Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1757/2021 02.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin mülkiyyətə keçirilməsi, istifadə hüququnun tanınması və alqı-satqı olunması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(027)-149/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Quba Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(027)-149/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (İ.Məmmədov). Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(027)-149/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəməyə müraciət edərək, Quba rayonunun Hacıhüseynli kəndində yerləşən 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onların mülkiyyətinə keçirilməsinə, həmin daşınmaz əmlakdan istifadə hüququnun tanınmasına və alqı-satqı olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələb bununla əsaslandırılmışdır ki, Ruslan Yulchiev İddiaçı həyat yoldaşıdır. 1999-cu ildən 2005-ci ilədək ünvan 1 ünvanda yaşayan Cavabdeh məxsus torpaq sahəsini aralarındakı razılaşmaya əsasən istifadə etmişdir. Cavabdeh ona bildirmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 18 fevral 1999-cu il tarixli, 03 saylı qərarı ilə verilmiş JN 204 saylı, 30313018 kodlu dövlət aktında qeyd edilmiş 2,97 ha torpaq sahəsinin 90 sotunu satır, o da onunla razılaşıb, aralarında bağlanmış 10 dekabr 2005-ci il tarixdə tərtib edilmiş akta əsasən o vaxtkı pulla on bir milyon manata almışdır. Həmin pulu aldığı barədə Cavabdeh öz imzası ilə yazılan ərizəsi var. Lakin alqı-satqı rəsmiləşdirilməmişdir. Buna kənd sakinləri də şahiddirlər. X10 Federasiyasının vətəndaşı olduğu üçün həmin torpaq sahəsini İddiaçı adına rəsmiləşdirmək istəmişdir. Dəfələrlə bu barədə Cavabdeh deyilsə də, o, qəsdən boyun qaçırmışdır. Hazırda isə onu tapmaq mümkün deyildir, onun yaşayış yeri barədə dəqiq məlumatı yoxdur. Cavabdeh onlara məktub göndərib ki, tezliklə ona 5000 (beş min) manat verməsələr, həmin torpağı digər şəxslərə satacaqdır. Cavabdeh oların bu torpaq sahəsindən çıxarılmasına dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Onlar dəfələrlə Cavabdeh alqısatqı müqaviləsi bağlanması barədə müraciət etsələr də, heç bir nəticəsi olmamışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə İddiaçı apelyasiya şikayəti onun iddia ərizəsilə eyni məzmunludur. Şikayət bununla əsaslandırmışdır ki, məhkəmə mübahisəni hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün qiymət verməmiş, iddianın rədd edilməsi barədə səhv nəticəyə gəlmişdir. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Cavabdeh məhkəmə kollegiyasının iclasında şikayətlə razılaşmadı və onun rədd edilməsini xahiş etdi. Əlavə etdi ki, mübahisəli torpaq sahəsi 5 nəfər ailə üzvünə məxsusdur. O vaxt o, Ruslan Yulchievlə əlaqə yaratmış və torpağın qiymətini köhnə məzənnə ilə 11 milyon manata razılaşmışlar. Ruslan ona həmin vaxt 6 milyon manat vermiş, 5 milyon borcu qalmışdır. Həmin pul tam ödənilmədiyinə görə bu razılaşma alınmamışdır. Dəfələrlə özü onlara xəbərdarlıq etmişdir ki, qalan pulu verməsələr torpağı başqalarına satacaqdır. Əminənin isə bu işə aidiyyəti yoxdur. O, heç Əminəni tanımır, onlar arasında torpaqla bağlı heç bir söhbət olmamışdır. Sonda cavabdeh qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən təkrar məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarına əlavə edilmiş Quba rayon Aqrar İslahat Komissiyasının 18 fevral 1999-cu il tarixli, 03 saylı qərarı ilə verilmiş JN 204 saylı, 30313018 kodlu dövlət aktından görünür ki, Quba rayonunun Hacıhüseynli kəndində yerləşən 2,97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh və onun digər 5 nəfər ailə üzvünün mülkiyyətinəə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX ******* saylı, 14.02.2013-cü il tarixli çıxarışının surətindən görünür ki, Quba rayon Hacıhüseynli kəndində yerləşən 0,9052 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh və 4 nəfər digər şəxsin paylı mülkiyyətindədir. Torpaq sahəsinin 13.02.2013-cü il tarixdə plan və ölçüsü tərtib edilmişdir. Yenə iş materiallarında olan Quba rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında AZ-İ 664514 saylı şəhadətnamənin surətindən görünürki, X5 ilə İddiaçı arasında 26.05.2011-ci il tarixdə nikah bağlanmışdır. Yenə də iş materiallarında olan Hacıhüseynli kəndinin sakinləri tərəfindən tərtib olunmuş və imzalarıyla təsdiq olunmuş 18.05.2020-ci il tarixli aktdan görünür ki, Yulchieva Ruslan Cavabdeh və ailə üzvlərinə məxsus 0,90 ha torpaq sahəsinin dəyərini ödəməklə ondan almış, lakin həmin akt Hacıhüseynli bələdiyyəsi tərəfindən təsdiq edilməmişdir. İşdə olan Cavabdeh ilə Yulchieva Ruslan arasında tərtib edilmiş qəbzdən görünür ki, Cavabdeh açıq sahəni X1 və əvəzində pulun hamısını alıb. Yenə işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 23.10.2020-ci il tarixli, 4/788 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 42-ci vərəqəsində “X2 hacıhüseynli" sözləri ilə başlayıb, “...Cavabdeh.” sözləri ilə bitən 2006-cı il tarixli qəbzdəki yazılar (“10.30.2006” tarix göstəricisindəki “3” və “6” rəqəmlərindən başqa) həmin qəbzdə “İmza” yazısı qarşısındakı imza və “Cavabdeh” yazılarından aşağıdakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Yenə də işdə olan 10 dekabr 2005-ci il tarixli aktdan görünür ki, Cavabdeh və ailə üzvlərinə məxsus Quba rayon Hacıhüseynli kəndində yerləşən 0,90 ha torpaq sahəsinin X3 11 milyon manata (köhnə) satılması barədə razılıq əldə edilmişdir. Torpaq sahəsinə görə Yulchiev Ruslan 6 milyon manatı Cavabdeh vermiş, qalan 5 milyon manatı isə alqısatqı müqaviləsi notarial qaydada təsdiqləndikdən sonra veriləcəkdir. Gələcəkdə torpaq sahəsinin bahalaşması bu razılaşmaya təsir etməyəcək. X12, Cavabdeh və Quba şəhər sakini X11 tərəfindən imzalanmışdır. İşə əlavə edilmiş Ruslan Yulchievə ünvanlanmış 26 may 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Quba rayon Hacıhüseynli kəndində yerləşən 0,90 ha torpaq sahəsinin mülkiyyətçiləri Cavabdeh, A.Adəmoviç, İ.Əhmədova, F.Əlibəyova və S.Süleymanov torpaq sahəsinə görə ödənilməmiş qalan pulun 10 gün ərzində ödənilməsi, əks təqdirdə torpaq sahəsini başqa şəxsə satmaları barədə xəbərdarlıq etmişlər. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh və onun 5 nəfər ailə üzvünə (Ş.S.Süleymanov, A.Ə.Məhərov, İ.Ə.Məhərova, F.Ş.Süleymanova və S.Ş.Süleymanov) Quba rayon Aqrar İslahat Komissiyasının 18 fevral 1999-cu il tarixli, 03 saylı qərarı ilə Quba rayonunun Hacıhüseynli kəndində 0,9052 ha kənd təsərrüfatlı torpaq sahəsi verilmişdir. Bu torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən RX ******* saylı, 14.02.2013-cü il tarixli çıxarış alınmışdır. Həmin çıxarışdan görünür ki, Quba rayon Hacıhüseynli kəndində yerləşən 0,9052 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh və 4 nəfər digər şəxsin (A.A.Məhərov, İ.A.Əhmədova, F.Ş.Əlibəyova və S.Ş.Süleymanov) ümumi birgə mülkiyyətindədir. Torpaq sahəsinin 13.02.2013-cü il tarixdə plan və ölçüsü tərtib edilmişdir. İşin faktiki hallarından görünür ki, 2005-ci ildə Cavabdeh və iddiaçının əri R.Yulchiev bu torpaq sahəsinin 11 milyon köhnə manata satılması barədə razılığa gəlmişlər. Həmin məbləğin 6 milyon manat hissəsi verilmiş, 5 milyon manat hissəsinin isə alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edildikdən sonra verilməsi barədə razılığa gəlinmişdir. İşdən görünür ki, bu torpaq sahəsi həmin vaxtdan R.Yulchievin istifadəsindədir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, Quba rayonunun Hacıhüseynli kəndində yerləşən 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onların (özünün və ərinin) mülkiyyətinə keçirilməsinə, həmin daşınmaz əmlakdan istifadə hüququnun tanınmasına və alqı-satqı olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, qeyd edildiyi kimi, mübahisəli torpaq sahəsi Cavabdeh və 4 nəfər digər şəxsin (A.A.Məhərov, İ.A.Əhmədova, F.Ş.Əlibəyova və S.Ş.Süleymanov) ümumi birgə mülkiyyətindədir, torpaq sahəsi mülkiyyətçilər arasında naturada bölünməmişdir. Buna baxmayaraq, hazırkı iddia onlardan yalnız birinə qarşı qaldırılmışdır. Bundan başqa, işin tədqiq olunan faktiki hallarından görünür ki, mübahisəli torpaq sahəsi ilə bağlı razılaşma cavabdehlə iddiaçının əri arasında olmuşdur. İddiaçı mübahisəli 0,90 ha torpaq sahəsinə dair müqavilə tərəfi olmamışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, onun öz adından belə bir iddia verməyə subyektiv hüquq olmamışdır. İddiaçı iddia ərizəsindən görünür ki, onun birinci tələbi mübahisəli torpaq sahəsinin mülkiyyətə keçirilməsi və istifadə hüququnun tanınması barədədir. Mülki Məcəllənin 139.1, 139.2 və 139.3-cü maddələrinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mülki Məcəllənin 144.1-ci maddəsinin tələblərinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notariat təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin müddəalarına görə, notariat hərəkətlərinin aparılması qaydaları bu qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir. Həmin qanunun 46-cı maddəsində göstərilir ki, qeydiyyatdan keçməli olan əmlakın, özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, habelə ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. «Notariat haqqında» qanuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdləri təsdiq edərkən, digər vəzifələrlə yanaşı, notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli; əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalı; əmlakın özgəninkiləşdirən şəxsə məxsus olmasını yoxlamalı; özgəninkiləşdirilən mənzildə kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb etməli və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını almalıdır (17,38,46 və 49-cu bəndlər). İş materiallarından da göründüyü kimi, mübahisəli torpaq sahəsini iddiaçı və ya onun əri notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında əldə etməmişdir. Başqa sözlə, daha öncə sadalanan qanun normalarına əməl olunmamışdır. Belə olan halda, İddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətə keçirilməsi və ondan istifadə hüququnun tanınması barədə tələbi əsassızdır və təmin edilə bilməz. Mübahisəli torpaq sahəsinə dair alqı-satqı olunması tələbinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, bu tələb müqavilə azadlığı prinsipinə ziddir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsinin ümumi məzmununa görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan hallara istinad etməklə mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallarına və apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətini formal mülahizələr kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(027)- 149/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10,40 manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1757/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1757/2021
02.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver