə bir razılaşmadan xəbəri yoxdur. İşə baxan birinci instansiya məhkəməsi mübahisəni yuxarıdakı qaydada həll etmişdir. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl, məhkəmə kollegiyası qeyd edir ki, yaranmış mübahisənin obyektiv həlli baxımından ilk öncə tərəflər arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli razılaşma protokolunun mövcudluğu məsələsinə qiymət verilməlidir. İddiaçı tələbində sözügedən razılaşmanın mövcud olmadığını qeyd edir. Cavabdeh isə şikayətinin əsas dəlili kimi, sözügedən müqaviləyə dəyişikliklə bağlı razılaşma protokolunun xx.xx.2021-ci il tarixli, 200/308A nömrəli əmrə uyğun olaraq, əmrdə adları qeyd olunan hər bir şəxslə (43 nəfər, o cümlədən İddiaçı ilə) ayrı-ayrılıqda bağlandığını, lakin naməlum səbəblərdən iddiaçıya məxsus şəxsi işin itməsi səbəbindən həmin sənədlərin məhkəməyə təqdim edilməsinin mümkün olmadığını bildirir. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin dəlillərini daha ağlabatan hesab edərək onunla razılaşır. Əvvəla, iş materiallarına əlavə edilmiş mövcud əmək müqavilələrinin müddətinin uzadılması barədə xx.xx.2021-ci il tarixli, 200/308A nömrəli əmr qüvvədədir. Həmin əmrdə adları qeyd olunan şəxslərin, o cümlədən iddiaçı ilə əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixinədək uzadılmışdır. Əmək müqavilələrinə edilən bu dəyişikliklərə dair bildirişlər xx.xx.2021-ci ildə elektron informasiya sisteminə daxil edilmişdir. İddiaçı ilə əmək müqavilisinə dəyişiklik də elektron informasiya sisteminə daxil edilmişdir. Ən vacibi iş materiallarında həmin əmrdə adları qeyd olunan şəxslərdən iddiaçını çıxmaqla digərlərinə aid əmək müqavilələrinə dəyişiklik edilməsi barədə razılaşma protokolları mövcuddur ki, iddiaçıya aid sənədlərin məhkəməyə təqdim edilməməsinə səbəb kimi cavabdeh iddiaçının şəxsi işinin naməlum şəkildə itməsini qeyd edir. İşin faktiki hallarına qiymət verərək kollegiya qeyd edir ki, sadalanan hallar, yəni xx.xx.2021-ci il tarixli, 200/308A nömrəli əmrdə adları qeyd olunan şəxslərin hər birinin əmək müqaviləsinin əmrdə qeyd olunan müddətə uzadılması barədə əmək müaviləsinə dəyişiklik edilməsi bildirişin və razılaşma protokolunun mövcudluğu, yalnız iddiaçıya məxsus sənədlərin olmaması və cavabdehin bunu aşkar etdiyi vaxtdan yuxarıda qeyd olunan qaydada polis idarəsinə müraciət etməsi, fakt üzrə cinayət işinin başlanılması, bütün bu hallar ona dəlalət edir ki, həqiqətən də tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli razılaşma protokolu məhz iddiaçı barəsində də mövcud olmuş, lakin daha öncədə qeyd olunduğu kimi, həmin sənədlər naməlum səbəbdən itmişdir. Məhkəmə bu qənaətə gələrkən həm də o faktı nəzərə alır ki, iddiaçı ilə əmək müqaviləsinə xitam vermək istədiyi təqdirdə cavabdeh müqaviləyə dəyişiklik edib onun müddətini uzatmayaraq, cəmi iki ay iki həftə sonra müqavilənin müddətinin bitməsi səbəbilə ona xitam verə bilərdi. Bunun üçün heç bir hüquqi maneə də olmamışdır. Başqa sözlə, iddiaçının əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli dəyişiklikdən xəbərsiz olması barədə dəlilləri ağlabatan və inandırıcı görünmür. Belə olan halda iddiaçının iddia etdiyi kimi onun barəsində işdən azad edilmə barədə 10 yanvar 2022-ci il tarixli, 200/22-03 nömrəli əmrin qanunsuz olması öz təstiqini tapmır. AR Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin maddənin 2-ci hissəsinə görə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. İş materiallarından görünür ki, iddiaçı ilə müddətli əmək müqaviləsinə, ona edilmiş dəyişiklikliyə dair bildirişlər, o cümlədən sonuncu dəyişiklik xx.xx.2021-ci ildə elektron informasiya sisteminə daxil edilmiş, əmək müqaviləsi bildirişi həmin elektron informasiya sistemində qeydiyyata alınmış və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilmişdir. Başqa sözlə, mübahisələndirilən dəyişiklik aparılarkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən isə əmək müqaviləsinin müddətinin bitməsi əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Yenə həmin Məcəllənin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Yenə də həmin Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Eyni Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir - müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər; 84-cü maddəsinin 2-ci hissəsinə əsasən isə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Göründüyü kimi hazırkı iş üzrə işəgötürən tərəfindən əmək qanunvericiliyinin hər hansı tələbi pozulmamışdır və hazırkı halda sözügedən əmrin ləğv edilməsi üçün qanunla müəyyən edilmiş heç bir əsas mövcud deyildir. Beləliklə də, şərh olunan səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh 10 yanvar 2022-ci il tarixli, 200/22-03 nömrəli əmri qanunidir. Həmin əmrin qanunsuz olması barədə iddiaçı məhkəməyə hər hansı əsaslı şübhələrdən kənar mötəbər sübut təqdim edə bilməmişdir. Bu səbəbdən də, Cavabdeh üzrə 10 yanvar 2022-ci il tarixli, 200/22-03 nömrəli əmrin ləğvi barədə tələb təmin edilə bilməz. Əsas tələb təmin edilmədiyindən, məhkəmə kollegiyası iddiaçının digər tələbləri üzrə araşdırma aparmağa zərurət görmür. AR MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddiaya dair tutarlı əsas gətirilməmiş və hər hansı mötəbər, əsaslı şübhələrdən kənar sübutlar məhkəməyə təqdim edilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan hallara düzgün qiymət verməmiş, iddianı qismən də olsa təmin etməklə əsassız nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını səhv tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, iddiaçının apellyasiya şikayəti rədd edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən cavabdehin apellyasiya şikayətinin verilməsi üçün ödədiyi 60 manat dövlət rüsumu İddiaçı cavabdehin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-2339/2022 nömrəli, 05 may 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi, mənəvi ziyan və məhkəmə xərcinin tutulması tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 60 manat dövlət rüsumu İddiaçı alınıb, Cavabdehnə ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar