Məhkəmə qərarları › İş №2(105)-1781/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1781/2022

12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1781/2022 12.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: qəyyumluqda olan və qanuni əsas olmadan saxlanılan uşağın qəyyumuna qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, Cavabdeh iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli 2(074)-642/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edib, 13 mart 2016-cı il təvəllüdlü X4 Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun uzaq qohumlarındandır. Cavabdeh uzun müddət dövlət hakimiyyət orqanlarına ərizə ilə müraciət edərək 13 mart 2016-cı ildə anadan olmuş qızı X1 və tərbiyə edilməsi üçün qəyyum təyin ediməsi məsələsində ona köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən bu məsələ ona bildirildikdə hər ikisi bu məsələdə ortaq razılığa gəlmiş və həmin uşağı qəyyumluğa götürməyə hüquqi əsası olması üçün Tərtər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə orqanına müraciət etmişdir. Onların müraciətlərinə baxan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən çıxarılmış 12 aprel 2017-ci il tarixli qərara əsasən 13 mart 2016-cı ildə anadan olmuş X1 və tərbiyə edilməsi, təhsil alması, hüquq və vəzifələrinin qorunması məqsədilə o, uşağa qəyyum təyin edilmişdir. Lakin bir neçə ay bundan əvvəl cavabdeh onun güvənindən sui-istifadə edərək qəyyumluğunda olan 13 mart 2016-cı ildə anadan olmuş X5 oğurlayaraq aparmışdır. Bu barədə cavabdehə, Tərtər Rayon Polis Şöbəsinə və Tərtər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına rəsmi qaydada məlumat vermişdir. Lakin ona verilən rəsmi cavablarda məhkəməyə müraciət edilməli olduğu izah edilmişdir. Tərtər Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(061)-697/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı qəyyumluqda olan və qanuni əsas olmadan saxlanılan uşağın qəyyumuna qaytarılması tələbinə dair mülki iş aidiyyat üzrə baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Cavadehin iddia tələbinə qarşı yazılı etirazı daxil olmamışdır. Şamaxı Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli 2(074)-642/2021 nömrəli qətnaməsi ilə (hakim Natiq İsmayılov) İddiaçı Cavabdeh qarşı qəyyumluqda olan və qanuni əsas olmadan saxlanılan uşağın qəyyumuna qaytarılması tələbinə dair iddiası təmin edilib, 13 mart 2016-cı il təvəllüdlü X4 Cavabdeh alınaraq ona verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən qeyd etmişdir ki, 13 mart 2016-cı il təvəllüdlü X4 qəyyumu təyin edilmiş İddiaçı qəyyumluq vəzifələrinin icrasından azad edilməmiş və ya onun qəyyumluğuna xitam verilmədiyindən iddia tələbi əsaslıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.1, 38.1, 38.2, 38.3, 38.4, 38.5, 38.6. 38.7-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 217.4, 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli 2(074)-642/2021 nömrəli qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: N saylı hərbi hissədə “Snayper”ixtisası üzrə xidmətdən artıq hərbi qulluqçu kimi xidmət edərkən övladı X6 iddiaçı X2 müvəqqəti saxlamaq üçün vermişdir. Mütamadi olaraq övladının saxlanması üçün maddi köməklik etmişdir. Sonradan ailə vəziyyəti ilə əlaqədar işdən təxris olunmuş və övladını iddiaçıdan almaq istədikdə müəyyən bəhanələr edərək uşağı ona qaytarmamışdır. Hətta övladı ilə görüşünə maneçilklər etmiş, “Tik Tok” sosial şəbəkəsi ilə onu şantaj etmiş və övladının nəlayiq söyüşlərlə təhqir etməsinin şahidi olmuşdur. 2020-ci ilin birinci rübündə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 qaynar Xəttinə zəng edərək övladının iddiaçının öhdəsindən alaraq öz himayəsinə almağı barədə məlumat vermişdir. Birinci instansiya məhkəməsinin iclası barədə xəbərdar olunmamış, onun iştirakı olmadan işə baxılmış, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazı İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdeh apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının əvvəlki iclsında apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstıtusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur. Maddə 34. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Maddə 33.2. Qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. Maddə 33.3. Yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Maddə 33.4. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Maddə 33.5. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Maddə 34.1. Qəyyumluq və himayəçilik orqanları qanunvericiliklə müəyyənləşdirilir. Maddə 35.1 Qəyyumlar və himayəçilər Qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. Maddə 35.2. Qəyyumlar və himayəçilər yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərdən təyin edilir. Valideynlik hüquqlarından məhrum edilmiş fiziki şəxslər qəyyum və himayəçi təyin oluna bilməzlər. Maddə 35.3. Qəyyum və ya himayəçi öz razılığı ilə təyin edilir. Bu zaman onun əxlaqi və digər şəxsi keyfiyyətləri, qəyyumluq və ya himayəçilik vəzifələrini yerinə yetirmək qabiliyyəti, onunla qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxs arasında mövcud münasibətlər, mümkünsə, həm də qəyyumluqda və ya himayədə olanın arzusu nəzərə alınmalıdır. Maddə 38.4. Qəyyum və ya himayəçi onun üzərinə düşən vəzifələri gərəyincə yerinə yetirmədikdə, o cümlədən qəyyumluqdan və ya himayəçilikdən tamah məqsədi ilə istifadə etdikdə və ya qəyyumluqda olanı nəzarətsiz və lazımi köməksiz qoyduqda qəyyumluq və himayəçilik orqanı qəyyumu və ya himayəçini bu vəzifələrin icrasından kənar edə bilər və təqsirli fiziki şəxsin qanunla müəyyənləşdirilmiş məsuliyyətə cəlb olunması üçün zəruri tədbirlər görə bilər. Ailə Məcəlləsi Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Maddə 58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Maddə 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Maddə 17. Uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır. Maddə 18. Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. “Uşaq hüquqlarına dair” BMT Konvensiyasının 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən 31 mart 2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı, 686486 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X10 13 mart 2016-cı il tarixdə Bərdə rayonunda doğulmuşdur, atası X8, anası Cavabdehdır. Tərtər Rayon İcra Hakimiyyəti başçısının “Qəyyumluğa verilmə barədə” xx.xx.2017ci il tarixli, 58 nömrəli qərarının surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X7 anası (cavabdeh) Cavabdeh razılığı ilə qəyyum təyin olunmuşdur. Tərtər Rayon İcra Hakimiyyəti başçısının Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 128 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı ailə tərkibi, anası X9 və qızı X3 ibarətdir. Tərtər Rayon İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2021-ci il tarixli, 1959 saylı məktubundan görünür ki, İddiaçı qəyyumluq vəzifəsinin icrasından bu günə qədər azad edilməmişdir. N saylı hərbi hissə tərəfindən verilmiş N fevral 2017-ci il tarixli, 305 nömrəli arayışdan görünür ki, İddiaçı Tərtər rayonunda yerləşən N nömrəli hərbi hissənin yeməkxanasında aşbaz vəzifəsində işləyir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursunu bitirmə haqqında 2776 nömrəli serfikatdan görünür ki, Cavabdeh 04 may 2015-ci il tarixdən 20 iyun 2015-ci il tarixədək N nömrəli hərbi hissədə “Snayper” ixtisası üzrə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının kursunu bitirmişdir. Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, ərizəçi 13 mart 2016-cı ildə anadan olmuş X7 təyin edilmiş qəyyumluğa xitam veriılməsini xahiş etmiş, onun müraciəti əsasında İddiaçı Tərtər Rayon İcra Hakimiyyətinə dəvət olunmuş, onunla aparılan söhbətlərə baxmayaraq verdiyi yazılı izahatında qəyyumluğun ləğv edilməsinə narazılıq etdiyindən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Beləliklə, işin faktiki halları ilə müəyyən olunur ki, Cavabdeh 2015-ci il tarixdən Azərbaycan Respublikasının Silahlı Qüvvələri sırasında xidmətdən artıq hərbi qulluqçu, əsgər rütbəsində “Snayper”ixtisası üzrə xidmət etmişdir. Həmin vaxt cavabdeh məlum hadisələrlə əlaqədar olaraq hərbi hissədə xidmət etdiyi zaman azyaşlı uşağı- xx.xx.2016-cı il təvəllüdlü X5 öz yanında saxlamaq və ona ana kimi qayğı göstərmək, vaxtlı-vaxtında qidalandırmaq, isti münasibət göstərmək, təhlükəsiz saxlamaq və həyatda normal yaşamasını təmin edib, təlim-tərbiyəsi ilə məşğul olmaq iqtidarında olmadığına görə, müvafiq İcra Hakimiyyəti tərəfindən onun razılığı ilə uşağa İddiaçı qəyyum təyin olunmuşdur. Cavabdeh hərbi xidmətdən təxris olunduqdan sonra övladını 1919-cu ildə iddiaçıdan götürüb, öz yaşadığı ünvana apararaq yanında saxlamış, ona doğma övladı kimi qayğı göstərib, təlim-tərbiyəsi ilə məşğul olmuşdur. Hazırda uşaq anası ilə birgə yaşadığı ünvanda yerləşən Tam orta məktəbin 1-ci sinifində oxuyur və bütövlükdə ana qayğısı ilə əhatə olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, 13 mart 2016cı il təvəllüdlü X4 qəyyumu təyin edilmiş İddiaçı qəyyumluq vəzifələrinin icrasından azad edilməmişdir. Lakin işin mübahisəsiz halı ondan ibarətdir ki, 13 mart 2016-cı il təvəllüdlü X10 3ildən artıq müddətdir ki, İddiaçı qəyyumluğunda deyildir, faktiki surətdə onların arasında heç bir münasibət yoxdur, hər hansı bir vasitə ilə əlaqə saxlanılmamış, iddiaçı qəyyumluq vəzifələrinin icrasından kənarda qalmış və hazırda onun qəyyumluq vəzifələrinin icrasından rəsmi qaydada azad edilməməsi formal xarakter daşıyır. Belə bir vəziyyətdə azyaşlı uşağın öz doğma anasından alınıb iddiaçıya verilməsi onun psixoloji vəziyyətinə mənfi təsir etməklə, ana qayğısindan kənarda qalmış olar və formalaşdığı mühitdən ayrılması onun həyatında kəskin izlər buraxa bilər. Ona görə də, məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən işin faktiki hallarını və tərəflərin qarşılıqlı münasibətlərini nəzərə almamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verərək düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya şikayətinin dəlilləri əsaslı olub, məhkəmə kollegiyasının iclasında toplanmış sübutlarla öz təsdiqini tapdığına görə təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia ərizəsi əsassız olduğundan təmin olunmamalıdır. MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materialları ilə müəyyən olur ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəmədə baxılması ilə əlaqədar 10 (on) manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edilmədiyinə görə məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli 2(074)-642/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı qəyyumluqda olan və qanuni əsas olmadan saxlanılan uşağın qəyyumuna qaytarılması tələbinə dair iddiası təmin olunmasın. İddia ərizəsinin məhkəmədə baxılması ilə əlaqədar ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar