Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1756/2025 24.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X4 qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 noyabr 2025-ci tarixli 2(060)-5568/2025 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı qarşı kirayə müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər.
3. Sumqayıt Şəhər Məhkəməsinin 21 noyabr 2025-ci tarixli 2(060)-5568/2025 nömrəli qərardadı ilə (hakim Şəbnəm Həxiyeva) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı qarşı kirayə müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.
4. 25 noyabr 2025-ci il tarixdə Cavabdeh2 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 21 noyabr 2025-ci tarixli 2(060)-5568/2025 nömrəli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir.
5. Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2025-ci tarixli 2(060)-5568/2025 nömrəli qərardadı ilə (hakim Şəbnəm Həxiyeva) şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
6. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 154 və 155-ci maddələrinə uyğun olaraq Sumqayıt şəhər məhkəməsinə iddiaya etiraz və qarşılıqlı iddia ərizələrini təqdim etmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə qarşılıqlı iddia ərizəsini icraata qəbul etməyərək, geri qaytarılması barədə qərardad çıxarmışdır. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia ərizəsini onu imzalamağa hüququ olmayan şəxs imzalamışdır. Həmin qərardadı rəsmi olaraq xx.xx.2025-ci il tarixdə alaraq xx.xx.2025 tarixdə şikayət ərizəsi ilə məhkəməyə şəxsən imzalayaraq müraciət etmişdir. Məhkəmə şikayət ərizəsinin elektron kabinet vasitəsilə verilməli olduğunu əsas gətirərək ərizəsini yenidən geri qaytarmış və xx.xx.2025-ci il tarixdə yeni qərardad çıxarmışdır. Qərardadı rəsmi olaraq xx.xx.2025-ci il tarixdə aldıqdan sonra xx.xx.2025-ci il tarixdə “Elektron Kabinet” vasitəsilə şikayət ərizəsini yenidən göndərmişdir. Çıxarılan qərardadların hər ikisinin Mülki Prosessual Məcəllənin 266.1-ci maddəsinə uyğun olaraq rəsmi qaydada alındıqdan sonra 10 (on) gün ötürülməmiş müddətdə nöqsan və çatışmazlıqları aradan qaldırılaraq apellyasiya şikayəti ərizələrini təqdim etmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə yenidən onun şikayət ərizəsində digər cavabdehlər - Cavabdeh1 və Cavabdeh3 adından imzalama səlahiyyətlərinin olmadığını əsas gətirərək Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən elektron qərardad çıxardaraq ərizəsini geri qaytarmışdır. Nöqsan və çatışmazlıqlar aradan qaldırılaraq Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsinin tələbinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 etibarnamə üzrə verdikləri səlahiyyətlərinə uyğun olaraq onların adından və öz adından apellyasiya şikayət ərizəsini elektron imzalayaraq “Elektron Kabinet” vasitəsilə təqdim etmişdir. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 155.3-cü maddəsinə görə “qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında verilir”. O cümlədən Mülki Prosessual Məcəllənin 153.6-cı maddəsinə əsasən “qərardad ləğv edildikdə, iddia ərizəsi (qarşılıqlı iddia) məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir”. Bu iş üzrə də göründüyü kimi məhkəmə tərəfindən çıxarılmış qərardadlar hələki ləğv edilmədiyindən xx.xx.2025-ci il tarixdə verilmiş iddiaya etiraz və qarşılıqlı iddia ərizələri müddəti ötürülməmiş hesab edilməlidir.
b) Şikayətə qarşı etirazın dəlilləri
7. Şikayətə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
8. Maddə 69. Nümayəndə vasitəsi ilə işin aparılması 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. (...)
9. Maddə 73. Nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 73.2. Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.3-cü maddəsində müəyyən edilən hallarda həmin maddədə nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən təsdiq edilir. (...)
10. Maddə 74. Nümayəndənin səlahiyyəti 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 74.2. İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.
11. Maddə 151. İddia ərizəsinin mümkünlüyü 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 151.2. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. 151.3. Məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır.
12. Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: (...) 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; (...)
13. Maddə 154. İddia ərizəsinə etiraz etmə 154.1. İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. (...)
14. Maddə 155. Qarşılıqlı iddianın verilməsi 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. 155.2. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. 155.3. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir.
15. Maddə 156. Qarşılıqlı iddianın qəbul edilməsi şərtləri 156.1. Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. 156.2. Qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər.
16. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Maddə 397. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması müddəti və qaydası (...) 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. (...)
18. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək.
19. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
21. Şikayətdə birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, iddiaçıların şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
23. İşdən görünür ki, xx.xx.2025-ci il tarixdə verilmiş qarşılıqlı iddia ərizəsindən göründüyü kimi iddia ərizəsinin elektron qaydada verilən nüsxəsini iddiaçılardan yalnız Cavabdeh2 imzalamışdır. Ona digər iddiaçıların adından müvafiq səlahiyyət verilməmişdir. Eyni zamanda, Cavabdeh2 şikayətinə xx.xx.2025-ci il tarixli etibarnamənin (Cavabdeh3 və Cavabdeh1 adından) nüsxəsini əlavə etsə də, yaxın qohum olmasını təsdiq edən sübutu şikayətə əlavə etməmişdir.
24. Mülki Prosessual Məcəllənin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir.
25. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.
26. Eyni zamanda, işin materiallarından görünür ki, ilkin iddia ərizəsi xx.xx.2025-ci il tarixində məhkəmənin icraatına daxil olmuş, işdə iştirak edən şəxslərə iddia ərizəsinin surətləri göndərilmiş və xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərdə hazırlıq iclasları keçirilmişdir.
27. Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir.
28. Həmin Məcəllənin 155.1-ci maddəsinin tələbinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir.
29. İş üzrə Cavabdeh2 isə qarşılıqlı iddia ərizəsini xx.xx.2025-ci il tarixində məhkəməyə təqim etmişdir.
30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mövcud qarşılıqlı iddianın qaytarılması əsaslı olmuşdur. Odur ki, birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas olmadığından şikayət təmin olunmamalı, Sumqayıt Şəhər Məhkəməsinin 21 noyabr 2025-ci tarixli 2(060)-5568/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 21 noyabr 2025-ci tarixli 2(060)-5568/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.