Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1767/2021 08.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması və maddi ziyan tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(012)-2701/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin 29 mart 2021-ci il tarixli qərardadı ilə (hakim E.Məmmədov) İddiaçı Cavabdeh qarşı qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması və maddi ziyan tələbinə dair mülki iş üzrə İddiaçı iddianın təmini tədbiri barədə ərizəsinin rədd edilməsi qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Abşeron rayon məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonunun X2 Fondunda saxlanılan torpaqlardan ona ayrılan 5,5 ha torpaq sahəsinin şimal tərəfdən 1,0 ha hissəsindən çıxarılması, zəbt edilmiş sahənin boşaldılması, ona vurulan zərərə görə cavabdehdən 56000 manat məbləğində zərərin əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı həmçinin iddianı təmin etmək haqqında ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılana qədər Abşeron rayon İcra Hakimiyyətinin Başçısının 108 saylı, 14.02.2013-cü il tarixli sərəncamı ilə Abşeron rayonunun X2 Fondunda saxlanılan torpaqlardan ona ayrılan 5,5 ha torpaq sahəsinin şimal tərəfdən 1,0 ha hissəsində hər hansı istehsal və digər fəaliyyətin cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Abşeron rayon məhkəməsinin 29 mart 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən əsassızdır və ləğv edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh şikayəti qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. və 397.2. maddələrinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin izahatını dinləyib, eləcə də şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və ərizəyə yenidən baxılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini iddiaçının Mülki Prosessual Məcəllənin 89-cu maddəsinin tələblərini pozaraq məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti əvəzinə ksero surətlərini əlavə etməsi, həmin sənədlər əsasında isə ərizənin obyektiv qiymətləndirilməsinin mümkün olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə iddiaçı tərəfindən mübahisələndirilmiş, Abşeron rayon məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərardadı ilə şikayətin əsassız olması əsası ilə təmin edilməmişdir. İşdən görünür ki, iddiaçı iddia təmin etmə tədbiri növündə işə mahiyyəti üzrə baxılıb qurtaranadək Abşeron rayon İcra Hakimiyyətinin Başçısının 108 saylı, 14.02.2013-cü il tarixli sərəncamı ilə Abşeron rayonunun X2 Fondunda saxlanılan torpaqlardan ona ayrılan 5,5 ha torpaq sahəsinin şimal tərəfdən 1,0 ha hissəsində hər hansı istehsal və digər fəaliyyətin cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. (Mülki Prosessual Məcəllənin 157.1. və 157.2. maddələri) Mülki Prosessual Məcəlləsinin 158.1.2. maddəsinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi tədbirlər görə bilər. Mülki prosessual qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburiliyini müəyyən etməklə yanaşı, bəzi hallarda qəbul ediləcək məhkəmə aktlarının gələcəkdə icrasını təmin edən müvafiq tədbirlərin görülməsinin mümkünlüyünü də nəzərdə Belə tədbirlər sırasına iddianı təmin etmə tədbirləri xüsusi yer tutur. İddianın təmin edilməsi institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm elementlərindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış edir. Qanunun mənasından göründüyü kimi məhkəmə iddianın təmin tədbiri kimi müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi tədbirlər görə bilər. Cavabdehə müəyyən hərəkətləri etməyin qadağan olunması mövcud vəziyyəti, mübahisənin mahiyyəti üzrə həll olunana qədər saxlamaq məqsədi dayışır. Bu ona görə zəruri və vacibdir ki, iddiaçının pozulması ehtimal edilən hüquqlarının davamlılığının qarşısı müvəqqəti də olsa alınsın. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, ərizənin təmin edilməməsi barədə nəticəyə gələn birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin qeyd olunan tələblərini əhəmiyyət verməmiş, ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmamış və bu tədbirin tətbiq edilməməsi gələcəkdə qəbul ediləcək qətnamənin icrasını çətinləşdirə və yaxud qeyri mümkün edə biləcəyinin mümkünlüyünü müzakirə etməmişdir. Halbuki, iddiaçı iddianı təmin tədbiri barədə ərizəsində bu tədbirin görülməsi zərurətini kifayət qədər əsaslandırmış, lakin ərizəni təmin etməyən birinci instansiya məhkəməsi MPM-nin 89-cu maddəsinə istinadən ərizənin obyektiv qiymətləndirilməməsi qənaətinə gəlməkdə haqlı olmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron rayon məhkəməsinin 29 mart 2021-ci il tarixli və onunla bağlı 02 aprel 2021-ci il tarixli qərardadları ləğv edilməli və ərizəyə yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı şikayəti qismən təmin edilsin. Abşeron rayon məhkəməsinin 29 mart 2021-ci il tarixli və onunla bağlı 02 aprel 2021ci il tarixli qərardadları ləğv edilsin. Ərizəyə yenidən baxılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1767/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1767/2021
08.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Maddi ziyanın ödənilməsi - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver