Məhkəmə qərarları › İş №2(105)-1737/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1737/2021

25.05.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1737/2021 25.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1, üçüncü şəxs 7 saylı region üzrə X2 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı (üçüncü şəxs 7 saylı region üzrə X5) müavinətin yenidən hesablanıb ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4770/2020 saylı, 23.10.2020-ci il il tarixli qətnaməsindən iddiaçı oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4770/2020 saylı, 23.10.2020-ci il il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı əmək xəsarəti nəticəsində sağlamlığına dəymiş zərər üçün cavabdeh tərəfindən ödənilən müavinətin yenidən hesablanıb ödənilməsi barədə iddiası təmin edilməməsi qət edilmişdir. (hakim E.A.Abdullayev). Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4770/2020 saylı, 23.10.2020-ci il il tarixli qətnaməsinin ləğv edilib və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək xəsarəti nəticəsində sağlamlığına dəymiş zərər üçün cavabdeh tərəfindən ödənilən müavinətin yenidən hesablanıb ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə verərək iddia ərizəsində səhvən peşəsinin qəlibləyici yazılması səbəbindən onun peşəsinin yayıcı kimi oxunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, 1989-cu ildən cavabdeh müəssisədə işləyib. 26 noyabr 1994-cü ildə boru yayma sexində 2-ci növbədə yayıcı işləyərkən borudan qırılmış metal qəfəsin arasında qalmış, onu çıxarmaq istəyərkən sağ əlinin baş barmağı valların arasında qalaraq qırılmışdır. Bir müddət xəstəxanada müalicə almış, ona əlillik dərəcəsi müəyyən edilməmişdir. Hazırda cavabdeh müəssisədən istehsalat xəsarəti aldığına görə ayda 67 manat müavinət alır. Qeyd edilən müavinətin məbləği çox aşağıdır və yenidən hesablanılmalıdır. Bu barədə dəfələrlə ərizə ilə həm cavabdehə, həm də müxtəlif təşkilatlara müraciət etsə də nəticəsiz qalmışdır. Ona bildirilmişdir ki, müəssidə işçilərin əmək haqları artarsa onun müavinəti də artacaqdır. Uzun illərdir ki, ayda 67 manat alır. Respublika üzrə dəfələrlə minimum əmək haqları, maaşlar, müavinətlər qalxsa da cavabdeh müəssisə nədənsə bunu etməyib. 67 manata bir ay ərzində yaşamaq isə qeyrimümkündür. Cavabdeh təşkilat tərəfindən iddia qəbul edilməsə də yayıcı vəzifəsində çalışan işçilər hazırda 600-700 manat əmək haqqı alır. Odur ki, apelyasiya şikayətinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4770/2020 saylı, 23.10.2020-ci il il tarixli qətnaməsinin ləğv edilib və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh ASC-nin nümayəndəsi Bayramova Səadət Nadir qızı apelyasiya şikayətinə etiraz edərək göstərdi ki, iddiaçı 26.11.1994-cü il tarixində “boruyayma-1” sexində yayıcı peşəsində işləyərkən xəsarət almış və nəticədə sağ əlinin birinci barmağı kəsilmişdir. Sumqayıt şəhər HƏEK-nin 28.03.1995-ci il tarixli, 4181 saylı aktına əsasən onun peşə əmək qabiliyyətinin 25% itirilməsi müəyyən edilmişdir. Buna müvafiq olaraq müəssisə tərəfindən istehsalatda aldığı xəsarətə görə aylıq müavinət təyin edilmişdir. Cavabdeh ASC-də işçilərin tarif (vəzifə) maaşlarının kütləvi artımı sonuncu dəfə 2007-ci ilin yanvar ayında olmuşdur. İddiaçının işlədiyi 02.07.2007-ci il tarixli, 384 saylı əmrlə iddiaçıya hər ay 39,08 manat məbləğində aylıq ödənc ödənilmişdir. 2013-cü ildə iddiaçının müraciəti əsasında 7 saylı region üzrə X2 nümayəndəsinin iştirakı aparılan araşdırmalar nəticəsində iddiaçının aylıq ödəncinin məbləği yenidən hesablanmışdır. Belə ki, müəssisə üzrə 25.06.2013-cü il tarixli, 129-D saylı əmrlə iddiaçının aylıq ödəncinin məbləği 54 manat müəyyən edilmişdir. Ən son olaraq iddiaçı 22.02.2019-cu il tarixində müəssisə rəhbərliyinə müraciət etmiş və onun maddi durumunun ağır olduğu nəzərə alınaraq 27.02.2019-cu il tarixli, 07-D saylı əmrlə 01.01.2019-cu il tarixindən iddiaçının aylıq ödəncinin məbləği artırılaraq 67 manat məbləğində müəyyən edilmişdir. Belə ki, aylıq ödəncin hesablanmasında götürülən əmək haqqı kütləvi artımdan sonra iddiaçının işlədiyi peşə üzrə iki aylıq deyil, nisbətən yüksək ay üzrə, yəni 2007-ci il fevral ayı (268 manat) üzrə əmək haqqından hesablanmışdır. İstehsal həcminin kəskin aşağı düşməsi ilə əlaqədar olaraq müəssisənin istehsal fəaliyyəti dayanmış və nəticədə bir çox vəzifə və peşələr, o cümlədən, iddiaçının işlədiyi peşə ləğv edilmişdir. Müəssisə üzrə orta aylıq əmək haqqı hal-hazırda 255,12 manat təşkil edir. Göründüyü kimi hal-hazırda müəssisə üzrə orta aylıq əmək haqqının məbləği iddiaçıya təyin olunmuş aylıq ödəncin hesablanmasında götürülmüş əmək haqqının məbləğindən aşağı məbləğdir. Cavabdeh təşkilat bir neçə ildir ki, fəaliyyətini dayandırmışdır. Hazırda müəssisənin binası “X9” şirkəti tərəfindən icarəyə götürülmüşdür. Orada çalışan işçilər də həmin şirkətin əməkdaşlarıdır. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4770/2020 saylı, 23.10.2020-ci il il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiaysının iclasında üçüncü şəxs 7 saylı region üzrə X2 nümayəndəsi X6 izahatında göstərdi ki, iş üzrə 7 saylı region üzrə X5 tərəfindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, cavabdeh müəssisədə sonuncu dəfə kütləvi əmək haqqı artımı 2007-ci ildə olmuşdur. Həmin vaxt iddiaçıya verilən müavinət yenidən hesablanmışdır. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4770/2020 saylı, 23.10.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, tərəflərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən və apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Müəyyən edilmişdir ki, əmək kitabçasına əsasən iddiaçı 1989-cu ildən 1996-cı ilə qədər cavabdeh müəssisədə işləmişdir. Cavabdeh İstehsalat Birliyi tərəfindən təsdiq edilmiş istehsalatda bədbəxt hadisə barədə 23/5 saylı, 29.11.1994-cü il tarixli aktda göstərilmişdir ki, yayıcı peşəsində çalışan iddiaçı 26.11.1994-cü ildə axşam saat 19:15 radələrində qəlibləyici dəzgahda boruları yayarkən sağ əlinin baş barmağı valların arasında qalmışdır. Bunun nəticəsində o, istehsalat zədəsi almışdır. Cavabdeh İstehsalat Birliyi üzrə 727 saylı, 01.04.1996-cı il tarixli əmrlə müəssisənin 359 saylı, 11.04.1995-ci il tarixli əmrində dəyişiklik edilmiş, iddiaçıya hər ay 6573 manat ödəniş verilməsi əmr edilmişdir. Həmin əmrdə iddiaçının əmək qabiliyyətinin istehsalat qəzası nəticəsində 25 faiz itirildiyi qeyd edilmişdir. Cavabdeh İstehsalat Birliyinin baş direktorunun 29.12.2006-cı il tarixli, 446 saylı əmrində müsəssisə üzrə işçilərin əmək haqlarının artırılması ilə əlaqədar yeni tarif və vəzifə maaşlarının işlənib hazırlanmasının təmin edilməsi əmr edilmişdir. Cavabdeh İstehsalat Birliyinin baş direktorunun 02.07.2007-ci il tarixli, 384 saylı əmrində iddiaçıya hər ay 39,08 manat müavinət ödənilməsi əmr edilmişdir. Cavabdeh müəssisə üzrə 25.06.2013-cü il tarixli əmrdə iddiaçıya 01.03.2013-cü ildən hər ay 54 manat ödənc verilməsi əmr edilmişdir. Cavabdeh müəssisə üzrə 27.02.2019-cu il tarixli, 07-D saylı əmrdə iddiaçıya hər ay 67 manat müavinət təyin edilməsi əmr edilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş müəssisə üzrə orta aylıq əmək haqqı barədə arayışda müəssisədə hal-hazırda fəaliyyət göstərən vəzifələr və onların əmək haqqları öz əksini tapmışdır. Həmin siyahıda “yayıcı” vəzifəsi qeyd edilməmişdir. İş materiallarında olan 7 saylı region üzrə X2 18.05.2017-ci il və 25.06.2018-ci il tarixli məktublarında iddiaçıya onun ərizəsi ilə bağlı araşdırma aparıldığı və cavabdeh müəssisədə əmək haqlarının kütləvi artımı olduğu halda ona ödənilən müavinətin yenidən hesablanacağı bildirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir (239.1). İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir (239.2). İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir (239.3). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.01.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”na əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra - təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır (1.1). İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir (2.1.). İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı müəyyən edilərkən nəzərə alınan və alınmayan ödənclərin siyahısı "Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli, 137 nömrəli qərarının İ nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilir (3.4.). İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir (3.5.). Qeyd edilən normaların məzmunundan göründüyü kimi istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş işçiyə müəssisə tərəfindən ödənilən müavinət o zaman artırıla bilər ki, müəssisədə işçilərin əmək haqlarında kütləvi artım baş versin. İş materiallarından görünür ki, iddiaçı sağlamlığını itirdiyinə görə cavabdeh tərəfindən ona hər ay 67 manat müavinət ödənildiyini bildirir və bu müavinətin artırılmasını xahiş edir. İş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh müəssisədə işçilərin əmək haqlarında kütləvi artımı sonuncu dəfə 2007-ci ildə olmuş və həmin vaxt iddiaçıya ödənilən müavinət artırılmışdır. 2019-cu ildə isə iddiaçının müraciəti nəzərə alınaraq ödəncin hesablanmasında götürülən əmək haqqı kütləvi artımdan sonra iddiaçının işlədiyi peşə üzrə iki aylıq deyil, nisbətən yüksək ay üzrə, yəni 2007-ci il fevral ayı (268 manat) üzrə əmək haqqından hesablanmış və ona 67 manat müavinət təyin edilmişdir. Məhkəmə hesab etmişir ki, iddiaçı öz tələbinin əsasını təşkil edən halları sübut edə bilməmişdir. Belə ki, iddiaçı cavabdeh müsəsisədə əmək haqlarında sonralar kütləvi artımın olduğunu, əmək haqqının 600-700 manat olmasını bildirsə də buna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əskinə cavabdehin təqdim etdiyi sübutlarla iddiaçının tələbinin əsassız olduğu müəyyən edilir. Məhkəmə iddiaçının ona ödənilən müavinətin həddən artıq az olması ilə bağlı dəlilinə əsasən qeyd etmişdir ki, sağlamlığı pozulmuş işçiyə ödənilən müavinət onun əmək qabiliyyətinin azalma faizinə görə təyin edilir. Lakin bu iddiaçını başqa işdə çalışaraq gəlir əldə etmək imkanından məhrum etmir. Belə ki, iddiaçı istehsalat qəzası nəticəsində sağlamlığını 25 faiz itirmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməsi ilə onun hüququnun pozulmasını əsaslandıran sübutu məhkəməyə təqdim etməmişlər. Belə ki, mülki məhkəmə icraatının vəzifələrini təsbit edən Azərbaycan Respublikası MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Qanunvericilik fiziki və hüquqi şəxslərin hər hansı bir mənafe və maraqlarının müdafiəsini deyil, yalnız qanundan və digər normativ-hüquqi aktlardan irəli gələn, yəni qanunla qorunan mənafe və maraqlarını müdafiəsini nəzərdə tutub. Qeyd edilməlidir ki, məhkəmə mübahisəni həll edərkən iddiaçının subyektiv hüquqa malik olmasını müəyyən etdikdə həmin hüququn müdafiəsini təmin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair» 27.08.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-nin 53, 153cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialları və işdə olan sübutlar hərtərəfli və obyektiv araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçının hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbində hüququnun pozulmasına dair heç bir sübut və əsas göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bundan başqa müəyyən edilmişdir ki, apelyant apelyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etsə də şikayətini əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Apelyasiya şikayətində qeyd edilən dəlillərə isə qətnamədə qiymət verilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti isə təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4770/2020 saylı, 23.10.2020-ci il il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar