Məhkəmə qərarları › İş №2(105)-1780/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1780/2022

15.11.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1780/2022 15.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respubikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Miriyeva Həbibə Novruz qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı cavabdehin uşaqları ilə birlikdə mübahisəli mənzildən çıxarılması tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 2(059)-315/2021 nömrəli, 22 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh Qasımova (Ağayeva) Sürahi Cavanşir qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Siyəzən Rayon Məhkəməsinin 2(059)-315/2021 nömrəli, 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları, 10 fevral 2017-ci il təvəllüdlü X6 və 26 iyul 2019-cu il təvəllüdlü X3 ilə birlikdə İddiaçı mülkiyyətində olan Siyəzən şəhərinin H.Talıbov küçəsindəki 1 saylı evin 33-cü mənzilindən çıxarılmaları, iddia üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. (hakim B.Ələkbərov) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus Siyəzən şəhəri, X2 qəsəbəsindəki 1 saylı evin 33-cü mənzilindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddia həcminin və predmetinin dəqiqləşdirilməsinə dair ərizələrlə məhkəməyə müraciət edərək, cavabdeh Sahibə Qasımovanın cavabdehlər siyahısından çxarılmaqla, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları, 10 fevral 2017-ci il təvəllüdlü Əsra Qasımlı və 26 iyul 2019-cu il təvəllüdlü Elxan Qasımlı ilə birlikdə onun mülkiyyətində olan Siyəzən şəhərinin H.Talıbov küçəsindəki 1 saylı evin 33-cü mənzilindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılıb ki, Siyəzən Rayon İcra Hakimiyyəti Başçısının 29 mart 1994-cü il tarixli, 167 nömrəli sərəncamına əsasən yaşayış sahəsi 38,4 kv.m, ümumi sahəsi 76,4 kv.m olan Siyəzən şəhəri, X2 qəsəbəsində yerləşən 1 nömrəli binanın 33-cü mənzili iddiaçının mülkiyyətinə verilmişdir. İddiaçı özü hazırda mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən digər evində yaşayır. Qeyd edir ki, hazırkı iş üzrə cavabdeh olan Cavabdeh qayınanası Sahibə Qasımova iddiaçının rəfiqəsidir. İddiaçı Siyəzən şəhərindəki evinin sahibsiz qalmaması üçün rəfiqəsi Sahibə Qasımovaya həmin evdə müvəqqəti yaşamağa icazə vermiş və sonuncu qızı Sahilə Qasımova ilə birlikdə həmin evdə yaşamışdır. Həmin ərəfədə rəfiqəsi Sahibənin oğlu Elmar Qasımov hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra Cavabdeh ilə evlənmişdir. 2015-ci ilin yay aylarında Elmar Qasımov Cavabdeh ilə rəsmi nikaha daxil olaraq evlənmiş və onlar həmin vaxtdan mübahisəli evdə birgə yaşamağa başlamışlar. Bir müddət sonra qonşuları tərəfindən həmin mənzildə tez-tez münaqişələr baş verməsi, saatından asılı olmayaraq səs-küylər gəlməsi, hətta bir neçə dəfə polis əməkdaşlarının da bu mənzilə gəlməsi iddiaçıya bildirilmişdir. Evində baş vermiş narazılıq səbəbindən İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hazırda sözügedən mənzildə cavabdehin keçmiş əri Elmar Qasımov və iddiaçının rəfiqəsi Sahibə Qasımova yaşamasa da, sonuncunun gəlini Cavabdeh övladları - 10 fevral 2017-ci il təvəllüdlü X6 və 26 iyul 2019-cu il təvəllüdlü X3 ilə birlikdə bu mənzildə yaşayırlar. Bu hal isə iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarına xələl gətirir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz, əsassızdır. Belə ki, onun keçmiş qaynanası ilə mülki iş üzrə İddiaçı arasında mübahisəli mənzilin alqı-satqısı hələ 2015-ci ildə aparılmış, lakin səhlənkarlıqdan, alqısatqı rəsmiləşdirilmədiyindən həmin mənzil bu gündə İddiaçı mülkiyyətindədir. Lakin İddiaçı 2015-ci ildən bu günə kimi mənzildə yaşamayaraq, onun barəsində heç bir iddiası olmamışdır. Cavabdeh 2015-ci ildə ailə həyatı quraraq həmin mənzilə gəlin köçməklə, əvvəlcə qaynanası və keçmiş həyat yoldaşı ilə, fevral 2021-ci ildən isə övladları ilə birlikdə hal-hazıradək yaşayır. Mübahisəli mənzildə yaşadığı müddətdə işləyərək öz hesabına mənzili əsaslı təmir etdirmişdir. Bundan əlavə mübahisəli evə dair İddiaçı mülkiyyət hüququ qanuna müvafiq qaydada Dövlət Reyestr Xidmətində qeydiyyata alınmamaqla, dövlət tərəfindən tanınmamışdır. Bunun da səbəbi odur ki, həmin mənzil cavabdehin qaynanası Sahibə Qasımovaya satılmış, onlar da bir-birlərinə etibar etdikləri üçün bu günə kimi həmin mənzil Sahibə Qafarovanın adına onun mülkiyyəti kimi rəsmiləşdirilməmişdir. İşin bu faktiki halı birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Təsadüfi deyil ki, 2015-ci ildən bu yana iddiaçı bu məsələni mübahisələndirməmişdir. Hazırda isə cavabdeh boşandığından onun keçmiş ailəsi evin sənədlərinin iddiaçının adına olmasından bu formada istifadə edərək cavabdehin həmin mənzildən çıxarmaq istəyirlər. Göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməlidir. Apellyasiya baxışı zamanı Cavabdeh məhkəməyə teleqram vuraraq, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etsə də, növbəti məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Qeydiyyat vəsiqəsindən görünür ki, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 29 mart 1994-cü il tarixli, 167 nömrəli sərəncamı əsasında Siyəzən şəhəri, X2 qəsəbəsindəki 1 saylı evin 33-cü mənzilinə dair İddiaçı mülkiyyət hüququ 29 mart 1994-cü ildə qeydiyyata alınmışdır. Yenə işdə olan Siyəzən Rayon İcra Hakimiyyəti Mənzil İstismar Sahəsinin 09 sentyabr 2021-ci il tarixli, 92 nömrəli məktubundan görünür ki, Siyəzən şəhəri, X2 qəsəbəsindəki 1 saylı evin 33-cü mənzili hazırda Siyəzən şəhəri, H.Talıbov küçəsindəki 1 saylı evin 33-cü mənzilidir. Yenə də işdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(059)-28/2021 saylı qətnaməsindən görünür ki, tərəflər arasında Siyəzən rayon qeydiyyat şöbəsində 26 may 2015-ci il tarixdə, 62 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, onların birgə nikahından doğulmuş 10 fevral 2017-ci il təvəllüdlü Əsra və 26 iyul 2019-cu il təvəllüdlü Elxan anaları, Cavabdeh himayəsində və yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün X5 Qasımovanın xeyrinə 21 sentyabr 2020-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Siyəzən Rayon Məhkəməsinin 2(059)-315/2021 nömrəli, 22 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Siyəzən Rayon İcra Hakimiyyəti Başçısının 29 mart 1994-cü il tarixli, 167 nömrəli sərəncamına əsasən yaşayış sahəsi 38,4 kv.m, ümumi sahəsi 76,4 kv.m olan Siyəzən şəhəri, X2 qəsəbəsində yerləşən 1 nömrəli binanın 33-cü mənzili iddiaçının mülkiyyətinə verilmiş, hüquqları dövlət qeydiyyatına alınmışdır. İddiaçı hazırda mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən digər evdə yaşayır. Hazırkı iş üzrə cavabdeh olan Cavabdeh qayınanası Sahibə Qasımova iddiaçının rəfiqəsidir. İddiaçı ona məxsus mübahisəli evin sahibsiz qalmaması üçün rəfiqəsi Sahibə Qasımovaya həmin evdə müvəqqəti yaşamağa icazə vermiş və sonuncu qızı Sahilə Qasımova ilə birlikdə həmin evdə yaşamışdır. Həmin ərəfədə rəfiqəsi Sahibənin oğlu Elmar Qasımov hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra Cavabdeh ilə evlənmişdir. 2015-ci ilin yay aylarında Elmar Qasımov Cavabdeh ilə rəsmi nikaha daxil olaraq evlənmiş və onlar həmin vaxtdan mübahisəli evdə birgə yaşamağa başlamışlar. Hazırda isə mübahisəli evdə yalnız Cavabdeh övladları - 10 fevral 2017-ci il təvəllüdlü X6 və 26 iyul 2019-cu il təvəllüdlü X3 ilə birlikdə yaşayırlar. İddiaçı ona məxsus olan evdən Cavabdeh azyaşlı övladları ilə birlikdə çıxarılmaları tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə iddianı təmin etmiş, narazı qalan cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yenə həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Beləliklə, həm daxili, həm də beynəlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə ona sərbəst surətdə sahiblik və maneəsiz istifadə etməyə əsas verir. İşin tədqiq olunan faktiki hallarından, habelə yuxarıda sadalanan sənədlərdən görünür ki, mübahisəli mənzil iddiaçının adına qeydiyyata alınmışdır. Beləliklə, onun həmin əmlaka mülkiyyət hüququ yaranmışdır. Belə olan halda məhkəmə kollegiyası iddiaçının cavabdehin mübahisəli mənzildən çıxarılması barədə iddiasını əsaslı hesab edir. Digər tərəfdən cavabdeh İddiaçı hər hansı bir formada qohumluğu olmayan şəxsdir, iddiaçı əvvəllər yuxarıda qeyd olunan formada cavabdehin mübahisəli mənzildə müvəqqəti yaşamasına etiraz etməsə də, hazırda cavabdehin ona məxsus mənzildən çıxarılmasını tələb edir. Cavabdeh artıq icazəsiz surətdə iddiaçıya məxsus mübahisəli mənzildə yaşamaqla onun mülkiyyət hüquqlarını, o cümlədən sahiblik, istifadə və sərəncam hüquqlarını pozur. Cavabdehə övladları Əsra və Elxanla birlikdə mənzildən çıxmaları ilə bağlı mülkiyyətçi tərəfindən dəfələrlə xəbərdarlıqlar edilsə də, o bundan imtina etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh, eləcə də övladları Əsra və Elxan mübahisəli mənzildə yaşasalar da, cavabdeh həmin mənzilə hər hansı bir formada əmlak hüquqları əldə etməmiş və onun qanunvericiliyin tələbləri baxımından mübahisəli mənzildən istifadəsi üçün qanuni əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəf apellyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Siyəzən Rayon Məhkəməsinin 2(059)-315/2021 nömrəli, 22 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərin özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar