Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1746/2025 28.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə (Açar sözlər: evdən istifadə hüququnun tanınması, evə köçürülmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), X4 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-4502/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. AZ-İİ 342338 saylı nikah haüqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2020-ci il tarixdə nikaha girmişlər.
2. “Xəzri” Məhəllə Komitəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Xəzər yaşayış massivi, Oğuz küçəsi 77 ünvanında yerləşən fərdi yaşayış evi mövcuddur və orada Cavabdeh yaşayır. Həmin ev təsərrüftabaşına kitabda qeydiyyata alınmamışdır.
3. “Xəzri” Məhəllə Komitəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Xəzər yaşayış massivi, Oğuz küçəsi 77 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan Cavabdeh ailə tərkibi-arvadı X1, övladları X2 və X7 oğludur.
4. “Xəzri” Məhəllə Komitəsinin təsdiq etdiyi aktdan görünür ki, Xəzər yaşayış massivi, Oğuz küçəsi 77 ünvanında yerləşən fərdi yaşayış evi 1998-1999-cu illərdə Vəliyev Müseyif Səfəralı oğlu tərəfindən tikilmişdir. Burada 2003-cü ildən 2016-cı ilədək Cavabdeh, habelə onun arvadı X1, övladları X2 və X7 oğlu yaşamışlar.
5. "xxxx" ASC-nin abonent haqqında saldosundan görünür ki, mübahisəli evə dair elektrik enerjisi üzrə abonenti Vəliyev Müseyif Səfəralı oğludur.
6. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3310/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh iarasındakı xx.xx.2020-ci il tarixli nikah pozulmuşdur
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivi, Oğuz küçəsindəki 77 saylı fərdi yaşayış evindən istifadə hüququnun tanınmaqla, həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh Müseyib oğlu ilə xx.xx.2020ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. Evlənərkən bütün cehiz və şəxsi əmlaklarını hazırda mübahisə predmeti olan Xəzər yaşayış massivi, Oğuz küçəsi 77 ünvanında yerləşən fərdi yaşayış evinə gətirmişdir. Hazırki vaxtadək orada yaşayır və bu yaşayış sahəsi onun yeganə уaşayış yeridir. Hazırda cavabdeh nikah qeydinin ləğv edilməsi iddiası ilə məhkəməyə müraciət etmişdir. Bundan istifadə edərək onu evdən çıxarır və bildirir ki, boşanma olduğu üçün bu evdə yaşamaq hüququ yoxdur. Mübahisəli fərdi yaşayış evinin sənədləri olmasa da, rəsmi olaraq Bələdiyyə qeydiyyatından keçib və gələcəkdə bu evlərə Prezidentin Sərəncamna əsasən mülkiyyət sənədləri veriləcək. Cavabdeh və o isə bu evin potensial mülkiyyətçiləridir. Bun agörə də onun cavabdehlə birlikdə həmin mənzildən istifadə hüquqları var və bu hüquq məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-4502/2025 qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivi, Oğuz küçəsindəki 77 saylı fərdi yaşayış evinə köçürülməsi, qalan hissədə iddianın təmin olunmaması, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim Elçin Kazımov).
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 152.2, 159, 164.1, 165.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-4502/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin sözügedən qətnaməsi ilə onun AR MPM-nin 8, 14, 47.2, 76, 77, 79, 85, 88, AR Ailə Məcəlləsini 58, 59, 60, 61, 63, AR Konstitutsiyasının 43–cü maddələrində nəzərdə tutulan maddi və prosessual hüquqları pozulmuşdur. Məhkəmə işi düzgün araşdırmamış, işin hallarını düzgün qiymətləndirməmişdir. Məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün qətnaməni qanunsuz və əsassız hesab edir. Ona görə də apelyasiya şikayəti vermək qərarına gəlmişdir. İşin mahiyyəti ondan ibarətdir ki, mübahisə predmeti olan Xəzər yaşayış massivi, ünvan 1 ünvanında yerləşən mənzil birgə nikah zamanı inşa edilməmiş və bundan sonra belə hər hansı abadlaşdırılma işləri aparılmamışdır. Mənzil atası Cavabdeh tərəfindən 1998-1999-cu illərdə tikilmiş, 2003-cü il tarixdən 2016-cı ilədək birinci nikahdan olan ailə üzvlərinin X1, övladları X2, X7 oğlu ilə birlikdə orda yaşamışlar. İkinci dəfə İddiaçı ilə ailə qurduqdan sonra isə orda müvəqqəti yaşamışlar. O özü xaricdə yaşamışdır, hətta İddiaçı da ora aparmaq fikim var idi. Bütün kommunal ödənişlər də atasının adınadır. Cavbdehin həmin mübahisəli mənzilə köçürülməsini ədalətsiz və qanunsuz hesab edir. Çünki onun həmin evlə heç bir əlaqəsi yoxdur. Buna görə də apellyasiya şikayəti verməyə məcbur olmuşlar.
13. AR Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədarla birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış AR Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədarla birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. AR Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini) uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. AR Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişdirsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir.
14. Hesab edir ki, məhkəmə sübutları iş üçün əhəmiyyətli olan halları araşdırmamış, ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə sübutları iş üçün əhəmiyyətli olan halları araşdırmamış, ədalətsiz qərar qəbul etmişdir. İş üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmasını, iddianın rədd edlməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. İddiaçı apellyasiya şikayətinə etirazında göstərmişdir ki, apellyasiya şikayətini əsassız hesab edir. Belə ki, cavabdeh öz şikayətini onunla əsaslandırmışdır ki, guya həmin evdə müvəqqəti yaşamışlar və cavabdeh guya xaricdə yaşayır və onu da ora aparmaq istəmişdir. Bu deyilənlər tam yalandır və iş materialları və işin halları ilə tam təkzib edilir. Belə ki, onlar ailə qurandan o həmin evə köçmüş, həmin ev Bələdiyyədə cavabdehin adına qeydə alınmış və bütün kommunallara görə olan sayğaclar da cavabdehin adına qeydə alınmışdır. O öz cehiz və şəxsi əşyaları ilə həmin evə gəlin kimi köçürülmüş və münasibətlər pozulana qədər də həmin evdə yaşamışdır. Cavabdeh isə xaricə işləməyə getmiş və gedən kimi də boşanma barədə məhkəmədə iddia qaldırmışdır. Evə köçürmə barədə iddia verdikdən sonra evə qayıdaraq onu evdən qovmuşdur. Sayğacları isə iş məhkəmədə olarkən tez-tələsik atasının adına keçirmişdir. Məhkəməyə təqdim etdiyi qəbzlərdən də görünür ki, sayğaclar cavabdehin adına olmuşdur, bələdiyyədən verilmiş arayışda da evin cavabdehin adına qeydə alınması təsdiq edilir. Bütün bu faktlar göstərir ki, onun həmin evdə yaşamaq hüququ var və həmin evə köçürülməlidir. Bu barədə olan məhkəmə təcrübəsindən də görünür ki, Ali Məhkəmə sənədsiz fərdi yaşayış sahəsinə həyat yoldaşının köçürülməsi barədə iddiaları təmin etmiş məhkəmə qətnamələrini qanuni hesab etmişdir. Ona görə də belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Ona görə də məhkəmdən xahiş edir ki, qətnamənin dəıyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanmasına dair qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
17. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
18. Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
20. Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.
21. Maddə 152. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
22. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
23. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
29. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya baxışının hədləri
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
32. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-4502/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. İddia qismən təmin olunduğundan və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddiaçının fərdi yaşayış evinə köçürülməsi hissədində yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilərək iddianın həmin hissədə təmin edilməməsi barədə iş üzrə yeni qətnamə çıxarılmalıdır.
34. Beləliklə, işin hallarına görə sözügedən Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi, Oğuz küçəsi, 77 saylı fərdi yaşayış evi dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Bələdiyyəsi “Xəzri” Məhəllə Komitəsinin akt və arayşlarından (iş mat. səh 41,42) müəyyən edilir ki, həmin ev 1998-1999-cu illərdə iddiaçının atası Vəliyev Müseyif Səfəralı oğlu tərəfindən tikilmişdir. İşin mübahisəsiz olan digər halları isə ondan ibarətdir ki, tərəflər 2020-ci ildə nikahlarını qeydə aldırmaqla evlənmişlər, xx.xx.2025-ci il tarixdə isə nikahlarının pozulması barədə qətnamə qəbul edilmişdir.
35. Kollegiya qeyd edir ki, bu qəbildən olan mübahisələrin həlli zamanı mübahisəli mənzilin hüquqi vəziyyəti, tərəflər arasında münasibətin yaranma tarixi və mövcud vəziyyəti kimi hallar araşdırılmalıdır.
36. Məhkəmə araşdırmaları ilə müəyyən edilən odur ki, sözügedən ev cavabdehin atası tərəfindən tikilmiş, tərəflər arasında isə hazırda heç bir qohumluq münasibəti yoxdur. Göründüyü kimi, iddiaçının köçürülməsi qət edilən fərdi yaşayış evi cavabdehlə nikahlarını qeyd etdirməzdən əvvəl onun atası tərəfindən tikilmişdir. İddiaçı isə öz tələbini onunla əsaslandırmışdır ki, o həmin evə gəlin köçmüşdür, nikah pozulduqdan sonra başqa yaşayış yeri yoxdur.
37. Kollegiya bir daha qeyd edir ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş evlə bağlıdır.
38. Məhkəmə kollegiyası hesab edir ki, keçmiş arvadın tikiliyə köçürülmə tələbinin birinci instansiya məhkəməsi tərəfindən təmin edilməsi istifadə olunan hüququn ümumi prinsiplərinə və ya hüququn konkret sahələrinə aid prinsiplərinə uyğun olmamışdur.
39. Kollegiya qeyd edir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Analoji mübahisələrin həlli ilə bağlı başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev dövlət reyestrində qeydə alınmamış tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur.
40. Kollegiya hesab edir ki, evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir.
41. İşin mübahisəsiz qaydada müəyyən olunan hallarından və iddiaçının bilavasitə özünün bildirdiyindən aydın olur ki, sözügedən ev tərəflərin birgə nikah dövründə birgə vəsait hesabına, birgə səyi və zəhməti ilə inşa olunmamışdır.
42. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı gəlin köçdüyü zaman tikilini inşa etmiş qayınatasına münasibətdə ailə üzvü olmadığından, bununla da iddiaçının qeyd edilən evdən hər hansı hüququ yaranmadığından, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini həmin hissədə təmin etməklə düzgün nəticəyə gəlməmişdir.
43. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilərək, iddianın həmin hissədə təmin edilməməsi barədə iş üzrə yeni qətnamə çıxarılmalıdır.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-4502/2025 nömrəli qətnaməsi qismən – “İddiaçı Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivi, Oğuz küçəsindəki 77 saylı fərdi yaşayış evinə köçürülməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.