Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-175/2021 25.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt bələdiyyəsinin nümayəndəsi X4 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-11/2020 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-11/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Günel Tanrıverdiyeva) İddiaçı Cavabdeh1 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı istifadəsində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin zəbt etdiyi 0,010 ha hissəsindən çıxarılması və həmin ölçüdə torpaq sahəsinin onun tərəfindən əvvəlki vəziyyətə gətirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 Kiçikbəy qızının onun istifadəsində olan torpaq sahəsindən çıxarılmaları və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllə, 9 saylı evin ilkin mülkiyyətçisi anası X3 olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsində saxlanılan sənədlərdən və 1998-ci ildə tərtib olunmuş texniki pasportdan görünür ki, anasının mülkiyyətində olan fərdi yaşayış evinin torpaq sahəsinin ölçüsü 994 kv.metr (28 metr x 35,50 metr) olmuşdur. Anasının ölümündən sonra fərdi yaşayış evi onun mülkiyyətinə keçmiş və bu barədə xx.xx.2013-cü il tarixdə RX seriyalı, ******* saylı çıxarış və texniki pasport almışdır. Həmin çıxarışa əsasən fərdi yaşayış evi onun, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. Torpaq sahəsinin üzərində hüququn növü dövlət kimi göstərilmişdir. Hazırda torpaq sahəsinin üzərində mülkiyyət hüququnu qeydiyyata almaq istəyir. Lakin araşdırma nəticəsində məlum olmuşdur ki, cavabdehlər əvvəlki texniki sənədlərdə göstərilmiş və onun potensial mülkiyyətçisi olduğu torpaq sahəsinin bir hissəsini zəbt etmişlər. Belə ki, xx.xx.2013-cü ildə tərtib olunmuş texniki pasportda torpaq sahəsinin ölçüsü 918 kv.metr, ilkin sənədlərdə isə 994 kv.metr göstərilmişdir, yəni hazırki sənədlərlə müqayisədə 76 kv.metr əskikdir. Bundan başqa, cavabdehlər hazırda torpaq sahələri arasında mövcud olan çəpəri sökərək onun istifadəsində olan torpaq sahəsinə daxil olmuşlar. Dəfələrlə xəbərdar etsə də, cavabdehlər qeyri-qanunu hərəkətlərini davam etdirirlər. İddiaçı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək qonşu evin mülkiyyətçisinin Cavabdeh2 Kiçikbəy qızı deyil, X9 olduğunu bildirərək, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24cü məhəllə, 6/36 saylı evin mülkiyyətçisi X5 əlavə cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, Cavabdeh1 onun istifadəsində olan 0,918 ha torpaq sahəsinin zəbt etdiyi 0,016 ha hissəsindən çıxarılması və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz və ədalətsiz hesab edir. Məhkəmə işə baxarkən tamamilə aidiyyəti olmayan qanun normalarını tətbiq etmiş, qanunları səhv təfsir edərək düzgün olmayan nəticəyə gəlmiş və ən əsası onun xüsusi mülkiyyətində olan torpaq sahəsini qanunsuz şəkildə iddiaçının mülkiyyətinə verməklə, torpağın sahibi kimi onu torpaq üzərində mülkiyyət hüququndan məhrum etmişdir. Bununla yanaşı, məhkəmə maddi və prosessual hüquq normalarının digər pozuntularına da yol vermişdir ki, bu da qeyri-obyektiv, qanunsuz və əsassız qətnamə çıxarılmasına səbəb olmuşdur. Məhkəmə qeyri-mötəbər sənədlər əsasında qətnamə çıxarmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, iş üzrə müxtəlif vaxtlarda üç ayrı-ayrı ekspert rəyləri verilmişdir. Bu rəylərin də heç birində olan məlumatlar üst-üstə düşmür. Halbuki hər üç halda, ekspertin istinad etdiyi mütəxəssis rəylərini eyni şəxs-Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mühəndisi hazırlamışdır. İlkin olaraq 11163 saylı, xx xxxxxxxx 2018-ci il tarixli ekspert rəyində və **********88 saylı, xx xxxxxxxx 2018-ci il tarixli mütəxəssis rəyində iddiaçının adına verilmiş texniki pasportda qeyd edilmiş torpaq sahəsinin 0,016 ha hissəsi ilə onun mənzilinin yerləşdiyi sahəsi 0,015783 ha torpaq sahəsinin üst-üstə düşdüyü göstərilmişdir. İkinci dəfə məhkəmə ekspertizasının nəticəsi olaraq 31470 saylı,xx xxxx 2019cu il tarixli rəydə göstərilmişdir ki, iddiaçının istifadəsində olan 0,016 ha torpaq sahəsi ilə onun mülkiyyətində olan sahəsi 450 kvadrat metr olan torpaq sahəsi üst-üstə düşmür. Lakin nədənsə ekspertin ikinci rəyi məhkəməni qane etməmiş və məhkəmə yeni ekspertiza təyin etmişdir. Həmin ekspertizanın nəticəsi olan 26852 saylı, xx xxxxxx 2019-cu il tarixli ekspert rəyində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mühəndisi tərəfindən hazırlanmış mütəxəssis rəyinə istinad edilərək qeyd olunmuşdur ki, iddiaçının adına verilmiş texniki pasportda qeyd edilmiş 918 kvadrat metr torpaq sahəsinin döngə nöqtələrinin koordinatları onun mülkiyyətinə verilmiş 450 kvadrat metr torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşmür, lakin İddiaçı istifadəsində olan 918 kvadrat metr torpaq sahəsinə dair onun adına verilmiş texniki pasportda döngə nöqtələrinin koordinatları ilə onun faktiki istifadəsində olan 464 kvadrat metr torpaq sahəsinin 10 kvadrat metri üst-üstə düşür. Məhkəmənin sonuncu ekspert rəyini əsas götürməsi anlaşılan deyildir və həmin rəydə də çoxlu ziddiyyətli məqamlar vardır. Belə ki, onun istər sənəd üzrə, istərsə də faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 464 kvadrat metr deyil, 450 kvadrat metrdir. Əgər onun istifadəsində həqiqətən də 464 kvadrat metr torpaq sahəsi varsa, əvvəlki iki məhkəmə ekspertizası zamanı ekspert və mütəxəssis rəylərində bu halın göstərilməməsinin səbəbi aydın deyildir. Həmçinin verilmiş rəylərdən onun zəbt etdiyi iddia edilən 10 kvadrat metr torpaq sahəsinin onun mülkiyyətinə verilmiş 450 kvadrat metr torpaq sahəsinin sərhədləri daxilində olub-olmaması aydın deyildir. Eyni zamanda fərz edilsə ki, həqiqətən də onun faktiki istifadəsində artıq torpaq sahəsi mövcuddur, bu torpaq sahəsinin məhz iddiaçının mərhum anasına ayrıldığını iddia etdiyi və iddiaçının adına verilmiş texniki pasportda göstərilmiş torpaq sahəsi olması da sübuta yetirilmir. İddiaçının yazdıqlarından aydın olur ki, mərhum anasının faktiki istifadəsində 994 kvadrat metr torpaq sahəsi olsa da, hazırda həmin torpaq sahəsinin 918 kvadrat metri qalmaqdadır. Вelə olan halda, əgər onun tərəfindən 10 kvadrat metr torpaq sahəsi zəbt olunubsa, qalan 66 kvadrat metr torpaq sahəsinin harada olduğu məlum deyildir. Məhkəmə nəzərə almamışdır ki, hər iki torpaq sahəsinin sxemləri müvafiq torpaqayırma sənədlərində əks etdirilmişdir ki, həmin sənədlərdə nə iddiaçının torpaq sahəsinin əksik gəlməsi, nə də onun tərəfindən əlavə torpaq sahəsindən istifadə etməyi əks etdirilməmişdir. Həmçinin, ekspert rəyində 10 kvadrat metr torpaq sahəsinin onun tərəfindən guya zəbt olunduğu göstərilsə də, qətnamənin nəticə hissəsində onun 0,010 ha torpaq sahəsindən, yəni 100 kvadrat metr torpaq sahəsindən çıxarılmağı qət olunmuşdur. Məhkəmə iş üzrə sübutlara düzgün qiymət verməmiş, torpağın hüquqi statusunu nəzərə almamış, torpağı zəbt etmədiyi halda, formal mülahizələr əsasında mülkiyyətində olan torpaq sahəsini zəbt olunmuş torpaq kimi göstərmişdir. Məhkəmə torpaq sahəsinin hüquqi statusu ilə bağlı səhv nəticəyə gəlmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı üzərində nə mülkiyyət, nə də istifadə hüququ yaranmamış torpaq sahəsindən onun çıxarılmağını tələb etmişdir. Halbuki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X10 tərəfindən xx xxxxxx 2013-cü il tarixdə Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllə ərazisində yerləşən 9 saylı fərdi yaşayış evi mülkiyyət hüququ əsasında, sahəsi 106 kvadrat metr olan torpaq sahəsi isə dövlət mülkiyyətində olmaqla istifadə hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış və bu barədə iddiaçıya Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Ancaq məhkəmə hər hansı hüquqi əsasa söykənmədən iddiaçının adına verilmiş fərdi yaşayış evinin texniki pasportunda faktiki istifadə etdiyi kimi göstərilmiş 918 kvadrat metr olan torpaq sahəsini iddiaçının mülkiyyəti kimi qəbul edərək onun tərəfindən guya bu torpaq sahəsinə müdaxilə edildiyi qənaətinə gəlmişdir. Halbuki həmin torpaq sahəsi iddiaçının mərhum anası X1 mülkiyyətində olmamış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X10 tərəfindən İddiaçı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Məhkəmə nədənsə bu faktı unudaraq 918 kvadrat metr torpaq sahəsi ilə bağlı iddiaçının subyektiv olaraq tələb hüququna malik olduğunu bəyan etmişdir. Bu qənaətə gəlməklə məhkəmə torpaq qanunvericiliyinin tələblərini nəzərə almamışdır. Belə ki, daşınmaz əmlakın dövlət reyestrində 918 kvadrat metr torpaq sahəsinin yalnız 106 kvadrat metr hissəsi üzərində iddiaçının istifadə hüququ tanınmışdır. Məhkəmənin qalan torpaq sahəsi üzərində iddiaçının guya gözlənilən mülkiyyət hüququnun olması barədə gəldiyi nəticə səhvdir və torpaq sahələrinin ayrılması qaydalarını və ölçülərini nəzərə almadan tətbiq olunmuşdur. Вelə ki, iddiaçının mərhum anası X1 istifadəsinə torpaq sahəsinin verildiyi iddia edilən zaman qüvvədə olmuş 1971-ci il 10 dekabr tarixli qanunla qəbul edilmiş Azərbaycan SSR-nin Torpaq Məcəlləsinin 133-cü maddəsində göstərilmişdir ki, fərdi mənzil tikintisi üçün verilən torpaq sahələrinin ölçüsü yerli şəraitdən və tikilən evin böyüklüyündən asılı olaraq hər bir halda, müvafiq rayon, şəhər, qəsəbə, kənd xalq deputatları sovetinin icraiyyə komitəsi tərəfindən şəhərlərdə-300 kvadrat metrdən 600 kvadrat metrədək, şəhər tipli qəsəbələrdə və kənd yaşayış məntəqələrində-700 kvadrat metrdən 1200 kvadrat metrədək müəyyən edilir. Qanunun qeyd edilən normasından müəyyən olunur ki, fərdi ev tikintisi üçün iddiaçının mərhum anası X1 istifadəsinə həmin dövrdə istənilən halda Sumqayıt şəhərinin 24-cü məhəlləsi ərazisində 600 kvadrat metrdən artıq torpaq sahəsi ayrıla bilməzdi. Belə olan halda aydın olur ki, mərhum X1 vərəsəsi kimi İddiaçı gözlənilən mülkiyyət hüququ mübahisələndirilən 918 kvadrat metr torpaq sahəsi deyil, ən yaxşı halda 600 kvadrat metrədək olan torpaq sahəsi üzərində yarana bilərdi. Qalan torpaq sahəsi isə iddiaçı tərəfindən zəbt edilmiş, qeyri-qanuni istifadə edilən torpaq sahəsidir ki, bu torpaq sahəsi də torpaq islahatı ilə bağlı torpaq istifadəçisinin əvəzsiz mülkiyyətinə verilən torpaq sahəsi deyildir. Belə ki, “Torpaq islahatı haqqında” qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Göründüyü kimi, qanunvericilik ilkin şərt kimi torpaq sahəsinin qanuni istifadədə olmasını müəyyən etmişdir. İndiki halda nə mərhum X1, nə də İddiaçı mübahisələndirilən 918 kvadrat metr torpaq sahəsinin qanuni istifadələrinə verilməsini iddia etmək sadalanan qanun normalarına ziddir. Məhkəmə tamamilə əsassız olaraq İddiaçı mübahisələndirilən 918 kvadrat metr torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüququnun mövcud olması və onun həmin torpaq sahəsi ilə bağlı bu cür iddia ilə çıxış etməyə subyektiv hüququnun olması nəticəsinə gəlmişdir. Məhkəmə iş üzrə mövcud sənədlərə düzgün hüquqi qiymət verməmiş, torpaq sahəsinin ən azından 318 kvadrat metr hissəsinin əvəzsiz mülkiyyət hüququnun predmeti olmadığına diqqət yetirməmiş, iddiaçının torpaq sahəsi üzərində qanunvericiliklə müəyyən olunmuş qaydada hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçmədiyinə əhəmiyyət verməmişdir. Cavabdeh1 apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən-iddia tələbinin təmin olunduğu və keçirilmiş ekspertiza xərclərinin onun tərəfindən ödənilməsinin qət olunduğu hissədə ləğv edilməsi və iddia tələbinin tam şəkildə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt bələdiyyəsinin nümayəndəsi X6 iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini, həmin hissədə iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı X10 nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X10 tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllə, 9 saylı fərdi yaşayış evi mülkiyyət hüququ, həmin evin yerləşdiyi 0,0106 ha torpaq sahəsi istifadə hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində 23 fevral 2013-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllə, 9 saylı fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X10 tərəfindən xx.xx.2013-cü il tarixdə 3558 inventar nömrəli texniki pasport tərtib edilmiş, texniki pasportda evin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə 0,01059 ha, faktiki ölçüsünün isə 0,0918 ha olduğu göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllədə istifadədə olan 0,0264 ha torpaq sahəsində yerləşən 6/36 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, birinci mərtəbəsində yerləşən 75,81 kv.m ümumi, 35,4 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 67 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində 12 may 2008-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, AZ 5003, Sumqayıt şəhəri, Xan Şuşiniski 2 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0450 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində 15 avqust 2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxxxx 2018-ci il tarixli, 11163 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mühəndisi tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli, **********88 saylı mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli, 3558 nömrəli texniki pasportda göstərilmiş İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında olan yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə Cavabdeh1 faktiki istifadə etdiyi ünvan 3 2 ünvanında yerləşən mənzilin yerləşdiyi 0,015783 ha torpaq sahəsi ilə 0,016 ha olan hissəsi üst-üstə düşür. Qeyd olunan üst-üstə düşmə halı İddiaçı mülkiyyətindəki torpaq sahəsinin şimal-şərq hissəsində Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsinin cənub hissəsində mövcuddur. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxx 2019-cu il tarixli, 31470 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli 3558 nömrəli texniki pasportda (i.v-3-5) göstərilmiş İddiaçı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,016 ha torpaq sahəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 8431 inventar nömrəli, **********15-10301 reyestr nömrəli texniki pasportda göstərilmiş Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, Xan Şuşinski 2 ünvanında yerləşən fərdi yaşayış evinin 0,0450 ha sahəsi üst-üstə düşmür. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 26852 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mühəndisinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən iş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş 0,0918 ha torpaq sahəsinin texniki pasport və Cavabdeh1 mülkiyyətinə verilmiş RX-1302188 nömrəli çıxarışa əsasən AR ƏMDK yanında DƏDRX-nin Sumqayıt Şəhər Ərazisinə ünvanlanmış sorğuya alınmış cavabda qeyd olunan döngə nöqtələrinin koordinatlarının sərhədləri üst-üstə düşmür. Lakın AR ƏMDK yanında DƏDRX-nin Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş 0,0918 ha torpaq sahəsinin texniki pasportda və AR ƏMDK yanında DƏDRX-nin Sumqayıt Şəhər Ərazi İdarəsinə ünvanlanmış sorğuya alınmış cavabda qeyd olunan döngə nöqtələrinin koordinatlarına əsasən Cavabdeh1 faktiki istifadəsində olan 464 kv.metr torpaq sahəsinin 10,0 kv.metr hissəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Bakı LTİ-nin mühəndisinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən AR ƏMDK yanında DƏDRX-nin Sumqayıt Şəhər Əraz İdarəsi tərəfindən İddiaçı verilmiş 0,0918 ha torpaq sahəsinin texniki pasportda və AR ƏMDK yanında DƏDRX-nin Sumqayıt Şəhər Ərazi İdarəsinə ünvanlanmış sorğuya alınmış cavabda qeyd olunan döngə nöqtələrinin koordinatlarına əsasən Cavabdeh1 faktiki istifadəsində olan 464 kv.metr torpaq sahəsinin 10,0 kv.metr hissəsi ilə üst-üstə düşür və ölçüləri mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. İş üzrə məhkəmə kollegiyası tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 10/3484 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı LTlnin mühəndisinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X10 tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllə, 9 saylı fərdi yaşayış evinin yerləşdiyi, istifadə hüququnun qeydə alındığı tikinti altında olan 0,0106 ha torpaq sahəsinin naturada koordinatları müəyyən edilmiş və mütəxəssis rəyinə əlavə edilmiş sxemə əlavə edilmişdir. İddiaçı istifadəsində 0,0908 ha torpaq sahəsi vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X10 tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan AZ 5003, Sumqayıt şəhəri, Xan Şuşiniski 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi, mülkiyyət hüququnun qeydə alındığı 0,0450 ha torpaq sahəsinin naturada koordinatları müəyyən edilmiş və mütəxəssis rəyinə əlavə edilmiş sxemə əlavə edilmişdir. Cavabdeh1 istifadəsində faktiki istifadəsində 0,0464 ha torpaq sahəsi vardır. İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllə, 9 saylı fərdi yaşayış evinə dair RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, çıxarışda qeyd olunan dövlət mülkiyyətində olan 0,0918 ha torpaq sahəsinin 0,001 ha hissəsi Cavabdeh1 tərəfindən faktiki istifadə edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X10 tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllə, 9 saylı fərdi yaşayış evinin yerləşdiyi, istifadə hüququnun qeydə alındığı 0,0106 ha torpaq sahəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X10 tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan AZ 5003, Sumqayıt şəhəri, Xan Şuşiniski 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi, mülkiyyət hüququnun qeydə alındığı 0,0450 ha torpaq sahəsi naturada üst-üstə düşmür. İddiaçı istifadə hüququnun qeydə alındığı tikinti altında olan 0,0106 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən istifadə edilmir və tikililər inşa edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 84-cü maddəsinin 1, 2 3 və 6-cı hissələrinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 111-ci maddəsinin 1 və 2-ci hissələrinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi iddianın təmin edilmiş hissəsində maddi hüquq normalarını düzgün tətbiq (şərh) etmədiyindən iş üzrə yanlış nəticəyə gəlmişdir. Belə ki, iş üzrə keçirilmiş ekspertizanın xx xxxxxx 2020-ci il tarixli, 10/3484 saylı rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X10 tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllə, 9 saylı fərdi yaşayış evinin yerləşdiyi, istifadə hüququnun qeydə alındığı 0,0106 ha torpaq sahəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X10 tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan AZ 5003, Sumqayıt şəhəri, Xan Şuşiniski 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi, mülkiyyət hüququnun qeydə alındığı 0,0450 ha torpaq sahəsi naturada üst-üstə düşmür. İddiaçı istifadə hüququnun qeydə alındığı tikinti altında olan 0,0106 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən istifadə edilmir və tikililər inşa edilməmişdir. Göründüyü kimi, İddiaçı istifadə hüququnun qeydə alındığı tikinti altında olan 0,0106 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən istifadə edilmir və tikililər inşa edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlməmişdir. İşdən görünür ki, İddiaçı iddia tələbini mülkiyyətində olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllə, 9 saylı fərdi yaşayış evinə dair xx.xx.2013-cü ildə tərtib olunmuş texniki pasportda torpaq sahəsinin ölçüsünün 918 kv.metr, ilkin sənədlərdə isə 994 kv.metr göstərilməsi ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X10 tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllə, 9 saylı fərdi yaşayış evinin yerləşdiyi 0,0106 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, istifadə hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllə, 9 saylı fərdi yaşayış evinə dair xx.xx.2013-cü ildə tərtib olunmuş texniki pasportda göstərilən torpaq sahəsinin qalan hissəsinə İddiaçı hər hansı hüququ (mülkiyyət, istifadə, icarə və s.) olmasına dair iş materiallarında heç bir sübut yoxdur. Halbuki Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Eləcə də Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iş üzrə keçirilmiş eksertizaların rəyləri ilə İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 24-cü məhəllə, 9 saylı fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda qeyd olunan və dövlət mülkiyyətində olan 0,0918 ha torpaq sahəsinin 0,001 ha (10 kv.metri) hissəsi Cavabdeh1 tərəfindən faktiki istifadə edildiyi müəyyən edilsə də, birinci instansiya məhkəməsi Cavabdeh1 İddiaçı istifadəsində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin zəbt etdiyi 0,010 ha (100 kv.metr) hissəsindən çıxarılması və həmin ölçüdə torpaq sahəsinin onun tərəfindən əvvəlki vəziyyətə gətirilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat İddiaçı tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-11/2020 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, bu hissədə iddia təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat iddiaçı İddiaçı tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-175/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-175/2021
25.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver