Məhkəmə qərarları › İş №2(105)-1756/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1756/2022

29.07.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1756/2022 29.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı X1, Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Mövlud oğlunun iştirakı ilə X1 Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Mövlud oğluna qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və zərərin əvəzinin ödənilməsi tələbinə mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-72/2022 nömrəli, 13 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, aşıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ İddiaçı məhkəmədə iddia qaldıraraq Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş Xaçmaz rayonu Alekseyevka kəndində yerləşən 2,26 ha torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilmiş 1,46 ha torpaq sahəsinin onların qanunsuz sahibliyindən alınaraq ona qaytarılması, hər üç cavabdehdən müştərək qaydada ona dəymiş zərərin əvəzi olaraq 16000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-72/2022 nömrəli, 13 may 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun İddiaçı alınaraq X3, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilməsi qət edilmişdir. Bu qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-72/2022 nömrəli, 13 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyü məsələsini açıq məhkəmə iclasında müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X2 qeyd olunan nöqsanla razılaşdığını, həmin prosessual pozuntunun tərəfindən aradan qaldırılaraq yenidən apellyasiya şikayəti veriləcəyini bildirdi. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Mövlud oğlu məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin mümkün hesab edilib-edilməməsi məsələsini kollegiyanın mülahizəsinə buraxdılar. Məhkəmə iş materiallarını, şikayəti və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, hazırkı şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. İş materiallarından görünür ki, iddiaçının apellyasiya qaydasında ləğvini tələb etdiyi məhkəmə qətnaməsini 26 may 2022-ci il tarixdə məhkəmə qəbzini şəxsən imza etməklə təhvil almış, lakin sözügedən qətnamədən onun tərəfindən apellyasiya şikayəti 29 iyun 2022-ci il tarixdə elektron qaydada məhkəməyə təqdim edilmiş, bununla da şikayətin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüş və müddətin üzrlü hesab edilərək bərpa edilməsinə dair ərizə məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, birinci instansiya məhkəməsi bu iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-72/2022 nömrəli, 13 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq apellyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə görə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub hesab edir ki, hazırki halda şikayət üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş sadalanan mülki prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası izah edir ki, şikayət vermiş şəxs MPM-in yuxarıda sadalanan tələbələrinə əməl etməklə yenidən ümumi qaydada apelyasiya şikayəti verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 384.0.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARAALDİ: X1 Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Mövlud oğluna qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və sair tələbinə mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-72/2022 nömrəli, 13 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar