Məhkəmə qərarları › İş №2(105)-1778/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1778/2025

19.03.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(105)-1778/2025 19.03.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı Rzayeva İradə Qadir qızının cavabdehlər Cəbrayılova Elnarə Etibar qızı və Xıdırov Dəmir Məmməd-Musa oğluna (AR İN yanında ƏMDX DƏDKR Publik Hüquqi Şəxsini 4 saylı Abşeron Ərazi İdarəsi mübahisə predmet barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əmirxanı Mehman Əmirxan oğlunun katibliyi ilə, iddiaçı Rzayeva İradə Qadir qızının, cavabdeh Cəbrayılova Elnarə Etibar qızının iştirakları ilə, İddiaçı Rzayeva İradə Qadir qızının cavabdehlər Cəbrayılova Elnarə Etibar qızı və Xıdırov Dəmir Məmməd-Musa oğluna (AR İN yanında ƏMDX DƏDKR Publik Hüquqi Şəxsini 4 saylı Abşeron Ərazi İdarəsi mübahisə predmet barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “torpaq sahəsinin boşaldılması, fərdi yaşayış evinin və digər tikililərin sökülməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 08.09.2025-ci il tarixli, 2(012)-371/2025 nömrəli qətnaməsindən iddiaçı Rzayeva İradə Qadir qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARI:

1. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0175 ha torpaq sahəsi Rzayeva İradə Qadir qızının adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1624011760 qeydiyyat nömrəsi, 308013100141 reyestr nömrəsi ilə 13.04.2024-cü il tarixində qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0127 ha torpaq sahəsi üzərində olan fərdi yaşayış evi Xıdırov Dəmir Məmməd-Musa oğlunun adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1619003377 qeydiyyat nömrəsi, 308013116074-10301 reyestr nömrəsi ilə 04.03.2019-cu il tarixində qeydiyyata alınmışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, Həmzət bəy Əfəndiyev küçəsi, ev 95 ünvanında yerləşən 0,009 ha torpaq sahəsi üzərində olan fərdi yaşayış evi Cəbrayılova Elnarə Etibar qızının adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1622015705 qeydiyyat nömrəsi, 308013102421-10301 reyestr nömrəsi ilə 03.06.2022-ci il tarixində qeydiyyata alınmışdır.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.04.2025-ci il tarixli 3-16-16/2-10/1033/2025 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin müvafiq mütəxəssi rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Qərardadın birinci sualı üzrə:308013100141 reyestr nömrəli çıxarışla Rzayeva İradə Qadir qızının sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Rzayeva İradə Qadir qızının faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 0.0135 ha təşkil edir. Qərardadın ikinci sualı üzrə: 308013102421-10301 reyestr nömrəli çıxarışla Cəbrayılova Elnarə Etibar qızının sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cəbrayılova Elnarə Etibar qızının faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 0.006 ha təşkil edir. Qərardadın üçüncü sualı üzrə: 308013116074-10301 reyestr nömrəli çıxarışla Xıdırov Dəmir Məmməd-Musa oğlunun sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Xıdırov Dəmir Məmməd-Musa oğlunun faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Qərardadın dördüncü sualı üzrə: 308013100141 reyestr nömrəli çıxarışla Rzayeva İradə Qadir qızının sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin 0.0026 ha hissəsi Cəbrayılova Elnarə Etibar qızının faktiki istifadəsində olan torpaq sahəsi ilə (fərdi yaşayış evi) üst-üstə düşür. 308013100141 reyestr nömrəli çıxarışla Rzayeyajradə Qadir qızının sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin 0.0014 ha hissəsi Xıdırov Dəmir Məmməd-Musa oğlunun faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Rzayeva İradə Qadir qızı cavabdehlər Cəbrayılova Elnarə Etibar qızına, Xıdırov Dəmir Məmməd-Musa oğluna (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsini 4 saylı Abşeron Ərazi İdarəsinə) qarşı torpaq sahəsinin boşaldılması, fərdi yaşayış evinin və digər tikililərin sökülməsi tələbinə dаir iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, ona məxsus Abşeron rayon, Masazır kəndində yerləşən 0,0175 ha torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsində qanunsuz tikilmiş fərdi yaşayış evinin və digər tikililərin cavabdehlərin hesabına sökülməsi və ərazidən uzaqlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Abşeron rayon, Masazır kənd ünvanında yerləşən 0,0175 ha torpaq sahəsi və onun üzərində yerləşən bir mərtəbəli fərdi yaşayış evini Abdulsalamov İlham adlı şəxsdən borc müqaviləsi əsasında satın almışdır. Borc müqaviləsini bu ilin fevral ayında bitirdikdən sonra sözügedən torpağa çıxarış alaraq 13.04.2024-cü il tarixdə adına rəsmiləşdirmişdir. Bu ilin may ayında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-i Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək sözügedən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. Müraciətindən sonra sözügedən idarənin mütəxəssisləri fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə baxış keçirmiş və ölçü işləri aparmışlar. Bundan sonra 07.06.2024-cü il tarixdə 4 saylı Abşeron Ərazi İdarəsi ona ərizəsinin icrasından imtina vermiş və imtinanı aşağıda qeyd etdiyi kimi əsaslandırmışdır. Aparılan araşdırma zamanı sözügedən fərdi yaşayış evinin sənəd üzrə torpaq sahəsinin 42 kv metrə hissəsinin faktiki torpaq sahəsindən kənarda aşkar edilmişdir. Ona bildirilmişdir ki, mülkiyyətində olan 0,0175 ha torpaq sahəsinin 28 kv metr hissəsi cavabdeh Cəbrayılova Elnarə Etibar qızı, 14 kv metr hissəsi isə digər cavabdeh Xıdırov Dəmir Məmməd-Musa oğlu tərəfindən zəbt edilmişdir. Cavabdeh Cəbrayılova Elnarə Etibar qızına məxsus fərdi yaşayış evinin bir hissəsi onun mülkiyyətində olan torpaq sahəsində inşa etmişdir. Digər cavabdeh Xıdırov Dəmir Məmməd-Musa oğlunun onun mülkiyyətində olan torpaq sahəsinin zəbt etməsi azmış kimi həmin ərazidə evinin divarına yaxın gül kolları əkmiş, güllərə tez-tez su verdiyi üçün, evinin divarlarında nəmişlik yaranmışdır. O, cavabdehlərə torpaq sahəsini zəbt etmələri ilə bağlı məlumat versə də, cavabdehlər onun sözlərinə məhəl qoymamışlar. Cavabdehlər onun mülkiyyətində olan torpaq sahəsini zəbt etdikləri səbəbindən fərdi yaşayış evinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını həyata keçirə bilmir. Belə olan halda onun yeganə çıxış yolu məhkəməyə müraciət etmək olmuşdur. Qeyd edilənlərə əsasən, o, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında cavabdeh Cəbrayılova Elnarə Etibar qızı izahatında göstərmişdir ki, onun atası 2021-ci ildə Abşeron rayonu, Masazır kəndi, Həmzət bəy Əfəndiyev küçəsi, ev 95 ünvanında yerləşən 0,009 ha torpaq sahəsini almışdır. Atası vəfat etdikdən sonra isə vərəsəlik qaydasında torpaq onun adına keçmişdir. 03.06.2022-ci ildə o, həmin torpaq sahəsinə dair dövlət reyestrindən çıxarış əldə etmişdir. Göründüyü kimi o, torpaq sahəsini iddiaçıdan əvvəl almışdır. Odur ki, iddiaçının aldığı evin koordinatlarını araşdırmaq və faktiki yerləşdiyi əraziyə baxış keçirilməsini təmin etmək vəzifəsi evi sonradan alan iddiaçının üzərinə düşmüşdür. Bu səbəbdən o, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında cavabdeh Xıdırov Dəmir Məmməd-Musa oğlu izahatında bildirmişdir ki, iddiaçı sözügedən evi onlardan sonra almışdır. İddiaçının evinin sənəddəki ölçüsü ilə faktiki yerləşdiyi hissə üst-üstə düşmür. Həmçinin evin sahəsində problemlərin və ziddiyyətlərin olub-olmadığını yoxlatmaq öhdəliyi iddiaçının üzərinə düşürdü. Ona görə də o, əsassız olduğundan iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

9. Abşeron Rayon Məhkəməsinin 08.09.2025-ci il tarixli, 2(012)-371/2025 nömrəli qətnaməsi ilə iddiaçı Rzayeva İradə Qadir qızının cavabdehlər Cəbrayılova Elnarə Etibar qızına, Xıdırov Dəmir Məmməd-Musa oğluna (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsini 4 saylı Abşeron Ərazi İdarəsinə) qarşı torpaq sahəsinin boşaldılması, fərdi yaşayış evinin və digər tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi təmin edilməmiş, aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat pul vəsaiti iddiaçı Rzayeva İradə Qadir qızından tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN 1700326621, Hesab AZ34CTRE00000000000002088501) ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.04.2025-ci il tarixli 3-16-16/2-10/1033/2025 saylı rəyi ilə Rzayeva İradə Qadir qızının sənəd üzrə istifadəsinə verilmiş torpaq sahəsinin 0,0026 ha hissəsi Cəbrayılova Elnarə Etibar qızının faktiki istifadəsində olan torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evi ilə üst-üstə düşür. Müəyyən olunmuşdur ki, iddiaçı həmin torpaq sahəsini alarkən artıq orada mülkiyyətində olan ev tikilmiş və mülkiyyətində olmuşdur. Hazırda isə həmin torpağın üzərində mülkiyyət hüququ ilə evin olması torpağın iddiaçıya geri qaytarılmasını mümkünsüz edir. Belə ki, iddiaçı hazırda Cəbrayılova Elnarə Etibar qızının faktiki istifadəsində olan çıxarışla ona məxsus torpaq sahəsinə dair E.Cəbrayılova qarşı kompensasiya tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə iddianın bu hissədə təmin edilməməsi qənaətinə gəlir.

11. Məhkəmə cavabdeh Xıdırov Dəmir Məmməd-Musa oğluna aid olan hissə ilə bağlı qeyd edir ki, rəydən də görünür ki, sənəd üzrə mülkiyyətə verilmiş torpaq sahəsi ilə Xıdırov Dəmir Məmməd-Musa oğlunun istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Ona görə də iddia tələbi həmin hissədə də təmin edilə bilməz.

12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 135.4, 152.1, 157.2, 239.2-ci maddələri, Torpaq Məcəlləsinin 84, 111-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti mülkiyyət hüququnun müdafiəsi ilə bağlı maddi hüquq normalarının tələbləri ilə əsaslandırılmaqla iddia tələbinin təmin edilməsinə yönəlmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iddiaçı Rzayeva İradə Qadir qızı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cəbrayılova Elnarə Etibar qızı və Xıdırov Dəmir Məmməd-Musa oğlu apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

18. Maddə 12. Dövlətin ali məqsədi I. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.[3] II. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.

Maddə 13. Mülkiyyət I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

Maddə 29. Mülkiyyət hüququ I. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. VI. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. VII. Dövlət vərəsəlik hüququna təminat verir.

İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolu:

19. 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

20. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (...) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. (...)

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (...)

Torpaq Məcəlləsinin

21. 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:

22. 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

24. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.12.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası məruzəçi-hakimi və tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

26. Baxılan mübahisə torpaq sahəsinə sahibliyin müdafiəsi ilə bağlıdır, belə ki, iddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən heç bir qanuni əsas olmadan tutulduğuna və dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq, qanunsuz sahibliyin davam etdirilməsinə istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür.

27. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün iş üzrə bir neçə dəfə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini təmin etmişdir.

28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.04.2025-ci il tarixli 3-16-16/2-10/1033/2025 saylı ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, müxtəlif reyestr nömrələri ilə ayrı-ayrı şəxslərə məxsus torpaq sahələri ilə onların faktiki istifadəsində olan torpaq sahələri arasında uyğunsuzluqlar və qismən üst-üstə düşmələr mövcuddur. Belə ki, 308013100141 reyestr nömrəli çıxarışla Rzayeva İradə Qadir qızına məxsus torpaq sahəsinin müəyyən hissələri digər şəxslərin faktiki istifadəsində olan sahələrlə kəsişir. Konkret olaraq, həmin torpaq sahəsinin 0.0026 hektar hissəsi Cəbrayılova Elnarə Etibar qızının faktiki istifadəsində olan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi ilə üst-üstə düşür. Bundan əlavə, həmin torpaq sahəsinin 0.0014 hektar hissəsi isə Xıdırov Dəmir Məmməd-Musa oğlunun faktiki istifadəsində olan torpaq sahəsi ilə kəsişir.

29. Eyni zamanda, ekspertiza nəticəsində müəyyən edilmişdir ki, Cəbrayılova Elnarə Etibar qızına məxsus torpaq sahəsinin də bir hissəsi onun faktiki istifadəsi ilə tam uyğun gəlmir və müəyyən həcmdə (0.006 ha) üst-üstə düşmə mövcuddur. Digər tərəfdən, Xıdırov Dəmir Məmməd-Musa oğluna məxsus torpaq sahəsinin isə bütövlükdə onun faktiki istifadəsində olan sahənin daxilində yerləşdiyi müəyyən olunmuşdur.

30. Məhkəmə bu halları təhlil edərək belə nəticəyə gəlmişdir ki, iddiaçı Rzayeva İradə Qadir qızı mübahisəli torpaq sahəsini əldə edərkən həmin ərazidə artıq Cəbrayılova Elnarə Etibar qızına məxsus fərdi yaşayış evi mövcud olmuş və faktiki istifadə vəziyyəti formalaşmışdır. Bu hal torpaq sahəsinin naturada geri qaytarılmasını faktiki olaraq mümkünsüz edir. Belə ki, daşınmaz əmlak üzərində mövcud tikilinin hüquqi statusu və faktiki istifadə vəziyyəti nəzərə alınmadan torpağın geri qaytarılması digər şəxsin hüquqlarının pozulmasına səbəb ola bilər. Bu əsasla məhkəmə hesab etmişdir ki, iddiaçı həmin hissə üzrə torpaq sahəsinin geri qaytarılmasını tələb etmək əvəzinə, hüquqlarının pozulması ilə bağlı kompensasiya tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Nəticədə, iddia tələbi Cəbrayılova Elnarə Etibar qızına aid hissədə təmin edilməmişdir.

31. Bundan əlavə, Xıdırov Dəmir Məmməd-Musa oğluna aid hissə üzrə də məhkəmə qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi onun faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir və bu vəziyyət də iddia tələbinin təmin olunmasına imkan vermir. Bu səbəbdən həmin hissədə də iddia rədd edilmişdir.

32. Verilmiş apellyasiya şikayəti əsasında işin hallarını yenidən araşdıran məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə sorğu verilmiş, Abşeron rayonu, Masazır kəndi ərazisində qonşuluqda yerləşən Rzayeva İradə Qadır qızı, Cəbrayılova Elnarə Etibar qızı və Xıdırov Dəmir Məmməd- Musa oğluna məxsus torpaq sahələrinin hər birinə münasibətdə faktiki və sənəd üzrə yerləşməsi arasında olan uyğunsuzluqların dürüstləşmə işləri aparıldıqdan sonra aradan qalxıbqalxmaması, aradan qalxacağı təqdirdə torpaq sahələrinin faktiki və sənəd üzrə yerləşməsinin üst-üstə düşüb-düşməməsi barədə məhkəməyə məlumat təqdim edilməsi xahiş olunmuşdur.

33. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 11.03.2026-cı il tarixli 3-21-3-32/2-4845/2026 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, elektron məlumat bazasına əsasən, 308013100141 reyestr nömrəli çıxarışla Rzayeva İradə Qadir qızının sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçüsü 0.0175 ha, naturada tanıdılan torpaq sahəsinin ölçüsü isə 0.0111 ha təşkil edir. Elektron məlumat bazasına əsasən, 308013102421-10301 reyestr çıxarışla Cəbrayılova Elnarə Etibar qızının sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçüsü 0.0009 ha (daşınmaz əmlakın ümumi sahəsi isə 0.0035 ha), naturada tanıdılan torpaq sahəsinin ölçüsü isə 0.0077 ha təşkil edir. Elektron məlumat bazasına əsasən, 308013116074-10301 reyestr nömrəli çıxarışla Xıdırov Dəmir Məmməd-Musa oğlunun sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçüsü 0.0127 ha, naturadda tanıdılan torpaq sahəsinin ölçüsü isə 0.0150 ha təşkil edir.

34. Eyni zamanda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı Abşeron rayonu, o cümlədən Masazır qəsəbəsi ərazisində fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaq sahələrinin faktiki koordinatları qeydiyyata alınmışdır. Hazırda əldə edilmiş məlumatların təhlili və sistemləşdirilməsi işləri aparılır. Torpaq sahələrinin qeydiyyata alınmış faktiki koordinatları əsasında aparılan təhlillər və sistemləşdirilmə işləri başa çatdırıldıqdan və elektron kadastr məlumat bazasında müvafiq düzəlişlər aparıldıqdan sonra torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması təmin ediləcəkdir. Odur ki, ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra mülkiyyətçilər tərəfindən müraciət əsasında plan ölçü sənədlərinə düzəlişlər olunacağı təqdirdə məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır.

35. Eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi Qasımov Səfalı Əlsafa oğlu məhkəmə kollegiyasının iclasında dindirilmiş və bir çox suallara aydınlıq gətirildikdə mütəxəssis bildirdi ki, mübahisəli torpaq sahəsinə dair mütəxəssis rəyi tərəfimdən hazırlanmışdır. Belə ki, texnikinvertarlaşdırıcı həmin torpaq sahəsinə əyani baxış keçirmişdir. Koordinatlar üzrə döngə nöqtələrini müəyyən edildikdən sonra, müvafiq rəy hazırlanmışdır. Həmin rəy hazırki məhkəmə mübahisəsi yaranmamışdan öncə verilmişdir. Təqdim edilən çıxarış və plan ölçü sənədinə əsasən torpaq sahəsi müayinə edilib və rəy hazırlanıb. Digər cavabdeh Xıdırov Dəmir Məmməd-Musa oğlunun faktiki istifadəsində olan torpaq sahəsi ilə sənəd üzrə olan torpaq sahəsi üst-üstə düşür. İddiaçının sənəd üzrə olan torpaq sahəsinin 14 m2 hissəsinə münasibətdə zəbt yoxdur, burada elektron baza məlumatlarında sürüşmə halı ola bilər. Sənəd üzrə olan koordinatlar ilə faktiki istifadədə olan torpaq sahələri arasında fərqlər vardır. Planölçü sənədində koordinatlar dəyişilməyibsə sürüşmədən əvvəlki həqiqi vəziyyəti müəyyən etmək mümkündür. Arxiv sənədlərinə baxış keçirmək lazımdır. Dürüstləşmə işləri tam başa çatdırılmayıb. Dürüstləşmə işləri tam başa çatmamış bu məsələni həll etmək mümkün olmayacaqdır.

36. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3cü bəndinin icrası ilə bağlı geniş şəkildə qeyd olunmalıdır ki, həmin norma torpaq münasibətlərində mövcud olan sistemli problemlərin aradan qaldırılmasına, xüsusilə də torpaq sahələrinin hüquqi statusu ilə onların faktiki istifadə vəziyyəti arasında uyğunsuzluqların aradan qaldırılmasına yönəlmişdir.

37. Fərmanın 2.3-cü bəndinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının üzərinə torpaq sahələrinin dövlət qeydiyyatı məlumatlarının dəqiqləşdirilməsi, kadastr uçotunun təkmilləşdirilməsi, torpaq sahələrinin sərhədlərinin yerində müəyyən olunması və bu sərhədlərin faktiki istifadə ilə uyğunlaşdırılması vəzifəsi qoyulmuşdur. Bu, torpaq münasibətlərində hüquqi müəyyənliyin təmin olunmasına, mülkiyyət hüquqlarının müdafiəsinə və gələcək mübahisələrin qarşısının alınmasına xidmət edir.

38. Məhkəmə təcrübəsində tez-tez rast gəlinən hallardan biri ondan ibarətdir ki, torpaq sahələri üzrə çıxarışlarda göstərilən ölçü və sərhədlər real vəziyyətlə üst-üstə düşmür. Bunun əsas səbəbləri kimi ilkin kadastr ölçmələrinin qeyri-dəqiqliyi, torpaq bölgüsü zamanı texniki səhvlər, uzun müddət ərzində formalaşmış faktiki istifadə münasibətləri, habelə müvafiq sənədlərin natamam və ya qeyri-dəqiq tərtib olunması göstərilə bilər. Məhz bu kimi halların aradan qaldırılması üçün qeyd olunan Fərmanın 2.3-cü bəndi xüsusi əhəmiyyət kəsb edir.

39. Hazırkı mübahisə üzrə ekspert rəyi ilə də təsdiq olunmuşdur ki, tərəflərə məxsus torpaq sahələrinin sənəd üzrə müəyyən edilmiş sərhədləri ilə faktiki istifadə vəziyyəti arasında fərqlər mövcuddur. Belə ki, Rzayeva İradə Qadir qızına məxsus torpaq sahəsinin müəyyən hissələrinin digər şəxslərin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşməsi, eləcə də həmin sahələr üzərində artıq tikililərin mövcud olması faktiki vəziyyətin hüquqi sənədlərlə uyğun gəlmədiyini açıq şəkildə göstərir. Eyni zamanda, digər cavabdehlər üzrə də torpaq sahələrinin faktiki istifadə sərhədlərinin onların sənəd üzrə müəyyən olunmuş sərhədləri ilə tam uyğun gəlmədiyi müəyyən edilmişdir.

40. Bu kimi hallarda yalnız mülki hüquqi mübahisənin həlli çərçivəsində torpaq sahəsinin naturada geri qaytarılması məsələsinə baxılması kifayət etmir. Çünki problem öz mahiyyətinə görə daha genişdir və sistemli xarakter daşıyır. Belə ki, burada söhbət təkcə tərəflər arasında mübahisədən deyil, ümumilikdə torpaq uçotu və qeydiyyatı sistemində mövcud uyğunsuzluqlardan gedir. Bu baxımdan, Fərmanın 2.3-cü bəndi bu kimi hallarda prioritet olaraq inzibati və texniki tədbirlərin həyata keçirilməsini tələb edir.

41. Məhkəmə tərəfindən də nəzərə alınmalıdır ki, faktiki istifadə vəziyyəti uzun müddət ərzində formalaşmış, həmin ərazilərdə daşınmaz əmlak obyektləri – xüsusilə fərdi yaşayış evləri inşa edilmiş və bu obyektlər üzərində mülkiyyət hüquqları yaranmışdır. Belə şəraitdə torpaq sahəsinin sənəd üzrə sərhədlərinə formal qaydada qayıdılması, yəni naturada geri tələb edilməsi digər şəxslərin qanuni mənafelərinin və mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxara bilər. Bu isə hüquqi sabitlik və mülki dövriyyənin etibarlılığı prinsiplərinə zidd olardı.

42. Digər tərəfdən, Fərmanın məqsədi də məhz belə ziddiyyətlərin aradan qaldırılması, mövcud vəziyyətin reallıqlara uyğunlaşdırılması və hüquqi sənədlərin faktiki istifadə ilə uzlaşdırılmasıdır. Bu isə o deməkdir ki, bu tip mübahisələrdə optimal yanaşma torpaq sahələrinin yenidən ölçülməsi, sərhədlərin dəqiqləşdirilməsi, zərurət olduqda isə müvafiq kompensasiya mexanizmlərinin tətbiqi ilə tərəflər arasında balansın təmin edilməsidir.

43. Hazırkı işdə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, torpaq sahəsinin müəyyən hissəsinin üzərində artıq digər şəxsə məxsus fərdi yaşayış evinin mövcud olması həmin hissənin naturada geri qaytarılmasını qeyri-mümkün edir. 44 Beləliklə, qeyd olunan Fərmanın 2.3-cü bəndinin tələbləri baxımından bu iş üzrə yaranmış mübahisə torpaq sahələrinin hüquqi və faktiki sərhədləri arasındakı uyğunsuzluqdan irəli gəlir və bu uyğunsuzluğun aradan qaldırılması yalnız məhkəmə qərarı ilə deyil, həm də müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək kadastr və reyestr tədbirləri ilə mümkün ola bilər.

45. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını araşdırmayaraq iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

46. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, mübahisəli sahələr üzrə bütünlükdə dürüstləşmə işləri aparıldıqdan sonra yenidən əgər həmin sahələr üzrə faktiki və sənəd üzrə uyğunsuzluq müəyyən edilərsə iddiaçının yenidən yeni əsaslarla məhkəməyə müraciət etmək hüququ vardır.

47. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

49. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

50. Həmin Məcəllənin 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

51. Beləliklə məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 08.09.2025-ci il tarixli, 2(012)-371/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Rzayeva İradə Qadir qızının cavabdehlər Cəbrayılova Elnarə Etibar qızına, Xıdırov Dəmir Məmməd-Musa oğluna (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsini 4 saylı Abşeron Ərazi İdarəsinə) qarşı torpaq sahəsinin boşaldılması, fərdi yaşayış evinin və digər tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar