Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1755/2024 15.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Cavabdeh "xxxx" ASC-nin Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli 2(060)-6330/2023 nömrəli qərardadından verdiyi şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında tərəflərin iştirakı olmadan baxaraq Müəyyən etdi: İşin halları İddiaçı cavabdehə qarşı istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş işçiyə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş,Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı xeyrinə 11 aprel 2022-ci il tarixdən başlayaraq İddiaçı peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının əmək xəsarəti nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında artımlar nəzərə alınmaqla hər ay aylıq ödəncin ödənilməsi, ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edilərək buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi və şikayətin qanunda nəzərdə tutulmuş prosessual müddətin ötürülməklə verilməsi səbəbi ilə verildiyindən geri qaytarılması qərara alınmışdır. Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Şikayətdə göstərilir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə cavabdehə elektron kabineti vasitəsi ilə təqdim edilmişdir. Həmin vaxt Cəmiyyət faktiki fəaliyyət göstərməmiş, bir sıra ixtisaslar üzrə, eləcə də hüquqşünas ixtisası üzrə ştat vahidi olmamışdır. Eyni zamanda cəmiyyətin rəhbərliyi də həmin vaxt xarici ölkədə olmuşdur. Hüquqşünas olmadığı üçün qətnamə oxunmamış, şikayət vermənin prosessual müddətləri barədə rəhbərlik məlumatlandırılmamışdır. Nəticədə qətnamədən şikayət verilməsi müddəti ötürülmüşdür. Qətnamədən apellyasiya şikayəti verilmiş, müddətin bərpası ilə bağlı ərizə apellyasiya şikayətinə əlavə edilmişdir. Lakin məhkəmə xx.xx.2024-cü il tarixli nömrəli qərardadla müddəti bərpa etməmişdir. Şikayət onunla əsaslandırılır ki, məhkəmə düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə müddətin bərpa edilməsini prosessual hüquq normasından sui-istifadəyə yol açması, qətnamənin qüvvəyə minməsindən aylar ötdükdən sonra mübahisələndirilməsini sui-istifadə halına imkan yaradan qaydalar kimi təfsir olunacağı, belə halda fərdi və ictimai maraqlar arasında tarazlıq pozulması kimi qiymətləndirmişdir. Məhkəmə müddətin bərpasına dair ərizədə göstərilənləri nəzərə almamış, müəsissə rəhbərinin hüquqi biliklərə malik olmamasını, elektron məhkəmə sisteminin həmin vaxt yeni yaradılmasını, qətnamənin sistem vasitəsi ilə yerləşdirilməsinin rəsmi çatdırılma olduğunu bilməməsini nəzərə almamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinin tələbinə görə əgər məhkəmə sənədi işdə iştirak edən şəxsin “elektron kabinet”ində yerləşdirilmişdirsə, o, rəsmi qaydada verilmiş hesab olunur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, buraxılmış müddəti bərpa edir. Maddə 174.5. Məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Maddə 360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 2(060)-6330/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materialları ilə müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə cavabdehə elektron kabinet vasitəsi ilə təqdim olunmuş, qanunla müəyyən olunmuş müddətdə qətnamədən şikayət verilmədiyindən qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Cavabdeh sözügedən qətnamənin xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə təqdim edildiyini bildirməklə yuxarıda qeyd edilən əsaslarla (Cəmiyyətin faktiki fəaliyyət göstərməməsi, hüquqşünas ixtisası üzrə ştat vahidinin olmaması, cəmiyyətin rəhbərliyinin xarici ölkədə olması, hüquqşünas olmadığı üçün qətnamənin oxunmaması nəticəsində qətnamədən şikayət verilməsi müddəti ötürülməsi) müddətin bərpa edilməsini xahiş edir. Məhkəmə kollegiyası buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni və həmin nəticənin əsaslandırılması ilə bağlı istinad etdiyi halları işin hallarına, qanunvericiliyə və məhkəmə təcrübəsinə uyğun olmaqla qanuni nəticə hesab edir və həmin halların hazırkı qərardadda təkrarlanmasına lüzum görmür. Bununla yanaşı məhkəmə kollegiyası hüquqi şəxs olan və birinci instansiya məhkəməsində vəkil vasitəsi ilə təmsil olunan cavabdehin müddətin bərpasına dair vəsatəti öz məsuliyyət sferasına daxil olan və birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq əsassız sayılmış hallarla əsaslandırmasını, qərardaddan şikayət verməsini prosessual hüquqlardan vicdanla istifadə etməməsi kimi qiymətləndirir. Kollegiya MPMnin 174.5-ci maddəsinə istinadən qeyd edir ki, cavabdehin prosessual hüquqlardan suiistifadə xarakteri daşıyan belə davranışı onun cərimə olunması ilə də nəticələnə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 2(060)-6330/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1755/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1755/2024
15.11.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver