Məhkəmə qərarları › İş №2(105)-1740/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1740/2020

15.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1740/2020 15.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X19 və X2 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Şahalı qızına, üçüncü şəxslər X13 və Sumqayıt şəhəri 4 saylı Notariat Kontoruna qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi, vərəsəlik və mülkiyyət hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-250/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh Şahalı qızı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-250/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 5-də yerləşən 22 saylı mənzilə dair Sumqayıt şəhər 4 saylı dövlət notariat kontoru tərəfindən Cavabdeh Şahalı qızına verilmiş xx.xx.2011-ci il tarixli, 2V-26 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh Şahalı qızından alınaraq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Rəşad Qoşqarlı) Qətnamədən Cavabdeh Şahalı qızı apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-250/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən mənzilə dair Sumqayıt şəhəri 4 saylı notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında verilmiş Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi, onun vərəsəlik hüququnun tanınması, notariat kontorunda yazdığı ərizənin məzmununa uyğun olaraq ona düşən vərəsəlik payının ½ hissəsinə mülkiyyət hüququnun tanınmasına və onun Sumqayıt şəhəri, 11-ci mikrorayon, 5 saylı evin 22 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X20 iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək ünvan 1 ünvanında yerləşən mənzilə dair Sumqayıt şəhəri 4 saylı notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi, notariat kontorunda iddiaçının yazdığı ərizənin məzmununa uyğun olaraq iddiaçının çatası paya (yanı imtina etdiyi hissəyə uyğun olaraq) mülkiyyət hüququnun tanınmasına və iddiaçının Sumqayıt şəhəri, 11-ci mikrorayon, 5 saylı evin 22 saylı mənzilinə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X20 iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə verərək, ünvan 1 ünvanda yerləşən mənzilə dair Sumqayıt şəhəri 4 saylı notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinin, həmin şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh Şahalı qızı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddianı təmin edərkən ona əsaslandırmışdır ki, İddiaçı notariusda iştirakı zamanı adından ərizə ilə tanış edilmədən və hüquqları izah olunmadan ərizəyə imza etdirilmişdir. İddiaçı latin qrafikasında oxuyub və yaza bilmir. Ərizəyə imza atdırılarkən ərizənin mahiyyəti ona izah edilməmiş, imza atdırılarkən onun iradə ifadəsi nəzərə alınmamışdır. Hesab edir ki, məhkəmə iddia tələbini təmin edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, X21 ona və üçüncü şəxslər X8 və X9 qarşı paydan imtina ərizəsinin etibarsızlığı, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi, maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)-5936/2018 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, həmin qətnamədən apelyasiya şikayəti vermiş, Sumqayıt Apelyasiya Məhkəməsi mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-1515/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı yenidən eyni iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)1049/2019 saylı qərardadı ilə iddia ərizəsi üzrə icraata xitam verilmişdir. İddiaçı xx.xx.2011ci il tarixli ərizəsində göstərmişdir ki, əri X5 xx.xx.2010-cu il tarixdə ölmüşdür. Onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən 6 aylıq müddət ötürülmüşdür, ərinin ölümündən sonra mirası nəd ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etməmiş və buna görə öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyildir, mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək məqsədi yoxdur. Eyni tarixli digər ərizədə əri X3 qalan miras əmlakdan ona düşən vərəsəlik payının ½ hissəsindən imtina etdiyini bildirmişdir. İddiaçının mirası qəbul etməkdən imtina etməsi barədə ərizənin geri götürülməsi qanunvericiliyə əsasən yolverilməzdir. Hazırda həmin ərizələr mübahisələndirilmədiyindən vərəsəlik haqqında şəhadətnamənin etibarsızlığından söz gedə bilməz. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-250/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, həyat yoldaşı X15 xx xxxxxx 2010-cu ildə vəfat etmişdir. X10 xx xxxxxxxx 1979-cu il tarixli 10Y2611 saylı order əsasında Sumqayıt şəhəri, 11-ci mikrorayon, 5 saylı evin 22 saylı mənzili təqdim edilərkən orderdə X6 həyat yoldaşı, yəni o, qızı Cavabdeh, oğlu Cavanşir Əliyev, anası Qələm Əliyeva ailə üzvləri kimi qeyd edilmişlər. Bu şəxslərlə yanaşı X6 qardaşı oğlu olan X18 da xx xxxx 1980-ci ildən həmin mənzildə qeydiyyatdadır. X6 anası Qələm Əliyeva 1988-ci ildə vəfat etmiş və qeydiyyatdan çıxarılmışdır. X6 oğlu X16 isə xx xxxxxxxx 2005 ci il tarixdə qeydiyyatdan çıxmışdır. xx xxxxxx 2007-ci il tarixdə mənzil tam müllkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həyat yoldaşı ilə qızı Cavabdeh üçün mənzil aldıqdan sonra o, 9-cu mikrorayonda yerləşən mənzilində yaşamışdır. Həyat yoldaşı X15 xx xxxxxx 2010-cu ildə vəfat etdikdən sonra qızı Cavabdeh ona diqqət və qayğı ilə yanaşacağı vəd etmiş və ömrünün axırınadək onu saxlayacağını bildirmişdir. Cavabdeh bir müddət sonra ona demişdir ki, oğlu X16 atasından qalan əmlakdan pay istəmir. Ona isə notariat kontorunada əmlakı öz adlarına keçirməyi bildirib. Cavabdeh ona başa salmışdır ki, evin 75 faiz hissəsi özünün, 25 faiz hissəsi isə onundur. Cavabdeh ona bildirdi ki, o, 1/2 hissədən imtina etsə onda hər ikisinə 50 faiz düşər. xx xxxx 2011-ci ildə onlar notariat kontoruna getmiş və bəzi kağızlara imza atmışdır. Notariat kontorunda yazdığı ərizədə öz payına düşən hissənin 1/2 hissəsindən imtina haqqında ərizəyə qol çəkmişdir, öz payına düşən tam hissədən yox. Ancaq necə olubsa Cavabdeh Şahalı qızı 4 saylı Notariat kontorundan «miras əmlakdan tam hissədə irs almalıdır» məzmununda qanun üzrə vərəsəlik hüququ haqqinda şəhadətnamə almışdır. xx xxxx 2011-ci il tarixdə notariat kontorunda yazılmış ikinci ərizədə göstərilmişdir ki, ərinin ölümündən sonra mirası nədən ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etməmiş və buna görə də öz vərəsəlik hüququnu rəsmləşdirmək niyyətində deyildir. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək məqsədi yoxdur. Miras əmlakdan imtina etməmişdir. Notariat kontoruna gələndə niyyəti yalnız ona düşən payın 1/2 hissədən imtina etmək olmuşdur və bunu öz ərizəsində də qeyd etmişdir. Həmin ikinci ərizənin məzmunu ona aydın olmamış və orda 1/2 hissədən imtina haqqında heç bir söz deyilmədiyindən onu aldadaraq qol çəkdirmişlər. X6 qardaşı oğlu olan X18 da həmin mənzilə qeydiyyatdadır və Sumqayıt Apellyasiya məhkəməsinin qərarı ilə həmin mənzildən sahiblik və istifadə hüququna malikdir. Son 1 ildə qızı onu incitməyə başlamışdır. Ona yemək vermir, üstünə qışqırır. Mənəvi əzab-əziyyət verir. Ona evindən çıxıb getməsini dedikdə cavabdeh cavabında ona evin çoxdan ona məxsus olduğunu və onu aldatdığını bildirmişdir. 4 aydan çoxdur ki, qohumlarının evində qalır. O, aldadıldığını və qızı barəsində yanıldığını indi dərk etmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-250/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X18 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 250/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə üçüncü şəxs Sumqayıt şəhəri 4 saylı Notariat Kontoru ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iş üzrə cavabdeh Əliyeva Cavabdeh Şahalı qızı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. İş materiallarından görünür ki, məhkəmə iddianı qismən təmin edərkən belə əsaslandırmışdır ki, İddiaçı notariusda iştirakı zamanı adından alınan ərizə ilə tanış etdirmədən və hüquqları izah olunmadan ərizəyə imza etdirmişdilər. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı latın qrafikasında oxuya və yaza bilmir. Həmçinin iş materiallarına əlavə edilmiş iddiaçının imza etdiyi ərizələrin surətlərindən görünür ki, iddiaçı ərizədə öz soyadını kiril əlifbası ilə yazmışdır. Bu da onu sübut edir ki, iddiaçı notariusda ərizələrə imza atarkən ərizənin mahiyyəti ona izah edilməmişdir. Əlavə olaraq, işin hallarından görünür ki, iddiaçıya imza etdirilərkən onun iradə ifadəsi nəzərə alınmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. İş materiallarında olan xx.xx.2011-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx xxxxxx 2010-cu ildə vəfat etmiş X6 vərəsəsi X11r. Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 11/17, mənzil 59-da yaşayan qızı Cavabdeh miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsinin xx xxxxxx 2010-cu il tarixli 14/4762 N-li arayışına və xx.xx.2007-ci il tarixli 28 N-li reyestr kitabının 137 N-li vərəqində qeydiyyat N-140701870, MH ******* olan Çıxarışa əsasən ünvan 1-də yerləşən ümumi sahəsi 68,98 kv.m yaşayış sahəsi 47,31 kv.m olan üç otaqlı mənzildən ibarətdir. İş materiallarında olan Daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2010-cu il tarixli arayışın surətindən görünür ki, ünvan 3 22 ünvanında yerləşən mənzil X6 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 28 nömrəli reyestr kitabının 137 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, N-0008788 saylı “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayonda istifadədə olan 0.09 ha torpaq sahəsində yerləşən 5 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 4cü mərtəbəsində yerləşən 68,98 kv.m ümumi, 47,31 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 22 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 28 nömrəli reyestr kitabının 137 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı xx.xx.2011-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2010-cu ildə vəfat etmiş əri- X4 miras qalmış əmlakdan-ünvan 1 ünvanından ona düşən vərəsəlik payının ½ hissəsindən imtina edir. İddiaçı eyni tarixli digər ərizəsindən görünür ki, o, mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən altı aylıq müddəti ötürmüşdür. Ərinin ölümündən sonra mirası nədə ifadə edilməsindən və harada olmamsından asılı olmayaraq qəbul etməmişdir və buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyiləm. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etmək məqsədi yoxdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1049/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı paydan imtina ərizəsinin etibarsızlığı, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ərizəsi üzrə icraata xitam verilməsi qərara almışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)- 310/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şbəhər Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(060)-2905/2013 saylı qətnaməsi ilə iddiaçılar X7 və X8 Cavabdeh qarşı özəlləşdirmənin etibarsız hesab olunması və mənzilə köçürülmə iddiasına dair mülki iş üzrə iddia təmin edilməmişdir. İddiaçılar X7 və X8 apelyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(060)-2905/2013 saylı qətnaməsi qismən-iddiaçı X8 mənzilə köçürülməsina aid hissədə ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilmişdir. İddiaçılar X7 və X8 Cavabdeh qarşı özəlləşdirmənin etibarsız hesab olunması və mənzilə köçürülmə barədə iddiası qismən təmin olunmuş, iddiaçı X1 şəhəri, 11-ci mikrorayon, 5 saylı evin 22-ci mənzilinə köçürülməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)-5936/2018 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh Şahalı qızına qarşı paydan imtina ərizəsinin etibarsızlığı, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamənin əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövləğt reyestrindən çıxarışın ləğvi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası iddia müddəti ötürüldüyü üçün təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(105)-1515/2019 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh Şahalı qızına qarşı paydan imtina ərizəsinin etibarsızlığı, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamənin əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövləğt reyestrindən çıxarışın ləğvi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Yəni qeyd edilən qətnamələrdən məlum olur ki, iddiaçının paydan imtina ərizəsi qüvvədədir. Lakin hazırkı işə baxılarkən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı notariusda iştirakı zamanı adından alınan ərizə ilə tanış etdirmədən və hüquqları izah olunmadan ərizəyə imza etdirmişdilər. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı latın qrafikasında oxuya və yaza bilmir. Bununla da məhkəmə qüvvədə olan qətnamə ilə müəyyən olunmuş halı şübhə altına almaqla iddiaçının paydan imtina ərizəsini dolayısı ilə etibarsız hesab etmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə porosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 1321.1-ci maddəsinə görə vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxununlmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cü maddəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan Hüquqlarının və X14 haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalaq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir şəxsin həm təkbaşına, həm də digərləri ilə birlikdə mülkiyyətə sahib olma hüququ var. Heç kim özbaşına olaraq mülkiyyətdən məhrum edilə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlakın dövlət qeydiyyatı üçün əsas sayılır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız sayılmadığından iddia tələbi reyestrdən çıxarışın etibarsız hesab olunması hissəsində də təmin edilə bilməz. Bundan başqa iş materiallarından görünür ki, məhkəmə iddianı qismən təmin etsə də iddianın təmin olunmayan hissəsinə qiymət verməmişdir. Məhkəmə kolegiyası hesab edir ki, qeyd edilənlərə əsasən iddia tələbi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, iş üzrə düzgün olmayan nəticəyə gəlmiş, maddi hüquq normalarını pozmuşdur ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə qətnamə ləğv olunmalı, iddia təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-250/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdeh Şahalı qızına, üçüncü şəxslər X13 və Sumqayıt şəhəri 4 saylı Notariat Kontoruna qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin, həmin şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılması barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar