Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-178/2023 03.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X17 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə katibi X9 iştirakı ilə, İddiaçı hüquqi varisi X8, onun nümayəndə və vəkili Vəkil2, Cavabdeh Mömün oğlunun nümayəndə və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh Mömün oğluna qarşı “torpaq sahəsinə müdaxilənin aradan qaldırılması və çıxarışın ləğv edilməsi tələbinə” dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(060)-42/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 3-cü məhəllə ünvanında yerləşən 19D saylı torpaq sahəsinə gələn yolun açılması, cavabdehin adına verilmiş hüquqların Dövlət Qeydiyyat haqqında Çixarışın ləğv edilməsi və zəbt edilmiş hissənin ləğv olunaraq ona qaytarılması barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(060)-42/2022 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim Rəşad Qoşqarlı). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(060)-42/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı hüquqi varisi X14 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, onun evi ilə 6 nömrəli ev arasındakı keçid yolu 6 nömrəli evin həyətinə çatan hissədə bağlanıb. Ora qədər olan hissədə yoldan bütün sakinlər istifadə edir. Torpaq sahəsini böldükdə ora keçib getməyə yol yoxdur, yəni olan yol mülkiyyət adı altında cavabdeh tərəfindən tutulub. Gələcəkdə həmin torpaq sahəsində kiçik ölçülü bir ev tiksə, həmin evdə hər hansı fövqəladə hadisə baş versə, heç yardıma gəlməli olan orqanların maşınlarının keçməsi üçün də yolu yoxdur. Torpağı bölməsə, həmin sahəyə keçməyə qarşı tərəfdən girişi var. Amma bölgü aparsa həmin giriş artıq yararsız olacaq. Yolun tutulduğu hissəni cavabdeh öz qızına satıb. Torpağını övladlarının arasında böləndə onlara yol verə bilmir. Əvvəllər torpağına giriş-çıxış yolu mövcud idi. Həmin yol 80-ci illərdən həmin evin sakinləri tərəfindən tutulub. Həmin yolun tutulması ona torpaq sahəsini bölməyə imkan vermir. Torpağı iki yerə böldükdə digər sahəyə keçib getmək olmur. Apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(060)-42/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı hüquqi varisi X8 vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə qətnamə çıxararkən Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsaslanıb. Həmin maddəyə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yarana bilər. Amma məhkəmə nəzərə almamışdır ki, mübahisəli sahəyə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-17/2010 nömrəli, xx.xx.2010-cü il tarixli qətnaməsi qəbul olunub və həmin qətnamə Ali Məhkəmədə qüvvədə qalıb. Həmin iş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2009-cü il tarixli rəyi var və qərar da rəyə uyğun qəbul olunub. Deməli həmin yoldan cavabdehin çıxma məsələsi 2010-cü ildə qəbul olunmuş qətnamə ilə həll olunub. Həmin qətnamə qüvvədə ola-ola cavabdeh çıxarış alıb. Birinci instansiya sözügedən qətnaməyə ümumiyyətlə istinad etməyib. Apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(060)-42/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, Ali Məhkəmə qərar qəbul edəndə mövcud bütün qətnamələrə istinad edib. Zərniba Dadaşovanın 5 il əvvəl qüvvəsini almış qətnamədə izahatından görünür ki, o, Coratda həmin ərazidə böyüyüb. Mübahisəli torpaq sahəsi əvvəllər ümumi istifadədə olub. 1963-1965-ci illərə qədər həmin yoldan istifadə ediblər. 1965-ci ildən sonra əvvəlcə Məhəmmədəlinin atası, sonra da özü yolu bağlayıblar. Sonradan bələdiyyələr yaranıb. Həmin torpaq bələdiyyənin mülkiyyətinə keçib. Mübahisə vaxtı da bələdiyyənin mülkiyyətində olub. Qarşı tərəfin təqdim etdiyi qətnamə cavabdeh tərəfindən həqiqətən də zəbt olunmuş torpaq sahəsi barəsindədir. Müvəkkilinin 3 sot yarım torpaq sahəsi var. İddiaçının hüquqi varisi öz torpaq sahəsini başqasına satmaq fikrindədir və ona yol verə bilmək üçün cavabdehdən torpaq istəyir. İddiaçının torpaq ala bilməsinin tək yolu 3 sot yarım torpağın bütünlükdə satılmasıdır. Başqa formada yol açılsa, cavabdehin torpaq sahəsi yararsız hala düşür. Bu zaman da hüquqlarını müdafiə etdiyi şəxsin mülkiyyət hüququ pozulur. Bundan əvvəl də hüquqi varisin əri ilə müvəkkili arasında məhkəmə mübahisəsi olub və Ali Məhkəməyə qədər iddia təmin olunmayıb. Sonradan cari iddiaçının adına idda qaldırılıb. Vəsatətlə məhkəməyə müraciət etmişdir ki, eyni predmet və mübahisə barəsində işə baxılıb və qətnamə qət olunub. Amma məhkəmə bunu nəzərə almadı və işə mahiyyəti üzrə baxdı. İddiaçının torpağına gedən yol əvvəldən 19c saylı torpaq sahəsidir. Cavabdehin 2014-cü ildən mübahisəli sahəyə çıxarışı var. Həmin yer əvvəl də çıxarışlı mülkiyyət olub və sonradan hüquq cavabdehə keçib. Qarşı tərəfin adını çəkdiyi 6 nömrəli ev cavabdehin ata evinin həyətidir. Apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(060)-42/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayətləri qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(060)-42/2022 nömrəli qətnaməsi qismən, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 3-cü məhəllə ünvanında yerləşən 19D saylı torpaq sahəsinə gələn yolun açılması, zəbt edilmiş hissənin ləğv olunaraq ona qaytarılması barədə iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, iddia tələbinin həmin hissələri üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, № ******* saylı “çıxarış”ın surətindən müəyyən edilir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 3-cü məhəllə, 19D saylı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 113 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materillarında olan AZ-İİ № 001701 saylı, xx.xx.2019-cu il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.1966-cı il tarixli, 997 saylı icarə müqaviləsinin surətindən görünür ki, Corat qəsəbəsində yerləşən 0.16 ha torpaq sahəsi X4 icarəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, № ******* saylı “çıxarış”ın surətindən müəyyən edilir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 6-da yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh Mömün oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, № ******* saylı “çıxarış”ın surətindən müəyyən edilir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 0.0351 saylı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh Mömün oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 106 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarının surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 22 iyul 2011-ci il tarixli, 2(060)-2259/2011 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh Mömin oğlunun cavabdeh X5 qarşı müəyyən hərəkətləri etməyin cavabdehə qadağan edilməsi, mənəvi zərərin ödənilməsi və qeyri-qanuni tikilmiş evin sökülməsi tələbi qismən təmin edilərək iddianın yolun açılması ilə əlaqədar X2 qeyri-qanuni hərəkətlərin edilməsinin qadağan edilməsi qət edilmiş, iddiaçının mənəvi zərərin ödənilməsi və qeyriqanuni tikilmiş evin sökülməsi tələbinə dair hissəsi və X1 Cavabdeh Mömin oğluna qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılması, dəmir darvazanın sökülməsi və ümumi keçid yolunun bərpa edilməsi barədə qarşılıqlı iddia tələbi rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli, 2(105)-1276/2011 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 22 iyul 2011ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayəti təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 07 dekabr 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materilları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə ölmüş, X11 iddiaçının hüquqi varisi kimi işə cəlb edlmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən mübahisəli yerə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Cavabdeh Mömün oğluna məxsus olan torpaq sahəsi üç tərəfdən daş hasarla hasarlanmış, bir tərəfdən isə onun mülkiyyətində olan yaşayış evləri yerləşir. Cavabdeh məxsus olan yaşayış evlərinə sağ tərəfdən mişar daşından hörümlüş hasarda dəmir darvaza qoyulmuşdu. Dəmir darvazadan sonra digər qonşuların istifadə etdikləri yol vardır. X4 istifadəsində olan torpaq sahəsi üç tərəfdən qonşuların torpaq sahələrindən daş hasarla ayrılmışdır. X6 məxsus yaşayış evi mübahisəli torpaq sahəsinin əks tərəfində yerləşir və evin yanından ictimai yola çıxışı vardır. Cavabdeh Mömün oğlunun mülkiyyətində olan evin arxa hissəsindən və darvaza qoyulmuş hissədən ictimai yola çıxışı vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki. məhkəmə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 3-cü məhəllə ünvanında yerləşən 19D saylı torpaq sahəsinə gələn yolun açılması, zəbt edilmiş hissənin ləğv olunaraq ona qaytarılması barədə iddia tələbinin təmin edilməməsi hissəsində gəldiyi nəticədə haqlı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdeh X3 qarşı məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, Corat qəsəbəsi, 3-cü məhəllə ünvanında yerləşən 19D saylı torpaq sahəsinə gələn yolun açılması, cavabdehin adına verilmiş hüquqların Dövlət Qeydiyyat haqqında Çixarışın ləğv edilməsi və zəbt edilmiş hissənin ləğv olunaraq ona qaytarılması barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçı X7 cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müəyyən hərəkətlərin cavabdehə qadağan edilməsi, mənəvi zərərin ödənilməsi və qeyri-qanuni tikilmiş evin sökülməsini xahiş etmiş, X10 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək zəbt olunmuş torpaq sahəsindən çıxarılma, dəmir darvazanın sökülməsi, ümumi keçid yolunun bərpa edilməsini xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 22 iyul 2011-ci il tarixli, 2(060)-2259/2011 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh Mömin oğlunun cavabdeh X5 qarşı müəyyən hərəkətləri etməyin cavabdehə qadağan edilməsi, mənəvi zərərin ödənilməsi və qeyriqanuni tikilmiş evin sökülməsi tələbi qismən təmin edilərək iddianın yolun açılması ilə əlaqədar X2 qeyri-qanuni hərəkətlərin edilməsinin qadağan edilməsi qət edilmiş, iddiaçının mənəvi zərərin ödənilməsi və qeyri-qanuni tikilmiş evin sökülməsi tələbinə dair hissəsi və X1 Cavabdeh Mömin oğluna qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılması, dəmir darvazanın sökülməsi və ümumi keçid yolunun bərpa edilməsi barədə qarşılıqlı iddia tələbi rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli, 2(105)-1276/2011 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 22 iyul 2011ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayəti təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 07 dekabr 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa mülki işin icraatına xitam verilir. Göründüyü kimi hazırki iddianın Sumqayıt şəhəri, Corat qəsəbəsi, 3-cü məhəllə ünvanında yerləşən 19D saylı torpaq sahəsinə gələn yolun açılması, zəbt edilmiş hissənin ləğv olunaraq ona qaytarılması tələbi ilə iddiaçının atası X10 cavabdehə qarşı məhkəməyə müraciət etmiş, iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə hazırda da qüvvədədir. Məhkəmə kollegiyası qeyd edir ki, bununla da müəyyən edilir ki, qeyd edilən işdə iddiaçı hazırki iş üzrə iddiaçının atası olsa da tələb hazırki mübahisənin predmeti olan eyni torpaq sahəsinə dair və eyni cavabdehə qarşı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, artıq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan hazırkı mülki işə mahiyyəti üzrə baxıla bilməzdi. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(060)-42/2022 nömrəli qətnaməsi qismən, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 3-cü məhəllə ünvanında yerləşən 19D saylı torpaq sahəsinə gələn yolun açılması, zəbt edilmiş hissənin ləğv olunaraq ona qaytarılmasına barədə iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, iddia tələbinin həmin hissələri üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263-264, 384.0.5 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(060)-42/2022 nömrəli qətnaməsi qismən, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 3-cü məhəllə ünvanında yerləşən 19D saylı torpaq sahəsinə gələn yolun açılması, zəbt edilmiş hissənin ləğv olunaraq ona qaytarılması barədə iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin. İddia tələbinin həmin hissələri üzrə mülki işin icraatına xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-178/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-178/2023
03.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver