Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1747/2022 22.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, Birinci iddia üzrə İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair, birləşdirilən iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın etibarsız sayılması, nikahın etibarsızlığı nəticəsində dəymiş zərərin ödənilməsi və cehiz əşyalarının qaytarılması tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(060)- 2391/2022 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair 2(060)-2391/2022 saylı və Cavabdeh İddiaçı qarşı nikahın etibarsız sayılması, nikahın etibarsızlığı nəticəsində dəymiş zərərin ödənilməsi və cehiz əşyalarının qaytarılması tələbinə dair 2(060)- 2956/2022 saylı işlər bir icraatda birləşdirilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qərardadı ilə birləşdirilən iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın etibarsız sayılması, nikahın etibarsızlığı nəticəsində dəymiş zərərin ödənilməsi və cehiz əşyalarının qaytarılması tələbinə dair iddianın cehiz əşyalarının qaytarılması hissəsi AR MPM-nin 259.0.13-cü maddəsinə əsasən geri qaytarılması qərara alınmışdır. İddiaçı Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06 iyul 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2391/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərardadından birləşdirilən iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Birinci iddia üzrə İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birləşdirilən iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın etibarsız sayılması, nikahın etibarsızlığı nəticəsində dəymiş zərərin ödənilməsi və cehiz əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, hazırlıq iclasında məhkəmənin qəbul edəcəyi qərarların dairəsi məlumdur. Hazırlıq iclasında iddia ərizəsinin baxılmamış saxlanılması nəzərdə tutulmayıb. Hazırlıq iclasında qəbul edilmiş hansı qərardadlardan şikayət verilməsi MPM-nin 170.1 maddəsində nəzərdə tutulub. Qanunda nəzərdə tutulmadığı halda qərardaddan şikayət verilməsi müddəalarının qərardada daxil edilməsi süründürməçilik məqsədi daşıyır. Məhkəmənin bu qanunsuz addımı atmasına səbəb onun şəxsi marağı ilə əlaqədardır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İş materiallarını araşdıraraq, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2022-ci il tarixli və onunla bağlı 06 iyul 2022-ci il tarixli qərardadları ləğv edilməli, mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi nikahın etibarsız sayılması, nikahın etibarsızlığı nəticəsində dəymiş zərərin ödənilməsi və cehiz əşyalarının qaytarılması tələbinə dair iddianın cehiz əşyalarının qaytarılması hissəsində baxılmamış saxlanılmasını Mülki Prosessual Məcəllənin 259.0.13-cü maddəsinin tələblərinə uyğun olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab etmir. İlk öncə qeyd olunmalıdır ki, ərizənin baxılmamış saxlanması mülki işin mahiyyəti üzrə qətnamə qəbul etmədən məhkəmə baxışının başa çatdırılmasının formalarından biridir. Ərizənin baxılmamış saxlanılmasını tənzimləyən Mülki Prosessual Məcəllənin XİX fəslində bu əsaslar nəzərdə tutulmuş və bunlardan biri də Mülki Prosessual Məcəllənin 259.0.13-cü maddəsində göstərilən hallardır. Məhkəmə kollegiyası xüsusi ilə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 259-cu maddəsində ərizənin baxılmamış saxlanılmasının əsasları dəqiq müəyyən olunmuş və digər əsaslarla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. İddiaçı Cavabdeh iddia ərizəsindən görünür ki, onun iddiası bir neçə tələbdən, o cümlədən cehiz əşyalarının qaytarılmasından ibarətdir. Birinci instansiya məhkəməsi də bu hissədə iddia tələbini baxılmamış saxlamışdır. Qeyd olunmalıdır ki, aşağı instansiya məhkəməsi “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 5.1-ci bəndinə istinadən baxılmamış saxlanılmanın əsaslarını 259.0.13-cü maddəsinə əsasən düzgün müəyyən etmiş olsa da, lakin bu zaman adı çəkilən Plenumun 16-cı bəndinin tələbini nəzərə almamışdır. Belə ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 31 mart tarixli, 03 nömrəli qərarının 16-cı bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 169.1-ci maddəsinə müvafiq olaraq hakim iddiaçının ərizəsində qoyduğu tələbləri ayrıca icraata ayırmağa haqlıdır. Ayrıca icraata ayrılması əvəzinə iddia ərizəsində göstərilən digər tələbin baxılmamış saxlanılması MPM-nin 259-cu maddəsində müəyyən olunmuş əsaslara və qaydalara uyğun deyildir. Göründüyü kimi birinci instansiya məhkəməsinin qəbul etdiyi məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarında göstərilən tələbinə cavab vermir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Cavabdeh şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2022-ci il tarixli və onunla bağlı 06 iyul 2022-ci il tarixli qərardadları ləğv edilməli, məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2022-ci il tarixli və onunla bağlı 06 iyul 2022ci il tarixli qərardadları ləğv edilsin. Məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1747/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1747/2022
22.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver