Məhkəmə qərarları › İş №2(105)-1776/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1776/2025

26.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1776/2025 26.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Xəlilov Ramin Adilxan oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Mirsadiq oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı «torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsi məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Mirsadiq oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-42/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Ramilə Xəzri) İddiaçı cavabdehlər Cavabdeh1 Mirsadiq oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddiası üzrə mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin qərardadında göstərilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 19 avqust 2025-ci il tarixli, 3-21-3-30/2-36811/2025 saylı məktubundan görünür ki, qeyd edilən torpaq sahəsi Abşeron rayonu inzibati sərhədləri daxilində yerləşdiyindən aidiyyəti üzrə 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edilməsi məqsədəuyğundur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi Abşeron rayonu ərazisində yerləşir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir. Mülki işin materiallarından görünüdüyü kimi iddiaçının iddia etdiyi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X2 ərazisində yerləşən 0,05 ha torpaq sahəsi Abşeron rayonu inzibati sərhədlər daxilində ərazisində yerləşir. Buna görə də mülki işin müstəsna aidiyyət qaydalarına uyğun olaraq, Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli, 2(012)-6699/2025 nömrəli qərardadı ilə (hakim Elman Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1 Mirsadiq oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı «torpaq sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə məhkəmələr arasında ərazi aidiyyətinə görə fikir ayrılığı olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən ərazi aidiyyətinə görə hansı məhkəmədə baxılmalı olmasının müəyyən edilməsi üçün mülki iş Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Hazırki işdən görünür ki, iddiaçı məhkəmədən cavabdehlər Cavabdeh1 Mirsadiq oğlu, Cavabdeh2 və Cavabdeh3 ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X2 ərazisində yerləşən 0,05 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi və həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə isə daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz. İddiaçının tələbi cavabdehlərin onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin təhvil verilməsindən ibarətdir və tələb Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində sadalanan müstəsna aidiyyət qaydalarının təsirinə düşməkdədir. Belə olduğu təqdirdə isə iddiaya torpaq sahəsinin yerləşdiyi yerin məhkəməsində baxılmalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 21 noyabr 2025-ci il tarixli, 3-21-3-32/2- 20796/2025 nömrəli məktubda sözügedən torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2866 nömrəli sərəncamı ilə Abşeron rayonu İcra Hakimiyyətinin idarəçiliyində saxlanıldığı, keçmiş X2nun hüdudları daxilində yerləşdiyi və inzibati ərazi olaraq Bakı şəhərinə (Xəzər rayonuna) aid edildiyini qeyd etmişdir. “Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2866 nömrəli sərəncamı 1-ci hissəsinə əsasən Bakı şəhərinin inzibati ərazi hüdudlarında Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan torpaqlardan istifadənin səmərəliliyinin artırılmasını təmin etmək məqsədilə Bakı şəhərinin Binəqədi, Əzizbəyov, Xətai, Sabunçu və Suraxanı rayonlarının inzibati ərazilərində yerləşən, bu Sərəncama 1-17 nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan cəmi 25983,31 ha torpaq sahələrinin 9954,75 ha, 0 cümlədən Binəqədi rayonu üzrə 52,84 ha, Əzizbəyov rayonu üzrə 5820,26 ha, Xətai rayonu üzrə 202,49 ha, Sabunçu rayonu üzrə 2502,81 ha və Suraxanı rayonu üzrə 1376,35 ha təşkil edən hissəsi həmin rayonların inzibati ərazi hüdudlan nəzərə alınmaqla Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılması qərara alınmışdır. Göründüyü kimi mübahisəli torpaq sahəsi Bakı şəhərinin inzibati ərazi hüdudlarında yerləşməklə, yalnız həmin torpaq sahəsinin istifadəsi və idarəçiliyi Abşeron Rayon İcra Hakimiyyətində olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasəmn bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegyiası qeyd edir ki, hazırki iddia tələbindəki mübahisə müstəsna aidiyyət qaydalarının təsiri altına düşdüyündən və mübahisəli torpaq sahəsi Bakı şəhərinin Xəzər rayonunun inzibati ərazi hüdudlarında yerləşdiyindən işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalıdır. Buna görə də Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən mülki iş ərazi aidiyyətı üzrə baxılması üçün torpaq sahəsinin yerləşdiyi yer üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 35.1 45.4, 263 və 264, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1 Mirsadiq oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı «torpaq sahəsindən çıxarılma tələbinə dair mülki ərazi aidiyyətı üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar